57
niyyətini həyata keçirmək üçün Nadir şahın sabiq sərkərdəsi Azad
xanı öz tərəfinə cəlb edir (27, 109; 28, 41).
Fətəli xan Əfşar ilk növbədə Azərbaycan xanlarına fərmanlar
göndərərək onlardan tabe olmalarını tələb etmişdir. Lakin onun
fərmanları xanlar tərəfindən rədd edilir. Onun göndərdiyi elçilər
İrəvan xanlığından da əliboş qayıtmışdı. Bir tərəfdən bu, digər tərəf-
dən irəvanlıların yuxarıda bəhs edilən Urmiya səfəri Fətəli xanın
buraya qoşun göndərməsinə səbəb oldu. Onun göstərişi ilə Azad
xan 1751-ci ilin sonlarında öz sərkərdəsi Musa xanın başçılığı ilə
bir dəstə qoşununu İrəvana göndərdi. İrəvan qalası mühasirəyə alı-
nır (499, 163; 502, 15; 226, 36). İrəvanlılar Mirmehdi xanın baş-
çılığı ilə qalaya sığınaraq güclü müdafiə olunurdular. Ermənilər isə
əllərinə düşən bu imkandan istifadə edərək yenidən Kartli – Kaxe-
tiya çarı Teymuraza müraciət etdilər (107, c.1, səh.238). İrəvanda
öz təsirini itirmək istəməyən çar Teymuraz bu müraciətdən istifadə
edərək oğlu İraklinin başçılığı ilə oraya beşminlik qoşun göndərdi
(228, 48). Mənbənin verdiyi məlumata görə, gürcü qoşunlarının
tərkibində Qazax və Borçalı mahallarından olan Azərbaycan
türklərinin süvari dəstələri də fəaliyyət göstərirdi (52, 237). Yerli
əhalinin güclü müqaviməti və digər tərəfdən İraklinin komandanlığı
altında vaxtında yetişən kömək Musa xanı İrəvan qalasının müha-
sirəsindən əl çəkməyə məcbur etdi.
Musa xanın geri çəkildiyini eşidən Azad xan on səkkiz minlik
qoşunla Araz çayını keçərək Gərniçayın kənarında mövqe tutur.
Bəzi məlumatlarda Azad xanın 12 topu, 200 zənburağı (dəvə üstünə
qoyulmuş kiçik çaplı qədim top – E. Q.) olan 40.000 qoşuna (499,
163; 225, 48), digərlərində isə 30 minlik qoşuna malik olduğu qeyd
olunurdu (164, 47; 107, c.1, 238). Bu xəbəri eşidən İrakli Azad xan-
dan ehtiyat edərək öz qoşunu ilə Qırxbulaq yüksəkliyinə çəkilməli
olur (502, 16; 228, 36).
Çox keçmir ki, tərəflər arasında döyüş başlayır. Baş verən
döyüşdə Azad xanın qoşunu məğlubiyyətə uğrayaraq geri çəkilir. II
İrakli isə Kartli-Kaxetiyaya qayıdır. Bu xəbəri eşidən Fətəli xan
ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərmişdir. Əlavə kö-
mək alan Azad xan Kartli-Kaxetiyaya hücum edir. Döyüş nəticəsin-
58
də II İraklinin qoşunu məğlubiyyətə uğrayır. O, özü isə itaət əlaməti
olaraq Fətəli xana girovlar vermişdi. Girovların tərkibinə II İraklinin
bacısı, Zal bəy və Aslan bəy adlı iki gürcü knyazı olmaqla 200 nəfər
döyüşçü daxil idi (107, c.1, səh.238-239; 27, 111-112; 28, 43).
Bu hadisədən sonra İrəvanda hakimiyyət dəyişikliyi baş verdi.
İrəvanda mövqe tutan Azad xan Mirmehdi xanı hakimiyyətdən
uzaqlaşdıraraq öz yaxın adamı Xəlil xan Özbəyi (1752-1755) bu-
raya hakim təyin etdi (187, 207; 472, 5; 49, 15).
İrəvan taxt-tacına sahib olan Xəlil xan Özbək ilk növbədə
Kartli-Kaxetiya çarlığına qarşı mübarizə aparmışdı. Bu dövrdə
II İrakli Azərbaycan xanlarının bir-birinə qarşı düşmənçiliyindən
istifadə edərək, onları özünə tabe etmək istəyirdi. Xüsusilə o, Şəki
xanı Hacı Çələbinin günü-gündən artan qüdrəti və şöhrətindən na-
rahat olurdu. Azərbaycanın bəzi xanları da Hacı Çələbinin güclən-
məsini istəmirdilər. Bunu görən II İrakli Azərbaycanın narazı
xanlarını – gəncəli Şahverdi xanı, qarabağlı Pənahəli xanı, qaradağlı
Kazım xanı, irəvanlı Xəlil xanı, naxçıvanlı Heydərqulu xanı məş-
vərət bəhanəsi ilə Gəncə yaxınlığına dəvət edir. Buraya toplaşan
Azərbaycan xanları xəyanətkarcasına II İrakli tərəfindən həbs olu-
nur. Bu hadisə 1752-ci il martın 21-də baş vermişdi (95, 156; 51,
42; 41, 78; 239, 123-124).
II İraklinin xəyanətindən xəbər tutan Hacı Çələbi onu təqib
edərək Qızılqaya adlı yerdə gürcü qoşunlarını məğlub etmiş və həbs
edilən xanlar azad olunmuşdu (35, 57-58; 36, 15; 51, 43; 95, 156;
239, 123). Mənbə və bəzi tarixi ədəbiyyatda bu hadisədə İrəvan
hakimi yanlış olaraq Hüseynəli xan göstərilmişdi. Əslində həmin
dövrdə İrəvanda hakimiyyət başında Xəlil xan dururdu. “İrəvan
xanlığı” əsərinin müəllifləri düzgün olaraq baş vermiş hadisədə Xə-
lil xanın iştirak etdiyi qənaətinə gəlmişdilər (35, 58).
Xəlil xanın hakimiyyəti illərində İrəvan xanlığı dağıstanlıların
da güclü hücumuna məruz qalmışdı. 1754-1755-ci illərdə Avar xanı
Nusal xanın başçılığı altında Dağıstan qoşunları Kartli-Kaxetiya
ərazisinə yürüş təşkil edərək, oradan İrəvan xanlığı ərazisinə hücum
etdilər (86, 10; 290, 720; 226, 37-38). Bu hücum zamanı Göyçə,
59
Dərəçiçək, Qırxbulaq və Abaran mahallarının kəndlərinə böyük
ziyan dəymişdi (499, 161).
Dağıstan qoşunlarının bu dağıdıcı yürüşü Xəlil xanın nüfu-
zunu xalq arasında xeyli aşağı salmışdı. Digər tərəfdən, Xəlil xanın
himayədarı Azad xanın taxt-tac uğrunda Kərim xan Zəndlə apardığı
mübarizəsindən istifadə edən irəvanlılar 1755-ci ildə ona qarşı üs-
yan qaldırdılar. Üsyana xalq arasında böyük nüfuza malik Həsənəli
xan Qacar başçılıq edirdi. Üsyan nəticəsində Xəlil xan hakimiy-
yətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar (1755-1759)
hakimiyyəti ələ keçirdi (186, 207-208). Onun hakimiyyətə gəlişi
XIX yüzilliyin əvvəllərinə qədər İrəvanda hakimiyyətdə olan yerli
Qacarlar sülaləsinin (1755-1805) əsasını qoymuşdu. Həsənəli xan
çox az müddətdə hakimiyyətdə olmuşdu. Təəssüf ki, onun haki-
miyyəti dövründə İrəvan xanlığında baş verən hadisələr barədə
məlumat əldə edə bilmədik. Yalnız bir məlumata görə o, xanlıq
taxtında əyləşərkən kor olmuşdu. Vaxtilə Nadir şah tərəfindən onun
gözləri çıxartdırılmışdı (187, 305). Hər halda onun hakimiyyətə
gəlişi ilə xanlığın həyatında yeni bir dövrün başlanğıcı qoymuşdur.
Həsənəli xan İrəvan xanlığının taxt-tacına sahib olan yerli Qacarlar
sülaləsinin banisi kimi tarixə düşmüşdür.