1
MÖVZU 1.
HÜQUQUN ƏSAS ANLAYIŞI VƏ KATEQORİYALARI
P L A N
1. Hüququn anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi.
2. Hüquq normaları.
3. Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar.
4. Hüquq sahələri, anlayışı və sistemi.
5. Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri.
6. Hüquq pozuntusunun anlayışı, tərkibi və növləri.
7
. Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri
1. HÜQUQUN ANLAYIŞI. DÖVLƏT VƏ HÜQUQUN QARŞILIQLI ƏLAQƏSI
Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət
olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların
davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır.
Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin
nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif
təriflər mövcuddur.
Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi
hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii
olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq
normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.
Hüququn tarixi məktəbi hesab edir ki, hüquq tarixi təkamülün üzvi tərkib
hissəsidir, torpağa atılan dən kimi o xalqın şüurunda yetişir, adətlər və qanunlar
şəklində təzahür edir. Hüquq təbiətən meydana gəlmir, onun necəliyini müvafiq xalqın
tarixi həyatı müəyyən edir.
Hüququn psixoloji məktəbi hüququn meydana gəlməsini və fəaliyyətini
cəmiyyətin sosial iqtisadi həyatı ilə yox, şəxsiyyətin (şəxsin, qrupun) psixologiyası ilə
izah edir. Hüquqa psixoloji vəziyyətin, həyəcanın, institutların məhsulu kimi baxılır.
Hüquq ədəbiyyatlarına əsaslanaraq hüquqa aşağıdakı tərifi vermək olar:
Hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə
qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının (normaların) məcmusudur.
Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı iki mənada
işlədilir: a) obyektiv hüquq və ya obyektiv mənada hüquq;
Hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının
məcmusu kimi hüquq obyektiv hüquqa aiddir;
b)
subyektiv
hüquq
və
ya
subyektiv
mənada
hüquq.
Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə
2
məxsus olan hüquq olur (məsələn, müəyyən əşyaya mülkiyyət hüququ).
Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının
mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən
təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan əmək
hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və ya digər
peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya muzdla
işləmək imkanını ifadə edir. Alimlərin əksəriyyəti bu fikirdə yekdildirlər ki, subyektiv
hüquqda başlıcası, sərbəst fəaliyyət göstərmək, şəxsi davranış növünü və onun həddini
sərbəst seçmək imkanıdır. Bununla bərabər, bəzi tədqiqatçılar hesab edirlər ki,
subyektiv hüquqların bu xarakteristikasına əlavələr etmək lazımdır. Məsələn, onlar
müəyyən sosial rifahlardan istifadə etmək imkanını, başqa şəxslərdən müvafiq davranışı
tələb etmək imkanını, habelə dövlət orqanlarına təsir etmək üçün bu və ya digər qanunla
yol verilən tədbirlərə əl atmaq imkanlarını göstərirlər. Lakin bu əlavələr subyektiv
hüquqları xarakterizə edən başlıca əlamətləri nəzərə alır: subyektiv hüquq - qanun
çərçivəsində hərəkət etmək, öz davranış növünü və həddini seçmək imkanıdır.
Əgər subyektiv hüquq bu və ya digər qanunauyğun davranışı seçmək imkanını
ifadə edirsə, vətəndaşın üzərinə qoyulan qanunvericiliklə müəyyən olunan və dövlət
tərəfindən təmin olunan hüquqi vəzifələr zəruri davranışı nəzərdə tutur.
Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə hər kəs
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət etməli, başqa
şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır.
Hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur.
Hüquq sıx qarşılıqlı əlaqədə olduğu dövlətlə birlikdə inkişaf edir. Bu qarşılıqlı əlaqə
aşağıda göstərilənlərdə təzahür edir:
1. Hüquq dövlətsiz inkişaf edə və fəaliyyət göstərə bilməz, ona görə ki, dövlət elə bir
siyasi mexanizmdir ki, o, hüququ ümumməcburi davranış qaydaları (hüquq normaları)
şəklində formalaşdırır. Qanun - dövlətin müvafiq səlahiyyətli orqanlarının (parlament,
hökumət və s.) hüquqyaratma fəaliyyətinin nəticəsidir.
2. Dövlət hüquq normalarının həyata keçirilməsini təmin edir, hüququ qoruyur.
Hüququn keşiyində duran məhz dövlət mühafizəsi, dövlət məcburetmə imkanları hüquq
normalarını cəmiyyətdə fəaliyyət göstərən digər sosial normalardan (məsələn, adət,
əxlaq və s.) fərqləndirir.
3. Yalnız hüququn dövlətə ehtiyacı yox, həmçinin dövlətin də hüquqa ehtiyacı var. O
hüquqa arxalanmadan normal və səmərəli fəaliyyət göstərə bilməz.
Belə
ki,
dövlət
aparatının
fəaliyyəti
qanunvericiliyin,
hüququn
möhkəmləndirilməsini tələb edir. Söhbət dövlət orqanları sisteminin daha əlverişli
təşkilindən, onların səlahiyyət və fəaliyyətlərinin əsas istiqamətləri və prinsiplərinin
müəyyən edilməsindən gedir.
Bütün bunlar dövlət orqanlarının özbaşınalığını aradan qaldıran vacib şərtlərdir,
cəmiyyətdə qanunçuluq rejiminin elementləridir, vəzifəli şəxslə vətəndaş arasında
qarşılıqlı əlaqənin əsasıdır.
Dostları ilə paylaş: |