Mövzu 13. Beynəlxalq ekologiya hüququnun anlayışı və predmeti


Beynəlxalq ekoloji-hüquqi məsuliyyət



Yüklə 18,17 Kb.
səhifə4/4
tarix19.02.2023
ölçüsü18,17 Kb.
#101103
1   2   3   4
Mühazirə 12

Beynəlxalq ekoloji-hüquqi məsuliyyət
Beynəlxalq hüquq pozuntuları ordinar hüquq pozuntularına və beynəlxalq cinayətlərə bölünür. Hüquq pozuntusunun əsas elementlərindən biri hüquqazidd davranışla yetirilmiş zərər arasında səbəbli əlaqənin olmasıdır. Hüquq pozuntusuna yol vermiş dövlətin təqsiri də mühüm əhəmiyyət daşıyır. Lakin beynəlxalq hüquqda təqsirsiz (obyektiv) məsuliyyət də mövcuddur.
Hazırda ətraf təbii mühitin mühafizəsi sahəsində qüvvədə olan müqavilə və sazişlərin əksəriyyətində dövlətlərin bu və ya başqa təbiət obyektlərinin mühafizəsi üzrə öhdəlikləri müəyyən edilmişdir. Başqa sözlə, həmin beynəlxalq hüquqi aktlar ilkin (maddi) normaları müəyyən edir və bir qayda olaraq, həmin normaların pozulmasının hüquqi nəticələri təsbit edilmir. Bu, onunla əlaqədardır ki, beynəlxalq hüququn ümumi nəzəriyyəsinə müvafiq olaraq, dövlətlərin məsuliyyətinin yaranması üçün beynəlxalq öhdəliyin pozulması faktı kifayətdir.
Beynəlxalq hüququn subyektlərinin beynəlxalq hüquqi məsuliyyəti təkcə beynəlxalq hüquq normalarının və müqavilə öhdəliklərinin pozulmasına görə yox, həm də hüquqauyğun fəaliyyətin zərərli nəticələrinə görə yarana bilər. Belə məsuliyyət istifadəsi və ya tətbiqi beynəlxalq hüquqla qadağan edilməyən yüksək təhlükə mənbəyinin zərər vurması halında yarana bilər (risqə görə məsuliyyət). Məsələn, kosmik obyektlər tərəfindən vurulmuş zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyasının 2-ci maddəsində deyilir ki, kosmosa peyk buraxan dövlət onun kosmik obyektləri tərəfindən Yer səthində və ya uçuşda olan hava gəmisinə yetirilmiş zərərin əvəzini ödəməyə görə mütləq məsuliyyət daşıyır.
Dövlətlərin beynəlxalq-hüquqi məsuliyyətinin iki növü məlumdur: siyasi və maddi. Siyasi məsuliyyətin ən geniş yayılmış forması sanksiyalardır (ağır beynəlxalq cinayət törədildiyi halda hüquq pozuntusuna yol vermiş dövlət barəsində tətbiq olunan məcburetmə tədbirləri). Maddi məsuliyyət dövlətin öz beynəlxalq öhdəliyini pozması və bunun maddi zərərə səbəb olması hallarında tətbiq edilir. Maddi məsuliyyət aşağıdakı formalarda olur:
— reparasiya - zərərin əvəzinin pulla ödənilməsi;
— restitusiya - qanunsuz götürülmüş əmlakın naturada qaytarılması;
— substitusiya - qanunsuz olaraq məhv edilmiş və ya zədələnmiş əşyanın başqası ilə əvəz edilməsi.
Beynəlxalq ekoloji-hüquqi pozuntuya yol vermiş beynəlxalq hüququn subyekti barəsində digərləri ilə bərabər restorasiya kimi məsuliyyət forması da tətbiq edilə bilər. Restorasiya hüquq pozuntusuna yol vermiş dövlət tərəfindən hər hansı maddi obyektin əvvəlki vəziyyətinin bərpa edilməsidir (məsələn, onun təqsirindən çirklənmiş suyun təmizliyinin bərpa edilməsi).
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ekoloji münasibətlər sahəsində xeyli sayda müqavilə, saziş, konvensiya, protokol və başqa beynəlxalq-hüquqi aktlara qoşulmuşdur. Məsələn, Azərbaycan Respublikası BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci ildə, «Ozon qatının qorunması haqqında» Vyana Konvensiyasını, «Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu»nu və Protokola aid olan müvafiq düzəlişləri 1996-cı ildə, BMT-nin Ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada səhra- laşma ilə mübarizə üzrə Konvensiyasını 1998-ci ildə, BMT-nin «Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə» Konvensiyasını 2000-ci ildə, BMT-nin «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdı- rılmasına nəzarət haqqında» Bazel Konvensiyasını 2001-ci ildə, «Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında» Konvensiyanı 2002-ci ildə, «Davamlı üzvi çirkləndiricilər haqqında» Stokholm Konvensiyasını 2003-cü ildə, «Sənaye qəzalarının transsərhəd təsiri haqqında» Konvensiyanı 2004-cü ildə ratifikasiya etmişdir və s. Həmin konvensiya və sazişlərin tələblərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti 30 mart 2006-cı il tarixli, 1396 saylı Sərəncamı ilə ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər müəyyən etmişdir. Həmin tədbirlər sırasında əsas fəaliyyət istiqamətlərindən biri kimi milli qanunvericiliyin bu beynəlxalq hüquqi aktlara uyğunlaşdırılması nəzərdə tutulmuşdur.
Beynəlxalq hüququn elə bir özünəməxsusluğu vardır ki, beynəlxalq məsuliyyətin müxtəlif forma və növlərinin mövcud olmasına baxmayaraq, həmin məsuliyyətin müəyyən edilməsinin və hüquq pozuntusuna yol vermiş dövlətlərə tətbiq edilməsinin dəqiq mexanizmi yoxdur. Ölkədaxili qanunvericilikdən fərqli olaraq, beynəlxalq hüquqda ekoloji hüquq pozuntularına görə vurulmuş zərərin həcmi və xarakteri ilə bağlı, onun əvəzinin ödənilməsi üsulu və hesablanması metodikası ilə bağlı məsələlər dəqiq hüquqi tənzimini tapmamışdır.
Yüklə 18,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə