59
vahidləri kimi belə bildiriciləri yox, insan pozalarının, bütün nəsnələrin görükdürücülərini
götürmüşdük. Halbuki minimal fiqurları nəzərə alsaq, onların törətdyi göz, tel, qılınc tiyəsi kimi
insan, nəsnə kəsimlərinin bildiricilərini də miniatür lüğətinə aid etmək olar. Danışanda sözlərin
birləşməsindən deyimlər yığıldığı kimi üz, alın, burun (68) formaları ilə çiyin görükdürücülərinin
birləşməsi də «insan» deyilən mürəkkəb bildiricini qurur.
Beləliklə, miniatür dilinin bildirici fonduna hansı tip göstəricilərin düşməsinin iki variantı ilə
rastlaşmaq olar. Birinci variantdan çıxış etsək, miniatür lüğəti insan və heyvanları, bitkiləri, bütöv
nəsnələri bildirən ikonik bildiricilərin invariant toplusu olacaq. İkinci variant isə imkan verir ki,
insan və b. olayların kəsimlərini, parçalarını görükdürən bildiriciləri miniatür lüğətinə yığaq. Bu
variantlardan hansının məhsuldar, verimli olmasını tapmaq üçün ayrıca araşdarma aparmaq
gərəkdir. Bəlkə də hər iki variantı sintez etmək daha doğru olar. Təbii dilin özündə belə sintezin
analoqu var. Dilçilər bəzən danışıq dilinin lüğətinə yalnız sözləri yox, frazeologiyaları, tipik söz
birləşmələrini də aid edirlər. Eləcə də miniatür bildirici fonduna qol, çiyin, qaş-göz kimi sözə uyğun
bildiricilərlə yanaşı, həmin bildiricilərin birləşməsindən çıxan tipik insan duruşu, oturuşu
göstəricilərini də salmaq olar.
Klassik poeziada dil və tekst
Danışıq dilindən üzdə kəskin ayrılan davranış və təsviri sənət bildirici sistemlərində də dil
və tekst qatlarının olduğunu gördük. Semiotikada təbii dildən fərqlənən bildiriciləri özünə toplayan
dil sisteminə (yəni lüğət və sintaksis toplusuna) kod da deyilir. Bu zaman semiotik sistem kod və
tekst qatlarına ayrılır. «Davranışın, miniatürün dili» deyiminin mənasını yetərincə mənimsədikdən
sonra deyə bilərik ki, danışığın dil sistemini anlatmaq üçün kod anlayışını işlədəcəyik. Semiotikada
incəsənət növlərinin hər birində tekstlər sırasından onun dilini ayırmaq üçün «bədii kod» anlayışı
(teatırın, kinematoqrafın bədii kodu) işlədilir. Kod anlayışı şifrələyərək bağlamaq, şifrəni açmaq
prosesini ayırdığı üçün bəzən onu demək əlverişli olur. Düzdür, semiotika elmini başa düşməyən
heç cür anlaya bilmir ki, nəyə görə, tutalım, rəssamlıq əsərini şifrələnmiş sayıb, sonra da belə hesab
etməlidir ki, qavrayışı ilə bu şifrəni açır. «Tabloda onsuz da hər şey aydındır», halbuki şifrə nəsə
mənası gizli olan işarəni bildirir. Ancaq bu etirazları söyləyən kəs bilməlidir ki, morze şifrələrini
yaxşı bilən rabitəçi verilən teksti «su kimi içəndə» də belə düşünüb-duymur ki, nəsə mənası gizli
olan sirləri açır.
O biri yandan, incəsənət əsəri ona görə şifrələnmiş teksdir ki, onu, yalnız öz kodu ilə açanda
düzgün bilgi verir. XVI yüzil çinlisi üçün Avropa portretlərindəki işıq-kölgə təzadları anlaşmaz idi.
Portretdə üzə düşmüş kölgə onun gözündə anlaşmaz ləkə kimi görünürdü (69).
Film gerçəkliyə çox oxşayan teksdir. Bununla belə, kinematoqrafın kodu ilə tanış olmayan
tamaşaçı (yəni heç vaxt kinofilm görməmiş adam) bədii filmə baxanda çaş-baş qalır. Kino ilə ilk
tanış olanlar iri planda göstərilən üzü bədənsiz sayırdılar (70). Eləcə də Ortaçağ adamı üçün sərbəst
şeir heç cürə poetik tekst deyildi.
Bildiricilər sistemində dil rolunu oynayan özəl kodun olduğunu göstərdikdən sonra yenidən
danışıq dilinə qayıdanda ilk baxışda paradoksal görünən belə bir düşüncəni yenidən təkrar etmək
istərdik: danışıq dilinin əsasında qurulmuş bədii ədəbiyyatın öz dili, öz kodu var. Bu kod heç də
danışıq dilinin eyni deyil və ondan xeyli fərqlənir. Deməli, azərbaycanca yazılmış poetik teksti
Azərbaycan dilinin lüğəti və qrammatikası vasitəsi ilə açanda alınan mənalar cümlələrin hərfi
mənası olacaq, bədii koddan yığılmış əsl poetik mənalarsa bilinməz qalacaq. Sözsüz, biz şərti olan
təbii dili poetik dildən ayırırıq. Canlı həyatda poetik dil danışıq dilindən yığılıb öz mürəkkəb,
çoxqatlı quruluşunu alır və sonra danışığa əks təsir edib, tapdıqlarının bir çoxunu ona verir.
Məsələn, bənzətmə prinsipi təbii dildən götürülsə də, öz imkanlarını bütünlüklə poetik praktikada
açır. Poeziyada həmin prinsip sayəsində əldə edilmiş bir çox məcazlar təbii dildə geniş işlənməklə o
qədər bu dilin öz faktına çevrilir ki, onun ilk dəfə harada, - poetik dildə, yoxsa adi danışıqda
yarandığını tapmaq çətin olur.
60
Danışıq dili ilə poetik dilin ilişgilərini anlamaq üçün başqa bir semiotik hadisəni analogiya
kimi götürmək olar. Kino sənəti gerçəkliyə oxşarlıq baxımından ən inandırıcı sənət növü sayılır.
Ona görə də belə görüntü yaranır ki, kinofilmi başa düşmək, ondakı ikonik bildiricilərin nəyi
bildirdiyini anlamaq üçün gerçəkliyi gözlə görüb nəsnə və olaylar haqqında yaddaşa təsəvvürlər
yığmaq yetərlidir. Müəyyən mənada, doğrudan da belədir. Biz həyatda hirslənən, tələsik gedən
adamların necə olduğunu bildiyimiz üçün filimdə personajın hirsləndiyini, getdiyini anlayırıq.
Kinonun semiotikası ilə məşğul olmuş ünlü italiyan şairi və rejissoru P. P. Pazolini məhz bu ilişgini
nəzərə alıb hesab edirdi ki, kino dilinin bildirici fondu, lüğəti kinonun mənsub olduğu topluma aid
tipik nəsnə və hadisələrdir. Ona görə də Avropa gerçəkliyi ilə bağlı olan kino dilinin sözlüyünə,
tutalım, dəvə görkü daxil deyil. Əgər bir Avropa filmində dəvə göstərilirsə, bu, bir adamın öz
danışığında yabançı sözü işlətməsinə bənzəyir (71).
Y. Lotman kino dilinin özəllikləri ilə biğlı kitabında kino ilə geçəkliyin semiotik ilişgilərini
daha mürəkkəb proses kimi öyrənirdi. O göstərirdi ki, texniki araçlar səyəsində özünü gerçəkliyə
çox oxşatmış kino dili gerçəklikdən ayrılmaq üçün, gerçəklik olmadığını sübut etmək üçün fransız
rejissoru Melyesdən başlayaraq dünyanın görünən tərəfi ilə mübarizəyə girişir (72). Kinofilmdəki
görükdürücülərin (epizodların) göstərilən dünya faktlarına tam bərabər olmadığını və deməli,
kinolüğətin gerçəklikdəkilərdən fərqini göz önündə saxlamaq üçün min cür fəndlərə əl atırlar. Ən
gözlənilməz rakursdan göstərmək, optik deformasiya, yavaşıdılmış və ya becidləşdirilmiş hərəkət,
kontrapunkt, montaj buna örnək ola bilər. Kino dilinin sadalanan araçlarının hamısı nəsnənin
təsvirinə elə mənalar verə bilir ki, gerçəkliyin özündə həmin nəsnəni biz bu mənalarda heç vaxt
görmürük. Zərbə üçün qaldırılmış qəmə gerçəklikdə təhlükə, qorxu mənalarını bildirir və filmdə
eyni vəziyyət göstəriləndə qəmənin təsviri bu mənaları saxlayır. Ancaq Bertoluççinin «Konformist»
filmində faşist agentlərinin mindiyi qara minik maşınları (30-cu illər modeli) kameranın hərəkəti,
rakurs vasitəsi ilə elə hala salınır ki, faşizmin qorxunc bildiricisinə çevrilir. Həmin avtomobillərin
özü faşist atributu kimi qavranılır.
Kino dili öz lüğətini gerçəkliyin görünən, eşidilən tərəflərinə qarşı qoyandan sonra yenidən
gerçəkliyə qayıdır. Sonucda heç nə artırmadan dünyanı göstərən, sənədliliyə can atan ayrı-ayrı
filimlər yaranır (73).
Oxşar vəziyyəti biz bədii dillə poetik dil arasında da görə bilərik. Əgər adi danışıq dilini
gerçəkliyin görülən, eşidilən tərəfinin yerinə qoysaq, poetik dil gerçəkliyin bu tərəfindən özünü
fərqləndirməyə çalışan kino dilinin mövqeyində duracaq. Doğrudan da, poetik dilin bədii
bildiricilərinin bir çoxu adi danışıq dilinin lüğəti ilə ziddiyətə girib onunla mübarizə aparır. Götürək
Fizulinin bir qəzəlindən aşağıdakı beytləri:
Könlüm açılır zülfi-pərişanını görcək,
Nitqim tutulur qönçeyi-xəndanını görcək.
Rənalıq ilə qaməti-şümşadı qılan yad,
Olmazmı xəcil sərvi-xuramanını görcək.
Naziklik ilə qönçəyi-xəndanı edən yad,
Etməzmi həya ləli-dürəfşanını görcək? (74)
Bu beytlərdə olan «qönçeyi xəndan» (gülən qönçə), «sərvi-xuraman», «ləli-dürəfşan» (dür
saçan) kimi söz birləşmələri danışıq dilinin lüğətindəki mənalarından fərqli anlamlar bildirirlər.
Qönçə ağzı, sərvi-xurman gözəlin düz qamətini, ləli-dürəfşan arasından dişləri parıldayan dodaqları
anladır. Bütün bu poetik bildiricilərdə lüğəti məna üstünə əlavə mənalar yığılır.
Poetik sözlüyün danışıq dilinin lüğətindən fərqlənmək, onunla eyni olmamaq cəhdləri təbii
dili dağıtmağa yönəlmir. Tərsinə, poetik lüğətin sayəsndə təbii dilin sözləri öz imkanlarını geniş
şəkildə açır. Adi dilin lüğəti tapmacalar, məsələlər sayəsində də zənginləşir. Ancaq bu işi poetik
lüğət daha yüksək səviyyədə görür.
Ortaçağ Azərbaycan poeziyasında bədii dilin danışıq dilindən ayrılmağa can atmasını aydın
şəkildə izləmək olar. Bu mənada Ortaçağ poeziyası bütünlükdə bədii dil və danışıq dili ilişgilərini