Poeziyanın Rəsulzadəsi (Ə. Cavad) Giriş



Yüklə 36,21 Kb.
tarix17.11.2018
ölçüsü36,21 Kb.

Poeziyanın Rəsulzadəsi (Ə.Cavad)

Giriş

Milli suveren, müstəqil Azərbaycan dövlətdən, cəmiyyətdən əvvəl ideologiyada mövcud olmuşdur. Bu ideologiyanın beşiyi başında duran birincilərdən biri şair Əhməd Cavad olmuş-dur. Üçrəngli poeziya bədii yaddaşa Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur. Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından götürmüşdür.

Cümhuriyyət şairi kimi Əhməd Cavad öz poeziyasında azadlığı və Vətən şərəfini tərənnüm etmişdir. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış kimi duyğular Əhməd Cavad şeirinin ruhuna hopmuşdur.

Əhməd Cavad təpədən-dırnağa qədər əsl şair təbiətinə malik, bütün varlığı ilə vətəninə, millətinə bağlı olan, onun arzu və istəkləri ilə nəfəs alan, ilhamlı, coşğun bir şair kimi yazıb-yaratmışdır.



Həyat və yaradıcılığı

Cavad Məmmədli oğlu Axundzadə 1892-ci ilin mart ayının 5-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. 10 yaşında Gəncə ruhani məktəbinə getmişdir. Burada rus, ərəb, fars dillərini öyrənmiş, H.Cavid və A.Şaiq kimi ğörkəmli sənətkarların şagirdi olmuşdur. Poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə qəzet və jurnallarda çıxış etmişdir. 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxmışdır. Birinci dünya müharibəsi illərində o, rus-türk cəbhəsi xəttində müharibədən zərər çəkmiş əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuşdur. 1913-cü ildən başlayaraq, sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun kənd məktəblərində müəllim, Quba Xalq Maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Bakıda fəhlə fakültəsində, Nərimanov adına texnikumda müəllimlik etmişdir. İlk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir maarifçi-pedaqoq kimi yaxından iştirak etmişdir.

Təhsilini Azərbaycanın Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində davam etdirmişdir. Gəncədə Kənd Təsərrüfatı İnstitutunun dilçilik kafedrasının rəhbəri işləmişdir.

Ədəbiyyat Cəmiyyətinin katibi, Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor, “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri olmuşdur. 1935-ci ildən ömrünün sonuna qədər Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir. 1934-cü ildə çağırılan Azərbaycan yazıçılarının 1-ci qurultayının nümayəndəsi olmuşdur. Əhməd Cavadın əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb. Üçrəngli poeziya bədii yaddaşa Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur. Dilimiz şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib, C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olub. AXC-nin ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlıdır. Əhməd Cavad “Qoşma”, “Dalğa”, “Sinfi mübarizə”, “Şeirlər”, “Çırpınırdı Qara dəniz”, “Seçilmiş əsərlər” kitablarının, külli miqdarda publisist məqalələrin, onlarca nəsr əsərinin müəllifidir.

Göy-gölə, milli bayrağa, Qara dənizə, Dəli Kürə ən yaxşı şeirləri o illərdə Əhməd Cavad yazıb.

Şairin təbiət və məhəbbət lirikasında Göy-gölü xüsusi fərqləndirmək olar. Əhməd Cavaddan sonra bir çox şairlər Göy-göl haqqında şeir yazıblar, ancaq Əhməd Cavadın Göy-gölü kamillikdə, bədiilikdə öz yüksəkliyini saxlamışdır. Əhməd Cavadda romantika, simvol, obrazlılıq çox qüvvətlidir. Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına-burada Əhməd Cavad şeirinin simvolu Qara dənizdir.

Nəzrin Dəli Kürünü İ.Şıxlı yaradıbsa, şeirin Dəli Kürünü Əhməd Cavad poeziyasında görmək olar.

AXC dövründə Dövlət himninin mətni, “Can Azərbaycan”, “Al bayraq”, “Azərbaycan bayrağına”, “Qardaş”, “Mən bulmuşam” kimi əsərlərini yazmışdır.

AXC-nin süqutundan sonra Əhməd Cavad şeirinin ahəngi, ovqatı dəyişir, könlündəki rübabın qürubu başlayır. Cümhuriyyətin süqutundan məyus olan şair “Nə yazım”, “Unudulmuş sevda”, “Olsun qoy”, “Aya” şeirlərini yazmışdır.

Oğlu Niyazi Axundzadənin xatirəsinə görə “Sədəf” adlı roman yazıb, roman Yazıçılar İttifaqında oxunub, “Ədəbiyyat” qəzetində romanın müzakirə edilməsi haqqında məqalə də yazılıb, ancaq roman bu günümüzə çatmayıb.

Əhməd Cavadın sovet dövrü poeziyası da fəal ideya məzmunu, inqilabi romantikası, lirizmi, obrazlığı ilə seçilir. Sovet dövründə yazdığı “Biz qardaş deyilikmi”, “Kür”, “Pambıq dastanı”, “At bu çadranı”, “Bayram”, “Mən olaydım”, “Gürcüstan” şeirlərində yeni həyat, vətənpərvərlik, xalqlar dostluğu tərənnüm olunmuşdur.

Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk oğlu kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O, könüllü əsgər kimi köməyə getmiş, Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur. 1915-ci ildə Türkiyədə rus və erməni istilasına qarşı çıxaraq “Azərbaycanın xeyriyyə cəmiyyəti” vasitəsilə türk xalqına kömək göstərmişdir.

Azəri türkləri arasında toplanan “Qafqaz könüllüləri” tərkində İstanbulun azad olunmasında iştirak etməsi türk azadlığı miqyasında istiqlal mövzusu onun poeziyasında yer tutdu. Həmçinin Batum, Qars, Ərdahan, Trabzon, Anadolu, Bursa şəhərlərində olması türklük ideologiyasının onun poeziyasında güclənməsinə səbəb olur.

“Dilimiz”, “Şəhid əsir”, “Oyan”, “Hərbzədələrə” kimi şeirlərində türkçülük ideologiyası duyulurdu. “Çırpınırdı Qara dəniz” əsəri sonralar Türkiyədə az qala milli himn qədər kütləvi şəkildə sevilmiş və oxunmuşdur.

Əhməd Cavadın Azərbaycanın ədəbiyyatı tarixində həm də görkəmli tərcüməçi kimi xidməti olmuşdur. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Mənim darülfünunlarım”, “Çocuqluq”, V.P.Kinin “O tayda”, T.Şevçenkonun “Kobraz”, B.Ronin “Od uğrunda mübarizə” əsərlərinin bədii tərcüməsinin müəllifidir. 1930-cu ildə gürcü ədəbiyyatının klassiki Şota Rustavellinin məşhur “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan azərbaycan dilinə tərcümə etmiş və həmin tərcümə kitab halında Bakıda 1978-ci ildə nəşr edilmişdir. Tərcümə Əhməd Cavadın tərcüməçilik xidmətində xüsusi yer tutur.

Milli, dini genosidə qarşı mübarizə aparanlardan biri Əhməd Cavad olmuşdur. Ona görə də onu hamıdan çox təqib ediblər, xalq düşməni, müsavat şairi anlamına tuşlanan birinci zərbələr ona dəyib. Üç dəfə həbs olunub, üç oğlunu kaloniyaya, həyat yoldaşını sürgünə göndəriblər. Şəxsiyyətə sitayiş dövrünün zorakılığına məruz qalan Əhməd Cavad haqsız olaraq 1937-ci il repressiyasının qurbanı olmuş, dəhşətli işgəncələrə məruz qalmış və güllələnmiş, heç qəbri də yadigar qalmamışdır. Dağüstü park Şəhidlər Xiyabanına çevrildiyi gün Əhməd Cavadın məzarı tapılıb.

Əhməd Cavad poeziyaya milli şair kimi xidmət edib, torpaqda şəhid kimi uyuyur, məzarlığa şəhid kimi sakin olub. O, bu ilahi haqqı öz əməlləri ilə qazanmışdır.

1958-ci ildə bəraət almış və “Şeirlər” adlı kitabı çap olunmuşdur.

Yubiley tədbirlərinin keçirilməsi

Əhməd Cavadın həyat yolu çox çətin, əzablı-əziyyətli olmuşdur. Buna baxmayaraq həmişə nikbin qalmışdır. Əhməd Cavad poeziyasının əsas aparıcı qüvvəsi lirikadır. Bu lirika yüksək insani duyğularla, gözəlliklə, məhəbbətlə doludur.

Əhməd Cavad fitri-təbii şair idi. Onun sənətkarlıq fəhmini anlatmaq qeyri-mümkün idi.

Əhməd Cavad bədahətən söz deməyi bacararmış. Göy-göl şeirini elə gölün özünə bədahətən söyləmişdir.

Əhməd Cavad ilhamlı, qaynar şair idi. O, çox əsərlər yaza bilərdi. Ancaq dövr, mövcud rejim onu həvəsdən salmışdı, çox vaxt ürəyində olan mövzulardan yan qaçmaq məcburiyyətində qalırdı. Beləliklə, nə qədər əsərlər qəlbində qaldı.

Əhməd Cavadın irsi zəngindir: şeirlər, hekayələr, tərcümələr, məqalələr. Bunların bəzisi “Sədəf” romanı kimi yoxa çıxıb.

Yüksək mədəniyyətli, nəcib, xeyirxah, zərif ürəkli, əsl ziyalı Əhməd Cavad az yaşasa da mərd, məğrur yaşadı. Onun varlığında yanan böyük duyğular, Vətəninə, millətinə bəslədiyi sonsuz məhəbbət Əhməd Cavadı həmişə bizim gözümüzdə ucaltmışdır.

Millətinin görkəmli şairinin, fədakar oğlunun müasir dövrdə yeni nəslə tanıdılması əsas vəzifələrdən biridir. Bu işdə kitabxanalarda keçirilən tədbirlərin rolu əvəzsizdir.

Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri icmallardır.

Şairin bir cilddə nəşr olunmuş “Seçilmiş əsərlərinin” icmalının keçirilməsi oxucularda maraq yaradır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il sərəncamı ilə 2005-ci ildə Əhməd Cavadın bir cilddə “Seçilmiş əsərləri” “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Kitabda milli şairimizin mədrəsə şeirləri, Birinci Dünya Müharibəsinə aid şeirlər, AXC-nin dövrünə və sonrakı illərdə yazdığı əsərlər, o cümlədən xalqın adət-ənənəsi haqqında, satirik-yumoristik şeirləri toplanmışdır.

Əhməd Cavad yaradıcılığı ilə oxucuları daha yaxından tanış etmək üçün kitab sərgisinin təşkil edilməsi də maraqlıdır. Sərgidə şairin şəkli, kitabları, şair haqqında olan kitab və məqalələr öz əksini tapır. Sərgini “Poeziyanın Rəsulzadəsi”, “Cümhuriyyət şairi”, “Acı taleli şair”, “Milli ruhlu şair” adları altında keçirmək olar.

Şairi oxuculara tanıtmaq üçün sual-cavab gecəsi təşkil etmək olar.

1.Əhməd Cavad kimdir? 2.Əhməd Cavad neçənci ildə və harada anadan olmuşdur? 3.Əhməd Cavadın illk kitabı nə vaxt çap olunmuşdur? 4.Şairin ilk kitabının adı nədir? 5.Şairin hansı şeirini əzbər bilirsiniz? 6.Əhməd Cavad hansı hekayələri yazmışdır? 7.Əhməd Cavadın pedaqoji fəaliyyəti haqqında nə bilirsiniz? 8.Əhməd Cavad nə vaxt, kimlər tərəfindən qətlə yetirilib?

Əhməd Cavad haqqında oxucuların fikrini öyrənmək üçün anket sorğuları təşkil etmək olar.

1.Əhməd Cavadın həyatı haqqında nə bilirsiniz? 2.Şairin hansı əsərləri var? 3.Əhməd Cavadın Göy-göl şeiri oxumusunuzmu? 4.Şairin Kür əsəri necə yaranışdır? 5.Şairin bayrağı vəsf edən hansı şeirləri var? 6.Əhməd Cavadın ən çox sevdiyiniz əsəri hansıdır? 7.Əhməd Cavadın tərcüməçilik fəaliyyəti haqqında nə bilirsiniz? 8.Əhməd Cavadın ictimai fəaliyyəti haqqında nə deyə bilərsiniz?

Ədəbi-bədii gecənin keçirilməsi oxucuların sevimli tədbirlərindən biridir. Görkəmli şairimiz Əhməd Cavada həsr olunmuş ədəbi-bədii gecə oxucuların marağına səbəb ola bilər. Hazırlanan gecənin ssenarisini sizə təqdim edirik.

1.Aparıcı: Qonaqları salamladı, tədbirin səbəbini bildirdi.

2.Aparıcı: Qeyd etdi ki, görkəmli şairimiz Əhməd Cavadın anadan olmasının 125 illiyidir. Bu münasibətlə keçirilən tədbiri açıq elan etdi.

1.Aparıcı: Bildiyimiz kimi Əhməd Cavad həm də maarifpərvər bir ziyalı olmuşdur. Gənc nəslin təhsili onu narahat edən məsələlərdən idi. İlk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir pedaqoq kimi yaxından iştirak etmişdir. 2.Aparıcı: Əhməd Cavad Gəncədə, Hacıkənddə, Qubada, Bakıda fəhlə fakültəsində, Nərimanov adına texnikumda müəllimlik etmişdir. Azərbaycanın Kənd Təsərrüfatı İnstitutunun dosenti, həmin İnstitutun dilçilik kafedrasının rəhbəri işləmişdir.

1.Aparıcı: Əhməd Cavadın ictimai fəaliyyəti haqqında da geniş danışmaq olar. O zaman parlamentdə da yeganə bir müştərək bir kürsü olub: öndər Rəsulzadə, Yusif bəylə birlikdə bu kürsüdə bir də şair Əhməd Cavad oturub.

2.Aparıcı: Əhməd Cavad 1934-cü ildə çağrılan Azərbaycan Yazıçılarının I Qurultayında nümayəndə seçilmişdir. Ədəbiyyat Cəmiyyətinin katibi, 1935-ci ildən ömrünün sonuna kimi Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.

1.Aparıcı: Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıb. Əhməd Cavad bütün yaradıcılığı boyu şeirlərində azadlığı, Vətənin şərəfini tərənnüm etmişdir.

2.Aparıcı: Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış kimi duyğular Əhməd Cavad şeirinin ruhuna hopmuşdur.

1.Aparıcı: Əhməd Cavadın xalqın əski adət-ənənəsi haqqında yazdığı şeirləri də çox məzmunludur. Həyati mövzuda yazdığı hekayələri də oxucular tərəfindən maraqla oxunur.

2.Aparıcı: Əhməd Cavad təpədən-dırnağa qədər şair təbiətinə malik, bütün varlığı ilə Vətəninə, millətinə bağlı olan, onun arzu və istəkləri ilə nəfəs alan coşqun bir şair kimi yazıb-yaratmışdır.

Tədbirlər sırasında görüşlərin təşkil edilməsi də oxucular üçün maraqlı olur. Belə görüşlərə şairlər, yazıçılar, ədəbiyyatşünasların dəvət olunması tədbirin daha maraqlı keçməsinə səbəb olur.

Vəsaitin məzmunlu olması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur:

1.Əhməd Cavad “Seçilmiş əsərləri” 1 cilddə Şərq-Qərb nəş.Bakı-2005

2.Təqvim-2017

Hazırladı:



Sabunçu rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin müdiri Nuriyeva Səmayə və sistem inzibatçısı Əhmədova Sahibə




Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə