129
Bu qadınlardan biri Rəna idi. Ata-anasının və həyat
yoldaşının gözü qabağında öldürülməsindən sonra dili
tutulmuş, üz-gözü əyilmişdi. 30-32 yaşı olan bir gəlin idi.
Qorxudan 3 aylıq uşağını da salmışdı. Xarici görünüşcə o
qədər də gözəl olmayan bu qadının üz cizgilərinin əyilməsi
onu bir az da eybəcərləşdirmişdi. Ermənilərin təbirincə desək,
heç bir işə yaramırdı. Elə bütün gün sakit oturur, heç bir
söhbətə qarışmırdı. Heç Allah ümidinə verilən yeməyi də
yemək istəmirdi.
Biri də 50-yə yaxın yaşı olan Həlimə xala idi. Yəqin ki, o
da onların işinə yaramırdı. Həlimə xala gec ailə qurmuş, gec
də övlad tapmışdı. Onu da Allah ona çox görmüşdü. Həlimə
xalanın qaytarılması hamımızın ürəyindən olan məsələ idi.
Qədim dayı bu hadisədən yaman məyus oldu. Bir bizə
baxırdı, bir də hara baxacağına yer axtarırdı. Bəs bu üç qız?-
deyə qapıçıya tərəf yeridi.
-Onlara sahib çıxan yoxdur, sizə isə xeyli pul veriblər,- deyib
alçaqcasına hırıldadı.
- Kim verib o pulu?
-Sənin qardaşın, elə bilirdin, səni neçə vaxtı burda havayı
saxlayırlar? Hətta nazınla da oynayırdılar. Qardaşın külli
miqdarda pul ödəyib səni almaq üçün. Di tez ol, laqqırtı
vurma!
-Mənim əvəzimə bu qızlardan aparın,-deyib geri çəkildi.
-Nə boş-boş danışırsan? Dedim axı çərənləmə! Düş qabağıma.
Qədim dayını qucaqlamaq üçün, narahat olma demək üçün
ona yaxınlaşmaq istədikdə sinəmdən dəyən avtomat qundağı
məni yerə sərdi.
Beləcə vidalaşa bilmədiyimiz ay yarımlıq əzab yoldaşımız,
havadarımız, ağsaqqalımız da getdi.... Gedəndə: “Sizin
qaytarılmağınız üçün əlimdən gələni edəcəyəm, narahat
olmayın!”-deyib birdəfəlik getdi.
130
Bir neçə saat bundan əvvəl ölümü qaytarılmaqdan üstün
tutan qəlbim indi azadlıq eşqi ilə yanırdı. Ramili görmək
arzusu ilə qovrulurdu. Hər şeyi danışardım Ramilə, hər şeyi
deyərdim ona, o məni başa düşməsə idi də, sadəcə ona
danışar, sonra da ayrılardım. Lap belə o, məni öz əlləri ilə
öldürsəydi də... Bu, mənim vüsalım olardı. Qarğanın səsinə
niyə təmiz qəlblə inanmadığım, niyə bunun düzgün çıxacağına
əmin ola bilmədiyim üçün özümü qınayır, peşmançılıq hissi ilə
külə dönürdüm. Sonrakı peşmançılıq fayda vermir. Bəlkə də,
sidq ürəklə inansa idim, Tanrının mərhəmətinə Qədim dayı
qədər inansa idim, mən də qaytarılmışdım... Bu da təsadüfün
həqiqətə çevrilməsindən sonrakı reallığın peşmançılığı.....
Amma erməninin dediyi “sizin üçün külli miqdarda pul
ödəyiblər” cümləsi məni sarsıtmışdı.
Doğrudanmı, biz kimsəyə lazım deyildik? Doğrudanmı
Ramil bu qədər etinasız idi? Doğrudanmı, o, yazdığımız
məktubu oxuyub məni qurtarmaq üçün çarə axtarmayıb?
Bəlkə, o, mənə hirslənib, hələ də burda yaşamağım üçün məni
qınayır. Bəlkə də, o, məndən əl üzüb. Əslində, bu fikirlər
ağlıma gəlsə də, inana bilmirdim. Qarğanın səsinin xoş xəbər
gətirdiyinə inanan Qədim dayı kimi. Amma qəlbimdəki ikilik
daima məni daxildən yeyirdi. Hər şeyə şübhə edir, hər şeydən
əmma çıxarırdım. Ağlıma gələn bu fikirləri ürəyim qəbul
etmirdi. Çünki ağıl bəzən hislərin təsiri ilə yanlışlıqlara düçar
ola bilər, amma ürək heç vaxt özündən başqa heç nəyə
inanmazdı. Mən də ürəyimin səsinə qulaq asıb Ramildən əlimi
üzmədim. Axı ürəyim onun idi. İnsan az hallarda özünə
xəyanət edər, bu az hallar isə az hallarda baş verərdi....
Həyat, mən və Samirə qaldıq. Samirə heç olmasa danışır, o
əzabların içində hərdən gülürdü də. Bəzən elə bilirdim Samirə
bu girovluqdan o qədər də əziyyət çəkmirdi. Çünki
danışıqlarından başa düşürdüm ki, istədikləri hər şeyi edirdi.
131
Amma sonralar onun etdiyi inanılmaz hərəkət mənim onun
haqqındakı düşüncələrimi məhv etdi...
Həyat isə gözəlliyi ilə baş gicəlləndirirdi. Çox cazibədar qız
idi. Bu, Ramilin bölgüsünə görə üçüncü tip qadınlardan idi. O,
qadınları üç qrupa bölürdü: sevmək, oxşamaq, həyat yoldaşı
etmək istədiyin qadın, anan, bacın olmağa layiq olan qadın,
aşnan, gəzdiyin ola biləcək qadın. Bunu qadınların gözünə
baxarkən gördüyünü, ağlına gələ bilən ilk fikir olduğunu
deyirdi. Məhz Həyatın gözlərinin parlaqlığı, qaynarlığı,
oynaqlığı ilə ilk gördüyümdə qadın olmağıma baxmayaraq
məni də heyrətə gətirmişdi. Gürcü qızlarına bənzər gözləri elə
parıldayırdı ki, nənəm demiş: “adama gəl-gəl deyirdi”. Amma
onun gözlərindəki kədər gizlənməyə çalışır, bəzən qaçmağa
yer axtarırdı. Göründüyü üçün utanırdı bu gözəllikdən. Bədən
quruluşu isə qalın qış paltarlarının altından da diqqəti cəlb
edirdi. Həyatdakı gözəllik elə idi ki, dünyanın istənilən
özündən deyən kişisini diz çökdürərdi qarşısında. Bəzən
qadınlar öz aralarında dediyi kimi, “kişi olsa idim, bu qızdan
keçməzdim”. Bəli, bu qız o qədər gözəl idi. Hərdən
düşünürdüm ki, Samirədəki şıltaqlıq, uca səsli şaqraq gülüşlər
bu qızda olmalı idi. Ya da ki, bunun gözəlliyi Samirədə. O
zaman vəhdət görə bilərdik. Həyat bu qədər gözəlliyə
baxmayaraq, çox sakit, həyalı, fağır qız idi. Bu da tanrının
yaratdığı ziddiyyət idi. Həyatın xasiyyəti ilə, xarici görünüşü
bir-birini tamamlamırdı. Bəlkə də, bu qız öz sevdiyinin
yanında olsa idi, onun gözəlliyi ona mükəmməl yaraşardı.
Amma indi heç yaraşmırdı. Ermənilərsə buna məhəl
qoymurdular. Onu tez-tez öz yatağına salan Qaribyan adlı
mayor bu gözəlliyi görməmək üçün yaradılmışdı. Bir gözünü
müharibədə itirmiş bu mayor gözünün qisasını onun
gözlərindən çıxırdı. O gözlərə onu təhqir edilmiş formada
göstərməklə...
Dostları ilə paylaş: |