215
mövzular təşkil edir. Bu, operanın musiqisinin xalq və milli
musiqiyə yaxınlaşmasına səbəb olmuş və simfonik musiqinin
Azərbaycan tamaşaçılarının geniş əhatəsi tərəfindən başa düşül-
məsinə vasitə olmuşdur.
Diqqəti cəlb edən cəhətlərdən biri də bəstəkarın bir sıra hal-
larda muğamın bu və ya digər məqamlarını simfonik orkestrlərin
dili ilə ifa etməyə cəhd göstərməsidir.
Muğamın notla yazılması Maqomayevin cəsarətli təşəbbüs-
lərindəndir. O dövrdəki mərhələdə respublikada musiqi sənəti-
nin inkişafı üçün bu mühüm yenilik idi, dünya musiqi sənəti nai-
liyyətləri müstəvisində milli ənənələrin inkişafı üçün böyük əhə-
miyyət kəsb edirdi. Bundan bir qədər sonra həmin təşəbbüs ge-
niş yayılmağa başladı. Bütün bu simfonik epizodlar Azərbaycan
milli simfonik musiqisinin erkən nümunələri kimi böyük əhəmiy-
yətə malikdir.
Azərbaycan musiqili teatrı salnaməsinə “Şah İsmayıl” opera-
sı parlaq səhifələrdən biri kimi daxil olmuşdur. Melodiklik cə-
hətdən zəngin, emosional, dramatik ziddiyyətlər baxımından ay-
dın, psixoloji xüsusiyyətlərinə görə inandırıcı olan bu opera hələ
ilk variantında Maqomayevin qeyri-adi musiqi-dramaturgiya is-
tedadına malik olduğunu sübut edirdi.
Əsərin sonuncu variantı isə köhnə operadan yeni operaya ke-
çiddə mühüm tarixi əhəmiyyəti olan bir mərhələ oldu. Bu opera-
da bəlkə də zəif cəhətlər var idi, lakin bəstəkar cəsarətli yenilikçi
addımları ilə milli Azərbaycan musiqili teatr sənətinin inkişafı
yolunda duran sədləri aşdı. M.Maqomayevin bu ilk operası uzun
illərdir ki, həm geniş xalq kütləsi, həm də peşəkar musiqiçilər
tərəfindən böyük məhəbbətlə qarşılanır. 1947-ci ildə Azərbay-
can və dünya musiqi mədəniyyətində özünəməxsus yeri olan
görkəmli bəstəkar Qara Qarayev operanın partiturasını yenidən
harmonizasiya etmiş və orkestrləşdirmişdir. SSRİ Xalq artisti,
bəstəkar Rauf Hacıyev “Şah İsmayıl”ın mövzusundan istifadə
edərək kamera orkestri üçün “Bəstəkar M.Maqomayevin xatirə-
sinə” adlı ekspromt-poema yazmışdır. “Şah İsmayıl” mövzusun-
da fortepiano üçün konsert fantaziyası da vardır.
216
Müslüm Maqomayev “Şah İsmayıl” operasının
iştirakçıları ilə – 1926-cı il
“Şah İsmayıl” operasından səhnə.
Şah İsmayıl rolunda H.Hacıbababəyov 1926-cı il.
217
III fəsil
“Nərgiz” operası
“Nərgiz” operası bəstəkarın uzun sürən yaradıcılıq axtarışla-
rının nəticəsi və ən böyük uğurudur. Belə mülahizə etmək olar
ki, M.Maqomayev hələ 20-ci illərin ortalarında və ya axırında
bu əsəri yaratmaq haqqında düşünmüşdür. M.Maqomayevi buna
sövq edən Azərbaycan xalqının həyatında baş verən mühüm so-
sial dəyişikliklər və bəstəkarın müasir incəsənətin tələblərinə ya-
radıcılıqla cavab vermək arzusu olub.
Azərbaycanın musiqi mədəniyyətində, həm də onun müəlli-
finin yaradıcılıq irsində “Nərgiz” operasının xüsusi yeri var.
Çünki bu əsər Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələ-
sində böyük nailiyyətlər qazandığını sübut edirdi və M.Maqo-
mayevin yaradıcılıq bioqrafiyasının zirvəsinə çevrilmişdi. Bəstə-
kar bu əsərində milli realist opera yaratmaq yolunda bədii axta-
rışları daha da əzmlə davam etdirib.
Artıq zəngin bəstəkarlıq texnikasına malik olan M.Maqoma-
yev burada “Şah İsmayıl” operasından daha mürəkkəb məsələlər
həll etməyə nail olur.
M.Maqomayev mətbuat nümayəndələri ilə müsahibələrinin
birində yeni opera formaları haqqında düşüncə və mülahizələrini
belə ifadə etmişdir: “Bizim sovet tamaşaçısı o qədər irəli getmiş-
dir ki, vokal materialın böyük bir hissəsi improvizasiya yolu ilə
ifa olunan köhnə, primitiv türk operaları artıq bu günün mədəni
tələblərinə cavab verə bilmir”
1
.
“Nərgiz” operası müəllifinin böyük nailiyyəti yeni mövzuya
müraciət, kəndli kütlələrinin mülkədarlara, qaniçən cəlladlara,
ədalətsizliyə qarşı mübarizəsi mövzusunun bədii cəhətdən yük-
sək səviyyədə həll olunmasıdır.
1
“Zarya Vostoka” 13 dekabr 1935-ci il.
218
Bu operanın yaranması Azərbaycan musiqi mədəniyyəti tari-
xində əhəmiyyətli bir hadisə idi. Azərbaycan xalqının o illər ər-
zində qazandığı nailiyyətlərə əyani sübut, milli musiqi incəsənə-
tinin böyük qələbəsi idi.
“Nərgiz” operasının librettosu üçün mənbə M.C.Ordubadinin
“Çobanlar” radio tamaşası olub. Radio-tamaşanın musiqisini
M.Maqomayev yazdığından, bəstəkarla yazıçının sonrakı yara-
dıcılıq axtarışları partituranın ədəbi əsasını meydana gətirir.
Ağır xəstəliyinə baxmayaraq, Maqomayev “Nərgiz” operası
üzərində böyük həvəslə işləyir. Bəstəkarın gündəliyində oxuyu-
ruq: “Fabulanın özünün mənim üçün son dərəcə əziz olması
opera üzərində işləyərkən mənə ruh verirdi: onu özüm fikirləş-
miş, ərsəyə gətirmiş, dramatik həllini tapmışdım. Fikirləşəndə
ki, artıq qədim əfsanələrdən qurtulmuşam, gördüyüm, hiss edib
yaşadığım əsl həyatı yazıram – işə daha həvəslə köklənir və ağır
yaradıcılıq axtarışları mənə asan görünürdü”.
1
Premyeradan təqribən bir il əvvəl, 1934-cü ilin martında Ba-
kıdakı opera teatrında konsert zamanı “Nərgiz” operasının bəzi
parçaları (“Nərgizin kədərli nəğməsi”, “Yürüş” və beşinci səh-
nədən “Marş”) ifa olundu və böyük maraqla qarşılandı. Tamaşa-
çılar arasında görkəmli rus bəstəkarı R.M.Qliyer də vardı. O,
Maqomayevi böyük yaradıcılıq nailiyyəti münasibətilə təbrik etdi.
1935-ci il dekabrın 24-də “Nərgiz” operasının premyerası ol-
du. Ağır xəstə ola-ola, dirijorluğu müəllif özü etdi.
Yeni operanın ilk tamaşası Azərbaycanın mədəniyyət və in-
cəsənət tarixində böyük hadisə oldu.
Azərbaycan SSR-in 15 illiyinə həsr olunmuş təntənələrdə iş-
tirak etmək üçün Bakıya gəlmiş Ümumittifaq Mərkəzi İcraiyyə
Komitəsinin sədri Mixail İvanoviç Kalinin də operanın ilk tama-
şalarından birinə baxmışdı. Kalinin inqilabi opera ilə maraqlan-
mış, onu diqqətlə dinləmiş, teatrın fəxri qonaqlar üçün nəzərdə
tutulan kitabında müsbət rəy yazmışdı.
1
Bəstəkarın şəxsi arxivi. “Operanın meydana gəlməsi və inkişafı” əlyazması.
Dostları ilə paylaş: |