107
sübut etmək cəhdi o qədər də asan olmayacaqdı. Mən
bunların heç birinə razı olmazdım. “Birdən məni
qaytardılar?”- sualı məni narahat etdiyi üçün özümü
məzəmmət edirdim.
Qədim dayı ziyalı adam olduğu üçün Qırmızı Xaç
cəmiyyəti haqqında çox şey bilirdi. Onların gəlməsi, bizim
qurtulmağımız deməkdir-deyir və buna əminliklə inanırdı.
Hətta bizə təsəlli üçün, işgəncələrə səbrlə dözməyi də məsləhət
görürdü. Sakit olmağa, əzmli olmağa çağırırdı. İntihar etmək
istəyənləri isə bu işdən çəkinməyə çağırırdı. Bunun Qurana da
zidd olduğunu deyirdi. Amma bizə söz verirdi ki, əsirlikdən
qurtaran kimi, hamımızın qisasını alacaqdı. Necə ki,
Əsgəranda ermənilərin başına oyun açmış, onlara qan
uddurmuşdu. Bu gördüklərini isə heç vaxt unutmayacağına
söz vermişdi. O qədər nurani insan idi ki, o danışanda hər şeyi
unudurduq, heç bir iyrənc xatirə yadımıza düşmürdü. Bəlkə də,
bizim yanımızda olmasa idi, əksəriyyətimiz ən azından intihar
etməyə cəhd etmişdik. O, türk mentalitetinə yaxından bələd
idi. Buna görə də özü onun əksinə hərəkət edirdi bəzən.
Deyirdi ki, çılğın davranıb nə edəcəyik? Ən yaxşı halda kiməsə
bir şillə atarıq, yumruq vurarıq, özümüzü öldürərik. Amma
burdan sağ çıxıb yenidən bunlara bəla olmaq lazımdır. Qisas
üçün yaşamağımız lazımdır. Silah götürüb döyüşərsiniz.
Orduya xidmət edərsiniz. Ölüm hər şeyin həlli demək deyil.
Tək ölməkdənsə bir erməni belə öldürüb ölmək daha yaxşıdır-
deyirdi.
Axşamları ermənilərin əyləncəsinə çevrilir, səhərləri
ağrılardan, əzabdan birtəhər durur, yenə də axşamı
gözləyirdik. Deyəsən, hər şeyin dərmanı olan zaman bizi də
alışdırırdı. Əyyaş erməni zabitlərinin hər gecəki qiyaməti bizi
gün-gündən məhv edirdi. Qonşu otaqlarda döyülən
azərbaycanlıların səsindən kim olduqlarını müəyyənləşdirir,
108
bizim otağa nə vaxt gələcəklərini gözləyirdik. Dörd divarı
olan otaqda gizlənməyə də yer tapa bilmirdik. Gecənin
düşdüyünü, səhərin açıldığını barmaq boyda olan dəmir
barmaqlıqdan müəyyənləşdirirdik. Otaq daima ala- qaranlıq
olurdu. Gecələr isə işıq olmadığından zülmət içində olurduq.
Bu zülmət məni illərlə ağuşuna alacaq, gizlədəcək,
uçurumlardan uçurumlara aparacaqdı...
109
15. Qaranlıqdakı şahid
– Ramil müəllim, arxayın olun, onsuz da dərsim bitmişdi, –
Tofiq müəllim auditoriyaya girməmiş bu sözləri deyib
təbəssümlə içəri keçdi.
Məktəbdə qızının tədbirində olmaq üçün Ramil özü
dostundan onun seminar dərsini bu günlük əvəz etməsini
istəmişdi. İndi bir daha saatına baxıb pilləkənlərlə aşağı endi.
Deyəsən, gecikirdi.
*** *** ***
Görəsən, necə olacaq?! Aytəkinim yaxşı danışa biləcəkmi?!
Özünü itirsə, heç yaxşı olmayacaq. Qızının da özü kimi belə
məsələlərdə həssas olduğunu xatırlayıb bir anlıq kövrəldi.
Ətrafdakı insanların diqqət obyekti olmamaq üçün üzünü
yana – avtobusun bayıra baxan şüşəsinə tərəf çevirdi. İctimai
nəqliyyatdan da istifadə etmək son dövrlər onu çox sıxırdı.
Həkimi sükan arxasına oturmağa icazə vermədiyinə görə
həmişə onu qınasa da, onun haqlı olduğunu da inkar etmirdi.
Çünki öz maşınını sürərkən fikirli olduğundan dəfələrlə pis
vəziyyətlərdə qalmışdı. Hətta keçən il az qalsın maşınla adam
da vuracaqdı. Bundan sonra bir müddət avtomobil idarə
110
etməməyi özünə söz verdiyinə görə maşınını da satdı. İndi də
avtobusda, metroda olarkən gördüklərinə göz yuma bilmir,
daxilən əsəbiləşib sarsıntı keçirirdi.
Gözləri yolboyu yüksək sürətlə şütüyən maşınlara baxsa da,
fikirləri yenə də naməlum yerlərdə cərəyan edirdi. Arabir
maşınlar arasında tələsik yolu keçən insan da onun diqqətini
cəlb edirdi. Bu insanları onunla eyni avtobusda oturub
sərnişinlik edən digərləri ilə müqayisə də edirdi. Amma bu çox
az çəkirdi. Yenə də öz fikirlərinə qayıdırdı. İnsanların nəyə
görə belə cılızlaşdığı onu indi daha çox yorur, sanki sonsuza
qədər davam edəcək mübahisəli müqayisələr burulğanına
sürükləyirdi. Uşaqlar isə bunların içərisində yeganə pak
varlıqlar idi. Məhz onlar hər şeyi görür, böyüklərinin
“ibrətamiz məsləhətlərinə” qulaq asır və bunlarla oturub-
dururdular. Hərdən bu məsləhətlərə gülənlər, inanmayanlar,
qulaqardına vuranlar da tapılırdı. Bu, uşaqları əyləndirmək
üçün özünü gülünc vəziyyətə salan klounun halına bənzəyirdi.
Uşaqları əyləndirmək istəsə də, uşaqlar ondan qorxur,
ağlayaraq, sanki ustalıqla maskalanaraq gizlədilməyə çalışılan
əsl simanı ətrafda olan “böyüklərə” çatdırmağa çalışırdılar.
– Düşən var “astanovkada”? – 13-14 yaşlı yeniyetmənin
ciyiltili səsi onu fikirlərindən ayırdı. Məktəbin qarşısındakı
dayanacağa çatmışdı. Əlindəki manatlığı özünü “konduktor”
adlandıran bu uşağa uzatdı.
– Xırda yoxdur, ay dayı?! – üz-gözündən sırtıqlıq yağan oğlan
dilləndi. Hiss olunurdu ki, məktəbə-zada getməyib səfil həyatı
keçirir. Köhnə yarımqol köynəyinin döş cibindən görünən
ucuz siqaret də bundan xəbər verirdi.
– Yaxşı düş get, düş get..! Mənim də xırdam yoxdur, – uşaq
Ramil müəllimin cavab vermədiyini görüb əda ilə dilləndi.
Dostları ilə paylaş: |