33
əvəz edən məlik Xaled proqramın həyata keçirilməsi üçün 1976-cı
ildə sarayda xüsusi komitə yaratmış və beş ildən
sonra Bəhreyn əmiri
ilə tikintinin başlanması barədə müqavilə imzalamışdır. Layihə
Səudiyyə Ərəbistanı – Danimarka müştərək şirkəti tərəfindən
hazırlanmış və tikintisi Hollandiya şirkəti tərəfindən həyata keçirilən
bu nəhəng və nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə
Ərəbistanı məliki Fəhdin adı ilə bağlıdır. Ona görə də Səudiyyə
Ərəbistanını Bəhreyn ilə birləşdirən bu magistralı bəzən «Məlik Fəhd
yolu»da adlandırırlar.
Yolun tən ortasında süni ada salınmışdır. Burada hər iki
dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər
inzibati binalar, məscidlər, restoranlar yerləşir. Sürətli liftlər
arzusunda olan hər kəsi, 65 metr hündürlüyü olan süni yaradılmış
təpəyə qaldırır. Oradan həm Səudiyyə Ərəbistanının,
həm də
Bəhreynin yaraşıqlı sahillərini seyr etmək olar.
Körpü hər iki dövlət tərəfindən istifadə edilir. Hündürlüyü
dəniz səviyyəsindən 5 metrdən 15 metrə qədər olan körpüdən hər ay
orta hesabla 10 minlərlə avtomobil keçir. Avtomobillərin hər iki
istiqamətə hərəkəti üçün iki yol ayrılmışdır. Yüngül avtomobillər
üçün keçid haqqı 6, avtobuslar üçün 15 ABŞ dollardır. Yük
avtomobillərinin sahibləri isə daşınan 1 ton yükə 1 dollar gömrük
haqqı verməlidir. Yeri gəlmişkən deyək ki, daşınan yüklərin həcmi
45 tondan artıq olmamalıdır. Beləliklə, ərəb dövlətləri arasında
yeganə ada dövləti olan Bəhreyn süni yolla materikə birləşdirilmiş və
yarımadaya çevrilmişdir.
Bəhreyn ilə Qətər əmirliyi arasında (bu iki dövləti eni 33,5 km
olan körfəz ayırır) uzun müddətdir ki, ərazi
və sərhəd münaqişələri
davam edir. Havar və onun yaxınlığındakı bir qrup adalar, həm də
məhəlli suların bölünməsi məsələsi bu dövlətlərin münaqişəsinə
səbəb olmuşdur.
Məsələ ondadır ki, Böyük Britaniya hökuməti bu regiona
nəzarət etdiyi vaxtlarda Bəhreynə nisbətən Qətərə daha yaxın
yerləşmiş Havar adasını rəsmi London ilə daha yaxşı münasibətləri
olan Bəhreynə vermək barədə qərar çıxarır. 1994-cü ilin noyabrında
Havar adasını qaytarmaq məqsədilə Qətər hökuməti Beynəlxalq
Məhkəməyə müraciət edir. Lakin bu məsələ indiyə qədər həll
olunmadığından dövlətlər arasında gərginlik yaradır.
Səth quruluşu və faydalı qazıntıları. Bəhreyn arxipelaqda
34
yeganə adadır ki, geoloji quruluşu qonşu Ərəbistan yarımadasının
sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə mərcan
mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatə
olunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı
böyük ustalığa malik olmalıdır ki, vaxtında və xətasız bu maneələri
dəf edə bilsin.
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir
növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez
qayalar və qarma-qarışıq şəkildə üst-üstə yığılmış daşlarla əvəz
olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı
təpəlikdir. Adanın ən hündür yeri isə onun şimalındadır (135 m.).
Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir.
Bəhreyn adasının əlverişli sahillərində bir neçə dəniz limanı
salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında,
digərləri isə Mühərrək adası ilə ensiz torpaq
örtüyü ilə birləşən ər-
Rümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən
müasir okean gəmiləri daxil ola bilər. Xatırladaq ki, hələ qədim
dövrlərdə də əcnəbi yelkənli gəmilər məhz bu yerlərdə lövbər
salardılar. Rəvayətə görə «Min bir gecə» nağıllarının qəhrəmanı
məşhur dənizçi Sindbad da Bəhreyn adasında yaşamışdır. İtaliyalı
tacir və səyyah Marko Polo, məşhur ərəb tədqiqatçısı və
coğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar.
Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə gəlimlisi
təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları
həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə
müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı cəmi 14 mln.
tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı
az olduğundan sənaye əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı
arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir.
İqlimi və hidroqrafiyası. Ərəbistan yarımadasının digər
ölkələri kimi Bəhreyn də şimal yarımkürəsinin subtropik səhra böl-
gəsində yerləşir. Buna görə də Bəhreyn təbiəti quraq və isti iqlimə
malik olub flora
və fauna aləminin yoxsulluğu, daimi axar çaylarının
olmaması ilə səciyyələnir.
Bəhreyndə iki iqlim mövsümü: may ayından oktyabra kimi isti
və quraq keçən yay (iyul – avqust aylarının orta temperaturu 37
0
S),
nisbətən yağmurlu keçən payız (yanvar – may) mövsümlərin
dəyişməsi o qədər də hiss olunmur. İran körfəzində yerləşən başqa
35
əmirliklərdən fərqli olaraq Bəhreyndə yay aylarında gecə və gündüz
temperaturu arasında fərq 4
0
-dən artıq olmur. Yayda havanın
rütubətliliyi yüksək olduğundan adamı taqətdən salan üzücü istilər
olur. Yağışlar əsasən dekabr – may aylarında, İran körfəzi üzərindən
nisbətən soyuq hava kütlələrinin keçdiyi vaxtlara təsadüf edir.
Yağıntı qısa müddətdə leysan şəklində düşür. Orta hesabla adalara
ildə 100 -110 mm yağıntı düşür.
İl ərzində əsən şimal-qərb küləkləri (ərəblər bunu «şemal»
küləyi adlandırırlar) hərdən o qədər güclü olur ki, İran körfəzində
kiçik gəmilərin hərəkətinə çətinlik törədir.
Bu küləklər Ərəbistan
səhraları üzərindən qumları göyə sovuraraq İran körfəzi tərəfə qovur.
Qonşu ərazilərin, o cümlədən adaların üzərini narın toz dumanı
bürüyür. Toz dumanının arxasında, hətta Günəş də tutqun görünür.
Tozlu isti hava adama şiddətli hərarət gətirir.
Bəhreyn arxipelaqında yerüstü su mənbəyi olmasa da adalar,
xüsusilə Bəhreyn, Mühərrək, Sitra, Umm–Nəsən qrunt suları ilə
zəngindir. Keçmişdə burada yaşayan əhali quyu qazımaq və
«kuanats» adlandırılan yeraltı kanallar vasitəsilə qrunt sularını
istədikləri yerə gətirib çıxara bilirdilər. Bəhreyn adasında tarixi abidə
kimi qorunan kuanatslar (yeraltı kanal) eramızın IV yüzilliyinə aid
edilir. Son vaxtlar neft-qaz, metallurgiya və digər sənaye sahələrinin
inkişafı ilə əlaqədar ölkədə «su qıtlığı» baş verir. Qrunt sularının
ehtiyatı isə azalır.
Torpaq və bitki örtüyü. Bəhreyndə tropik səhra landşaftı
mövcuddur. Adalarda zəif humuslu torpaqlar yayılmışdır. Rütubətin
çatışmaması və olduqca isti iqlim burada zəngin bitki örtüyünün
inkişafına imkan vermir. Bəhreynin başlıca
bitki örtüyü quraq iqlimə
və şoranlaşmış torpağa dözümlü alçaq boylu kollar və cod otlarla
təmsil olunur. Nisbətən geniş yayılmış bitkilər dəvətikanı və
yovşandır. Adalarda quşlar, gəmiricilər və sürünənlər üstünlük təşkil
edir. Sahil sularında müxtəlif balıq növləri, dəniz tısbağası, xərçəng
molyuskası çoxdur. Bəhreyndə əl – Əreyn adlanan milli təbiət qoruğu
yaradılmışdır.
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi
Bəhreyn qədim tarixə malik olan ölkədir. Adalar haqqında ilk
36
məlumat eramızdan əvvəl III minilliyə aiddir. Bu ərazi müxtəlif
dövrlərdə Dilmun, Sasanilər, Ərəb xilafəti
və Ğərmətilər dövlətləri
tərəfindən işğal olunaraq onların tərkibinə daxil edilmişdir. İlk
ekspedisiyalarda arxioloqların diqqətini Bəhreyn ərazisində
sərdabələr cəlb etmişdir. Bu sərdabələrin tədqiqinə 1879-cu ildə
başlanılmışdır. Arxioloqların muzeylərə verdikləri tapıntılar
Bəhreynin qədim tarixini açmağa, bir vaxtlar çiçəklənən şəhərlərin
mənzərəsini təsvir etməyə imkan verir.
Bəlkə buna görə də qədim şumerlər onu «əbədi cənnətə»
bənzədərək Dilmun adlandırmışlar. Şumerlərin bizim günlərə qədər
qalmış yazılarında, Dilmun, iri ticarət və mədəniyyət mərkəzi kimi
xatırlanır. Arxipelaqın əlverişli coğrafi mövqeyi, İran körfəzinin hər
yerində ticarətə ağalıq etmək istəyənləri həmişə özünə cəlb etmişdir.
Tarixi tədqiqatlar göstərir ki, şumerlər, finikiyalılar və aşşurlar daim
bu adalarda görünmüşlər. Finikiyalılar
ticarət məntəqəsi kimi
adalardan daha çox istifadə etmişlər. Buraya Aralıq dənizi
regionundan bitki yağı, taxıl, şərab, silah və parça gətirirdilər. Əks
istiqamətdə isə Yaxın Şərq ölkələrinin qiymətli ədviyyatı, dəri, xəz,
xalça, Çin çörəyi və şəkər qamışı yola salınardı. Bir vaxtlar Bəhreyn
həm də qızıl ticarəti üzrə tranzit məntəqə rolunu oynayırdı. Sonradan
qızıl və qiymətli daş-qaş alveri başqa əmirliklərin əlinə keçmiş,
Bəhreyn isə təbii mirvari istehsalçısı kimi dünyada məşhur olmuşdur.
İslam dininin 638-ci ildə qəbul edilməsinə baxmayaraq
Bəhreyndə ilk məscid 740-cı ildə tikilmişdir. Bu məscid tarixi abidə
kimi indiyə qədər qorunub saxlanılır.
Özünün çoxəsrlik tarixində Bəhreyn, ya vahid dövlət olmuş, ya
da kiçik şəhər – dövlətlərə parçalanmışdır. Bəhreyn tarixinin ən
maraqlı səhifələrinə burada Ğərmətilər dövlətinin yaranması dövrünü
aid etmək olar. İsmaililər məshəbinə etiqad
edən Ğərmətilər özlərini
İslam dinini yayan və «ədalət uğrunda çıxış edən» mübariz kimi
qələmə verərək döyüşkən ordular yaratmışlar. Ğərmətilər müharibə
etməklə yanaşı, həm də kənd təsərrüfatı və ticarətlə də məşğul
olurdular. Bu dövrdə Bəhreyn çiçəklənirdi. Lakin sonralar Ğərmətilər
dövləti tənəzzülə uğramış və artıq XI əsrdə bir dövlət kimi yoxa
çıxmışdır.
1515-ci ildə İran körfəzində peyda olmuş portuqallar Bəhreyn
üzərində öz bayraqlarını qaldırmışlar. Portuqallar bu regionda çox
qalmamışlar. Daha təcrübəli müstəmləkəçi dövlət olan İngiltərə