Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi



Yüklə 1,51 Mb.
səhifə12/14
tarix22.05.2018
ölçüsü1,51 Mb.
#45305
1   ...   6   7   8   9   10   11   12   13   14

Mövzu 14. ƏKİNÇİLİK SİSTEMLƏRİ


PLAN:

  1. Əkinçilik sistemləri haqqında anlayış
  2. Əkinçilik sistemlərinin inkişafı

  3. İbtidai və ekstensiv əkinçilik sistemləri


  4. İntensiv əkinçilik sistemləri

  5. Müasir əkinçilik sistemləri


Ədəbiyyatlar:


  1. Babayev A.H. Ekoloji kənd təsərrüfatını əsasları. Dərslik . Bakı 2011.

  2. Məmmədov Q.Ş.- Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial- iqtisadi və ekoloji əsasları. Bakı, Elm, 2007.

  3. Məmmədov Q.Ş., Cəfərov A.B., Mustafayeva Z. - Əkinçilik və bitkiçiliyin əsasları, Bakı, “Elm” nəşr., 2008

  4. M.M. Hüseynov, A.Q. İbrahimov, A.O. Həsənova- Aqronomiyanın əsasları, Bakı, Araz nəşr., 2015

  5. Ю.А.Овсянников-Теоретические основы эколого-биосферного земледелия, Екатеринбург Издательство Уральского Университета 2000

  6. В.Г. Ларешин, Н.Н. Бушуев, В.Т. Скориков, А.В. Шуравилин- Сохранение и повышение плодородия земель сельскохозяйственного назначения, Москва 2008

Əkinçilik sisteminə ilk dəfə XVIII əsrin sonlarında rus alimləri A.T.Bolotov və İ.M.Komov tərif vermək və onu əsaslandırmağa cəhd etmişlər. Onlar əkinçilik sistemlərini torpaq münbitliyini bərpa etmək üsüllarına (dincə qoyma, meşə-ləşdirmə, herik), həmçinin əkinçilik və heyvandarlığın inkişafinı təmin edən taxıl və yem sahələrinin nisbətinə görə fərqəndirirdilər.

Rusiyada 1861-ci il torpaq islahatına kimi aqronomlar əkinçilik sistemlərinə mədəni bitkilərin becərilməsi qaydası kimi, məsələn, taxılçılıq sistemi, yemçilik sistemi və s. baxırdılar.

Artıq 1861-ci il islahatından sonra bu baxışlar bir qədər də-yişilməyə başladı. A.V.Sovetov, İ.A.Stebut və A.S.Yermolova görə əkinçilik sistemləri bir-birindən iki əlamətinə görə fərqləndirilirdi: 1) kənd təsərrüfatı yerlərinin - uqodiyaların (çəmən və əkinlərin) və müxtəlif qrup kənd təsərrüfatı bitkilərinin nisbə-tinə; və 2) torpaq münbitliyinin saxlanması və artırılması qayda-larına görə.

D.N.Pryanişnikov əkinçilik sistemlərini təsərrüfatm aparılması qaydalanndan və ixtisaslaşmasından asılı olaraq torpaqdan müəyyən bitkilər (taxıl, yem, texniki və s.) altında istifadə qay-dalarına görə bir-birindən ayırmağı təklif etmişdir.

Müasir baxışlara görə, əkinçilik sistemi - kənd təsərrüfatı bit-kilərindən yüksək, sabit məhsul almaq və torpağın münbitliyini artırmaq məqsədi ilə torpaqdan, aqroiqlim ehtiyatlarından, bitkinin bioloji potensialından səmərəli istifadəyə istiqamətlənmiş elmi cəhətdən əsaslandırdmış qarşüıqlı əlaqədə olan aqrotexniki, meliorativ, torpaqqoruyucu və təşkilatı-iqtisadi tədbirlər komp-leksidir. İntensiv əkinçilikdə torpaqdan istifadə qaydaları yerli təbii və iqtisadi şəraitlər nəzərə alınmaqla müəyyən olunur. Bu cür əkinçilik sistemi ədəbiyyatlarda zonal əkinçilik sitemi adı al-tında tanınır.

Əkinçilik mədəniyyəti yarandığı ilk dövrlərdən başlayaraq, öz qüvvəsini torpağın münbitliyini və kənd təsərrüfatı bitkiləri-nin məhsuldarlığını məhdudlaşdıran amilləri ləğv etməyə yö-nəltmiş, inkişafın ümumi səmti məhsulun formalaşmasında işti-rak edən münbiflik amillərini optimallaşdırmaq vasitəsilə az sa-hədən daha çox məhsul götürmək istiqamətində olmuşdur. Bu-nunla əlaqədar əkinçilik sistemlərinin tarixi aşağıdakı cəhətləri ilə səciyyələnir: a. torpaqdan istifadə qaydalannın (becərilmə, suvarma, gübrələmə, toxumdan istifadə və s.) daim təkmilləşdi-rilməsi; b. münbitliyin ardıcıl yüksəldilməsi; c. ekstensiv formalardan intensiv formalara kecilməsi.

Əkinçilikdə istehsal prosesi, digər istehsal sahələrinə nisbətən daha mürəkkəb şəraitdə aparıldığına görə, burada yerinə yetirilən işlərin əlverişli üsullarının seçilməsi və onların ardıcıl qaydada davam etdirilməsi daha çox əhəmiyyət kəsb edir. Əkinçiliyin ayrı-ayrı inkişaf mərhələlərində tarlalarda mədəni bitkilərin becərilmə üsulları fərqli qaydalarla aparılmış və müxtəlif dövrlərdə taxıl əkini sistemi, tarlaçılıq sistemi və əkinçilik sistemi adlandırılmışdır.

Əkinçilik sistemlərinin adlandırılmasında ya torpaqdan istifadənin üstün xarakteri (otlaq, meşətarlalı və s.) və ya əkinlərdə ən çox istifadə olunan bitkilər (taxılçılıq, ot tarlalı və s.) əsas götürülmüşdür. Lakin, əksər halda əkinçilik sisteminin adlandırılması, bitkilərin becərilməsi üzrə bütün tədbirlər sisteminin səmərəliliyi və torpaq münbitliyinin saxlanılması və artırılmasının əsas amili və ya üsulu ilə əlaqələndirilmişdir (dincə qoyma, herik, sideral və s.).

Bir çox əkinçilik sistemləri uzun müddət xüsusi olaraq adlandırılmamış və bunu kənd təsərrüfatı bitkilərinin nizamlı formada becərilməsi müəyyən edildikdən sonra əldə etmişdir.

Əkinçilik sisteminin xüsusi bir anlayış kimi təyinatı, ilk dəfə 1807 ildə, və ilk rus kənd təsərrüfatı elmləri doktoru olmuş A.V. Sovetov tərəfindən «Əkinçilik sistemləri haqqında» əsərində verilmişdir. A.V. Sovetov həmin əsərində bu və ya digər əkinçilik üsullarının ifadə olunduğu müxtəlif formaları əkinçilik sistemi adlandırmışdır.

A.S. Yermolov əkinçilik sistemi, yaxud tarlaçılıq təsərrüfatı dedikdə, bitkiçilik məhsulları istehsalı üçün ərazidən istifadə etmə üsulunu nəzərdə tuturdu. O torpağın istehsal gücünü artırmağı və əkinlərdə becərilən taxıl, texniki və yem bitkiləri arasında olan nisbəti, müxtəlif sistemlərin əsas fərqli əlamətləri hesab edirdi.

D.N. Pryanişnikov tarlaçılıq və yaxud əkinçilik sistemini bu və ya digər bitkilərin becərilməsində torpaqdan istifadə üsulu adlandırırdı. Bu isə təsərrüfat sistemindən və dənli, yem və texniki bitkilərin nisbətindən, yaxud peyin əmələ gətirən və gətirməyən bitkilərin nisbətindən asılıdır. Deməli, o da, sistem dedikdə əkinçiliyin müxtəlif formalarını nəzərə alırdı.

V.R. Vilyams, əkinçilik sistemlərini torpağın münbitliyinin, xüsusilə torpağın davamlı strukturasının yaradılması üsulu ilə xarakterizə edirdi.

Hazırda əkinçilik sistemi dedikdə, bütün kənd təsərrüfatına yararlı torpaqlardan səmərəli istifadə olunmasına, torpaqların və ətraf mühitin mühafizəsinə, mövcud istehsal vasitələrinin geniş tətbiqinə, bitkilərin həyat amillərinə tələbinin ödənilməsinə və konkret təbii- iqtisadi şəraitdə ən az əmək və vəsait sərf etməklə, daha çox və keyfiyyətli məhsul istehsalının təmin olunmasına yönəldilən təşkilat- təsərrüfat, aqrotexniki və meliorativ tədbirlər kompleksi anlaşılır. Bu tədbirlərin əsasını torpaqları əlverişli üsullarla becərmək, üzvi və mineral gübrələrdən düzgün istifadə etmək, növbəli əkinlərin mənimsənilməsini başa çatdırmaq, torpaqların suvarılmasını və ya qurudulmasını təmin etmək təşkil edir. Həmin tədbirlər təkcə əkin sahələrində deyil, kənd təsərrüfatında istifadə olunan bütün torpaqlarda:- cəmənliklərdə, otlaqlarda, şorlaşmış və bataqlaşmış ərazilərdə, kol basmış torpaqlarda, əkin üçün yararlı hala salına biləcək digər istifadəsiz sahələrdə tətbiq olunmalıdır.

Əkinçilik sisteminin ümumi tərkib hissəsinə:- yararlı torpaqların əkin sahəsinə nisbəti, torpağın becərilmə sistemi, növbəli əkin sistemi, gübrələmə sistemi, alaq bitkilərinə qarşı mübarizə və mədəni bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi sistemi, toxumçuluq sistemi, torpağın eroziyadan qorunması üçün aparılan tədbirlər daxildir.

Bundan başqa ərazinin konkret torpaq- iqlim şəraitindən asılı olaraq, əkinçilik sisteminə suvarma, qurutma, torpaqların kimyəvi meliorasiyası, tarla qoruyucu meşə zolaqlarının salınması və s. daxil ola bilər.

Müxtəlif torpaq- iqlim şəraitində əkinçilik sistemlərinin ümumi tərkib hissələrinin hər birinin məhsuldarlığa və torpaq münbitliyinə təsiri eyni dərəcədə əhəmiyyətli olmur. Quraq iqlim şəraitində torpağın münbitliyinin yüksəldilməsində suvarma, meşəmeliorasiya, rütubətin toplanmasını və qorunub saxlanılmasını təmin edən torpaq becərmələri sistemi güclü vasitədir. Kifayət qədər rütubətli və münbitliyi az olan torpaqlarda və suvarma şəraitində gübrələrin tətbiqi, turşuluğu və ya qələviliyi çox olan torpaqlarda kimyəvi meliorasiya, həddən artıq nəmli torpaqlarda isə qurutma tədbirləri xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə, əkinçilik sistemlərinin göstərilən tərkib hissələrinin hər birinin məhsuldarlığın artırılmasında böyük əhəmiyyəti vardır, lakin yerli şəraitdən asılı olaraq onların bu və ya başqası əsas götürülə bilər.

Əkinçilik sistemlərinin bir- birindən fərqləndirici əsas xüsusiyyəti, əkin sahələrinin mövcud strukturudur. Ona görə əkinçilik sistemləri yaradılarkən, yerli şəraitə uyğun əkin sahələrinin strukturunu təşkil etmək lazım gəlir. Belə struktur bitkiçilik məhsulları istehsalını artırmaqla bərabər, heyvandarlığın müxtəlif növ yemə olan tələbini də tamamilə ödəməlidir.



Əkinçilik sistemləri

Torpaqdan istifadə üsulu

Torpaq

münbitliyinin

artırılması üsulu.


Dincə qoyma, xama qoyma, Qırıb-yandırma, meşətarlalı

Əkinə yararlı torpaqların az hissəsi becərilir, əkinlərdə dənli bitkilər üstünlük təşkil edir.


İnsanların iştirakı olmadan, təbii proseslər.


Herik, Çoxtarlalı-ot

Əkinlərin yarısı və çox hissəsi səpilir. Taxıl və ya çoxillik ot bitkiləri üstünlük təşkil edir. Təmiz herik xeyli sahə tutur.


İnsanların istiqamətləndirdiyi təbii proseslər.


Yaxşılaşdırılmış taxıl, ot-tarlalı

Əkinə yararlı torpaqlar becərilir. Taxıllar üstünlük təşkil edir, çoxillik otlarla və ya cərgəarası becərilən bitkilərlə və təmiz heriklə uyğunlaşdırılır.


Təbii proseslərə insanların artan təsiri.

Meyvədəyişmə, cərgəarası becərilən(sənaye-zavod)

Bütün sahə səpilir, aralıq bitkiləri becərilir, cərgəarası becərilən bitkilərdən istifadə olunur.

Təbii proseslər nəzərə alınmaqla, sənaye vasitələrinin tətbiqi ilə insanların fəal təsiri.

İstənilən əkinçilik sisteminin başlıca əlaməti, kənd təsərrüfatı bitkilərinin becərilməsi və torpağın münbitliyinin artırılması üsuludur. Torpaqdan istifadə üsulu yararlı torpaqların mövcud əkin sahəsinə nisbəti ilə, torpaq münbitliyinin artırılması isə, becərilən bitkilərin bioloji xüsusiyyətlərini nəzərə almaqla, yerli şəraitə uyğun aparılan kompleks aqrotexniki tədbirlərlə xarakterizə olunur. Bu əlamətlər bir- biri ilə sıx əlaqədardır və əkinçilik sistemlərinin nə dərəcədə intensiv və səmərəli olduğunu göstərir.

Əkinçilik formalarının müxtəlifliyinin artması ilə əlaqədar, onların sistemə salınması və düzgün adlandırılması zərurəti yaranır, çünki əvvəlki adlar əkinçilik sisteminin yeni məzmununu tam ifadə etmir. Ona görə, mövcud əkinçilik sistemlərinin qruplaşdırılması və adlandırılması, yeni əkinçilik sisteminin hazırlanmasına bərabər məsələ kimi əkinçilik elmi qarşısında durur. Əkinçiliyin inkişaf tarixində müxtəlif dövrlərdə mövcud olmuş əkinçilik sistemlərinin bir-birindən fərqləndirici xüsusiyyətləri, torpaqdan istifadə və torpağın münbitliyinin artırılması üsulları olmuşdur.

Həmin xüsusiyyətlərə görə əkinçilik sistemləri aşağıdakı kimi qruplaşdırılır

Əkinçilik sistemlərinin əsas əlamətlərinə görə qrupları.

Əkinçilik sistemlərinin inkişaf prosesi, mövcud hakim ictimai quruluşun dəyişdirilməsi ilə əlaqədardır və ümumiyyətlə əkinçiliyin əsas inkişaf mərhələlərini özündə əks etdirir.

İstehsal qüvvələrinin zəif inkişafı səviyyəsində, əkinçiliyin ilk dövrünün xarakterik əlaməti,torpağın təbii keyfiyyətlərindən istifadə olunmasından və torpağın münbitliyini artırmaq üçün heç bir əlavə tədbirin aparılmamasından ibarətdir.

Əkinçilik sistemlərinin inkişaf tarixi göstərir ki, onlar əkinçiliyin intensivləşdirilməsinin müxtəlif mərhələlərini əhatə edir. Bu həm torpaqlardan istifadə olunmasında, həm də torpaq münbitliyinin artırılmasında özünü göstərir. Digər tərəfdən torpağın həm təbii-tarixi cism və həm də kənd təsərrüfatı istehsalının əsas vasitəsi kimi xüsusiyyətləri , əkinçiliyin inkişafına və ibtidaidən ali formaya keçilməsində daxili hərəkətverici qüvvə sayılır. Torpağın təbii xassələri möhkəm olub, çətin dəyişir və münbitliyin artırılmasını məhdudlaşdırır. Bu möhkəmlik insanların fəaliyyəti ilə və torpaqdan kənd təsərrüfatı istehsalının əsas vasitəsi kimi istifadə olunması ilə aradan qaldırılır, torpağın səmərəli münbitliyi yüksəlir. Bu proses fasiləsiz gedir və sıçrayışla dəyişən əkinçilik formalarında, yaxud sistemlərində öz əksini tapır.

Əkinçiliyin formalarının ibtidaidən aliyə dəyişdirilməsində həlledici amil, əkin sahələrində becərilən müxtəlif bitkilərin nisbətləri, xüsusilə başdan-başa səpilən dənli və paxlalıların, cərgəarası becərilən bitkilərin və otların miqdarı sayılır. Əkinçilik inkişaf etdikcə, torpaq münbitliyinin bərpa olunması və yüksəldilməsi üsulları da dəyişir. Əgər onun inkişafının ilk mərhələlərində, torpağın istehsal gücünün bərpa olunmasında təbii proseslər üstünlük təşkil edirdisə, intensiv əkinçilikdə insanların fəal, məqsədyönlü fəaliyyəti əsas rol oynayır. Burada münbitliyin artırılması üzvi və mineral gübrələrin tətbiqi ilə, meliorasiya (suvarma, qurutma, əhəngləmə, gipsləmə, aqromeliorasiya və s.), yeni texnikanın tətbiqi, avtomatlaşdırma, bitkilərin kimyəvi və bioloji üsullarla mühafizəsi və s. ilə aparılır. Bundan başqa torpaq münbitliyini bioloji üsulla artırmaq üçün ot əkinlərindən, siderat bitkilərindən və s. istifadə olunur.

Torpaq münbitliyinin yüksəldilməsi üsullarının dəyişdirilməsi, daha tələbkar və məhsuldar bitki əkinlərinin genişləndirilməsinə və onların nisbətlərinin dəyişdirilməsinə şərait yaradır. Məsələn, torpaqların suvarılması kənd təsərrüfatı bitkilərinin qruplarının nisbətlərini dəyişdirir, təmiz heriklər əkin sahələrinə çevrilir, tətbiq olunan gübrələrin miqdarı artırılır və s. Digər tərəfdən əkin sahələrinin strukturunun dəyişdirilməsi, daha yüksək aqrotexnika tətbiq olunmasını tələb edir.

Əkinçilik sistemləri torpaqdan istifadə və münbitliyin artırılma üsullarına görə ibtidai, intensiv və müasir formalara aid edilir.

İbtidai əkinçilik sistemlərinə:– dincə və xama qoyma, qırıb-yandırma, meşətarlalı, herik və çoxtarlalı ot sistemləri daxildir.



Dincə və xama qoyma əkinçilik sistemi. Əkinçiliyin bu forması ibtidai icma və feodalizm cəmiyyətlərində, insanların az, torpaq sahəsinin isə çox olduğu dövrdə, ot bitkiləri ilə örtülü olan və yüksək təbii münbitliyə malik çöl rayonlarında yaranmışdır. Dincə və xama qoyma sistemlərində, xam torpaq sahələri qiymətli taxıl bitkiləri əkin iüçün istifadə olunurdu. Bir yerdə 2-3 il təkrar taxıl əkildikdən sonra, sahənin məhsulu get-gedə azalırdı. Bu torpağın zəifləməinə görə deyil, daha çox əkinlərin güclü alaqlanmasına, torpağın səthinin tozlaşmasına və su-fiziki xassələrinin pisləşməsinə görə baş verirdi. Bundan sonra həmin sahə başlı-başına buraxılır və yeni sahələr əkilirdi. Buraxılmış sahələrdə ilk illər hündür boylu alaqlar inkişaf edirdi. Sonra sahə get-gedə həmin ərazi üçün xarakterik olan təbii ot bitkiləri ilə örtüldükcə, torpağın istehsal qüvvəsi artır, alaqlardan təmizlənir, torpağın strukturası yaxşılışır və qida maddələrinin miqdarı artırdı. Bundan sonra isə həmin sahələr yenidən əkin üçün istifadə olunurdu. Bu qayda ilə az müddətə istifadəsiz saxlanılan sahə dincə qoyma, uzun müddətə buraxılan tarla isə xama qoyma adlanırdı. Dincə və xama qoyma əkinçilik sistemləri əkinçiliyin ilk, sadə formaları olmaqla torpaqdan zəif istifadə olunması, vahid sahədən az məhsul çıxımı və ağır əl əməyindən çox istifadə olunması ilə xarakterizə olunur. Burada ümumi sahənin ancaq 25%-i əkin üçün istifadə olunur və torpağın münbitliyi təbii bitkilərin təsiri ilə, çoxlu istifadəsiz torpaq sahələrində, uzun müddət ərzində bərpa olunurdu.

Qırıb- yandırma və meşətarlalı əkinçilik sistemləri. Meşə yanğınlarından sonra həmin sahədə yenidən sıx təbii bitki örtüyünün inkişaf etdiyini müşahidə edən insanlar, meşələri qırıb yandırır və həmin torpaqları əkin üçün istifadə edirdilər.

Təbii meşə bitkiləri yandırıldıqdan sonra, azad edilmiş tarlalarda mədəni bitkilərin əkilməsi, qırıb- yandırma əkinçilik sistemi adlandırılmışdır. Yanmış ağacların əmələ gətirdiyi kül, meşə torpaqları üçün xarakterik olan turşuluğu aradan qaldırmaqla bərabər, həm də mədəni bitkilər üçün qida mənbəyi sayılır. Meşə döşənəyinin və ot qalıqlarının çürüməsi, habelə havanın azotunu mənimsəyən və torpağı azotla zənginləşdirən mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində, torpaqda kifayət qədər azot toplanır və həmin sahədən 2-3 il yüksək məhsul alınması təmin olunurdu. Lakin, bir neçə il yüksək məhsul verən meşəaltı torpaqlar, tədricən münbitliyini itirir və mikrobioloji proseslər zəyifləyirdi. Belə sahələrdən əldə edilən məhsul, sərf olunan əməyi minimum səviyyədə belə ödəmədikdə, tarla buraxılır və yeni meşə sahələri yandırılaraq, torpaq əkin üçün istifadə olunurdu.

Meşəaltı torpaqların istifadə müddətini artırmaq üçün, sahələr bir neçə il əkilmirdi və zəif inkişaf edən heyvandarlığın imkan verdiyi qədər peyin səpilirdi. Lakin bu da məhsuldarlığın sonrakı azalmasının qarşısını almırdı. Ona görə, yeni meşə sahələrindən istifadə etmək lazım gəlirdi.

Xüsusi mülkiyyətçilik meydana gəldikdən sonra, əkin sahələri artırıldıqda, çoxdan buraxılmış və meşə bitkiləri ilə örtülmüş torpaqlarda yenidən mədəni bitkilər əkilirdi.

Buraxılmış sahələrin yenidən əkilməsi zamanı təsərrüfat əhəmiyyətli meşə materiallarından istifadə olunması nəticəsində qırıb-yandırma əkinçilik sistemi, meşətarlalı əkinçilik sistemi ilə əvəz edilmişdir. Burada meşə materialları yandırılmır və qırılaraq, müxtəlif təsərrüfat məqsədləri üçün istifadə olunurdu.

Herik sistemi. Meşəaltı torpaqlardan istifadənin çətinliyi, əhalinin sayının artması və torpaq sahələrinin məhdudluğu, habelə torpaq üzərində xüsusi mülkiyyət formalarının meydana gəlməsi, torpaqların istifadəsiz saxlanma müddətini qısaltmağı tələb edirdi ki, bu da herik əkinçilik sisteminin yaranmasına səbəb oldu. Burada torpaqlardan səmərəli istifadə etmək, onun münbitliyini artırmaq və alaqlara qarşı mübarizə məqsədilə, bitki əkinləri herik tarlaları ilə növbələşdirilirdi. Ona görə, əkinçiliyin bu sistemi herik sistemi adlandırılmışdır. Herik sisteminin ilk mərhələsində iki tarlalı:- herik- taxıl, sonrakı dövrlərdə isə üç tarlalı:- herik- taxıl- taxıl və bəzi hallarda dörd tarlalı:- herik- taxıl- taxıl-taxıl növbəli əkinləri tətbiq edilirdi.

Herik tarlası vaxtaşırı becərilir və bəzi halda gübrələnirdi. Heriyin düzgün və ardıcıl qaydada becərilməsi sahənin alaq bitkilərindən təmizlənməsinə, gübrə verilməsi isə torpağın münbitliyinin artırılmasına imkan verirdi.

Lakin becərilməyən və gübrə verilməyən herik tarlası alaqlardan lazımi qədər təmizlənmir və onun münbitliyi kifayət qədər təmin olunmurdu. Bundan başqa, sahənin 25-50%-ni herik təşkil etməsi və ot bitkilərinin əkilməməsi, bu sistemin çatışmayan cəhətləri hesab edilirdi. Bu sistemdə sahənin yarısında və daha çox hissəsində taxıl bitkiləri əkilirdi. Yem istehsalı, ancaq təbii yem sahələrindən və heriklərdə inkişaf edən alaq bitkilərindən təşkil olunurdu. Təbii yem sahələri isə az məhsuldar idi.

Təbii yem sahələrinin əkilməsi nəticəsində heriklər otlaq kimi istifadə olunurdu. Bu da heriyin aqrotexniki əhəmiyyətini azaldır və yem çatışmazlığını aradan qaldıra bilmirdi. Əkin sahələrinin və heriyin genişləndirilməsi isə tarlaya kifayət qədər peyin verilməsini çətinləşdirirdi .

Herik tarlalarına peyin verməklə torpağın becərilməsi, insanların torpaqda gedən təbii proseslərə müdaxiləsini göstərirdi.

Herik sistemində taxılların məhsuldarlığı hektardan 5-7 sentner, quraq illərdə isə daha az olurdu.

Əkinçiliyin əvvəlki ibtidai formalarına nisbətən, herik sistemi daha uzun müddət istifadə olunmuşdur və hazırda quraq iqlim şəraitinə malik olan ərazilərdə onun yeni formalarından istifadə edilir. İbtidai sistemlərdən heriyə keçilməsi əkinçiliyin intensivləşdirilməsində mühüm addım idi. Çünki burada torpaqdan istifadə yaxşılaşmış, dənli bitkilərin sahəsi və taxılların ümumi istehsalı artmışdır.

Çoxtarlalı-ot sistemi. Bir çox dağlıq və dənizətrafı ölkələrdə, heyvandarlığın inkişaf etməsi ilə əlaqədar, onun yem bazasını yaxşılaşdırmaq üçün az məhsuldar çəmənliklər tədricən şumlanaraq həmin sahələrdə çoxillik otlar əkilmiş və otlaq əkinçilik sistemi yaradılmışdır. Bu sistemdə sahənin səpilən məhdud hissəsi taxıl və digər bitkilər üçün ayrılır, çox hissəsi isə təbii biçənək və otlaq kimi saxlanırdı. Məhsuldarlığı artırmaq məqsədilə, təbii otlaqların şumlanaraq çoxillik yem bitkilərinin əkildiyi sahələr birinci il biçənək, sonrakı illərdə isə otlaq kimi istifadə edilirdi.

Çoxillik otlardan iki məqsədlə istifadə olunduğuna görə A.S. Yermolov bu sistemi otlaq deyil, çoxtarlalı ot sistemi adlandırmışdır. Çoxtarlalı ot sistemi intensivləşmə dərəcəsinə görə, istifadə olunan əvvəlki formalardan üstündür. Burada torpaqların çox hissəsi əkilir, lakin sahənin xeyli hissəsi herik kimi saxlanılır. Taxıl bitkiləri və çoxillik otlar üstünlük təşkil edir, yüksək məhsuldar texniki və yem bitkiləri isə əkilmir və ya az sahə tutur.

Bu sistemdə torpağın münbitliyi, insanlar tərəfindən bu və ya digər formada istiqamətləndirilən təbii amillərlə:- ot səpini, becərmələr aparmaq və s., az dərəcədə isə sənayedə istehsal olunan məhsullarla artırılır.

Çoxtarlalı- ot sistemi əhalisi az və əkin sahəsi çox olan ölkələrdə geniş istifadə olunur. Digər ölkələrdə bu sistemin bəzi elementləri, yem və torpaq mühafizəli növbəli əkinlərə daxil edilir.

Ekstensiv sistemdən fərqli olaraq, intensiv əkinçilik sistemində bütün əkinə yararlı torpaqlarda qiymətli texniki, yem və ərzaq bitkiləri becərilir və az məhsuldar təbii yem sahələri isə mədəni, yüksək məhsuldar biçənək və otlaqlara çevrilir.

İntensiv əkinçilik sistemlərinə:- yaxşılaşdırılmış taxıl, sideral, ot tarlalı, meyvədəyişmə, cərgəarası becərilən və ya sənaye-zavod sistemləri daxildir.



Yaxşılaşdırılmış taxıl sistemi. Qərbi Avropada kapitalizmin inkişafı və əhalinin sayının artması, öz növbəsində kənd təsərrüfatı məhsullarının növünü və miqdarını, xüsusilə taxıl istehsalını artırmağı tələb edirdi. Bununla əlaqədar XVII-XVIII əsrlərdə mövcud taxıl-herik növbəli əkinlərinə çoxillik otlar daxil etmək, çoxtarlalı-ot sistemində isə çoxillik otların sahəsini azaltmaq və dənli bitkilərin sahəsini genişləndirməklə yeni, yaxşılaşdırılmış taxıl əkinçilik sistemi yaradılmışdır.

Yaxşılaşdırılmış taxıl sistemində tətbiq olunan növbəli əkinlərdə: 1.Herik, 2.Payızlıq taxılın üçyarpaqla qarışığı, 3.Üçyarpaq, 4.Yazlıq taxıllar və 1.Herik, 2.Payızlıq taxıl, 3.Kartof, 4.Yazlıqlar beərilirdi. Burada, dənli-ot növbəli əkinlərində taxıllar 50-65%, təmiz herik 15-20% və çoxillik otlar 20-30%, dənli-herik-cərgəarası becərilən növbəli əkinlərdə isə taxıllar 50%, herik və cərgəarası becərilən bitkilərin hər biri isə 25% təşkil edir.

Yaxşılaşdırılmış taxıl sisteminin sonrakı inkişafı, təmiz heriklərin sahəsinin azaldılması və onun məşğullu heriklə əvəz edilməsi, növbəli əkinlərə cərgəarası becərilən bitkiləri daxil etməklə, meyvədəyişmə sisteminə keçilməsindən ibarət olmuş və ona görə də bəzi ölkələrdə herik-cərgəarası becərilən adlandırılmışdır.

Yaxşılaşdırılmış taxıl sistemində torpağın münbitliyi bu və ya digər dərəcədə insan tərəfindən istiqamətləndirilən (peyin səpmək, becərmələr aparmaq, ot bitkiləri əkmək və s.) təbii amillərlə, az dərəcədə isə sənayedə istehsal olunan vəsaitlərlə artırılır.



Sideral əkinçilik sistemi. Sideral əkinçilik sistemi Qədim Yunanıstanda və bir çox Şərq ölkələrində qədim dövrlərdə istifadə olunsa da, ancaq XIX əsrdən başlayaraq yaxşılaşdırılmış taxıl sisteminin forması kimi yaradılmışdır. Sideral əkinçilik sisteminin digər sistemlərdən fərqli xüsusiyyəti, herik tarlasında becərilən bitkilərin bütün məhsulunun yaşıl gübrə kimi torpağa çevrilməsindən ibarətdir. Burada yaşıl gübrə kimi lərgə, noxud, gülül, çovdar, vələmir, pans və digər bitkilərdən istifadə olunur.

Dənli və paxlalı bitkilərin qarışıq əkilməsi (məsələn:- noxud+vələmir, gülül+çovdar və s.) onların siderat kimi əhəmiyyətini daha çox artırır. Bu zaman torpaqda qida maddələrinin miqdarı artır və mikrobioloji proseslər fəallaşır.

Növbəli əkin tarlalarında siderat bitkiləri həm əsas və həm də aralıq bitkisi kimi becərilə bilər.

Sideral əkinçilik sistemi, əsasən kifayət qədər nəmli iqlim şəraitində və az məhsuldar qumlu və qumsal torpaqların münbitliyini artırmaq üçün istifadə olunur.



Ot tarlalı əkinçilik sistemi. Ot bitkiləri əkinlərinin genişləndirilməsi ilə əlaqədar olaraq, XIX əsrdən başlayaraq, tərkibində çoxillik otların daxil olduğu növbəli əkinlərdən istifadə olunan əkinçilik sistemlərinin birləşdirilməsinə cəhdlər göstərilmişdir.

V.R. Vilyams yaxşılaşdırılmış- taxıl və çoxtarlalı- ot növbəli əkinlərini birləşdirməklə, tarla və çəmən növbəli əkinləri əsasında ottarlalı əkinçilik sistemini yaratmışdır. Ottarlalı əkinçilik sisteminin nəzəri əsasını, təbii bitkilər altında torpaq əmələgəlməsi prosesləri haqqında mövcud olan fikirlər və V.R. Vilyamsın öz təcrübələrinin nəticələri təşkil etmişdir.

V.V. Dokuçayev, P.A. Kostıçev və A.A. İzmailski tərəfindən aparılan uzun müddətli tədqiqatların nəticələri göstərmişdir ki, quraq illərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalması və qeyri- sabitliyi, atmosfer çöküntülərinin az düşməsinə görə deyil, tozlaşmış torpaqların düşən yağıntıları toplayıb saxlamaq və vegetasiya müddətində mədəni bitkilərin istifadə edə bilməsi üçün, əlverişli su- fiziki xassələrə malik olmamasıdır. Bu halda düzgün becərmələr aparmaqla, pozulmuş torpaq strukturunun bərpası və torpaqda nəmliyi saxlamaq üçün digər müvafiq tədbirlərin aparılması məsələləri həll olunmalıdır.

V.R. Vilyams, ottarlalı əkinçilik sistemində xırda topavari, suya davamlı strukturanın yaradılmasını torpaq münbitliyinin artırılmasının əsas şərti hesab edirdi. O, bu cür strukturanı ancaq çoxillik sünbüllü və paxlalı bitkilərin qarışıq əkilməsi və torpağın hər il mədəni kotanla şumlanması hesabına yaratmağın mümkün olduğunu göstərirdi. O, strukturasız torpaqlarda hətta mineral gübrələrin istifadə olunmasını da səmərəsiz tədbir hesab edirdi.

V.R.Vilyams strukturluğu torpaq münbitiliyinin həlledici və yeganə amili saymaqla onun rolunu çox şişirdir, birillik bitkilərin struktur əmələgətirmə qabiliyyətini inkar edir və ottarlalı əkinçilik sisteminin şablon qaydada, hər yerdə istifadə olunmasını təklif edirdi. O, münbitliyin artırılmasında bioloji amillərə üstünlük verməklə bərabər, burada insanların istehsalat fəaliyyətini nəzərə almırdı.

Lakin sonrakı tədqiqatlar göstərdi ki, nəinki çoxillik dənli və paxlalı otların qarışığı, həm də birillik bitkilər torpaq strukturunu yaradır. Bundan başqa torpaq strukturası, onun fiziki yetişkən halda becərilməsi, müxtəlif struktura- əmələgətirən maddələrin tətbiqi və s. ilə bərpa oluna bilər.

Ottarlalı əkinçilik sistemində, az məhsuldar çəmənliklərdə çoxillik otların və birillik yem bitkilərinin əkilməsi, yem sahələrinin məhsuldarlığının artırılmasını təmin edirdi.

Burada heyvandarlığın inkişafı, peyinin artırılmasına və bitkilərin məhsuldarlığının yüksəldilməsinə imkan verirdi.

Ottarlalı əkinçilik sistemində münbitlik torpağın becərilməsi ilə, xüsusilə kövşənliyin üzlənməsi, əsas şumun ön kotancıqlı kotanla və əkin qatını dərinləşdirməklə aparılması hesabına təmin edilirdi.

Əvvəlki sistemlərdən fərqli olaraq, ottarlalı əkinçilik sistemində əkin sahələrindən daha yaxşı istifadə olunur, növbəli əkinlərə çoxillik otlar və cərgəarası becərilən bitkilər daxil edilir və torpağın münbitliyinin intensiv amillərlə bərpa olunmasına üstünlük verilir.



Meyvədəyişmə sistemi. Kapitalizmin sürətlə inkişafı, şəhər əhalisinin artması və heyvandarlıq məhsullarına olan tələbatın çoxalması ilə əlaqədar, əkinlərə cərgəvi üsulla səpilən bitkilərin daxil edilməsi nəticəsində, yeni meyvədəyişmə əkinçilik sistemi yaranmışdır. Heyvandarlığın inkişafı ilə əlaqədar, bu sistemdə paxlalı və kökümeyvəli bitkilərin əkilməsinə üstünlük verilir.

Meyvədəyişmə sisteminin xarakterik əlamətləri:- yüksək məhsuldar çəmənliklərdən başqa bütün təbii ot sahələrinin əkilməsindən, daha faydalı yem bitkilərindən istifadə olunmasından, təmiz heriklərin məşğullu heriklərə çevrilməsindən, taxılların paxlalı və cərgəarası becərilən bitkilərlə növbələşdirilməsindən ibarətdir.

Meyvədəyişmə əkinçilik sistemində, İngiltərədə yaradılmış Norfolk növbəli əkinləri uzun müddət istifadə olunmuşdur. Bu növbəli əkində: 1. Payızlıq buğda, 2. Yemlik kökümeyvəlilər, 3. Arpanın üçyarpaq yonca ilə örtüklü əkini, 4. Üçyarpaq yonca daxil edilir və taxıllar 50%, cərgəarası becərilən bitkilər 25% və paxlalılar 25% təşkil edir. Bu sistemdə tətbiq olunan paxlalı bitkilər torpaqda azotun və üzvi maddələrin miqdarını artırır, cərgəarası becərilən bitkilər əkilən sahədə isə becərmələr aparmaqla torpağın strukturası yaxşılaşdırılır və tarla alaqlardan təmizlənir.

Rusiyada tətbiq olunun meyvədəyişmə sistemində: 1. Paxlalılar, 2. Payızlıq taxıllar, 3. Kartof və ya çuğundur, 4. Yazlıq taxıllar daxil olan növbəli əkinlərdən istifadə edilirdi. Meyvədəyişmə sistemində kökümeyvəlilərin əkilməsi, torpağın dərin və ardıcıl qaydada becərilməsini və şum altına peyin verilməsini tələb edir. Burada qüvvəli, qaba və şirəli yem istehsal edilir ki, bu da öz növbəsində heyvandarlığın inkişafına imkan verir.

Meyvədəyişmə əkinçilik sistemində torpağın münbitliyinin artırılması:- peyin səpmək, paxlalı bitkilər əkmək, torpağın dərin becərilməsi, alaqlara qarşı kimyəvi mübarizə, cərgəarası becərilən bitkilərin daha təkmil texnologiya əsasında becərilməsi ilə təmin olunur.

Meyvədəyişmə sistemi çoxsahəli təsərrüfatlar üçün yararlı sayılır və dar çərçivədə ixtisaslaşmış təsərrüfatların tələbini ödəmir.



Cərgəarası becərilən və ya sənaye- zavod əkinçilik sistemi. Əkin sahələrinin xeyli hissəsində çox əmək və vəsait məsarifləri, kifayət qədər gübrə və bəzi halda süni suvarma tələb edən cərgəarası becərilən texniki və ya tərəvəz bitkiləri istifadə olunan əkinçilik formaları, cərgəarası becərilən və ya sənaye-zavod əkinçilik sistemi adlanır. Bu sistemdə cərgəarası becərilən və tərəvəz bitkilərindən geniş istifadə olunduğuna görə düzən ərazilərdə geniş tətbiq olunur.

Cərgəarası becərilən əkinçilik sisteminin əsas əlamətləri:- tarla işlərinin yüksək dərəcədə mexanikləşdirilməsindən, kimyalaşmanın geniş tətbiqindən və meliorativ tədbirlərin aparılmasından ibarətdir və ona görə də, daha çox intensiv əkinçilik sistemidir. Burada tarlaların çox hissəsində cərgəarası becərilən bitkilər (pambıq, qarğıdalı, çuğundur, kartof və s.) əkilir.

Cərgəarası becərilən əkinçilik sistemində tətbiq oluünan növbəli əkinlərdə təmiz herik olmur, aralıq bitkiləri əkilərək, məhsulu yem və ya siderat məqsədilə istifadə olunur, cərgəarası becərilən bitkilər əkin sahəsinin çox hissəsini tutur və bir neçə il təkrar əkilir.

Cərgəarası becərilən əkinçilik sistemində torpağın münbitliyi:- aqrotexniki tədbirləri təkmilləşdirmək, lazımi miqdarda üzvi- mineral gübrə səpmək, suvarma və ya qurutma aparmaq, torpağı eroziyadan qorumaq və s. tədbirləri ilə artırılır.

Kənd təsərrüfatı elmi, əkinçiliyin maddi- texniki bazası və onun ehtiyatları nə qədər çox inkişaf edərsə, torpaq münbitliyinin artırılması və becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsi üsulları və vasitələri bir o qədər çox təkmilləşir, əkinçilik sistemləri daha çox müxtəlif və intensiv olur, optimal şəkildə dəyişilməz qaldıqda, onun davam etmə müddəti azalır və yeni əkinçilik sistemləri yaranır.

Müasir əkinçilik sistemləri, ibtidai sistemlərdən yüksək intensivləşmə dərəcəsinə görə fərqlənirlər.

Hazırda istifadə olunan taxıl- herik, yaxşılaşdırılmış taxıl, meyvədəyişmə, cərgəarası becərilən (sənaye-zavod) sistemləri, eyni adla mövcud olmuş əvvəlki əkinçilik sistemlərindən:- texnikadan daha səmərəli istifadə olunması, üzvi və mineral gübrələrin geniş tətbiqi, torpaq eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması, torpağın meliorasiyası, heriklərdə aralıq bitkilərdən və sideratlardan istifadə, daha məhsuldar bitkilərin yüksək kondisiyalı toxumlarının səpilməsi, torpağın əkin qatının dərinləşdirilməsi və s. tədbirlərinin aparılması ilə fərqlənir.

Müasir taxıl-herik əkinçilik sistemi, eyni adlı ibtidai sistemdən yüksək mexanikləşmə dərəcəsi, gübrələrin geniş tətbiqi, meliorativ və torpaqmühafizəli tədbirlərin aparılması, daha məhsuldar bitki sortlarının əkilməsi və s. ilə fərqlənir. Müasir torpaq-qoruyucu taxıl-herik sistemində müvafiq torpaqbecərən alətlərdən istifadə olunur və zolaqlara səpin üsulu tətbiq edilir.

Bu üsulla qarın toplanması, torpağın donmasının qarşısının alınması və ərinti sularının torpağa asan daxil olması təmin olunur. Bununla yanaşı hazırkı taxıl- herik sistemində gübrələr, xüsusilə fosforlu gübrələr, kulis herikləri, qartoplamanın digər xüsusi üsulları, alaqlara qarşı kompleks mübarizə tədbirləri aparılır.

Yaxşılaşdırılmış taxıl sistemində:- təmiz heriklər məşğullu heriklərlə əvəz edilir, çoxillik otların istifadə olunma müddəti azaldılır, tətbiq olunan mineral gübrələrin miqdarı artırılır, turş torpaqlar əhənglənir, əkin qatı dərinləşdirilir və mədəniləşdirilir, yeni məhsuldar sortlardan istifadə olunur və tarlanın bir hissəsində cərgəarası becərilən bitkilər əkilir.

Müasir meyvədəyişmə əkinçilik sistemi, əsasən suvarılan torpaqlara malik sənaye rayonlarında, meşə-çöl bölgələrində tətbiq edilir. Bu sistemdə istifadə olunan növbəli əkinlərdə dənli taxıllar sahənin 50%-ni tutur, qalan hissədə paxlalılar və cərgəarası becərilən texniki və yem bitkiləri əkilir. Burada təmiz herik olmur və həmin tarlada aralıq bitkiləri becərilir.

Meyvədəyişmə sistemində tətbiq olunan növbəli əkinlərdə paxlalıların və taxılların hər birinin xüsusi çəkisi 25%, cərgəarası becərilən bitkilərin xüsusi çəkisi isə 50% təşkil edir. Burada aqrotexniki tədbirlər kompleksinin xüsusiyyətləri;- meyvədəyişmə qaydalarına əməl olunmasından, üzvi- mineral gübrələrin tətbiqindən, bataqlıqların qurudulması, quraq ərazilərdə suvarma və torpağın eroziyadan qorunması üçün aparılan tədbirlərdən ibarətdir.

Cərgəarası becərilən (sənaye-zavod) əkinçilik sistemi, cərgəarası becərilən texniki, yem və tərəvəz bitkiləri əkilən ərazilərdə, əsasən ixtisaslaşmış təsərrüfatlarda istifadə olunur. Bu sistemdə tətbiq olunan növbəli əkinlərdə təmiz heriklər olmur, sahənin yarıdan çox hissəsini cərgəarası becərilən bitkilər tutur, aralıq və təkrar əkinlərin sahəsi genişləndirilir.

Cərgəarası becərilən əkinçilik sistemində torpaq münbitliyinin yüksəldilməsi:- becərmə texnologiyalarının təkmilləşdirilməsi, lazımi miqdarda üzvi- mineral gübrələrin verilməsi, quraq ərazilərdə torpağın suvarılması, artıq rütubətli torpaqlarda qurutma və eroziya təhlükəsi olan sahələrdə torpaq- mühafizəli tədbirlərin aparılması ilə təmin olunur.

Hər hansı məhsul növünün, xüsusilə xammal təyinatlı bitkilərin becərilməsi üzrə ixtisaslaşmış təsərrüfatlarda cərgəarası becərilən əkinçilik sistemi daha geniş istifadə edilir. Bu sistem mühüm xalq təsərrüfatı əhəmiyyəti olan, lakin məhdud təbii- iqtisadi şəraitində becərilən bitkiçilik sahələri (pambıqçılıq, tütünçülük, tərəvəzçilik və s.) üzrə ixtisaslaşmış təsərrüfatlar üçün daha çox faydalıdır.

Müxtəlif torpaqları olan və müxtəlif kənd təsərrüfatı bitkiləri becərilən iri təsərrüfatlarda isə, çox vaxt müxtəlif prinsiplərə əsaslanan və müxtəlif əkinçilik sistemlərini əks etdirən növbəli əkinlərin bir- biri ilə uyğunlaşdırılması lazım gəlir.


Fənn: Əkinçilik və əkinçilik sistemləri Modul 1

Kafedra: Ümumi əkinçilik, genetika və seleksiya

Müəllim: dosent A.Q.İbrahimov



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə