3
Bu kitab “Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild” (Bakı,
“Azərbaycan” nəşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Həmid Araslı
Redaktoru:
Teymur Kərimli
894.3611 - dc 21
AZE
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”,
2005, 400 səh.
Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının
ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi,
Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan
Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç
birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir.
Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ
də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar.
Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan
götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət
ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi...
Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və
dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan
Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir...
“Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta
Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük
müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış
olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini
şairlərin deyil, aşiqlərin arasında tapır...
ISBN
9952-418-50-4
© “ŞƏRQ-QƏRB”, 2005
5
FÜZULİ “DİVAN”ININ ƏLYAZMALARI VƏ
NƏŞRİ HAQQINDA
Füzuli “Əsərləri”nin oxuculara təqdim olunan birinci cildi şairin Azərbaycan
dilində olan lirik irsini əhatə edir.
Dahi şairin çoxcəhətli zəngin yaradıcılığında lirika mühüm yer tutur. Füzuli klassik
şerin, demək olar ki, bütün növlərində əsərlər yazmış, fəlsəfi-ictimai tutumuyla yanaşı
poetik dəyəri ilə də ölməz sənət nümunələrinin müəllifi kimi tanınmışdır. Şairin
xüsusən ana dilində yaratmış olduğu “Divan” türk dili anlaşılan ölkələrdə yayılmış,
məhəbbətlə oxunaraq türk xalqlarının ədəbiyyatlarına qüvvətli təsir göstərmişdir.
Füzuli özünün qəlb aləmindən xəbər verən lirik şeirləri, xüsusilə qəzəllərində saf,
təmiz bir qəlbin incə, kövrək duyğuları, ülvi bir məhəbbətin həyəcanlarını ifadə edir,
oxucusunu bədii sözün qüdrətilə sehirləyib düşünməyə, öz mənliyini, kainatı, həyat
gözəlliklərini dərk etməyə çağrır, dostluğa, məhəbbətə səsləyir. Füzuli bütün dünyaya
aşiq nəzəri ilə baxır, məhəbbəti kainatın yaranmasının əsası sanır. Səhərin açılmasında,
günəşin doğmasında, baharın gəlişində, bülbülün naləsində bir məhəbbət duyur, bütün
bunları məhəbbət dili ilə izah edir.
Füzuli qəzəlləri həm də fəlsəfi-irfani səciyyə daşıyır. İlahi bir ənginlik duyulan bu
qəzəllərdə əhli-həqqin Tanrıya məhəbbəti də zaman-zaman öz əksini tapır. Bütövlükdə
isə ümumi ruhu ilə Füzuli şerində məhəbbət insanları bir-birinə yaxınlaşdıran, dostluq,
mehribanlıq, fədakarlıq, səmimiyyət yaradan müqəddəs bir qüvvədir. O, insana
gözəlliyi duymağ, dərk etməyi öyrədir, daxilən təmizliyə, şəxsi varlığından belə
keçməyə, qorxmazlığa sövq edir. Bu cəhət Füzuli qəzəllərində o qədər bədii, səmimi
və aydın ifadə olunmuşdur ki, xalq hikməti və xalq zəkasının qüdrəti ilə aşılanmış bu
könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs qəlbində bir saflıq, xeyirxahlıq,
həyata məhəbbət, insana və onun maddi və mənəvi gözəlliyinə hörmət duyğularının
qüvvətləndiyini hiss edir…
Təqdim olunan cild şairin elm aləminə məlum olan türkcə “Divan”ının ən qədim
nüsxəsi əsasında hazırlanıb, sonrakı “Divan”lar və nəşrlərlə müqayisə edilmişdir.
Məlumdur ki, Füzulinin öz əlyazmaları bizə gəlib çatmamışdır. Hətta şair tərtibçisi
olduğu “Divan”da belə bütün qəzəllərini toplaya bilməmişdir. Bunu şairin öz
“Divan”ına yazdığ dibaçədən aydın görmək mümkündür.
Füzuli əsərinin dibaçəsində yazdığı qəzəlləri bir “Divan” şəklinə salmaq istədiyini
qeyd etdikdən sonra, müxtəsər “Divan” tərtib etdiyini göstərir: “Naçar məhmili-
e’tibarimdə bu ibarə lazımdır deyü, zəmani-tüfuliyyətimdə sadir olub, mütəfərriq olan
qəzəllərdən bir müxtəsər “Divan” cəm’ etmək səlahin gördüm. Və ol vəqtdə məndən
iltimasla alanlardan iltimasla alıb surəti- cəm’i ixtisar üzrə itmamə yetirdim”.
Şairin şöhrəti, əsərlərinin əsrlər boyu sevilə-sevilə oxunması xüsusilə, qəzəllər
məcmuəsi olan “Divan”ının saysız-hesabsız adamlar tərəfindən köçürülmüş nüsxələrlə
yayılmasına səbəb olmuşdur. Odur ki, Şərq əlyazmalarının saxlandığı dünya muzey və
kitabxanalarının hamısında Füzuli əsərlərinin müxtəlif əlyazmaları vardır. Lakin
Füzulinin öz xətti ilə yazılmış əsərinə hələlik təsadüf edilməmişdir.
Füzulinin öz xətti ilə yazılmış külliyyatı XVII əsrin əvvəllərində Səfəvilərin saray
kitabxanasında varmış. Bunu Şah Abbasın (1587-1629) kitabdarı Sadıq bəy Əfşarın
(Sadiqinin) “Məcmə’ül-xəvas” əsərində verdiyi məlumata əsasən təxmin etmək olur.