MÖVZU. MÜNAQİŞƏLƏRİN TİPOLOGİYASI, ONLARIN QENDER
XÜSUSİYYƏTLƏRİ
Köstəbəyin torpaqda eşələnmək
tələbatı olduğu kimi insanın da tələbatı
çalışmaq, fəaliyyətdə olmaq və
maneələri aradan qaldırmaqdır
A.Şopenhauer
Qadın azad və kişi ilə bərabər hüquqlu doğulur
Olimpiya de Quj
•
Müxtəlif əsaslara görə münaqişələrin təsnifatı
•
Münaqişə subyektlərin sosial qarşılıqlı fəaliyyəti kimi
•
Qender münaqişələrinin növləri və ifadəolunma sahələri
Müxtəlif əsaslara görə münaqişələrin təsnifatı
Müxtəlif obyektlər çoxluğuna əsaslanan bütün elmlərdə tipologiya problemi ortaya çıxır. Sosial və
humanitar elmlərdə bu məsələ olduqca mürəkkəbdir, çünki: 1. faktiki olaraq xalis eksperimenti keçirmək
çox çətindir (təbiətşünaslıq elmlərindən fərqli olaraq); 2.metodoloji xarakterli çətinliklər mövcuddur.
Buna baxmayaraq, bir çox tədqiqatçılar münaqişələrin təsnifatını yaratmağa cəhd göstəriblər.
Onların baxışlarını təhlil etdikcə, belə bir qəti qənaətə gəlmək olar ki, istənilən münaqişəni birmənalı və
tam şəkildə özündə əks etdirən vahid tipologiyanı tərtib etməkdən imtina ediblər; bir neçə təsnifatın
mümkünlüyü ideyası qəbul olunub.
Hər bir münaqişə, yetişəndən, açıq toqquşma şəklinə düşəndən sonra onlar öz qanunları üzrə
inkişaf etməyə başlayırlar. Münaqişələrin dinamikası və inkişaf tendensiyaları (meylləri) bir sıra amillərlə
müəyyən olunur: onları yaradan səbəb və şəraitin mürəkkəbliyi dərəcəsi, iştirakçıların emosional
təəssüratlanma dərəcəsi; öz məqsədlərinə nail olma tələblərinin ödənilməsi üçün real imkanlar, tərəflərdə
maddi, maliyyə, təşkilati vasitələrin olması; tərəflərin qarşılıqlı güzəştlərə getmək hazırlığı; xarici
amillərin təsiri və s.(1).
Münaqişələrin təsnifatı ona görə vacibdir ki, o, özünəməxsus ifadə-olunma formalarını tapmaq və
həllolunma yollarının mümkün variantını qiymətləndirməyə imkan yaradır.
Tədqiqatçılar münaqişələrin təsnifatında müxtəlif yanaşmaları təklif edirlər. Məs., sosioloqlar
münaqişələrin makro və yaxud mikro səviyyələrinə, sosial-iqtisadi, milli-etnik və siyasi formalarına daha
çox diqqət yetirirlər. Hüquqşünaslar sistemdaxili və sistemdən kənarda olan münaqişələri və onların
ifadəolunma sahələrini fərqləndirirlər, o cümlədən ailə-məişət, mədəni, sosial-əmək, bunlarla yanaşı,
bazar iqtisadiyyatı şəraitində yaranan təsərrüfat, maliyyə və əmlak münaqişələrini İdarəetmə
konfliktologiyasının da öz yanaşması var. Burada münaqişələrin əsas elementləri, onların ifadəolunma,
inkişafı və idarəolunması üsullarının müxtəlifliyini daha aydın təsəvvrür etmək lazımdır və s.
Bir çox alimlər münaqişələrin təsnifatında sistemli yanaşmadan istifadə edirlər. Bu yanaşmaya
görə, sistemdə məqsədə nail olmaq üçün müəyyən vasitələr istifadə olunur, yəni sistemin elementləri
müəyyən funksiyaları icra etməklə, sistemli məqsədlərə nail olmağa çalışırlar.
Struktur-funksional təhlil nəzəriyyəsinin nümayəndələri (T.Parsons, R.Merton, K.Devis və s.) sosial
sistemin sabitliyini təmin edən strukturlar və mexanizmləri öyrənərkən, sistemlərdə, az ya çox dərəcədə
münaqişələrlə bağlı olan struktur və funksiyaların tipologiyasını yaratdılar. T.Parsons sistemə dörd
labüd tələbi irəli sürür: xarici obyektlərə adaptasiya (uyğunlaşma), qarşıya məqsəd qoymaq, sistemin
elementləri arasında münaqişəsiz vəziyyəti qoruyub saxlamaq (inteqrasiya), institusional (sosial
institutların normlara riayət olunma), normativ göstərişlərin yerinə yetirilməsi.
T.Parsonsdan fərqli olaraq, R.Merton öz diqqətini funksiyaların pozulması hallarına yönəldib;
pozulmasının səbəbini o, sosial strukturlarda yaranan ziddiyyətlər və gərginliklərdə görürdü. Öz «Sosial
struktur və anomiya» əsərində o, fərdlərin cəmiyyətə uyğunlaşmasının beş növünü qeyd edir: konforizm
(tam uyğunlaşmaq, öz formasını itirmək), innovasiya (yeniliyi axtarmaq), ritualizm (adət-ənənəyə riayət
etmək), retrizm (köhnəyə qayıtmaq) və qiyam. Hər bir qeyd edilən, növündən kənarlaşmaq – ya
hakimiyyət, ya da reprezentativ adlanan (yəni nümayəndəsi olduğu) qrupla münaqişənin qaçılmazlığını
təsdiqləmək deməkdir.
Münaqişələrin sistemdaxili və sistemdən kənardakılarla bölgüsünün həm idraki, həm də praktiki
əhəmiyyəti var. Xüsusilə sistemdaxili sosial ziddiyyətlər üzərində qurulan münaqişələr vacibdir. L.Kozer
hesab edirdi ki, cəmiyyəti «rigidli» (qapalı) və plyuralist (açıq) növlərə bölmək olar. Rigidli cəmiyyətlərdə
böyük qruplar öz maraqlarını inqilabı zorakılıq, plyüralizm cəmiyyətlərdə isə – müxtəlif sosial institutlar
vasitəsilə ələ keçirirlər.
E.Giddinsin mövqeyi də bu mənada müəyyən maraq kəsb edir. Onun fikrincə, cəmiyyətin hər bir
ayrılıqda götürülmüş növündə, hökmranlıq və istismar formalar plyüralizmi (müxtəlifliyi) ilə
səciyyələnir; burada vahid empirik prinsip mümkün deyil, sinfi istismarla yanaşı, digər istismarçı
münasibətlər növləri də var: dövlətlər, etnik qrurlar, qadın və kişilər arasındakı cinsi əlamətə görə
istismar və s.
Beləlilkə, sistemdaxili ziddiyyətlər münaqişələrin tipologiyasının əsasında dura bilər.
K.Bouldinqin münaqişələrin ümumi nəzəriyyəsinə görə, ictimai münaqişələr, tərəflərin
təşkilolunma səviyyələrinə görə üç böyük qrupa bölünür. Bu səviyyələrə uyğun təsnifat da verilir: fərdlər
arasında münaqişələr; məkanda müəyyən ərazidə yerləşən qruplar arasında sərhədyanı münaqişələr;
məkanda toqquşan qruplar arasında ekoloji münaqişələr; fərdlər və təşkilatlar, fərdlər və qruplar
arasındakı münaqişələr və s.
A.Rapoportun ümumi münaqişələr nəzəriyyəsində üç başlıca növ və eyni zamanda münaqişələrin
üç səviyyəsi göstərilir: müharibə, oyun və mübahisə. Müharibə – axıra qədər, qələbəyəcən aparılan,
istənilən, o cümlədən zorakılı vasitələrin itsifadəsinə yol verən güzəştsiz mübarizədir. Oyun –
qabaqcadan müəyyən edilmiş qaydalar üzrə münaqişənin həlli üçün görülən tədbirlərdir; nəticədə qalib
gələn tərəf, mühüm, lakin həyati əhəmiyyətli olmayan üstünlükləri qazanır. Mübahisə zamanı yalnız
dinc vasitələr istifadə olunur; məqsəd - digər tərəfin razılığının qazanılmasıdır.
İyel universitetinin professoru Robert Dall (1915-ci il) da münaqişələrin maraqlı tipologiyasını
tərtib edib. Onun fikrincə, münaqişələr:
- ikiqütblü və çoxqütblü (münaqişənin iştirakçılarının sayına görə) münaqişələr;
- kumulyativ (güclənən) və çarpazlaşan (münaqişə iştirakçılarının tərkibində oxşar və ya fərqli
cəhətlərin olub-olmamasından asılı olaraq) münaqişələr;
- iştirakçılar arasında ziddiyyətlərin şiddətliyinə görə qütbləşməyə və bölünməyə gətirib çıxaran
münaqişələr.
Qütbləşmə dedikdə, cəmiyyətin iki bir-birinə zidd olan qruplara dərindən parçalanması nəzərdə
tutulur; bu zaman ziddiyyətin dinc vasitələrlə həlli artıq mümkün deyil. Bölünmə (seqmentləşmə) –
cəmiyyətin, müxtəlif mənafe və dəyərlərə görə fərqlənən qruplara bölünmə müşahidə edilir, bununla
belə cəmiyyətdə stabillik qarşılıqlı güzəştlər, danışıqlar və məsləhətləşmələr sistemi vasitəsilə təmin
olunur.
Cəmiyyətin ictimai-siyasi əsaslarını laxlatmayan münaqişələrin inkişafı mövcud siyasi sistemin
institutlar həddlərində gedə bilər. Əslində belə münaqişələr tərəflərin müəyyən razılığı əsasında
kompromisə, yəni xüsusi razılaşmaya çevrilə bilər.
Ümumiyyətlə, münaqişələri müxtəlif əsaslara görə fərqləndirmək olar, məs., səbəbə, tərəflərin
tərkibi, inkişaf dinamikası, tərəflərin fəaliyyət formalarına, sosial məqsədlər və nəticələrə görə və s.
Münaqişələr daha çox aşağıdakı meyarlar əsasında qiymətləndirilir: münaqişənin tərəfləri,
münaqişəyə gətirib çıxaran tələbatların məhdudlaşdırılması; münaqişənin istiqaməti, yönümü;
münaqişənin zaman həddləri. Tərəflərdən asılı olaraq, münaqişələr şəxsiyyətdaxili, şəxsiyyətlərarası,
qrupdaxili (şəxsiyyət və qrup arasında) qruplararası, beynəlxalq və s. münaqişələrə bölünür. Hansısa
məhdudlaşdırılan tələbatı üzündən əmələ gələn münaqişələri maddi, status və rolla bağlı olan, mənəvi
növlərə bölmək olar. Münaqişələrin istiqamətlənməsinə görə onlar üfüqi (partnyorlar, həmkarlar
arasındakı) və şaquli (tabeçilikdə olanlar və müdiriyyət arasında) olanlara bölünür.
Zaman həddlərinə görə münaqişələr qısamüddətli, ötkəm, uzunmüddətli (məs., dövlət, milli, dini)
olur.
Nəticə etibarilə ölçülən meyara münaqişələr iki yerə bölünür:
1. düşünülmüş, normal, müsbət nəticələr; bu zaman qruplar öz bütövlüyünü saxlayır, qruplararası
münasibətlər əməkdaşlıq və kooperasiya xarakteri daşıyır;
2. dağıdıcı, patoloji (xəstəliyə bənzər), neqativ (mənfi) xarakter daşıyan nəticələr; burada insanlar
arasında qarşılıqlı münasibətlər qeyri-sivil (qeyri-normal, qeyri-insani) xarakter alır, qarşıdurma və
mübarizə ilə nəticələnir. (2)
Münaqişələr həm də mövcudluq formasına görə də (açıq və gizli (latent), inkişafın istiqamətinə
(məqsəd və subyektlərlə bağlı olaraq), sürətinə görə (koqnitiv mübahisə doğuran) və motivasion
(motivlərə əsaslanan), həllolunma mexanizminə görə, mürəkkəbliyi və vacibliyinə görə.
Koqnitiv o münaqişələrə deyilir ki, onlar əks motivləri və yaxud ziddiyyətli nöqteyi-nəzərləri əks
etdirirlər. Onlar mətbuat səhifələrində diskussiya, mübahisə, polemika şəklində aparılır. Əgər diskussiya
mədəni, sivil şəkildə aparılırsa, adətən o, motivasion mərhələyə keçmir; sonuncunun əsasında tərəflərin
köklü maraq və mənafeləri durur.
İntensivliyindən (sürəkliliyindən) asılı olaraq münaqişəli tərəflər arasında ziddiyyətin
kəskinləşməsi iki cürə ola bilər: radikalcasına (əsaslı şəkildə) münaqişəli (əgər hər hansı bir ümumi
maraq yoxdursa) bir də qismən münaqişəli münasibətlər; sonuncuda tərəflərin hansısa ümumi maraqları
var.
Münaqişələrin təhlili və qiymətləndirilməsi onların qruplaşdırılması, sistemləşdirilməsi, səciyyəvi
əlamətlərə, növlərə və tiplərə görə bölünməsini nəzərdə tutur. Belə təsnifatın köməyilə predmeti, onun
bütövlüyünü nəzərə alaraq, öyrənmək olur; münaqişə ifadələrinin bütün çalarları burada gözə çarpır;
buna vahid metodologiya olan təsnifat köməklik edir.
Münaqişələr, əsas cəhətlərini xarakterizə edərkən, qeyd etdiyimiz kimi, nəinki qaçılmaz və hər
yerdə olan, həm də çox rəngarəngdir. Hər bir münaqişəli qarşıdurma özünəməxsus unikallığa,
təkrarsızlığa malikdir; bunun səbəbi – iki və ya daha çox tərəflərin qarşılıqlı əlaqəsi formaları və
nəticələrinin olmasıdır.
Münaqişə subyektlərin sosial qarşılıqlı fəaliyyəti kimi
Qədim dövrdən başlayaraq, insanlar öz aralarında əməkdaşlıq etmək məcbuiyyətində olublar.
Sosial əlaqələr mürəkkəb olduqca, fərdlərin qarşılıqlı münasibətlərində əməkdaşlıqla yanaşı, rəqabət,
psixoloji qarşıdurma, mənafelərin əksliyi və məqsədə nail olmaq yollarının müxtəlifliyi də ifadə
olunmağa başlandı. Bu kimi ziddiyyətlərin kəskinləşməsi, onların intensivləşməsi son nəticədə fəal
qarşıdurmaya, münaqişələrə gətirib çıxarırdı.
Münaqişəli qarşıdurmanın əsas keyfiyyətləri aşağıdakılardır: münaqişə, konsensusla yanaşı,
ictimai münasibətlərin əsas keyfiyyətlərindən biridir; münaqişə, çox kəskin gərginlik və digər patoloji
hadisələrlə səciyyələnən insanın daxili durumudur; münaqişə insanın daxili vəziyyəti, həm də verbal və
qeyri-verbal şəkildə ifadə ollunan insan davranışının formasıdır; münaqişə – nəinki psixi gərgiqlik, o,
həm də xüsusi emosional vəziyyətdir; burada mənfi emosiyalar həm psixikanı, həm də münaqişə
tərəflərini bürüyür. Münaqişə məhz qeyd edilən əlamətləri ilə, özünə formasına görə yaxın, lakin
mahiyyətinə görə fərqlənən sosial qarşıdurma növlərindən fərqlənir (məs., yarış, rəqabət, idman yarışları
və s.).
Bütövlükdə münaqişə bu və ya digər sosial münasibətlərin müəyyən durumudur; belə durum
onun ümumi əsası kimi çıxış edir. Münaqişələr çox geniş yayılsa da, müvəqqəti hadisədir. Nəzərə almaq
lazımdır ki, cəmiyyətin daimi xassələri – razılıq, əməkdaşlıq, partnyorluq, dostluq və sevgi
münasibətləridir.
Qeyd olunmalıdır ki, münaqişə nəinki məqsədə nail olmaq üçün bir vasitədir, həm də «özü-
özlüyündə məqsəd və məzmun» daşıya bilər. İlk dəfə olaraq, buna G.Zimmel diqqət yetirmişdir. Məs.,
müxtəlif milli hərəkatların nümayəndələri, panklar, fanatlar və digər qruplar etiraz nümayişi keçirərək,
xuliqanlığa yol verirlər, deviant (normadan kənar) (köhnə latın sözü olan deviatio – «kənaraçıxma»
sözündən) davranışı nümayiş etdirirlər. Deviant davranışa nəinki mənfi davranış halları daxildir,
həmçinin, buraya yeniliyə meylilik, mühafizəkar ənənələrin aradan qaldırılmasında cəsarətlilik, elmi-
texniki və bədii yaradıcılığın müxtəlif növlərini də aid edirlər. Nəticədə yeniliçilik hamı tərəfindən eyni
şəkildə qəbul olunmadığı üçün münaqişə yaranır.
Münaqişənin vəzifəsi – həddindən artıq kəskinləşmiş ziddiyyətlərin fəth edilməsi, sosial əlaqələrin
sübyektlərinin maraqlar, qiymətvermələr və məqsədlərin ciddi şəkildə fərqlənməsi şəraitində yaranmış
qarşıdurmadan optimal çıxış yolunun tapılmasıdır. Əsrlər boyu «qızıl qayda» tapılmışdır: insan, digər
insanlarla münasibətlərində loyallığı (başqasının mövqeyinə hörmət), dözümlülüyü, xoş məramını,
ədalətliliyi ifadə etməlidir; ümumiyyətlə insanlar öz münasibətlərini qarşılıqlı etibarlılıqda, sözdə və işdə
bütöv olmasında qurmalıdırlar.
Məlumdur ki, insanlar istər işgüzar, istər şəxsi müstəvidə olan münasibətləri yalnız tərəflərin
qarşılıqlı güzəştlər və səbrlilik, əməkdaşlıq, münaqişə və ziddiyyətlərin həllinə meyllilik əsasında
qurmalıdırlar. Lakin insanlar həm də digərləri ilə qarşılıqlı fəaliyyət zamanı elə bir münasibət qurur ki,
nəticədə ziddiyyət və gərginlik, barışmazlıq və düşmənçilik yaranır.
Yuxarıda qeyd edildiyi kimi, münaqişəli vəziyyətin tərəflərinin keyfiyyət tərkibindən asılı olaraq,
dörd əsas münaqişə tipi müəyyən edilir: şəxsiyyətdaxili, şəxsiyyətlərarası, qrupdaxili və qruplararası
münaqişələr.
Şəxsiyyətdaxili münaqişə – insanın daxili aləmində əmələ gələn ən mürəkkəb psixoloji
münaqişələrdən biridir. Şəxsiyyətdaxili münaqişə – şəxsiyyətin daxili aləmində bir-birinə zidd olan
motivlərin (tələbatlar, maraqlar, dəyərlər, məqsəd və ideallar) toqquşması deməkdir.
Şəxsiyyətdaxili münaqişənin bir sıra xüsusiyyətləri var: münaqişənin strukturu baxımından
özünəməxsusluq (münaqişənin tərəfləri yoxdur), ifadəolunma və keçirilmə formalarını
özünəməxsusluğu (ağır dərd halına düşür), latentlik (gizli şəkildə olur, hər vaxt müşahidə olunmur).
Şəxsiyyətdaxili münaqişə o zaman yaranır ki, insana qarşı müxtəlif xarakterli, çox vaxt ziddiyyətli
tələblər irəli sürülür, bu tələblər isə onun şəxsi tələbatlar və yaxud dəyərləri ilə uzlaşmır.
Şəxsiyyətdaxili münaqişənin səbəbləri iki növ olur: daxili (şəxsiyyətin özündə mövcud olan
ziddiyyətlər); xarici (sosial qrupda və cəmiyyətdə şəxsiyyətin mövqeyi).
Şəxsiyyətdaxili münaqişəni yaradan əsas ziddiyyətlər aşağıdakılardır: ziddiyyət və sosial normalar
arasında; motivlər, maraqlar və tələbatlar arasında (məs., teatra getmək istəyi ilə vacib işi tamamlamaq
zərurəti arasnıda); sosial rollarda (istehsalatda əlavə iş vaxtı sərf etmək; digər tərəfdən, uşağı gəzintiyə
çıxarmaq); sosial dəyərlər və normalar arasında ümumbəşəri dəyər olan «öldürmə» ehkamı və döyüş
meydanında cəmiyyətin müdafiəsi arasındakı ziddiyyət).
Şəxsiyyətdaxili münaqişənin xarici səbəbləri aşağıdakı amillərlə müəyyən edilə bilər: şəxsiyyətin
qrupda vəziyyəti; şəxsiyyətin təşkilatda vəziyyəti; cəmiyyətdə şəxsiyyətin vəziyyəti.
Şəxsiyyətin qrupda vəziyyəti ilə müəyyən edilmiş xarici amillər müxtəlif ola bilər. Onların ümumi
əlaməti ondan ibarətdir ki, şəxsiyyət üçün müəyyən bir şəraitdə çox dərin məna kəsb edən, əhəmiyyətli
tələbatlar və motivlərin ödənilməsi mümkün deyil.
Təşkilat səviyyəsində şəxsiyyətdaxili münaqişəyə gətirib çıxaran səbəblər, məsuliyyət və
məhdudlaşdırılmış hüquqlar, tələbatlar və əmək şəraitinin qənaətbəxş olması, qarşıya qoyulmuş vəzifə
və onun yerinə yetirilməsi mexanizminin dəqiq müəyyənləşdirilməməsi və s. sahələrdə yaranan
ziddiyyətlər ola bilər.
Şəxsiyyətin cəmiyyətdə vəziyyəti ilə əlaqəli olan xarici səbəblər, sosial makrosistem səviyyəsində
yaranan və cəmiyyətin ictimai quruluşunun xarakteri, onun sosial strukturundan irəli gələn
ziddiyyətlərlə bağlıdır.
Z.Freydin psixoanaliz nəzəriyyəsində şəxsiyyətdaxili ziddiyyət, «O» və «Fövqəl-Mən» (yəni
instinktiv yönümlər və əxlaqi duyğular və tələbatlar) arasında mövcud olan zidiyyətin nəticəsində
yaranır. Psixoanaliz nəzəriyyəsinin həddlərində şəxsiyyətdaxili münaqişə nəzəriyyəsi üzərində K.Yunq,
A.Adler, K.Horni və digərləri işləyib hazırlamışdılar. Münaqişə şəxsiyyətin kəskin mənfi təəssüratlarında
ifadə olunur.
Şəxsiyyətdaxili nəzəriyyəsinin tədqiqini Amerika psixoloqu Karl Rocers (1909-1982-ci illər) öz
yaradıcılığında davam etdirdi. O, hesab edirdi ki, şəxsiyyətin strukturunun fundamental komponenti
«Mən-konsepsiya»dır; buraya şəxsiyyətin özü haqqında təsəvvürlər daxildir. Öz «Mən»in obrazı,
şəxsiyyətin ətraf mühitlə qarşılıqlı əlaqəsi zamanı formalaşır.
Digər Amerika psixoloqu Abraham Maslou (1908-1968-ci illər) da böyük populyarlıq qazanan bir
konsepsiyanı yratamıdır. A.Maslounun fikrincə, şəxsiyyətin motivasiyalar strukturunun əsasında bir sıra
təşkilati tələbatlar durur. Onların sırasında fizioloji, təhlükəsizliyə, sevgiyə, hörmətə, özünüifadə
olunmaya olan tələbatları qeyd etmək olar. Ən alisi – sonuncudur, çünki burada insanın imkanları,
qabiliyyət və talantları realizə olunur. Özünüifadəetmə – çox adamlarda var, lakin yalnız bəzilərində o,
reallaşır və həqiqətə çevrilir.
Konfliktoloji konsepsiyalarda şəxsiyyətdaxili münaqişələri növlərə böləndə, bir neçə əsası nəzərə
alırlar. «Fərdin və qrupun psixologiyası» əsərinin müəllifləri üç cürə belə münaqişəni fərqləndirirlər:
tələbatlar münaqişəsi; tələbatlar və sosial normalar arasında münaqişə; sosial normaların münaqişəsi. (3)
Şəxsiyyətdaxili münaqişələrinin daha dolğun təsnifatı A.Y.Antsupov və A.İ.Şipilov tərəfindən
verilir: onlar belə təsnifatın əsasını şəxsiyyətin dəyərlər – motivasiyalar sahəsində görürlər. Münaqişəyə
girən tərəflərdən asılı olaraq, onun əsas növləri göstərilir: motivasiyalarla bağlı olan, əxlaqi,
gerçəkləşdirilmiş arzularla bağlı olan, rol, adaptasiya münaqişələri, qeyri-adekvat (uyğun olmayan), bir
də nevrotik (əsəb sistemi ilə bağlı olan) münaqişələr. (4)
Şəxsiyyətdaxili münaqişələr öz nəticələrinə görə konstruktiv (funksional, səmərəli), ya da ki,
destruktiv (dağıdıcı, səmərəsiz) ola bilər. Konstruktiv xarakterli münaqişələr şəxsiyyətin inkişafı üçün
zəruridir. Destruktivlər isə şəxsiyyət üçün müəyyən təhlükə törədir: burada ağır təəssüratlanmalar stress
vəziyyətinə gətirib çıxarır, bunların da ən ağır forması – intihardır. Şəxsiyyətdaxili münaqişə –
şəxsiyyətin elə bir vəziyyətidir ki, eyni zamanda ziddiyyətli və bir-birini inkar edən motivlər, dəyərlər
yönümü və məqsədlər yaranır və insan həmin anda onların öhdəsindən gələ bilmir.
Ümumi şəkildə şəxsiyyətdaxili münaqişəni subyektiv mövcud durumu və arzuolunan durumu,
imkan və gerçəklik, aktual və potensialın arasındakı münaqişə kimi xarakterizə etmək olar.
Ən geniş yayılmış psixoloji münaqişələr sırasında şəxsiyytələrarası münaqişələri göstərmək olar.
Onlar əslində cəmiyyətdə bütün fəaliyyət sahələrini əhatə edir.
Alimlər haqlı olaraq qeyd edirlər ki, şəxsiyyətlərarası münaqişə – insan nəslinə xas olan ən qədim
fəaliyyət üsullarından biridir. Bəziləri hesab edirlər ki, münaqişənin bu növü şəxsiyyətin daxilində gedən
mübarizədən əvvəl yaranıb, çünki insanlar öz daxili aləmini araşdırmazdan əvvəl fərdlərarası ünsiyyətdə
iştirak edirlər.
Şəxsiyyətlərarası münaqişələr - ayrı-ayrı fərdlərin sosial və psixoloji qarşılıqlı təsirinin nəticəsində
öz aralarında toqquşması deməkdir. Bu – qarşılıqlı fəaliyyət quran subyektlərin açıq qarşıdurmasıdır;
burada ziddiyyətlər, konkret şəraitdə üst-üstə düşməyən əksməqsədlər kimi çıxış edir. Ziddiyyətlər
ictimai həyatın müxtəlif sahələrində yarana bilər – məişət, iqtisadi, siyasi və s. Fərdlərarası ziddiyyətlər
mülkiyyət üstündə, xasiyyətləri bir-birinə uyğun gəlməyəndə, xırda hərc-mərclik üstündə yaranır.
Müxtəlif xasiyyətli, temperamentli insanlar, bir-birilə heç cürə yola gedə bilmirlər.
Şəxsiyyətlərarası münaqişələr özünəməxsusluğa malikdir: insanların ziddiyyətləri, şəxsi motivlərin
toqquşması nəticəsində dərhal, yerindəcə baş verir; burada bütün məlum olan ümumi və xüsusi,
obyektiv və subyektiv səbəblər ifadə olunur; burada xasiyyət, temperamentin yoxlanılması meydanıdır,
belə demək olar ki, «poliqondur», qabiliyyətlər, intellekt, iradə və digər keyfiyyətlərin ifadə olunması
vasitəsidir; yüksək emosionallıq müşahidə edilir; nəinki münaqişədə olan, həm də onlarla birbaşa əlaqəli
olan maraqlarına toxunur.
Şəxsiyyətlərarası münaqişənin yaranması işində əsas rolu ziddiyyətlər oynayır. Hər hansı bir
hadisəyə olan baxışlar, qiymətvermələr üst-üstə düşməyəndə, ziddiyyətlər yaranır, mübahisə doğurur.
Əgər belə vəziyyət iştirakçıların birinə təhlükəli görünərsə, onda münaqişəli vəziyyət yaranır. Münaqişəli
vəziyyət zamanı tərəflərdə, hər hansı bir obyekti ələ keçirmək işində əksmövqe və məqsədlər yaranır.
Məs., tədris qrupunda tələbələr arasında lider olmaq arzusu yaranır. Münaqişənin yaranması üçün
burada istənilən bəhanə, yəni hər hansı bir hadisə, hətta üçüncü tərəfin iştirakı da ola bilər. Burada belə
bir bəhanə hər hansı bir tələbənin, lider olmaq istəyinin haqqında rəyin yayılması ola bilər.
Münaqişəli vzəiyyətdə onun sübyekti və obyekti aşkarlanır. Şəxsiyyətlərarası subyektlər – öz
maraqlarını müdafiə edən, məqsədlərinə nail olmağa çalışan iştirakçılardır. Münaqişənin obyekti – onun
iştirakçılarının meyl saldıqları bir şeydir. Bu, həmin məqsəddir ki, qarşıdurma iştirakçılarının hər biri ona
nail olmağa çalışır. Belə vəziyyətdə münaqişənin predmeti isə – subyektlərin əks maraqlarını ifadə edən
ziddiyyətlərdir.
Şəxsiyyətlərarası münaqişələrin səbəbləri müxtəlif ola bilər, çünki onlar həyat fəaliyyətinin bütün
sahələrində mövcuddur. Məs., təşkilatda münaqişələr ehtiyatların bölünməsi sahəsində, kommunikasiya
vasitələrində nasazlıq üzərində məqsədlərdə olan fərqlərdən, fərdi-psixoloji xüsusiyyətlərindən, bir sıra
(status, rol, mövqe və s.) sosial-psixoloji hadisələr üzündən baş verə bilər.
Qrup münaqişələri - qarşıdurma tərəflərindən heç olmasa biri kiçik qrup olduğu təqdirdə, qrup
münaqişəsi yaranır. Belə qarşıdurma bir-birinə zidd mövqeli qrup motivlərin əsasında yaranır. Qrup
münaqişələrin iki əsas növünü göstərmək olar: qrupdaxili («şəxsiyyət-qrup» münaqişəsi); qruplararası
(«qrup-qrup» münaqişəsi).
Qrupdaxili münaqişənin
«şəxsiyyət-qrup» növündə durur. Münaqişənin bu növü
şəxsiyyətlərarası münaqişədən əsaslı şəkildə fərqlənmir, burada fərq onun çoxölçülülü olmasındadır.
Qrupa bir çox münasibətlər daxildir, o, müəyyən şəkildə təşkili olunub, burada formal və/yaxud qeyri-
formal lider var və s. Münaqişənin şəxsiyyətdaxili və şəxsiyyətlərarası səbəblərinə qrup təşkilatı ilə
müəyyən edilən səbəblər də əlavə olunur.
Şəxsiyyət və qrup arasında münaqişələr qrupunun daxilidə mövcud olan qarşılıqlı münasibətlərin
inkişafı nəticəsində yaranır; bəzən burada özünəməxsus xüsusiyyətlər də yaranır. Birinci xüsusiyyət
münaqişənin strukturu ilə bağlıdır; münaqişə ilə bağlı fəaliyyət şəxsi və qrup motivlərinin toqquşması
əsasında aparılır. İkinci xüsusiyyət – nəzərdə tutulan munaqişənin səbəblərinin mahiyyətini özündə əks
etdirir. Səbəblər isə bilavasitə fərdin qrupda mövqeyi ilə bağlıdır; bu mövqeyi «vəziyyət», «status»,
«daxili ustanovka», «rol», «qrup normaları» kimi anlayışlar xarakterizə edir. şəxsiyyət və qrup arasında
yaranan münaqişələrin səbəbləri birbaşa rol gözlmələri ilə bağlıdır; şəxsiyyətin statusuna daxili
ustanovka («gözləmə») uyğun gəlməyəndə, rol gözdəmələri pozulanda münaqişə baş verir. Üçüncü
xüsusiyyət – öz əksini hər hansı bir münaqişənin ifadəolunması formalarında tapır; məs., qrup tərəfindən
sanksiyalar (cəza tədbirləri) tədbiq olunur, qrupun üzvləri münaqişədə olanla qeyriformal ünsiyyəti
kəsirlər; münaqişə edəni kəskin şəkildə tənqid edirlər, bəzən onda eyforiya (yüksək əhval-ruhiyyə)
yaranır və s.
Qruplararası münaqişə – əks mövqeli qrup motivlərin, maraqların, dəyərlər və məqsədlərin
toqquşması nəticəsində yaranır. Belə münaqişələrin səciyyəvi cəhəti məhz qeyd edilən xüsusiyytədir.
Münaqişələrin belə növü müxtəlif ölçüdə (kiçik, orta, iri) qruplar arasında ola bilər.
Kiçik sosial qrup (KSQ) – bilavasitə ünsiyytdə olan, ümumi məqsəd və vəzifələri həyata keçirən
(ailə, briqada, qrup) insan birliyidir. Orta sosial qrup (OSQ) – nisbətən müstəqil, ictimai əmək bölgüsü
sistemində öz statusuna və funksiyalarına malik olan təşkilatdır (müəssisə, tədris ocağın, hərbi hissənin
kollektivi). Böyük sosial qrup (BSQ) – bütün üzvləri üçün ümumi olan iqtisadi, siyasi, dini və s. əlamətlər
əsasında formalaşan insan qrupudur (sosial sinif, siyasi partiya, laylar, etnik birliklər, milli qurumlar, iri
dini birləşmələr).
Sosial qrupların müxtəlif səviyyələri münaqişələrin yarışması və həllolunma üsullarında öz
xüsusiyyətlərinə malikdir. Məs., kiçik qrup səviyyələrində qruplararası münaqişələrin yaranmasında
qrupların sosial identifikasiyası amili böyük rol oynayır. O, qrupa aidolma duyğusunun
formalaşdırılmasında, özünü digər üzvləri ilə eyniləşdirilməsində «onlar» və yaxud «bizimki
olmayanlar» mövcudluğundan fərqli olan «biz» mövhumunun yaradılmasında istifadə olunur.
Qender münaqişələrinin növləri və ifadəolunma sahələri
Müasir dünyada baş verən sosial-iqtisadi və siyasi dəyişikliklər, ictimai həyatın sərt templəri qadın
və kişilərdən bir sıra şəxsi keyfiyyətlərinin səfərbər olunmasını tələb edir, məs., «Mən» obrazının çevik
şəkildə uyğunlaşdırılması, öz hiss və duyğularının digər insanların motiv və hərəkətlərinin düzgün
qiymətləndirilməsi.
Qenderin çoxtərəfli quruluşu dörd qrup keyifyytələrlə xarakterizə olunur: bioloji cins, qender
stereotipləri, qender normaları və qender identikliyi (bənzədilməsi). (5)
Əvvəlki mühazirələrdə qeyd edildiyi kimi, qender identikliyi – özündəşüurun bir aspektidir
(cəhəti). Burada insan özünü müəyyən cinsin nümayəndəsi olduğunu dərk edir. Bu xüsusiyyət şəxsiyyəti
müəyyən edən başlıcasıdır; o, kişi və ya qadın cizgilərinin psixoloji interiorizasiya (mənimsəmə)
nəticəsində yaranır, sosiallaşma prosesi, «Mən»in digər insanlarla ünsiyyəti zamanı əmələ gəlir.
İnsanın sosiallaşmanın istiqamətlərindən biri – onun öz cinsi mənsubiyyətinin dərki və qender
identikliyinin formalaşmasıdır.
Qender sosiallaşması prosesi müxtəlif sosial və mədəni vasitələrlə müəyyən olunur və
istiqamətləndirilir. Bunun üçün hər bir cəmiyyətdə müəyyən qender rolları mövcuddur (6).
Amerikalı sosial psixoloqlar M.Doyç və R.Krauss qeyd edirlər ki, «rol» anlayışının çox əhatəli
tərifini axtarmaq məqsədəuyğun deyil; burada, müəlliflərin əksəriyətinin nəzərdə tutduqları sosial
davranışın müəyyən aspektlərinin qeyd edilməsi kifayətdir. Bu aspektlər aşağıdakılardır:
-
cəmiyyətdə mövcud olan, fərdin davranışına və digər fərdlərlə qarqılıqlı fəaliyyətinə aid gözləmələr
sistemi kimi başa düşülən rol;
-
fərdin özünə aid olan spesifik gözləmələr sistemi olan rol, yəni digərləri ilə münasibətləri qurarkən,
o, öz davranış modelini necə təsəvvür etməsi ilə bağlı olan rol;
-
müəyyən mövqe tutan fərdin açıq, müşahidə edilə biləcək davranış tərzini bildirən rol (7).
Sözün geniş mənasında rol, şəxsiyyətlərarası sistemdə insanların davranış tərzini bildirir; davranış
tərzi isə öz növbəsində mövcud cəmiyyətdə qəbul olunmuş normalar, qaydalar və gözləmələr toplusuna
uyğundur və insanların cəmiyyətdə tutduqları mövqedən asılı olur. Qender rolu dedikdə, insanın, kişi və
ya qadın statusuna aidiyyatını bildirən sosial standartlar və stereotiplər sisteminə uyğunluğu nəzərdə
tuturlar.
Stereotip – qrupdakı insanların şəxsi keyfiyyətləri haqqında rəydir; bu rəy qeyri-dəqiq və
həddindən artıq ümumiləşdirilmiş ola bilər. Stereo-tiplər (o cümlədən qender) tez-tez insanlar haqqında
həddindən artıq şərti və sadələşdirilmiş təsəvvürləri yaradır, digər insanlar haqqında gözləmə və
mövqelərı (müəyyən edilmə) formalaşdırırlar. Hətta şəxsiyyətin özü haqqındakı təsəvvürlər də
stereotiplərlə sıx əlaqədə ola bilər.
Öz bacarıqlarını aşkarlyan qadın, imkanlarını realizə etmək yolunda tez-tez, qadının cəmiyyətdə
yeri və rolu haqqındakı təsəvvürlərlə toqquşur və münaqişəli vəziyyətə düşür; ola bilsin ki, burada özü
bir şəxsiyyət olaraq, özü-özü ilə də qarşıdurmaya çıxır. Qadınlar özünə qarşı hədsiz tələbkarlıqla, işə
qəbul zamanı işdə vəzifə paylananda hüquqların pozulması ilə rastlaşırlar; bütün bunlar qadınları özünü
ifadə etmək imkanından məhrum edir, müxtəlif münaqişələrə gətirib çıxarır.
Qender steteotipləri kişilərə də mənfi təsir göstərir. Onlarda da çoxu müvəffəqiyyətin rəmzləri
sayılan normalara (status, fiziki, zehni sabitlik, antiqadınlıq) uyğun gəlmir, nəticədə stress əmələ gəlir,
əvəzi çıxmaq arzusu irəli sürülür: onlar çalışır ki, emosiyalara varmasınlar, öz cinsindən olanlara fabiya
göstərirlər (qorxu), rəqabətə, müvəffəqiyyətə nail olma meylini beynindən çıxara bilmirlər.
Qender reallarının sosial-psixoloji təhlili, şəxsiyyətlərarası, şəxsiyyətdaxili rollarla bağlı
münaqişələr kimi psixoloji problemlər haqqında düşünməsinə imkan verir.
Hər hansı bir sosial rolunu yerinə yetirən fərdin davranışı gözlənilən nümunəyə uyğun gəlirsə, o
uğurlu sayılır. Fərd vəzifələri (rolları) lazımi qaydada yerinə yetirmək üçün bir sıra amilləri nəzərə
almalıdır: öz rolunun bilməsi; yerinə yetirilən rolunun əhəmiyyətli olması; üzərinə aldığı rolunun
öhdəsindən gəlmək, öz real davranışını düşünüb təhlil etmək bacarıqları.
Rolun yerinə yetirilməsində yaranan qüsurlar münaqişəni yarada bilər. Rol münaqişəsi dedikdə,
müəyyən statusa malik olan fərdin, özünə uyğun olmayan gözləmələri ilə qarşı-qarşıya çıxmaq
məcburiyyətində qalması nəzərdə tutulur. İki cürə rol münaqişəli olur: rollararası və rolun daxilindəki
münaqişələr. Rollararası münaqişə o zaman yaranır ki, fərd, eyni zamanda bir neçə rolu yerinə yetirdiyi
üçün onların öhdəsindən gələ bilmir, keyfiyyəti itir, münaqişəli vəziyyət yaranır. Roldaxili münaqişə,
müəyyən bir rolu yerinə yetirən adama, ona əhəmiyyətli olan adamlar ya müxtəlif sosial qruplar
tərəfindən irəli sürülən ziddiyyətli tələblərin üzündən yaranır.
Müəyyən bir cinsin nümayəndələri, sosial rollarında qender stereotipləri qazanaraq, həm də
qender münaqişələrinin yaranmasına zəmanət alırlar (ilk növbədə şəxsiyyətdaxili səviyyədə). İnsan,
müxtəlif bir-birinə zidd olan təsəvvürlər, motivlər, davranış modellərilə üzləşərək, öz daxilində müəyyən
bir vəziyyətə düşür. (8) Qadınların rol davranışına olan ənənəvi normativ tələblər və onların həyat
fəaliyyətində yaranan real situasiyanın qarşıdurmasının ən parlaq ifadəsi – sosial-psixoloji ədəbiyyatda
«işləyən qadının rol münaqişəsi» adlanan fenomendir. Bu münaqişə qadının böyük miqdarda sosial-
rolların yerinə yetirməsi ilə bağlıdır; onun nə vaxtı, nə gücü bu rolların mükəmməl yerinə yetirilməsi
üçün çatışmır. İşləyən qadının rol münaqişəsi – onun, peşəkar və ailə sahələrində rolların öhdəsindən
gəlməsinə mənfi qiymət verilərkən yaranan subyektiv mənfi təəssüratlar kompleksidir.
Rol münaqişəsinin ən ifadəli, dağıdıcı təsirə malik olan göstəricisi – qadında, öz rollarını qavramaq
tərzindən irəli gələn günahkarlıq hissinin yaranmasıdır. Günahkarlıq hissi çox sabit, davamlı və ifadəli
olur – qadının uşaqlara, ərinə, işə, özünə olan münasibətlərində bu hiss özünü büruzə verir.
Şəxsiyyətdaxili qender münaqişələrinin ehtimalı o zaman artır ki, insan, öz arzu və istəklərinin əksinə
olaraq, müəyyən sosiomədəni göstərişlərə əməl edir («kişi belə özünü aparmaz», «qadın belə etməz»).
Şəxsiyyətdaxili münaqişəsinin daha bir ifadəsi – ekzistensial (köhnə lt. exsistentia – insan
mövcudluğu) böhran vəziyyətidir. Burada insanın yaşaması belə sual işarəsi altına alınır, dünyaya
münasibəti və öz varlığının mənasının axtarışı problemi ön plana çəkilir. Belə münaqişə, müəyyən bir
səbəblər üzündən yarana bilər: insan qəflətən öz həyatının fundamental, yəni ölüm-dirim məsələləri ilə
üzləşə bilər, məs., vacib bir məsələnin həllində qərarın qəbul olunması, davranışında, yəni müəyyən bir
məsələyə münasibətində dəyişiklik etmək, digər adamlarla yeni münasibətlərin qurulması zərurəti və s.
Kişilər öz həyatında yeganə və ən əsas meyarı peşəkarlıq fəaliyyəti mənsəbinə çatmağını nəzərdə
tutduqları üçün, işi itirəndə və yaxud təqaüdə çıxanda ekzistensial münaqişəsi vəziyyətinə düşürlər.
Qadınlar isə, sırf qadın vəzifəsini, yəni ana olmaq, evin ocağını qorumaq vəzifəsini reallaşdırarkən, artıq
böyümüş uşaqların, ailəsindən psixoloji cəhətdən ayrılan zaman ekzistensial böhran vəziyyətinə
düşürlər. Ekzistensial münaqişə, həyatın adi axarını pozaraq, insanı öz ömrünə yenidən qiymət verməyə
vadar edir. Belə münaqişənin fəth edilməsi onun üçün həyati əhəmiyyət kəsb edir; nəticədə isə həyatda
hansısa yeni keyfiyyətlər, yeni şərait meydana gəlir.
Gündəlik həyatda bu və ya digər münasibətlər modelinin (məs., partnyorluq və yaxud asılılıq
münasibətlərinin) çəciyyəvi cəhətlərini üzə çıxarmaq bir o qədər asan iş deyil. Psixoloji ədəbiyyatda
münaqişəli vəziyyətdə səmərəli və səmərəsiz davranış üsulları təsvir edilib. Səmərəli üsullara –
əməkdaşlıq, kompromis (qarşılıqlı güzəşt), səmərəsizlərə isə – rəqabət, düşmənçilik, uyğunlaşma və
boyunqaçırma kimi üsulları aid etmək olar. Burada yaranan hər hansı bir ziddiyyət kişi və qadın
arasında gedən mübarizənin təzahürü kimi qiymətləndirilir; nəticədə kimsə (ehtimal ki, kişi) mütləq
qalib gəlməlidir. Münaqişə iştirakçısı bütün mümkün vasitələrdən istifadə edir ki, öz istədiyinə nail
olsun, maksimum dərəcədə arzuladığını əldə etsin, partnyorun üzərində üstünlüyə malik olsun. Əksər
kişilər daha çox üstünlük etməyə meyllidir, qadınlar isə – daha çox asılılıq və tabeçilik sistemindən irəli
gəlirlər.
İndiki psixoloqlar insan gələcəyini, qarşılıqlı fəaliyyətdə partnyorluq əlaqələrin bərqərar olması ilə
bağlayırlar. Jəmiyyət, hökmranlıq, hakimiyyət, vəzifə, mövqe uğrunda mübarizənin üzündən məhv ola
bilər. Qender yanaşması mütərəqqi tərzdə düşünən psixoloqlara mütərəqqi imkan verir ki, onlar,
bərabərhüquqlu, qarşılıqlı partnyorlu fəaliyyət dəst-xəttiiləə əsasslanan universal insan psixologiyasını
yaratmış olsunlar.
Azərbaycanda hüquqi dövlətin qurulması və vətəndaş cəmiyyətinin yaradılması məsələsi bizdən
istər nəzəriyyə, istərsə də praktikada qender yanaşması ilə bağlı olan bir çox sosial problemlərin həllini
tələb edir. Kəskin sosial ziddiyyətlər belə bir qənaətə gətirib çıxarır ki, qender iyerarxiyası zorən təkrar
istehsal olunur – söhbət birinci növbədə hakimiyyətdə qalmaq və özünəməxsus olan sosial rollarını
qoruyub saxlamaqdan gedir.
Qender iyerarxiyası problemi müasir Azərbaycan cəmiyyətində də münaqişə üçün imkanlar
yaradır. Azərbaycan Respublikasının Konstitusiyası və qəbul olunan çoxsaylı qanunvericilik aktları
qadın və kişi bərabərliyini bəyan edirlər. Məs., Azərbaycan Konstitusiyasının 25-ci maddəsində qadın və
kişilərə bərabər hüquq və azadlıqların, irqindən, millətindən, dinindən, dilindən, cinsi
mənsubiyyətindən, vəzifə və maliyyə vəziyyətindən asılı olmayaraq verilir və müdafiə olunur. (9)
Əslində isə ölkədə istər açıq, istər qapalı şəkildə diskriminasiya dərinləşir.
Bir sıra hallar, o cümlədən şəxsi və ictimai həyat sahələri arasında, kişi və qadınların gəlirlərində
böyük fərqlər, işsizliyin yüksək həddi, qərarların qəbul olunmasında qadınların az təmsil olunması, ana
və uşaqların mühafizəsi üzrə zəif maddi təminatı – hələ bu siyahı tam deyil – respublikada qender
münaqişələrinə gətirib çıxarır.
Respublikada keçirilmiş tədqiqatlar göstərir ki, qadınlar öz hüquqlarına tam çatmaq işində bir sıra
əngəllərlə rastlaşırlar: mövcud qanunvericilik və icraedicilik mexanizmləri arasında uyğunsuzluq;
əhalinin hüquqi savadlılığının aşağı səviyyədə olması, hüquqi prosedurlarla az tanış olması; qadınların
qanunverici, icraedici və məhkəmə orqanlarında az təmsil olunması; qadın və kişilərin mövcud hüquq və
azadlıqlar haqqında kifayət qədər məlumatın olmaması. (10)
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. Münaqişələrin təsnifatının mümkünliyinin əsaslarını göstərin?
2. Şəxsiyyətdaxili və şəxsiyyətlərarası qender münaqişələrin səbəbləri nədədir?
3. Azərbaycanda qender münaqişələrin əsas səbəblərini sadalayın?
İş üsulları – diskussiya, münaqişələrin müxtəlif psixoloji kosnepsiyaların təhlili; «Şəxsiyyətdə
təcavüzkarlıq meyllərinin qiymətləndirilməsi» testi
TEST
«Şəxsiyyətin təcavüzkarlıq meyllərinin qiymətləndirilməsi»
Təlimat. Hər bir sualda cavabın variantını seçin. Əgər hansısa sualın cavabını tapa bilməsəniz,
balları toplayanda onu 2 balla qiymətləndirin.
1. Münaqişədən sonra barışmaq yolunu axtarırsınızmı?
a. həmişə
b. bəzən
c. heç vaxt
2. Tənqidi situasiyada özünüzü necə aparırsınız?
a. daxildə coşub–daşıram
b. tam sakitəm
c. hövsələdən çıxıram
3. Həmkarlar sizin necə olduğunuzu deyir:
a. özündən razı
b. yaxşı dost
c. sakit
4. Sizə məsul, amma riskli vəzifəni təklif etsələr nə edərsiz?
a. qəbul edərəm, amma həm də bir qədər çəkinərəm
b. şübhə etmədən razılaşaram
c. öz qulağımın dincliyi mənə hər şeydən artıqdır.
5. Əməkdaşlardan biri sizin masadan, icazə almadan, bir sənəd götürsə, onda:
a. ona «yaxşıca» cavab verərəm
b. qaytarmasını istəyəcəm
c. məhəl qoymayacağam.
6. Ömür
yoldaşınız işdən həmişəkindən gec qayıtdı. Ona nə deyəcəksiniz?
a. Niyə gejikmisən?
b. «İndiyə qədər haralardasan?»
c. «Mən nigaranam» (Subaylar üçün variant: Görüşə gejikəndə nə deyəcəksiniz?)
7. Minik
avtomobilində (özünün və ya avtodromda uşaqla bir yerdə) özünüzü necə apararsınız?
a. sizi ötməyə heç kəsi qoymursunuz
b. neçəsi ötürsə ötsün, fərqi yoxdur
c. elə sürəcəksiniz ki, heç kəs sizə çatmasın (avtodromda başqa maşınları əzəcəksiniz)
8. Dünya
baxışlarınız:
a. təmkinliyəm
b. tez dəyişənəm
c. sabitəm
9. Bir
iş baş tutmursa, onda:
a. günahkarı tapıram, yanımdakılardan
b. bununla barışıram
c. bir qədər də ehtiyatlı oluram
10. Müasir gənclərin pozulması haqqında fikirləri necə qəbul edirsiniz?
a. onları cəza məqsədilə həbs etmək lazımdır
b. görünür ki, möminlik dünyada qalmayıb
c. əxlaqi polisi yaratmaq, günahkarı cərimələndirmək lazımdır
11. Əgər arzuladığınız vəzifəni başqasına versələr, ürəyinizdən hansı duyğu keçəcək?
a. «Nahaq yerə bu qədər həyəcanlanıram»
b. «Görünür ki, müdirin ürəyinə yatıb!»
c. «Bəlkə gələn dəfə alındı»
12. Qorxulu kinoya baxanda:
a. qorxuram
b. darıxıram
c. əsil həzz alıram
13. Oyuna, rəqabətə münasibətiniz:
a. çalışıram qalib gəlim
b. olimpiyaçılar kimi «əsas-qalib gəlmək yox, iştirak etməkdir» düşünürəm
c. uduzanda çox heyfslənirəm
14. Birdən yolda gərgin vəziyyət yarandığından vacib müşavirəyə gejikirsəniz onda:
a. iclas zamanı çox həyəcanlı olaram
b. çalışaram özümə bəraət qazandıram
c. məyus olacağam
15. Kafe, restoranda Sizə pis qulluq etsələr, nə edəcəksiniz?
a. davadan qaçacağam, susaram
b. inzibati işçini çağıraram
c. restoranın ( kafenin) müdürünə şikayət edərəm
16. Uşağı ( kiçik bacını, qardaşı) məktəbdə incitsələr , onda
a. müəllimlə söhbət edəcəyəm
b. «cinayətkar»ın valideynləri ilə dalaşacağam
c. uşağa deyərəm ki, «cavabını» versin
17. Siz necə adamsınız?
a. özündən bir o qədər əmin olmayan
b. özümdən əminəm
c. Mənə inadlı, bəziləri isə «bəxti gətirən» deyirlər
18. Qapıda ya özündən yaşca kiçik, ya vəzifədə asılı olan adamla toqquşsanız, o da sizdən üzr istəsə, siz
deyəcəksiniz:
a. «Üzr istəyirəm, günah məndədir»
b. «Nə olar, boş şeydir»
c. «Bir az diqqətli olun!»
19. Yeniyetmələr arasında xuliqanlıq halları haqqında qəzetdən eşitcək nə deyəcəksiniz?
a. «Niyə bunlara məhəl qoyan yoxdur?»
b. «Əzişdirmək, sonra da kalona yollamaq»
c. «Günahı həm də onlara tərbiyə verənlərdə axtarmaq lazımdır»
20. Yenidən dünyaya gəlsəydiniz, özü də heyvan sifətində, hansı heyvan olmaq istərdiniz?
a. pələng
b. pişik
c. ayı
NƏTİCƏLƏRİN YEKUNLAŞDIRILMASI:
Cavab Suallar
2 3 4 5 6 7 8 9 10
11
12
13
14
15
16
17
18
19 20
a
2 3 2 3 2 2 2 3 3 1 3 3 1
1
1
1
1 2 3
b
1 2 3 2 3 1
1 2 1 3 1
1 2 2 3 2 2 3 1
c
3
1
1
1
1 2 2 1 2 2 2 2 3 3 2 3 3 1 2
5-44 xal. Sizdə təcavüzkarlıq mülayimlik dərəcəsindədir, amma həyatda kifayət qədər sağlam əzm və
şöhrətpərəstliyin hesabına öz yolunuzu qətiyyətlə fəth edirsiniz.
45 və daha artıq xal. Siz çox təcavüzkarsınız, başqa insanlarla qəddar olursunuz, təmkinli deyilsiniz.
Vəzifəyə can atırsınız, müvəffəqiyyəti başqaların maraqlarını qurban verib qazanmaq istəyirsiniz, ona
görə də iş yoldaşlarınızın sizə olan qərəzli münasibəti də sizi düşündürmür, fürsət düşən kimi əvəzini
çıxırsınız.
34 və daha az xal. Siz çox mülayimsiniz, ola bilsin ki, öz qüvvə və imkanlarınızda bir o qədər əmin
deyilsiniz. Şübhəsiz, iş elə yerə çatmayıb ki, sizi hər bir zərbə sarsıtsın. Amma bir az cəsarəti artırmaq
yerinə düşər.
Yeddi və daha çox sual üzrə üç xal, yeddidən az sual üzrə isə – bir xaldan toplamısınızsa, Sizin
təcavüzkar, dəliqanlı olmağınız xeyrinə yox, zərərinizə işləyir. Siz düşünmədən qərarı qəbul etməyə, söz
güləşdirməyə can atırsınız. İnsanları saymırsınız, yerli – yersiz gərginlik yaratmaq xasiyyətiniz var.
Yeddi və daha çox sual üzrə bir xal, yeddidən az sual üzrə 3 xaldan toplamısınızsa, Siz həddindən
artın qaraqabaqsınız. Yəni sizdə təcavüzetmə meylləri var, amma onları aşkarlamaqdan çox
qorxursunuz.
ƏDƏBİYYAT
1. Мельник В.А. Политология. Учеб. 2-е изд. – Минск, 1997
2. Конфликтология / Под ред. В.П.Ратникова. – М., 2001
3. Робер М.-А., Тильман Ф. Психология индивида и группы. – М., 1988
4. Анцупов А.Я., Шипилов А.И. Конфликтология. – М., 1999
5. Майерс Д. Социальная психология. – СПб., 1997
6. Хрестоматия к курсу «Основы гендерных исследований» / Отв.ред. О.А.Воронина и др. – М., 2000
7. Андреева Г.М. и др. Зарубежная социальная психология XX столетия. Теорет. подходы: учеб.пособ.
для вузов. – М., 2001
8. Клецина И.С. Гендерный подход и внутриличностные конфликты / Женщина. Образование.
Демократия. Материлаы второй международной междисциплинарной научно-практической
конференции. - Минск, М., 2000
9. Azərbaycan Respublikasının Konstitusiyası. – B., 2003
10. Нахичеванлы А.Г. Этика и политика: история и современность. – Б., 2000
Dostları ilə paylaş: |