458
pisləşdirən daimi antisovet böhtan və təxribatçılıq kampaniyasına prezident
İ.İnönü özü qoşulmuşdur. Türkiyə Məclisinin sədri general Karabekirin vəfatı ilə
bağlı yazdığı məqalədə o, türk hakim dairələrinin Sovet xarici siyasətinə qarşı inad
göstərməyə çağırdı və bununla da mətbuatı SSRİ-yə qarşı düşmən mövqe tutmağa
həvəsləndirdi" (10).
ABŞ Dövlət Departamentinin Almaniya məğlub olan zaman qənimət kimi ələ
keçirilən "Sovet-nasist əməkdaşlığı haqqında" sənədləri 1948-ci ilin fevral ayının
əvvəllərində çap etməsi Türkiyədə böyük səs-küyə səbəb oldu. Vaşinqtonda türk
informasiya bürosunun rəisi Şükrü Esmer çap olunan sənədlərin "Ulus" qəzeti
üçün icmalını hazırladı. Ələ keçirilmiş sənədlər Sovetlərin Türkiyə ilə bağlı
işğalçılıq planlanını tamamilə təsdiq edirdi. Fevral ayının 5-də Ş.Esmerin "Ulus"
qəzetində "Nasist-Sovet sövdələşməsi haqqında sənədlər", fevralın 6-da isə
"Sənədlər və Türkiyə" məqalələri dərc olundu. İlk növbədə o, göstərirdi ki, Sovet
İttifaqı ilə Almaniya arasında imzalanmış gizli sənədlərin, aparılmış gizli
danışıqların açıqlanması, rus imperializminin tamahı, aşağısında Stalin və
Molotovun imzası olan sazişlərin mahiyyəti haqqında Amerika xalqının
təsəvvürlərini tamamladı. Ş.Esmerin fikrincə, sənədlərin çap olunması nasist
Almaniyası ilə müqayisədə kommunist Rusiyasının günahının daha böyük
olduğunu təsdiq etdi. Onun fikrincə, Dövlət Departamentinin indi bu sənədləri
dərc etməsi Marşall planına münasibətdə Konqresdə yaranmış müxalifət ilə
bağlı idi. Bu addımla Departamentin rəsmiləri Amerika xalqına rus
imperializminin mahiyyətini başa salmaq istəyir və həmin təhlükənin yenidən
təkrar oluna biləcəyini vurğulayır, Marşall planı vasitəsilə bu təhlükənin qarşısının
alına bilinəcəyini önə çəkirdilər. İkinci yazıda isə Ş.Esmer Almaniya-Sovet
əməkdaşlığına dair sənədlərin dərc olunmasından sonra İkinci Dünya müharibəsi
illərində Türkiyənin düzgün siyasət yeritdiyinin bir daha təsdiqləndiyini bildirirdi.
Ş.Esmerin fikrincə, dərc olunmuş sənədlər göstərirdi ki, dünya müharibəsi
ərəfəsində təhlükənin ox ölkələrindən gəldiyini Türkiyə hiss etdiyindən bir
tərəfdən ingilis-fransızlarla, digər tərəfdən isə 1925-ci ildən dostluq müqaviləsi ilə
bağlandığı Rusiya ilə danışıqlara başlamışdı. Sənədlər göstərirdi ki, SSRİ xarici
işlər komissarının müavini Potemkin Ankaraya gələn zaman artıq Sovet
hökuməti müqavilə bağlamaq barəsində Almaniya ilə gizli danışıqlara başlamış
və nəticədə 1939-cu ilin 23 avqust müqaviləsi imzalanmışdı. Yeni açıqlanan
sənədlərdə göstərilirdi ki, Ribbentropun Moskvaya səfəri zamanı müzakirə edilən
məsələlərdən biri də Türkiyəyə münasibət məsələsi olub. Danışıqlar zamanı
İ.Stalin onun Türkiyəyə münasibətdə nə fikirləşdiyini soruşduqda Ribbentrop
cavab vermişdi ki, "Almaniyanın bir neçə ay ərzində Türkiyə ilə dostluq
münasibətləri qurmağa cəhd etməsinə baxmayaraq, Türkiyə İngiltərə ilə
birləşərək, Almaniyanın "mühasirəyə alınmasına" qoşulan ilk ölkə oldu
459
və belə yol tutacağı barəsində Almaniyaya məlumat vermədi". İ.Stalin demişdi ki,
o, Türkiyənin belə siyasətindən narazıdır. Dərc olunmuş digər bir sənəddə
Almaniya ilə SSRİ arasında 1940-cı ilin noyabrında Berlində aparılan danışıqlarda
Türkiyə və xüsusilə Boğazlar məsələsinin müzakirə edildiyi, rusların Bosfor və
Çanakkalada onlara baza verilməsini Almaniyadan xahiş etməsi təsdiqlənirdi.
Almaniya ilə SSRİ arasında aparılan danışıqlarda və diplomatik yazışmalarda
Türkiyənin İngiltərədən ayrılması və ox ölkələrinə birləşməsi istiqamətində
Sovetlər tərəfindən ona təzyiq göstərilməsi yeni açıqlanan gizli sənədlərdə aydın
şəkildə öz əksini tapmışdı. Şükrü Esmer yazırdı ki, Almaniya ilə SSRİ arasında
belə sıx əməkdaşlıq olduğu halda Rusiyanın Türkiyəni Birləşmiş Millətlərin son
sessiyasında Vışinskiniun dediyi kimi, Almaniya ilə əməkdaşlıqda
günahlandırması qəribə deyilmi? Ən nəhayət o, qeyd edirdi ki, bu sənədlər
əsasında Nürenberq məhkəməsi Ribbentropu edam cəzasına mahkum etdi.
Görünür, indi heç bir məhkəmənin onun günahlarının ortağını cəzalandırması
mümkün deyildir. Lakin bu cəzanı, ədalətliliyi Nürenberq məhkəməsindən də
yüksəkdə dayandığı hiss edilən dünya ictimai rəyi verir (11). 1948-ci ilin fevral
ayında nəhayət ki, iki illik fasilədən sonra Sovet İttifaqı Ankaraya yeni səfirini
təyin etdi. Bu iki ildə S.Vinoqradov hələ rəsmən səfir kimi qalsa da, o, Türkiyədə
olmamışdı. Bununla belə, S.Vinoqradov SSRİ Xarici İşlər Nazirliyində Türkiyəyə
qarşı bütün planların hazırlanmasında çox fəal iştirak edirdi. Ankaraya təyin
edilən yeni səfir A.Lavrişev fevral ayının 16-da Siyasi Büroda təsdiq edildi və
fevralın 17-də onun təyinatı V.Zorin tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə
dəvət edilmiş türk səfiri F.Z.Akdura bildirildi. A.Lavrişev SSRİ Xarici İşlər
Nazirliyində məsul vəzifədə çalışırdı. 1946-cı ildən o, Nazirliyin Balkan ölkələri
şöbəsinə rəhbərlik edirdi, ondan əvvəlki bir ildə isə IV Avropa şöbəsinə başçılıq
etmişdi. Ümumilikdə, A.Lavrişev 1939-cu ildən diplomatik işdə çalışırdı. 1939-
40-cı illərdə o, əvvəlcə Bolqarıstandakı Sovet səfirliyinin birinci katibi, 1940-
1944-cü ildə isə SSRİ-nin Bolqarıstanda işlər vəkili olmuşdu. 1944-45-ci illərdə
isa A.Lavrişev Bolqarıstan və Rumıniyada müttəfiqlərin nəzarət komissiyasının
siyasi müşaviri vəzifəsində işləmişdi (12). Fevral ayının 24-də onun Ankaraya
səfir təyin olunması barədə Sovet hökumətinin qərarı elan edildi. Həmin gün
mətbuat nümayəndələri ilə görüşən N.Sadak bildirdi ki, "Türkiyənin Sovet İttifaqı
ilə münasibətlərində heç bir dəyişiklik yoxdur. Demək olar ki, son iki ildə onların
səfiri məzuniyyətdə olub. Onlar yeni səfir üçün aqreman istədilər, biz də onlara
bunu verdik". SSRİ Xarici İşlər Nazirliyində mühüm vəzifə tutan bir diplomatın
Ankaraya yeni səfir təyin edilməsi Türkiyədə birmənalı qarşılanmadı. Türkiyə
siyasi dairələrinin bu təyinatla bağlı narahatçılığını Xarici İşlər Nazirliyindən
təlimat alan "İstanbul" qəzeti mart ayının 1-dəki sayında daha qabarıq ifadə
etmişdi.