59
Nənəmin
bu kəlməni deyim tərzindən, duruş pozasından, toqquşan qaşlarından çıxan
qığılcımlardan bütün ailə üzvlərimiz anlayır ki, bu saat nənəmin ən yaxın «padruqası» Molla
Məsməxanım yox, lap onun Allahı də Göydən enib nənəmə yüz dəfə «sən öl» vursa da, arvad
fikrini dəyişən deyil, –Toyuqlar toxunulmazdı, vəssalam. Arvad böyük bir minnətlə elan elədi ki,
eybi yox, on beş kvadrat metrlik otağı da iyirmi kvadratmetrlik şüşəbəndin yarısını, hətta
yarısından çoxunu da sizə güzəştə gedirəm, amma şüşəbəndin başında bir çəpərfason şey çəkin,
orda toyuqlarım qalacaq. Cəhənnəmə ki, bir az heyvanların yerləri darısqal olar. Dözərlər.
Nənəmin son qərarı öz absurdluğu ilə ən əvvəl atamı heyrətləndirir.
– Necə yəni evi verirəm, amma şüşəbənddə toyuq saxlıyacam? Bəs bu bedbaxtdar quş
peyininin iyində yatıb dursunnar?
– Dünya dağılmaz, onsuz da rayonda çoxusu elə tövlədə, mal-qareynan bir yerdə yatıllar.
Odey, Molla Məsməxanımı inişil meclisə aparmışdılar rayona, özü öz göziynən görmüşdü ki,
damın bu başında ineyləri saxlıyıllar, bu birsi başında özdəri yatıllar. İndi diyirsən mənim
toyuqlarım o ineylərdən beşbətər olacey?
– Əşşi , Molla Məsməxanımın da… – Atam birtəhər əsəbini cilovluyub sözünün dalını
saxlayır, cibindən bir «Kosmos» siqareti çıxardıb yandırmaq istəyir, amma birdən görür ki,
damağında artıq bir siqaret var və baş verən hadisələrə tamamilə biganə bir şəkildə bala-bala
tüstüləməyindədi. Qutudan təzə çıxan siqaret böyük sürətlə pəncərədən aşağı uçur və atam
ağzını açıb nəsə demək istədiyi zaman şapgəsini gözünün üstünə basmış kiçik əmim ona
yaxınlaşıb qulağına nəsə pıçıldayır. Atamın üzü gülür, dodaqları qaçır, amma sevincini büruzə
verməməkçün tez özünü yığışdırsa da, nənəm, deyəsən, nəsə anlayır, başa düşür ki, bu kiçik gədə
işə qarışdısa nəsə sarsaq, əndrabadi bir şey fikirləşəcək, onun bütün fikirlərini qatıb qarışdıracaq.
Oğlanlarının xosunlaşmasından ehtiyatlanan arvad əvvəl nəsə soruşmaq istəyir, lakin anlayır ki,
ona heç nə demiyəcəklər onunçün də susur, sadəcə özü özlüyündə daha diqqətli olmağı
qərarlaşdırır.
–Yaxşı. - atamın səsindəki narazılıq tonlarının qəfildən itməsi nənəmin narahatlığını bir az
da artırır. – Onda bu subbota uşaqları səsdiyərəm, bir yerdə kömeyləşib o şüşəbəndin başına
setka çekərig, toyuqlarıvı salarsan ora, sonra içəri otaqları yuyub təmizdiyərik, o yazıq da köçüb
oturar.
Nənəmin qaşlarının arasından yenə də qığılcımlar tökülür.
– Süz nöşün yuyursuz? Qoy özü gəlsün, canı çıxıb təmizdəsin içərini. Atasının hambalısuz
begəm?
Atam
yenə bir az əsəbləşsə də, əmim bu dəfə də onun qudağına nəsə pıçıldıyır və bu dəfə
mən onun sözlərini çətinliklə də olsa eşidə bilirəm.
– Baş qoşma. Subbota əminəvəsi Eynulla rəhmətdik atasıyçün il verir, arvad meclisdə
olacey. Qoy getsün, sonra rahat işimizi görərik də.
Atam yenə sakitləşir və nənəmin qaşqabaq sallatmağından hiss olunur ki, o biri
uşaqlarından üstün tutduğu kiçik oğlunun məhz bu dar məqamda ona, müəyyən mənada,
xəyanət edib əks cəbhəyə meyl göstərməsi heç ürəyinə yatmır. Amma narazılığını açıq şəkildə
büruzə verməyi də şəstinə sığışdırmır. Eləcə uzun donunun ətəklərini yığıb « Ya Allah!» deyərək
ayağa durur, taxçadan canamazını, möhürünü götürüb namaz qılmaq niyyətində olduğunu hiss
elətdirərək söhbəti xətm eliyir.
60
Şənbə günü nənəm təğyiri-libas olub kəndə, yas məclisinə gedir, atamla əmim və bir neçə
məhəllə uşağı isə köməkləşib şüşəbəndin başında altı kvadrat metrlik sahəyə nazik məftildən
setka çəkib balaca tövləfason yer düzəldirlər, bu vaxta qədər yekə otaqda keyfə baxıb
partapartnan yumurtlayan toyuqları orda yerləşdirirlər.
Əmim deyir ki, bu «azadlıqdan məhrumetmə» toyuqların məhsuldarlığına müəyyən ziyan
vermiş olacaq, beləliklə, deyinməkçün arvadın əlinə bəhanə düşəcək. Amma, eybi yox, bəd
ayaqda dükannan beş-on dənə yumurta alıb peçatını silərik, gizdincə basarıq bunnarın altına.
Ertəsi gün atam yataqxanada yaşayan dostu Mirsəftərə baş çəkir, vəziyyəti ona danışır,
razılaşırlar ki, elə günü bu gün bir o qədər də çox olmayan avadanlığını bizim həyətə daşısın,
köçüb otursun.
Səhəri nənəm kənddən gələndə Mirsəftər artıq şələ-küləsini nənəmin sevimli toyuqlarının
keçmiş məkanına daşımaqdaydı.
Arvad örpəyini ağzının üstünə çəkib həyətə daxil olanda, onu görən Mirsəftər hörmətlə
salam verir, arvad isə salamına dodağucu, bəlkə də can dərdi cavab verməklə, onların gəlişiylə bir
o qədər də razı olmadığını elə ilk görüşdən hiss elətdirmək istəsə də, buna nail ola bilmir,
bakılılara xas olan ədəb-ərkan nənəmdən asılı olmayaraq özünü büruzə verir, arvad elə bil qeyri–
ixtiyari əlavə edir:
-Xoş gəlmisiz, ay bala. Allah mehriban eləsin.
Bunu deyəndən sonra, dilini saxlaya bilmədiyinə görə özünü dodağaltı məzəmmətləyir: –
hə, də, indi elə biləceylər ki, gözüm atırdı olarçun.
Bunu əlbəttə ki, heç kəs eşitmir və arvad öz otağının qapısını açıb içəri girir, lakin
girməmişdən qabaq bayaqkı səhvini düzəltməkçün qaşqabaqla, bir az da qəzəblə geri çönüb
Mirsəftərə baxsa da, onun güc nümayiş etdirmək cəhdi uğursuzluqla nəticələnir, çünki həmin an
təzə və ilk kirayənişin üzünü çevirib özləriylə gətirdiyi və yolda zədələdiyi yeganə stullarının
boşalmış ayağını bərkitməklə məşğul idi. Nənəm bu qəzəbli baxışın boşa getdiyindən bir az da
əsəbiləşir və gücü yalnız qapını arxasıyca bərk çırpmağa çatır.
Eh, arvad ki, arvad. Çox elə başa düşəcəklər sənin bu qapı çırpmağını. Uzaqbaşı elə
biləcəklər ki, külək çırpıb. Sözün varsa çağır üzünə de. De ki, ay qurumsağ, nöş yoldan
çıxartmısan uşağımı? İstəmirəm də siz bura gələsiz. Rədd olun çıxın gedin hardan gəlmisiz ora.
Amma yox, nənəm heç vaxt belə şey eləməz. Birincisi ona görə ki, ədəb-ərkanı imkan
verməz, ikincisi də ki, əgər bu cür bir hərəkətə yol versə, qıraqdan gələnlər elə bilər ki, bu ailədə
kişilərin sözünü sayan yoxdu, arvadlar hökm eləyir. İndiki arvadlardan fərqli olaraq, belə rəyin
yaranmasını nənəm istəməz, heç istəməz.
Təzə kirayənişin öz avadanlığını daşıyıb otağa doldurandan sonra nənəm paltarını dəyişib
həyətə çıxır, anbardakı kisələrdən əlindəki balaca qaba xeyli buğda doldurub qapısında durub
siqaret çəkən Mirsəftərin yanından etinasızlıqla keçərək şüşəbəndə girir və toyuqlarına dən
səpməyə başlayır. Bu hərəkətiylə sanki demək istəyir ki, bu evin sənə kirayə verilməsinə
baxmayaraq, mən istədiyim vaxt bura gələcəm, touqlarıma baş çəkəcəm.
Nə Mirsəftər, nə də onun yanında dayanıb dərindən köksünü ötürən atam arvadın bu
hərəkətinə heç bir reaksiya vermirlər, yəni buyur, bu sən, bu da toyuqların, nə vaxt istəsən gəl,
heyvanları yedizdir, içizdir, hətta istəsən gecə də onların yanında qal.