Xülas
ə
.
Məqalədə milli təhlükəsizliyin genezisi araşdırılır, təhlükəsizlik təhdidləri, milli
təhlükəsizliyi təmin edən tədbirlər, Azərbaycan Respublikasının milli maraqları ilə bağlı dövlət
siyasəti nəzərdən keçirilir, “Milli təhlükəsizlik haqqında” qanun, Milli təhlükəsizlik konsepsiyası,
müdafiə siyasəti, onun məqsədləri və istiqamətləri təhlil edilır.
Açar sözlər:
milli təhlükəsizlik, təhdid, tədbir, milli maraqlar, müdafiə siyasəti.
Təhlükəsizliklə bağlı narahatlıqlar bəşər tarixinin özü qədər qədimdir. Belə ki, yeni formalaşan
istənilən dövləti təhlükə və təhdidlərdən müdafiə etmək hər zaman siyasətçiləri maraqlandıran əsas
məsələlərdən biri olmuşdur. “Təhlükəsizlik” anlayışı latın dilində “securus” sözündən olub, mənası
təhlükədən azad deməkdir [1, s.31]. Tarixən siyasi quruluşların, ölkə vətəndaşlarının qorunması,
ümumi təhlükəsizliyin təmin edilməsi hərbi vasitələrlə həyata keçirilmişdir. Bir çox mütəfəkkir və
dövlət xadimləri müharibələri təhlükəsizliyin bəlası hesab edərək pisləsələr də, bəziləri hərbi
vasitələrdən istifadəni zəruri hesab etmişdir. Qədim yunan filosofu Efesli Heraklit e.ə. VI əsrdə
“Təbiət haqqında” əsərində təhlükəsizlik motivlərinə toxunaraq yazırdı ki, hər şeyin əsası
müharibədir. Onun sayəsində dövlətlər möhkəmlənir və dağılır [2, s.13]. Hətta yeni dövr siyasi
fikrinin dahilərindən olan Nikolo Makiavelli də XVI əsrdə “Hökmdar”, “Florensiya tarixi”
əsərlərində yazırdı ki, dövlətin siyasi təhlükəsizliyini qorumaq üçün əxlaqdan deyil, gücdən istifadə
etmək lazımdır. O qeyd etmişdir ki, güclü ordu kimin tərəfindədirsə, tale də hər zaman onunladır.
XVI–XVIII əsrlərdə yaşayıb-yaratmış bir çox alimlər, məsələn, Erazm Rotterdamlı, Hüqo Hrotsiy,
Mişel Montern, Paskal Blez, Şarl Lui dö Monteskyö və Jan Jak Russo öz əsərlərində hərbi
toqquşmaların dövlət və cəmiyyət üçün məhvedici əlamət olması barədə yazsalar da, dövlətin,
cəmiyyətin təhlükəsizliyi naminə aparılan müharibələri ədalətli hesab etdiklərini bildirmişlər [2,
s.22]. ABŞ dövlət xadimi Con Adams ən yaxın məsləhətçisi və həyat yoldaşı Abiagil Adamsa 1780-
ci ildə yazdığı məktubda qeyd etmişdir: “Mən siyasət və müharibəni dərindən öyrənməliyəm ki,
övladlarım riyaziyyat və fəlsəfəni azad öyrənə bilsinlər” [3]. XIX əsrdə alman filosofu Fridrix Nitsşe
“Zərdüşt belə demişdir”, “Hakimiyyət iradəsi” əsərlərində müharibənin dövlət üçün vacib olduğunu
vurğulamışdır [2, s.24].
Beləliklə, tarix boyu təhlükəsizliyə qarşı təhdidlər, əsasən, hərbi xarakter daşıdığından,
“təhlükəsizliyin təmin olunması” dedikdə də hərbi gücün istifadəsi nəzərdə tutulurdu. Lakin bu gün,
təhdidlər xarakterinə görə dəyişkən olduğundan təhlükəsizliyin birbaşa təmin edilməsində hərbi
vasitələrlə yanaşı, siyasi vasitələrdən də istifadə edilir. Təhlükəsizlik tədbirlərinin görülməsi o zaman
zəruri olur ki, vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran, dövləti zəiflədən, xaos, konflikt
törədə bilən sosial hadisə və proseslər baş vermiş olsun. Başqa sözlə desək, təhlükəsizlik sistemi o
zaman mövcud olur ki, cəmiyyətin qabaqcıl sosial qüvvələrinin maraqları düzgün müəyyənləşdirilsin
və onların balansına nail olunsun. Beləliklə, milli təhlükəsizlik nəzəriyyəsi siyasi elmin bir
kateqoriyası olmaqla, cəmiyyət və dövlətin ümumilikdə inkişaf tendensiyalarını qiymətləndirən
ümumiləşdirici fenomen kimi çıxış edir. Sözün geniş mənasında o, özündə ölkənin elə bir vəziyyətini
xarakterizə edir ki, burada həmin ölkə öz ərazi bütövlüyünü, milli dövlətçiliyini saxlayaraq iqtisadi,
sosial, siyasi, ekoloji, mədəni və digər sahələrdə qarşıya çıxan problemləri vətəndaşları ilə
balanslaşdırılmış maraqlar əsasında həll edərək beynəlxalq münasibətlərin müstəqil subyekti kimi
çıxış etmiş olsun [4].
“Milli təhlükəsizlik” anlayışı Qərbdə qəbul olunmuş “national security” ifadəsindən
götürülmüşdür və milli maraqların təmin olunmasına yönəlmiş strategiya kimi başa düşülür. Dövlət
|