Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018
HƏRB TARİXİ MILITARY HISTORY
30
və yaxud onun nüfuz dairəsində olan ölkələrin hakimlərindən yardım istədi. Albaniya hökmdarı Vraz
Qriqor (629-642) da özünün ikinci oğlu Cavanşiri ərəblərə qarşı mübarizədə Sasanilərə yardım etmək
üçün III Yezdəgirdin hüzuruna göndərmək qərarına gəldi. Mənbənin verdiyi məlumata görə, sasani
ordusunun baş komandanı (sepəhsalar) Rüstəm 634-cü ildə Cavanşiri hörmətlə qarşılamış və onu
şəxsən III Yezdəgirdə təqdim etmişdir. III Yezdəgird isə Cavanşiri “Albaniyanın sərkərdəsi”
rütbəsinə layiq görmüşdür [10, s.127]. Cavanşir Rüstəmin başçılıq etdiyi sasani ordusunun tərkibində
ərəblərə qarşı bir neçə döyüşdə iştirak etmişdir. Cavanşirin başçılıq etdiyi dəstələrin ərəblərlə ilk
qarşılaşması 636-cı il Kadisiyyə (Qadisiyyə) döyüşündə baş vermişdir. “Albaniya tarixi”nin verdiyi
məlumata görə, Cavanşir Dəclə çayını keçərək Beh Qubad dairəsinə gəldi. O, özünün ordusuna
güvənərək belə hesab edirdi ki, bütün cənub (ərəb) ordusunu “ayaqlayacaq” [10, s.127]. O, öz
düşərgəsini indiki İraq ərazisinə uyğun gələn “Ölü sular” adlanan “əl-Bətaix” (“Bataqlıqlar”) gölünün
sahilində saldırdı. Ərəblər irəliləyəndə Cavanşir onları qarşılayıb hücumlarını müvəffəqiyyətlə dəf
edirdi. Musa Kalankatlı yazır: “Albaniya sərkərdəsi Cavanşir öz igid döyüşçüləri ilə onların səfləri
içərisinə soxulub düşmənlərindən ikisini yerə sərdi, özü isə üç ağır yara aldı, atı isə dörd yerdən
yaralandı. Düşmən onu quduz bir kinlə Fərat çayınadək təqib etdi, o, isə həmlələri dəf edərək çayı
üzüb keçdi” [10, s.127]. Lakin Cavanşirin şəxsi şücaətinə və onun ixtiyarındakı döyüşçülərin
cəhdlərinə baxmayaraq, sasanilər döyüşdə məğlub oldular. Beləliklə, Kadisiyyə (Qadisiyyə) döyüşü
ərəblərin qələbəsi ilə başa çatdı, sasani ordusunun baş komandanı Rüstəm əl-Azəri isə həlak oldu [4,
s.132].
Aldığı ağır yaralardan sonra III Yezdəgirdin hüzuruna qayıdan Cavanşir şahənşahın həkimləri
tərəfindən müayinə olunmuş və sağaldıqdan sonra Kadisiyyə (Qadisiyyə) döyüşündə göstərdiyi şəxsi
igidliyə görə “sərkərdəyə layiq olan mükafatlarla” mükafatlandırılmışdı. Ona verilən mükafatlar
arasında sərkərdə kərənayları, iki qızıl nizə, və iki qızılla sülənmiş qalxan da var idi. Həmin qalxanları
bundan sonra Cavanşiri digər sərkərdələrdən fərqləndirən şan-şöhrət əlaməti kimi həmişə onun
önündə aparırdılar [10, s.128].
Cavanşir ərəblərlə növbəti qarşılaşması 837-ci ildə baş verdi. Bu zaman, sasani ordusunu geri
çəkilməyə məcbur edən ərəblər Sasanilər dövlətini paytaxtı Ktesifon (Mədain) şəhərinə yaxınlaşdılar
[11, s.18]. Cavanşir sərəncamında olan üç minlik alban qoşununun başında altı ay ərzində Ktesifonu
müdafiə etdi. Lakin 638-ci ildə Ktesifon süqut etdi. Bundan sonra Cavanşir şahın qayğısına da qalmış,
onu özü ilə götürərək Ktesifondan şimal-qərbdə yerləşən Dastakert qalasına, sonra isə Beklal qalasına
aparmışdır [10, s.128].
Musa Kalnakatlının verdiyi məlumata görə, yeddi il ərəblərə qarşı vuruşan, on bir dəfə ağır
yaralanan Cavanşir Sasani şahlığının sona çatdığını başa düşdü və farslarla vidalaşaraq Atropatenaya
(Cənubi Azərbaycana), oradan da Bərdəyə qayıtdı [10, s.129].
Qeyd etmək lazımdır ki, ət-Təbəri h.16-cı (638-ci) ildə Ktesifon (Mədain) döyüşündə Sasanilər
tərəfindən ərəblərə qarşı vuruşan hərbi dəstələrin bir çoxunun türklərdən ibarət olduğunu göstərmişdir
[12, s.21]. Mədain alındıqdan sonra əldə edilən qənimətin ərəblər tərəfindən bölüşdürülməsi haqqında
məlumat verən müəllif həmin döyüşdə iştirak etmiş Həbib ibn Suhbana istinadən yazır: “Həbib ibn
Suhban deyir: “Mədainə daxil olduq və möhürlü sandıqlarla dolu olan türk çadırlarına getdik. Elə
güman etdik ki, sandıqdakılar yeməli şeylərdir. Lakin qızıl və gümüş qablar idi” [13, s.17].
Əgər Xəzər və Mavərənnəhr türklərinin Sasanilərə düşmən münasibətini nəzərə alsaq, burada
Sasanilərə tabe olan ərazilərdə, yəni Azərbaycanda yaşayan türklərdən söhbət getdiyini anlamaq çətin
deyildir. Onlar Mədaində farslarla birlikdə ərəblərə qarşı vuruşurdular.
Ərəbdilli müəlliflərin əsərlərində diqqəti cəlb edən əsas məqam türk çadırlarının
fərqləndirilməsi və onların çoxsaylı (qubab turkiyyə - türk çadırları) olmasıdır. Burada söhbət
Sasanilərə yardım edən müstəqil türk dəstələrindən gedir. Bu fakt həmin çadırların sahibi olan
döyüşçülərin Sasanilərin əsir aldığı və yaxud muzdlu kimi istifadə etdikləri türklərdən ibarət
olmadığını göstərir.
Azərbaycan hərbi dəstələrinin Sasanilər tərəfindən ərəblərə qarşı vuruşduğu növbəti döyüş
məşhur Nəhavənd döyüşü idi. Əl-Usfuri öz əsərində qeyd edir ki, Nəhavən döyüşü h. 21-ci (642-ci)
ildə baş vermişdir. Müəllif qeyd edir ki, həmin ildə İsfəhan, Həmədan, Rey, Nəhavənd və
|