169
IV. Uluslararası Türk Kültür Coğrafyasında Eğitim ve
Sosyal Bilimler Sempozyumu
27-30 Haziran 2018/Bakü-Azerbaycan
IV. International Symposium on Educational and
Social Sciences in Turkish Cultural Geography
27-30 June 2018/Baku-Azerbaijan
Mil-Qarabağ Bölgəsinin İlk Tunc Dövrü Qəbir Abidələri
Cəmilə HƏSƏNOVA
Baş müəllim, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
hasanovacemile@mail.ru
Mövzunun aktuallığı. Azərbaycanın qədim dövr abidələrinin zənginliyi baxımından əhəmiyyətli dərəcədə
fərqlənən tarixi Qarabağ ərazisində arxeoloji tədqiqatlara hələ XIX əsrin 90-cı illərindən başlanılmışdır. Həmin
vaxtdan keçən müddətdə bir neçə nəsil arxeoloqlar tərəfindən çoxsaylı və müxtəlif dövrləri əhatə edən yaşayış və
qəbir abidələri qeydə alınmış, bir çoxlarında arxeoloji qazıntılar aparılmışdır. Həmin arxeoloqların bəziləri
peşəkarlıqdan kənar olsa da, əksər hissəsi sözün əsl mənasında öz peşəsinin sirrlərinə dərindən bələd olan
mütəxəssislər olmuşdur. Bütövlükdə isə onların hamısı və hər birinin arxeoloji qazıntılarının nəticəsində elmi-
ictimaiyyətə dəyərli və tutarlı mənbələrə sahib olmuşlar.
Giriş. Əldə olunan faktiki dəlillər bir sıra xüsusi istiqamətli və ya ümumiləşdirilmiş tədqiqat işlərinin
ərsəyə gəlməsində qiymətli mənbə rolunu oynamışlar. Mövzumuz təkcə Qarabağla deyil, bütövlükdə Mil-
Qarabağla bağlı olduğu üçün, Qarabağın arxeoloji baxımdan öyrənilməsi ilə yanaşı, eyni ifadələri Mil bölgəsinə
də aid edirik. Doğrudur, burada arxeoloji araşdırmalara bir qədər gec (az qala yüz il fərqlə) başlanmışdır. Bir
neçə abidə nəzərə alınmazsa, burada araşdırmalar əsasən axtarış, kəşfiyyat xarakterli olub və vizual müşahidələrə
əsaslanmışdır.
Bütövlükdə mövzunun əhatə etdiyi Mil-Qarabağın arxeoloji baxımdan yetərincə öyrənilməsi faktını inkar
etmək olmaz. Özü də, arxeoloji dövrləşmənin bütün mərhələləri, demək olar ki əhatə olunmuşdur. Poleolit
dövründən tutmuş orta əsrlər dövrünə qədər. Lakin bu ilk baxışda belə görünür. Çünki, çox halda arxeoloji
tədqiqatlar regionun bu və ya digər bölgəsini, ərazisini əhatə etmişdir. Həm dövr, həm də ərazi baxımından. Belə
tədqiqatlar var və bu haqda təqdim olunan dissertasiyada yeri gəldikcə yetərincə məlumat getmişdir.
Mil-Qarabağ bölgəsi fərdi götürüldükdə bu və ya digər tarixi mərhələsinin ayrıca götürülmüş bir tədqiqat
obyekti kimi işlənilməsinə isə ilk dəfə müraciət edilir. Buda tədqiq olunan mövzunun aktuallığının əsas
göstəricilərindən biri də bundadır.
Mövzunun aktuallığı həmçinin, Mil-Qarabağın ilk tunc dövrü ilə bir sıra problemlərin tədqiqata cəlb
edilməsi ilə bağlıdır. Məsələ burasındadır ki, mövzu ayrıca yaşayış yerləri, yaxud qəbir abidələri, həmçinin fərdi
halda keramika və ya daş alətləri yox, həmin dövrün həm yaşayış, həm axirət dünyası ilə bağlı abidələrini, həm
də artefaktlarını kompleks şəklində əhatə etmişdir. Bu faktın özü də mövzunun aktuallığına müsbət təsir göstərən
amillərdəndir.
Mövzunu aktual edən əsas faktorlar sırasında tədqiqata cəlb olunmuş bölgənin bir sıra ərazilərinin
erməni təcavüzkarlarının işğalı altında qalması ilə həmin yerlərdəki abidələrin talehinin qeyri-müəyyən qalması
ilə bağlıdır. Erməni vandallarının çox güman ki, başqa dövr abidələri ilə yanaşı mövzumuzun əhatə etdiyi
Xankəndi, Xaçınçay, Qaraköpəktəpə və s. kimi ilk tunc dövrü abidələrini yaxşı halda özünüküləşdirilməsi, pis
halda isə dağıtması və yer üzündən silməsi təhlükəsini də nəzərdan qaçırmaq olmaz. Odur ki, hələ də işğal altında
qalan ərazilərimizin dövründən və təyinatından asılı olmayaraq, abidələrinin yeni-yeni tədqiqatlara cəlb edilməsi
vacib məsələ kimi daima gündəmdə durmalıdır. Bu mövzunu qələmə almaqla biz, imkan daxilində bu sahəyə öz
töhfəmizi verməyə çalışmışıq. Çünki, gənc nəslin çox hissəsi həmin ərazilərin varlığı, xüsusiyyəti, mövqeyi, tarixi
keçmişi haqqında bəlkə də, kifayət qədər məlamata malik deyillər. Təqdim olunan dissertasiya işi, həm də
yaddaşların təzələnməsinə yardımçı olar.
Tədqiqatın əhatə etdiyi bölgənin ilk tunc dövründə sosial-iqtisadi, ictimai-siyasi, dini-ideoloji
dünyagörüşü, ətraf əlamlə təmasda olması, mədəni-iqtisadi əlaqələrin durumu və bir çox başqa məsələlərin
təhlilində yaşayış yerləri ilə yanaşı qəbir abidələrinin də bir mənbə kimi rolu böyükdür.
Qeyd etmək lazımdır ki, ilk tunc dövrünə aid qəbir abidələri heç də tədqiqatın əhatə etdiyi ərazinin hər
yerində eyni dərəcədə öyrənilməmişdir. Belə ki, Füzuli və Beyləqan bölgəsində, yəni Mil düzünün əsas zonasında
bu dövrün qəbir abidələrinə hələlik rast gəlinməmişdir, daha doğrusu aşkar olunmamışdır. Burada yerüstü
əlamətləri olan qəbir abidələrinə də, demək olar ki, təsadüf edilməmişdir. Qarabağ bölgəsinə aid dağlıq zonanın
Füzuli rayonun ərazisində son tunc dövrünün kurqan abidələri (xüsusilə Qarabulaq kurqanları) tədqiqata cəlb
olunmuşdur. Burada da ilk tunc dövrü qəbirləri hələlik məlum deyil. Doğrudur, Beyləqan rayonunun İmamverdilər
və Asqallar kəndləri arasındakı möhtəşəm Saraytəpə kurqan abidəsi yerləşir. Lakin burada qazıntı aparılmadığı
üçün kurqanın dövrü haqqında söz demək çətindir. Hərçənd ki, Ağcabədinin Salmanbəyli kəndinin yanındakı
Üçtəpələrdən birində A.A.İyessenin apardığı tədqiqatlar nəticəsində onun ilk tunc dövrünə aid olması müəyyən
edilmişdir [114, s. 153-194]. Yəni, güman edirik ki, Saraytəpə kurqanının da nəzəri baxımdan ilk tunc dövrünə
aid olmasını ehtimal etmək olar. Lakin bu fərziyyədir.
Mil zonası ilə müqayisədə Qarabağın düzənlik, dağətəyi və dağlıq zonasında ilk tunc dövrünün qəbir
abidələri həm aşkar olunmuş, həm də bu abidələrdə arxeoloji qazıntılar aparılmışdır.
Açar sözlər: Mil-Qarabağ, ilk tunc, qəbir abidələr, kurqan, dəfn adəti
Dostları ilə paylaş: |