92
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Azərbaycan Cümhuriyyəti Dövründə Dini Münasibətlərə Dair
Dos.Dr. Dilavər ƏZİMLİ
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı, Azərbaycan
dilavar.azimli@gmail.com
Azərbaycan Cümhuriyyəti elan olunandan sonra (28 may 1918-ci il) xüsusi diqqət ayırdığı sahələrdən
biri də dini münasibətlər idi. Qafqaz əraziləri çar Rusiyası tərəfindən işğala məruz qalan dövrlərdə ona qarşı baş
verən üsyanların önündə həmişə din xadimləri getmişlər. Azərbaycan din xadimləri Rusiya işğalına qarşı bütün
Qafqazda gedən mübarizədə nəinki iştirak etmiş, həm də onun ideoloji bazasını da yaratmışdılar. Misal üçün
tarixdə bizə müridizm kimi gəlib çatan Şeyx Şamil hərəkatının ideoloji bazası azərbaycanlı Şeyx İsmayıl Şirvani
tərəfindən hazırlanmışdır. Nəşqibəndlik tərqiətinin Xalidiyyə qoluna məxsus olan Şeyx İsmayıl Şirvani Qafqaz
xalqlarının Rusiya işğalına qarşı mübarizəsini sistemli şəkildə ortaya qoymuşdur. Bunları diqqətlə nəzərdən
keçirən Rusiya hökuməti Qafqazda dini parçalanma yaratmaq üçün müxtəlif üsullardan istifadə etmişdir.
Bunlardan biri din xadimlərini müxtəlif yollarla “ələ almaq”, digəri isə sünni-şiə ədavətini qızışdırmaq idi.
Beləliklə, Qafqazda dini siyasətə tam nəzarət etmək üçün çar Rusiyası ilk olaraq Azərbaycanda dini məzhəb
ayrılığını daha da dərinləşdirmək siyasəti həyata keçirmişdir. Belə ki, 1872 və 1917-ci illərdə imperiya tərəfindən
azərbaycanlıları şiə və sünni olmaqla məzhəblərə parçalayan qərəzli sərəncamlar verilmiş, onların ayrıca ruhani
idarələri yaradılmışdır. Məscidlərin əmlakı üzərində nəzarət və sahiblik çar Rusiyasının hakimiyyət orqanlarına
məxsus olmuşdur. İş o yerə çatmışdı ki, pravoslav kilsəsinin icazəsi olmadan hər hansı məscid fəaliyyət göstərə
bilməzdi.
Azərbaycan Cümhuriyyəti elan olunanda ölkə ərazilərində dini münasibətlər sahəsində ciddi problemlər
var idi. Çar Rusiyasının apardığı siyasət öz bəhrəsini vermişdi. Qeyd edək ki, Milli Şura Tiflisdə Azərbaycanın
istiqlalını bəyan edən zaman Cənubi Qafqaz Şiə və Sünni İdarələri də bu şəhərdə yerləşirdi. Müstəqillik elan
olunandan dərhal sonra hər iki idarə öz fəaliyyətini dayandırır. Qafqazda müstəqil dövlətlərin yaranması və bu
dövlətlər arasında münasibətlərin bir çox hallarda gərgin olması, diyarda yaşayan müsəlmanların vahid dini
idarədə birləşməsini demək olar ki, mümkünsüz edirdi. Bu baxımdan Azərbaycan hökuməti Cənubi Qafqaz Ruhani
İdarəsinin Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncə şəhərinə köçürülməsini məqəsədəuyğun hesab etdi. Bu
həm də ondan irəli gəlirdi ki, Azərbaycan Cümhuriyyət rəhbərləri dini vəhdətin yaranmasını dövlətin əsas
prinsiplərindən biri sayırdılar. Çünki Qafqaz müsəlmanları artıq dörd dövlətin ərazisində yaşayırdı və onların
dini əqidələrinin şəraitə uyğun istiqamətləndirilməsinə böyük ehtiyac vardı. O zamanlarda həmişə olduğu kimi
əhali arasında din xadimlərinin nüfuzu güclüydü. Buna görə də yeni yaradılmış Azərbaycan hökuməti Cənubi
Qafqaz ruhani idarələrinin Azərbaycana, Gəncə şəhərinə köçürülməsi zamanın şərtlərindən biri idi. Məhz
Gəncədə 1918-ci il sentyabr ayının 1-də ilk olaraq ruhani rəhbərlər tərəfindən şiə və sünnilərin “Məşixət” adı
altında vahid idarədə birləşməsi məsələsi həllini tapdı. Bu da çarizmin məzhəb ayrılıqlarından istifadə edərək,
Azərbaycan dindarları arasında ədavət yaratmaq niyyətlərinin iflasa uğradığının əyani nəticəsi idi. Yeni
yaradılmış idarənin ştatı 20 avqust 1918-ci il tarixli qərar ilə təsdiq edildi. Şeyxülislamlıq vəzifəsi o dövrün
tanınmış din xadimi Axund Əli Ağazadəyə həvalə edildi. “Əhrar” partiyasının yaradıcılarından olan Mustafa
Əfəndi Əfəndizadə isə müfti təyin edildi. 1920-ci ilin mart ayında milli hökumət tərəfindən “Məşixət” sədrlərinə
nazir köməkçiləri ilə eyni status verilməsi barədə sərəncam imzalanmışdır.
Açar sözlər: Azərbaycan Cümhuriyyəti, Şeyxülislam, din, dövlət, “Məşixət”
93
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Məhəmməd Əmin Rəsulzadənin İrsındə Orta Əsr Azərbaycan Mədəniyyəti Problemləri
Prof. Dr. Xeyirbəy QASIMOV
Email: nara.akhundova.@hotmail.com
XÜLASƏ
Azərbaycan Cümhuriyyətinin (1918-1920) yaranmasının 100 illik yubileyi ərəfəsində də
M.Ə.Rəsulzadənin (1884-1955) zəngin elmi, ədəbi irsinin anlaşılması və beynəlxalq aləmə tanıdılması zərurəti
aktualdır.
Orta əsrlərdə Azərbaycan xalqının mədəni təkamülü problemlərinin təhlili M.Ə.Rəsulzadənin
çoxcəhətli fəaliyyətində mühüm yer tuturdu. Müsəlman Şərqində ilk demokratik respublikanın qurulucularından,
Azərbaycan dövlətçiliyinin bərpaçılarından olmuş M.Ə.Rəsulzadə 1920-ci ilin 28 aprel çevrilişindən sonra
Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalmış, ömrünün sonunadək mühacirətdə yaşamış, lakin
Vətəninə, xalqına üzvi bağlılığın parlaq nümunələrini yaratmışdır. Onun “Əsrimizin Səyavuşu”, “Çağdaş
Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Azərbaycan Cümhuriyyəti”, “Azərbaycanın kültür
gələnəkləri”, “İstiqlal məfkurəsi və gənclik”, “Qafqaz türkləri”, “İran türkləri”, “Milli birlik”, “Azərbaycan şairi
Nizami” əsərlərində Azərbaycan xalqının çoxəsrlik mədəniyyət tarixinin əsas məsələləri özünün dolğun və
obyektiv əksini tapmışdır.
M.Ə.Rəsulzadə təqribən 100 il bundan öncə anlamışdı ki, Azərbaycan xalqı tarixinin, mədəniyyətinin
obyektiv şəkildə, xalqın ümdə mənafelərinə uyğun tərzdə araşdırılmasının başlıca şərti ölkənin siyasi
müstəqilliyidir: “Xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində
təcəssüm ediyor. Istiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur”. 1920-1991-ci illərdə yarımmüstəqil hala
düşmüş Azərbaycan xalqı M.Ə. Rəsulzadənin bu müddəasının tamamilə doğru olduğuna əmin oldu. Azərbaycanın
siyasi müstəqilliyi yenidən bərpa edildikdən (1991) sonra M.Ə.Rəsulzadənin elmi, ədəbi irsi xalqın öz tarixindən,
mədəni irsindən uzaqlaşması meyilini ləngidən qüdrətli amil oldu.
M.Ə.Rəsulzadə “Azərbaycan Cümhuriyyəti” əsərində azərbaycanlıların “milliyyət etibarilə türk, din
etibarilə İslam, mədəniyyəti-əsasiyyə etibarilə şərqli”, “kəndi Ləhceyi-məxsusilə Anadolu türkcəsinə yaxın bir
şivə ilə qonuşan Azərbaycan türkünün müxtəlif şivələrə malik və tutduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan
böyük türk ağacının bir dalı (budağı)” olduqlarını, geniş bir ərazidə əsrlər boyu müxtəlif dövlətlər quraraq
hökmranlıq etdiklərini fəxrlə qeyd edirdi. Əsrlər boyu zəngin dövlətçilik ənənələri, mədəni dəyərlər yaratmış
Azərbaycan türklərinin XIX əsrin ilk onilliklərində siyasi müstəqilliyini itirməsi, rus müstəmləkçiliyinə məruz
qalması onu daim qayğılandırırdı. M.Ə.Rəsulzadə XVI əsri Azərbaycan xalqının təkamülündə “ədəbi və milli
intibah” mərhələsi kimi dəyərləndirir, mütəfəkkir şair Məhəmməd Füzulini (1494-1556) həmin mərhələnin əsas
siması kimi təqdim edir və göstərirdi ki, “Azəri ədəbiyyatının təkamülü-təbəqi Füzulinin həyati-ədəbisinə bənzər”.
Onun fikrincə, “Azərbaycan türk ədəbiyyatı məhz həmin zamandan etibarən “müstəqil bir cərəyan aldı”.
1941-ci ildə yazılmış, yalnız 1951-ci ildə Türkiyə Cümhuriyyətində nəşr olunmuş, lakin geniş oxucu
kütləsinə çatmamış “Azərbaycan şairi Nizami” əsəri M.Ə.Rəsulzadənin elmi-ədəbi irsində müstəsna yer tutur.
Sovet hakimiyyəti dövründə Nizami Gəncəvi və onun zəngin irsi tədqiqatçılara, geniş oxucu kütləsinə
A.Y.Krımskinin, V.V.Bartoldun, Y.E.Bertelsin, M.Şaginyanın əsərləri vasitəsilə “tanıdılır”, M.Ə.Rəsulzadənin
“Azərbaycan şairi Nizami” əsəri isə uzun müddət ərzində nəşr edilmirdi. Həmin əsər sovet hakimiyyəti varlığının
yalnız son ilində (1991-ci ildə) xeyli xətalarla və təhriflərlə nəşr edildi. M.Ə.Rəsulzadənin bu əsəri 2008-ci və
2011-ci illərdə Bakıda daha 2 dəfə işıq üzü gördü. M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri dahi
Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr edilmiş ən mükəmməl tədqiqat nümunəsidir.
Açar sözlər: Tarix, mədəniyyət, orta əsrlər, Azərbaycan, İslam, Nizami Gəncəvi, M.Ə.Rəsulzadə.
Dostları ilə paylaş: |