Azərbaycan Tarixi
193
oktyabrın 29-da Təbrizi azad etdi. Təbrizin alınmasında üsyan
etmiş şəhər əhalisinin orduya böyük dəstəyi oldu.
Təbrizi azad
etdikdən sonra 120 min nəfərlik Səfəvi ordusu geri çəkilən
Osmanlı ordusunu təqib etməyə başladı. Səfəvi ordusu üsyan
etmiş əhalinin dəstəyi ilə Xoy, Salmas, Marağa, Culfa,
Ordubad, Cavanşir və b. yaşayış məntəqələrini azad etdi. 1603-
cü il noyabrın 26- da Naxçıvan, 1604-cü ildə İrəvan və Qars
azad edildi. 1605-ci ildə Səfəvi ordusu Urmu və Van gölləri
ətrafındakı ərazidə Osmanlı ordusu üzərində mühüm qələbələr
çaldı. 1605-ci il noyabrın 7-də Sufiyan yaxınlığındakı döyüşdə
Cəlaloğlu Sənan paşanın başçılıq etdiyi 100
min nəfərlik
Osmanlı ordusu darmadağın edildi.
Osmanlı dövlətinin məğlub olması təhlükəsi yaranmışdı.
Bu da Avropa dövlətlərini çox narahat edirdi. Çünki Avropa
dövlətləri Səfəvilər dövlətinə Osmanlı sultanlığını Avropanın
mərkəzinə doğru irəliləməkdən çəkindirən bir qüvvə kimi
baxdıqları halda, Osmanlı sultanlığına Səfəvilərin həddən artıq
güclənib dünya dövlətinə çevrilməsinin qarşısını ala bilən
qüvvə kimi baxırdılar. Odur ki, Almaniya Osmanlı imperiyası
ilə təcili sülh bağlayaraq, Səfəvilər dövlətini Osmanlı
imperiyası ilə müharibə meydanında tək qoydu. Osmanlı
ordusunun komandanlığı Avropa cəbhəsində olan hərbi
hissələrini Anadoluya keçirmək imkanını əldə etdi. Amma bu
Osmanlı ordusunun durumunu bir qədər yaxşılaşdırsa da onu
məğlubiyyətdən xilas edə bilmədi.
Sufiyan yaxınlığındakı qələbəsindən sonra Şah I Abbas
osmanlılara öz qoşunlarını bərpa etməyə imkan vermədi,
hücumu davam etdirərək 1605-1607-ci
illərdə Gəncə, Şamaxı,
Bakı, Dərbənd, Lori, Tiflis və Dumanisini azad etdi. Bütün
Azərbaycanı azad etdikdən sonra Şah I Abbas Osmanlı
sultanına sülh təklif etdi. Qərbdə və şərqdə apardığı uzun sürən
müharibələrdə zəifləmiş Osmanlı dövləti üçün sülh
bağlamaqdan başqa çıxış yolu yox idi. 1612-ci il oktyabrın 17-
də İstanbulda Səfəvi – Osmanlı sülh müqaviləsi imzalandı. Bu
Qəzənfər Rəcəbli
194
müqavilə ilə Səfəvilər dövlətinin sərhədləri 1555-ci il Amasiya
sülh müqaviləsi ilə müəyyən edilən hüdudlarda bərpa edildi.
Səfəvilər dövləti Şah I Abbasdan sonra onun varisləri
dövründə xeyli zəiflədi. Dövlətin belə durumu xüsusilə Şah
Hüseynin dövründə daha da ağırlaşdı. Şah Hüseynin dəbdəbəli
həyat sürməsi dövləti müflisləşdirmişdi. İş o yerə çatmışdı ki,
eyş-işrət məclisləri düzəltmək və əyanlara
hədiyyələr vermək
üçün saraydakı qızıl-gümüş əşyalar da götürülüb xərclənmişdi.
Paytaxtda və əyalətlərdə əmirlər və iri feodallar Şah Hüseynlə,
demək olar ki, hesablaşmırdılar.
Dövlətin acınacaqlı durumu öz torpaqlarını cənuba tərəf
genişləndirmək planı olan Rusiyanın da diqqətini cəlb edirdi.
Rusiyanın Səfəvilər sarayındakı səfiri Volınski gizli məktubla
imperator I Pyotra yazırdı: “İndi buranın elə hökmdarı var ki, o,
təbəələri üzərində deyil, təbəələri onun üzərində hakimlik edir.
Şah zahirən suverendirsə də, onun hakimiyyətinin ancaq adı
var. Hakimlər meyvəni özlərinə götürür, yarpağını isə dövlətə
verirlər.” Səfir başqa bir məktubunda yazırdı: “Səfəvilər
dövlətinin taxıl anbarı olan Azərbaycanda 7 ildir ki, tarlalar
əkilmir. Güclü aclıq hökm sürür.
Biz Təbrizdə olarkən,
küçələrdə yüzlərlə dilənçiyə rast gəldik.”
Beləliklə, XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin
iqtisadi və siyasi tənəzzül dövrü keçirirdi. İki əsrdən çox yaşı
olan Səfəvilər dövlətinin tənəzzülü dövründə Azərbaycan
Osmanlı və Rusiya imperiyalarının rəqabət meydanına çevrildi.
Səfəvilər dövlətinin tənəzzülü dövrünü ölməkdə olan bir
nəhəngin can verməsinə bənzətmək olar. Rusiya və Osmanlı
imperiyaları kimi yırtıcılar can verən nəhəngin ətrafında durub
onun ölməsini gözləyirdilər ki, cəsədini parçalayıb öz
aralarında bölüşdürsünlər.
Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı
ölkəmizin tarixində xüsusi əhəmiyyəti olan hadisələrdən biri
idi. Səfəvilər dövlətinin meydana gəlməsi sadəcə sülalə
dəyişikliyi deyildi,
Ön Asiyada, o cümlədən Azərbaycanda
Azərbaycan Tarixi
195
feodal münasibətlərinin inkişafının yeni mərhələsinin nəticəsi
idi. 200 ildən çox mövcud olmuş Səfəvilər dövlətinin tərkibinə
Azərbaycanın şimal və cənub torpaqlarının siyasi baxımdan
birləşməsi Vətənimizin feodalizm dövrü tarixində mühüm
mərhələ hesab edilir.
Ədəbiyyat:
1. Azərbaycan tarixi. 7 cilddə, 3-cü cild, s.182-200
2. Azərbaycan tarixi. Dərslik,1 - ci cild, s.382 - 499
3. O. Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı,
1993
4. Ş. Fərzəlibəyli. Azərbaycan və Osmanlı imperiyası
(XV-XVI əsrlərdə). Bakı, 1994
5.C. İbrahimov. Səfəvilərin Ərdəbil hakimiyyətinə dair.
Bakı, 1958
6. Y. Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 1996
7. Я.Махмудов. Взаимоотношения государства
Аккоюунлу и Сефевидов с европейскими странами
во второй половине XV - начале - XVII вв.
Qəzənfər Rəcəbli
196
XIII FßSÈL
AZƏRBAYCAN XANLIQLARI
13.1. Səfəvilər dövlətinin süqutu və Azərbaycan
ərazisində xanlıqlar adlı kiçik feodal dövlətlərin yaranması.
XVII əsrin sonu və XVIII əsrlərin başlanğıcında Səfəvilər
dövlətində siyasi durum çox mürəkkəb, beynəlxalq vəziyyəti
isə qeyri müəyyən idi. Şimaldan Rusiya imperiyası, qərbdən isə
Osmanlı imperiyası Azərbaycana göz dikmişdilər.
Rusiya imperatoru I Pyotr hələ 1700-cü
ildən Qafqazda
vəziyyətlə və Səfəvilər dövlətinin iqtisadi-siyasi durumu ilə
maraqlanırdı. 1721-ci ildə Şimal müharibəsini qələbə ilə başa
çatdırdıqdan sonra I Pyotr Xəzər sahillərinə hərbi yürüşə
başlamaq imkanı əldə etdi. Ciddi hazırlıqdan sonra rus ordusu
1722-ci il iyulun 18-də Həştərxandan çıxıb cənuba doğru hərbi
yürüşə başladı. I Pyotr özü Dərbəndə qədər gəldi, rus qoşunları
isə Quba və Bakıya daxil oldular.
Səfəvi şahı II Təhmasib xüsusi nümayəndəsi İsmayıl bəyi
geniş səlahiyyətə Peterburqa göndərərək sülh istədi. İsmayıl
bəyə tam səlahiyyət verilmiş və tapşırılmışdı ki, nəyin bahasına
olursa olsun Rusiya ilə sülh müqaviləsi bağlasın. 1723-cü il
sentyabrın 12-də Peterburqda
Səfəvilər dövləti ilə Rusiya
dövləti arasında sülh müqaviləsi bağlandı. İsmayıl bəyin
imzaladığı bu müqaviləyə görə Xəzər dənizinin qərb sahili
boyu Azərbaycan torpaqları Rəşt şəhərinə qədər Rusiyaya
keçirdi və rus tacirləri Azərbaycanda əlverişli şərtlərlə ticarət
etmək hüququ qazandılar. Bu müqavilə Osmanlı dövləti
tərəfindən narazılıqla qarşılandı. Azərbaycanda marağı olan
Osmanlı dövləti Səfəvilərdən Peterburq müqaviləsini ləğv
etməyi tələb etdi.