_______________
Milli Kitabxana
________________
298
Dişini uzaqdan göstərsə qaban
Kin ilə döyüşər o qara aslan.
Dişini çıxarıb, əysə boynunu,
Aslan da toxunmaz, bağışlar onu.
Məndən ki, görməmiş sultan namərdlik,
O igid aslandan uzaqmı mərdlik?
Qarşına qılıncla gəldiyim zaman
Qorxardım səndəki kəskin qılıncdan.
Mən ki göstərmədim sənə xəyanət,
Daha üz verərmi mənə həqarət?
Ölkəmə at saldın, göstərdin şəfqət,
Sənə kin bəsləmək olur cinayət.
Qəlbimdə qalmadı kin, qərəz əsla,
Dərgaha gəlmişəm belə inamla,
Mən şəfqət göstərsəm, bağlamasam kin,
Kim kəsər başını şəfqət edənin?
Tutaq ki, günahım həddən artıqdır,
Qəriblik bir böyük üzürxahlıqdır.
İskəndər insaflı, mərhəmətlidir,
Suçsuza hər zaman şəfqət göstərir.
Kim ona sığınsa, qanından keçər.
Kim aman istəsə, görməz bir zərər.
Mən ki bu dərgaha öncə yönəldim,
Səndəki ədalət izilə gəldim.
Adildir cahangir, böyük İskəndər,
Ona hər bir zaman haqq yardım edər."
Yağlı bir dil ilə nöktələr saçdı,
Padşahın qəlbindən düyünü açdı.
İskəndər söylədi: "Xoş gəldin, şad ol,
Belə düşkünlükdən artıq azad ol!
Ancaq bu gəlişdən nə imiş fikrin,
Bu necə sirrdir, aydın göstərin?"
Sığınan dedi: "Ey dünyaya sığnaq.
Bu sirri yararmı səndən saxlamaq?
Bu uca dərgaha onunçun gəldim,
_______________
Milli Kitabxana
________________
299
Fikrini, yolunu bilib öyrəndim.
Gəlməkdən məqsəd nə? Anladım bunu,
Nədir bu gəlişin əvvəli, sonu?
Əl tutsa mənə bu dönük ruzigar,
Padşahı kin ilə edim bəxtiyar.
Bu dilək əlimdən gəlməsə ancaq,
Dəstimdən çıxan ox düşərsə uzaq,
Məqsədim hörmətlə öpməkdən yeri.
İskəndər kinindən çəkilsin geri.
Mən əsirgəmədim canımı şaha,
Qılınca əl atmaq nə gərək daha.
Cəvahir əlinə gəlirsə asan,
Nə çıxar zəhmətlə daşı yonmaqdan?
Madam ki, sülh ilə göyərər dilək,
Döyüşə at çapmaq daha nə gərək?
Çin, Turan taxtını məndən istəsən,
Boynumu çəkmərəm bu itaətdən.
Dostluğu ataraq kəsilsən düşman,
Atamın yurdunu bağışlamasan,
Adının möhrünü edərəm qəbul,
Olaram mən satın alınmamış qul
Nə olur, padşahın geniş mülkündə
Çoxalsın get-gedə dost olan bəndə.
Vuruşa qəsd etmə, kinindən çəkil,
Bütün Çin donunun bir çini deyil.
Dəyərli qulların çin-çin saçından
Bir çin də mənə ver, sənindir fərman.
Ayın saf üzünə yaraşmaz bu çin,
Qaşının tağından çəkilsin bu kin."
İskəndər söylədi: "Ey fikri gözəl.
Verdiyin sorğuya eləyim əməl:
Düşmənin başını öpsün toz, torpaq,
Olsun yad kimsələr dünyadan uzaq.
Əmrinə baş əyən hər bir kişvərdə
Nayiblər tikilsin məndən hər yerdə.
Indi ki, mən sənə qılınc çəkmədən
Başını əyərək təslim oldun sən,
_______________
Milli Kitabxana
________________
300
Taxtınla başını uca eylərəm,
Tacını başında saxlarsan möhkəm.
Nə mülkün, nə tacın gərək. Ol əmin,
Qoymaram ki, olsun işlərin çətin.
Yalnız bir şərtim var, bütün mülkündən
Mənə yeddi illik xərac verəsən.
Yeddi il vergisi verilsə mənə,
O başqa vergilər halaldır sənə."
Dinləyən ağlına aydınlıq saçdı,
Ağzını incə bir cavabla açdı:
"Tacidar nə haqla istəyir hələ
Yeddi illik xərac bu az ömürlə.
Ömrümü edərsən təmin yeddi il.
Yeddi il xərc vermək çox çətin deyil."
Bu sözü bəyəndi uca hökmüran,
Qızınca beyni bu incə cavabdan,
Söylədi: "Altı il nə versə diyar,
Ayaq müzdü verdim sənə, ey huşyar.
Görürəm şüurun, ağlın incədir,
Qəbuldur mənə tək bir illik gəlir."
Türklərin xaqanı dünya şahından
Daşqın bir sevinclə oldu kamiran.
Dərgahın tozunu kirpik ucuylə
Süpürə-süpürə söylədi belə:
"Bilirəm: mətindir verdiyi peyman,
Gücünü artırsın ulu yaradan!
Madam ki, tacidar söz verir buna,
Əz əliylə bir xətt gərəkdir mana.
Bir illik xəracı verdiyim zaman
Məni öz yerimdə qoysun hökmüran.
O xəttin qolumda olsun bir qolbaq,
O xətti başımçın saxlayım ancaq.
Başımla mən də söz verirəm, inan,
Bu dostluq yolundan çıxmaram bir an."
Söz getdi arada, bağlandı peyman:
Qaçsın hər ikisi vəfasızlıqdan.
Düşmənlik silinsin, dostluq var olsun,
_______________
Milli Kitabxana
________________
301
Bu dünya durduqca bərqərar olsun.
Nəhayət, bir fərman verdi hökmüdar:
Xaqanın qolundan açılsın bağlar.
O qızıl zəncirdən ucalsın başı,
Tacının cəvahir olsun daş-qaşı.
İskəndərlə bitdi bu əhdü peyman,
Öz ordugahına qayıtdı xaqan.
Gecənin sultanı açınca çətir,
Qaranlıq müşk kimi saçırdı ətir.
Ulduzlar o qədər qızıl səpirdi.
Yer öküzü qızıl altına girdi.
Şah meylə təskinlik verdi dimağa,
Axıtdı şərabı yaqut dodağa.
Axşamdan sübhəcən oturdu yenə,
Içdi Cəm camını Cəmin eşqinə.
Yuxunun yoluna səpmişdi tikan,
Zəhməti, kədəri unutmuş bir an.
Nə düşmən işindən kədər çəkərdi,
Nə keşikçi səsi, nə döyüş dərdi.
Sübhəcən şahanə qədəh sonaraq.
Gecəni keyf ilə keçirdi oyaq.
Təbii yaqutu yontunca zaman,
Yaqutlu tac ilə cüft oldu cahan
232
.
Qapıdan girdi tez keşikçi əskər:
"Neçin qəflət etmiş uca İskəndər?
Budur, Çin xaqanı qoşunla gəlir,
Ayağı altında yer, göy titrəyir.
Qaynaşan ordusu dünya doldurur,
Göylərə səs salmış təbil və şeypur.
O qədər fil var ki, incinir yollar,
Günəşə, aya baş qaldırmış qubar.
O qədər qoşun var, çıxmış hesabdan,
Heç bir kəs görməmiş o qədər insan.
Ordusu daşıyır hər çeşid yaraq,
Poladdan dənizdir, hər dalğası dağ.
Xaqan da oturmuş qocaman filə,
Arada iki mil vardır fasilə."
Dostları ilə paylaş: |