Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   2   3   4   5   6   7   8   9   ...   44

  

 

5



saatsazlıq alətləri və beş dəftər fəlsəfi rübai (əlbəttə ki, bu rübailər  gecə-gündüz Xəyyamı oxuyub 

«Staliçnı» araqdan gillədən köhnə bir bakılının sayıqlamalarından başqa bir şey deyil, yoxsa 

indiyəcən çoxdan onları çap eləmişdim) və bir neçə başqa  şey qalıb ki, hal hazırda mənə lazım 

olmasalar da onları  az  qala  göz  bəbəyim kimi qoruyuram, çünki rəhmətlik atamla surətbəsurət 

söhbət etmək, öz dərdimi bölüşmək, məsləhət almaq, bir sözlə, öz əslimə qayıtmaq istəyəndə bu 

predmetlər mənə yardımçı olur, onlara toxunmaqla, əlimə götürüb diqqətlə ora-burasını nəzərdən 

keçirməklə elə bil, mənimlə rəhmətlik atam arasındakı keçilməz sədd əriyib itir, arada mistik bir 

pəncərə açılır və mən atamı, onun vasitəsiylə babamı, ümumiyyətlə, bütün əcdadlarımı açıq aydın 

görürəm.  

Normal şəhərlər də belədir. Müasir Roma öz ata- babasından yadigar kimi müqəddəs Pyotr 

kilsəsini, Paris Luvr sarayını, London Biq-Beni, Milan «La-skala» operasını, Moskva «Vasili 

Blajennı» məbədini, Nyu-York…    Yox Nyu-York  heç nəyi saxlamayıb, çünki saxlamalı bir şeyi 

yoxdur, əgər olsaydı onu, atam demişkən: «qəzet eliyib soxardı gözümüzə», bu şəhərin atası-anası 

bilinmir, bir sözlə, Nyu-York bicbala şəhərdir, Amma Bakı axı bicbala şəhər deyil, onun dağ kimi 

ata-babası, nəsli-nəcabəti olub. Məsəlçün, indiki Bakının atası olan mənim kinolu-teatrlı, 

trolleybuslu-tramvaylı, Leninli-Kirovlu Bakım bu qədər vəfasız, etibarsız deyildi. Nə  qədər 

müasirləşsə də, yeniləşsə də, təzə mikrorayonlar, yeni qəsəbələr dünyaya gətirsə də onları şəhərin 

kənarındakı düzənliklərdə yerləşdirirdi, ata-babasından qalma İçərişəhəri də, kəhnə  məhəllələri 

də əzizləyirdi, bircə daşına da toxunmurdu. 

Amma indiki Bakı bilmirəm kimə oxşadı, belə bifər çıxdı, nihilist oldu. Qərara gəldi ki ata-

babadan ona heç nə qalmasa da olar, keçmişdən birdəfəlik əl üzüb yalnız və yalnız gələcəyə üz 

tutmaq lazımdır. Beləliklə, indiki müasir Bakı nihilizmi əlində bayraq edib başladı ata-babasından 

miras qalanları dağıtmağa, İçərişəhərin yarıdan çoxu sökülüb yerində yeni villalar tikildi, yuxarı 

və aşağı  məhəllələrdəki qədim evlər, rahat həyətlər, köhnə olsa da, indikilərdən yüz dəfə etibarlı 

olan qədim mülklər dağıdılıb yerində kvadrat göydələnlər ucaldıldı, hər daşından babalarımızın 

iyi gələn imarətlərin yerində beton mutantlar, kvadrat heyvərələr qaldırıldı.  

Bəlkə  də bu arzuolunmaz prosesin günahkarı  təkcə müasir Bakı deyil, bəlkə  də burda 

düşmən barmağı var. Bizimlə mərd,  igid, qeyrətli müsəlman babalarımızın arasında olan ruhani-

mənəvi bağları qırıb bizi yaddaşsız manqurtlara çevirmək və bu yolla daha asan istismar etmək 

istəyən qüvvələrin təsiridir bəlkə bütün bunlar? Bəlkə məhz bu qüvvələr müasir Bakının beynini 

doldurublar ki, əgər inkişaf etmək, sivil bir şəhər olmaq istəyirsənsə, səni keçmişə bağlayan 

bağları mütləq qırıb atmalısan, gələcəyini öz keçmişinin xarabalıqları üstündə qurmalısan. Yəqin 

ki, məsələ  məhz bu cür olub, müasir Bakı da bütün bu qüvvələrin təsiri altına düşüb, başlayıb 

onların dediyini canü-dildən həyata keçirməyə, yəni, ata babasından qalma nə varsa hamısını 

uçurub dağıtmağa. Amma binəva heç cür başa düşmək istəmir ki, əgər sən gələcəyini öz 

keçmişinin üstündə qursan, ata-babanın bütün nişanələrini dağıdıb töksən, birdəfəlik məhv etsən, 

daha sənin o bicbala Nyu-Yorkdan, Vaşinqtondan nə fərqin olacaq? Və sabah onlar kimi bicbala 

olmadığını nəylə sübut edəcəksən?  

Yazımın bu hissəsi bədii  əsərdən çox müxalifət qəzetlərinin köşə yazılarına oxşasa da, 

başqa çıxış yolu yoxdur. İstəyirəm ki, oxucu məni Bakı tarixi barədə yazmağa vadar edən 

səbəbləri lap yaxşı başa düşsün. 

Bəziləri deyə bilər ki, tutalım  İçərişəhəri başa düşdük, bəs axı Bakının başqa yerlərindəki 

köhnə evlərin sökülüb yerində də təzə binaların tikilməsinin nəyi pisdir ki?  



  

 

6



Belə düşünənlər  əlbəttə ki yanılırlar.  Əgər  İçərişəhər bizim beş yüz-üç yüz il bundan 

əvvəlki tariximizin simvoludursa, şəhərin mərkəzində, yaxud yuxarı  məhəllələrindəki həmin 

tikililər də yüz əlli il bundan əvvəlki Bakının yadigarlarıdır. 

Qoy  İçərişəhəri gəzən adam özünü on beşinci  əsrdə hiss etdiyi kimi, yuxarı  məhəllələrdə 

dolaşanlar da, özlərini on doqquzuncu əsrdə hiss etsin.  Bunun kimə ziyanı var ki?  Qoy 

tariximizin bütün dövrlərindən, hətta sovet dövründən də nəsə qalsın… 

Amma bizə qulaq asan kimdi ki… Təzə Bakı öz işindədir.  Yeganə gözü oxlanmış qəzəbli 

Təpəgöz kimi ətrafdakı hər şeyi sındırır, dağıdır, tapdalayır, xaraba qoyur. Bir sözlə müasir Bakı 

bu saat ata-babasının sümüklərini yeməklə  məşğuldur. Ümumiyyətlə, indi yemək zəmanəsidir,  

təzələr dişlərini itiləyib düşüblər köhnələrin canına - təzə musiqi köhnə musiqini yemək istəyir, 

təzə ədəbiyyat köhnə ədəbiyyatı, təzə evlər də köhnə evləri və s. 

 

Keçən həftə bizim köhnə  həyətimizin yerində ucaldılmış iyirmi mərtəbəli nəhəng 



göydələni görəndə  mənə  həqiqətən də elə  gəldi ki, bu bina bizim həyətimizi yeyib və bu saat 

yaraşıqlı qapısından içəri keçsəm onun mədəsində, yəni, hansısa anbarında, zirzəmisində 

nənəmin namaz otağını, dayımın göyərçin saxladığı çardağı, babamın qır tiyanını, atamın 

hərdənbir dınqıldatdığı tarı  və  nəhayət, öz qamış  çərpələnglərimi, taxta avtomatlarımı, 

tapançalarımı tapacağam (Əlbəttə ki, çeynənmiş, didilmiş, bir sözlə, həzm-rabedən keçmiş 

vəziyyətdə). 

Elə bu vaxt içimdə  nə isə qaynadı, istədim ki, öz taxta avtomatlarımı götürüb 

çərpələngimin ipindən yapışım, səmaya qalxıb yuxarıdan mənim Bakımı udmuş bu nəhəng 

binaları atəşə tutum, dağıdım və onların mədəsindən çıxan qırıntıları bir yerə toplayıb öz Bakımı, 

mənim Bakımı təzədən yığım, ikinci həyat verim, dirildim. 

Qeyri-ixtiyari təzə binaya tərəf addımladım, qapıda qarşıma çıxan  əcaib geyimli , cibinin 

üstündə «Sekyuriti» yazılmış sarışın, göygöz oğlan mənə yaxınlaşıb soruşdu: 

– Du yus pik inqliş? 

Başa düşdüm ki, məni içəri buraxmayacaq, onunçün də özümdən asılı olmayaraq ingiliscə 

bildiyim yeganə  kəlmə dilimə  gəldi, «Kis may əz» qışqırıb raqatkadan çıxan daş sürətiylə 

üzüaşağı götürüldüm. Və qaça-qaça hiss etdim ki mən öz doğma şəhərimdə yavaş-yavaş qaçqına 

çevrilirəm,  əsl qaçqına. Hə, Bakıda yaşayan bakılı qaçqın...  Ən dəhşətlisi isə bu idi ki bu qaçış 

mənim xoşuma gəlirdi, daha dəqiq desəm, ürəyim buna etiraz etsə də, ruhən özümü çox yüngül 

hiss edirdim, elə bil çiynimdən çox ağır yük götürülmüşdü. İndi başımıza gələnləri izah etməkçün 

bəhanə tapılmışdı sanki.  Bəhanə isə bu idi - bütün günahlar onlardadır,  şəhərimi udan 

məxluqlarda, onlar güclüdürlər, mənim daha əlimdən heç nə  gəlmir, istəsəm də bir şey edə 

bilmərəm, bacarmaram, gücüm çatmaz… 

 

 

          Dincəl bir az, ey hər gün özündən qaçan oğlan, 



          Ahıyla içindən çölünə yol açan oğlan.  

 

          Düşsən yağışa, tez dəyəcəksən yerə, vallah, 

 Kağız qanad ilə göy üzündə uçan oğlan. 

 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə