Müqəddİmə Bir neçə zəruri xatırlatma


Oruc tutan şəxsə məkruh olan işlər



Yüklə 9,34 Mb.
səhifə42/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   38   39   40   41   42   43   44   45   ...   88

Oruc tutan şəxsə məkruh olan işlər


Məsələ 1398: Oruc tutan şəxsə bir neçə iş məkruhdur:

1. Gözə dərman tökmək;

2. Sürmə çəkmək , əgər dadı, iyi boğaza çatarsa;

3. Zəifliyə səbəb olan işləri görmək, qan almaq, hamama getmək kimi;

4. Burunotu çəkmək, əgər boğaza çatacağını bilməsə; amma əgər boğaza çatacağını bilsə caiz deyildir;

5. Ətirli bitkiləri iyləmək;

6. Ehtiyata görə, qadının suda oturması;

7. Ehtiyata görə, qeyri-maye şeylərlə imalə etmək ;

8. Bədəndəki paltarları islatmaq;

9. Diş çəkdirmək, ağızdan qanın gəlməsinə və zəifliyə səbəb olan bütün işlər ;

10. Təzə çubuqla dişi fırçalamaq;

11. Məninin çölə gəlməsi qəsdi olmadan həyat yoldaşını öpmək, yaxud şəhvətini təhrik edən hər bir iş görmək. Amma məninin çölə gəlməsi qəsdi ilə olsa, orucu batildir.


Qəza və kəffarə vacib olan yerlər


Məsələ 1399: Orucu batil edən şeyləri bilərəkdən və mə’lumatlı olan halda yerinə yetirmək orucu batil etməklə yanaşı, qəza və kəffarəyə də səbəb olur. Lakin, məsələni bilmədiyindən olsa, kəffarəsi yoxdur, lakin, ehtiyata əsasən, qəzasını yerinə yetirsin. İnsanın qürubun olub-olmamasında şəkk etməsinin hökmü də belədir.

Məsələ 1400: Əgər bir şəxs məlumatsızlıq və məsələni bilməzlik üzündən, haram bildiyi işi yerinə yetirsə, lakin bu haram işin orucu batil etməsini bilməsə, ehtiyata görə, kəffarə ona vacibdir.

Orucun kəffarəsi


Məsələ 1401: Ramazan ayının orucunun kəffarəsi üç şeydən ibarətdir: 1-Bir qul azad etmək; 2-İki ay oruc tutmaq; - 3-Altımış fəqiri doyurmaq (Onların hər birinə bir müdd (təqribən, 750qm) buğda, arpa və bunlara oxşar qidalardan versə, kafidir). Bu günümüzdə qul azad etmək imkanı yoxdur. Bu baxımdan, iki şeydən birini icra etməyə ixtiyarı var. Həmçinin, buğdanın yerinə bir müdd miqdarında olan çörək də verə bilər.

Məsələ 1402: Əgər bu üç işdən heç birini yerinə yetirmək imkanı olmasa, neçə müddə imkanı çatsa, fəqirə verməlidir. Əgər buna da imkanı çatmazsa, on səkkiz gün oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, neçə günə imkanı çatsa oruc tutmalıdır. Əgər bunu da edə bilməsə, tövbə etməlidir. Qəlbində “Əstəğfirullah” deməsi də kafidir və sonradan imkanı çatdıqda kəffarə verməsi vacib deyil.

Orucun kəffarəsinin hökmləri


Məsələ 1403: Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs, vacib ehtiyata əsasən, onun 31 gününü ardıcıl tutmalıdır. Lakin, yuxarıda qeyd etdiyimiz 18 günlük orucu ardıcıl olaraq tutması lazım deyil.

Məsələ 1404: Əgər ardıcıl oruc tutmalı olan günlər arasında üzürsüz olaraq fasilə salsa, (orucların) hamısını əvvəldən başlamalıdır. Lakin, heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan getdikdən sonra davam etdirə bilər və yenidən başlaması lazım deyil.

Məsələ 1405: Əgər bir şəxs öz orucunu haram şeylə batil etsə, vacib ehtiyata əsasən, kəffarəsini cəm halda verməlidir. Yəni həm bir qul azad etməli, həm iki ay oruc tutmalı, həm də 60 fəqiri doyuzdurmalıdır (yaxud da onların hər birinə bir müdd-750 qram miqdarında olan yemək verməlidir). Əgər hər üçünü yerinə yetirmək imkanı olmazsa, mümkün olan qədərini yerinə yetirməlidir (İstər bu şey haram olsun şərab, zina kimi və istərsə də öz arvadı ilə heyz halında yaxınlıq etmək kimi olsun).

Məsələ 1406: Əgər oruc tutan şəxs Allah və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in adından yalan danışsa, cəm kəffarəsi deyil, bir kəffarə verməsi kafidir.

Məsələ 1407: Əgər oruc tutan şəxs ramazan ayının bir günündə bir neçə dəfə cima etsə, ona bir kəffarə vacibdir. Əgər onun ciması haram olsa, bir cəm kəffarəsi və həmçinin, əgər bir gündə bir neçə dəfə orucu batil edən başqa işləri yerinə yetirsə, hökmü eynidir.

Məsələ 1408: Əgər oruc tutan şəxs orucunu halal şeylə batil edib, sonra isə orucu batil edən haram bir iş görsə, vacib ehtiyata əsasən, hər biri üçün bir kəffarə verməlidir.

Məsələ 1409: Oruc tutan şəxs gəyirdiyi halda ağzına gələn şeyi udmamalıdır. Əks təqdirdə orucu batil olar, qəza və kəffarəsi var. Lakin, cəm kəffarəsi lazım deyil.

Məsələ 1410: Əgər bir şəxs müəyyən gündə Allah yolunda oruc tutacağını nəzir etsə və həmin günü bilərəkdən oruc tutmasa və yaxud öz orucunu batil etsə, kəffarə verməlidir (Onun kəffarəsi ramazan ayının kəffarəsi kimidir).

Məsələ 1411: Əgər e’timadsız bir şəxsin “qürub olmuşdur” deməsi ilə iftar etsə və sonra mə’lum olsa ki, qürub olmamışdır, ona qəza və kəffarə vacibdir.

Məsələ 1412: Əgər orucunu bilərəkdən batil edib sonra səfərə çıxsa, kəffarə üzərindən götürülmür. Lakin, bilərəkdən orucunu batil etsə və sonradan heyz, nifas və yaxud xəstəlik kimi üzr qarşısına çıxsa, ona kəffarə vacib deyil.

Məsələ 1413: Əgər ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə və sonradan şəban ayının axırı olması mə’lum olsa, ona kəffarə vacib deyil.

Məsələ 1414: Həmçinin əgər bir şəxs ramazanın axırı, yaxud şəvvalın əvvəli olduğunda şəkk etdiyi halda qəsdən orucunu batil etsə və sonradan bayram günü olduğu mə’lum olsa, kəffarəsi yoxdur.

Məsələ 1415: Əgər oruc tutan şəxs ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, əgər onu məcbur edibsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma əgər o cimaya razı olsa, hər birinə bir kəffarə vacib olur. Əgər orucu batil edən digər şeylərə məcbur etsə, günah etmişdir, amma kəffarə isə heç birinə vacib deyil. Lakin, orucunu yeyən şəxs qəzasını tutmalıdır.

Məsələ 1416: Oruc tutan qadın, oruc tutmuş ərini cimaya məcbur etdiyi halda yalnız bir kəffarə ona vacibdir və ərinin kəffarəsini verməsi lazım deyil.

Məsələ 1417: İlk halda cima etməyə məcbur edilən, lakin cima əsnasında bu işə razı olan qadının əri, vacib ehtiyata əsasən, iki kəffarə verməlidir. Qadına isə yalnız qəza vacib olur.

Məsələ 1418: Səfərdə olmaq və ya xəstəlik səbəbi ilə oruc tutmayan bir şəxs arvadını cimaya məcbur edə bilməz. Amma məcbur etsə günah etmişdir, lakin onun da kəffarəsini verməsi lazım deyil.

Məsələ 1419: Kəffarənin dərhal verilməsi lazım deyil. Lakin, “səhlənkarlıq edir” deyiminə səbəb olmamalıdır.

Məsələ 1420: Kəffarəni ödəməməyin üstündən neçə ilin keçməsinə baxmayaraq heç nə ona əlavə olunmaz.

Məsələ 1421: Orucun kəffarəsi üçün 60 fəqirə yemək verməyi seçən bir şəxs hər birinə bir müdd (təqribən, 750 qm) yemək verməlidir. Bir neçə nəfərə bir müdd- 750 qm (yemək) verə bilməz. Lakin, 60 fəqiri tapmadığı zaman bu işi görə bilər. Həmçinin, fəqirin yeməyi öz ailəsinə aparıb onlarla birlikdə yediyini yəqin etdiyi zaman ona ailə üzvlərinin hər biri üçün, hətta azyaşlı olsalar belə, bir müdd-750 qm yemək verə bilər.

Məsələ 1422: Ramazan ayının orucunun qəzasını tutan bir şəxsin zöhrdən sonra orucunu batil etməsi caiz deyil. Bu işi bilərəkdən gördüyü halda isə 10 fəqirin hər birinə bir müdd – 750 qm yemək verməlidir. Bunu bacarmadığı halda üç gün ardıcıl oruc tutmalıdır.

Orucun yalnız qəzası lazım olan yerlər


Məsələ 1423: Bir neçə halda orucun yalnız qəzası lazım olur, kaffarə isə vacib deyil:

1. Ramazan ayının gecələrinin birində cənabətli olub yatsa və sonra oyansa və sonra yenə də ikinci və yaxud üçüncü dəfə üçün yatıb oyanmadığı halda, vacib ehtiyata görə orucun qəzasını tutmalıdır. Lakin, birinci yuxudan oyanmasa, qəzası yoxdur və orucu da düzgündür.

2. Əgər orucu batil edən əməllərdən yerinə yetirməsə lakin, oruc niyyəti etməsə və ya orucunu yeməsini qəsd etsə və yaxud riyakarlıqla orucunu batil etsə.

3. Vacib ehtiyata əsasən, əgər ramazan ayında cənabət quslunu unudub, o hal ilə bir və ya bir neçə gün oruc tutsa;

4. Ramazan ayında sübhün açılıb-açılmamasında araşdırma aparmadan orucu batil edən bir iş görsə və sonradan sübh olduğu mə’lum olsa; Habelə əgər araşdırma aparandan sonra sübh olmasını güman və yaxud şəkk etsə. Lakin, araşdırma apardıqdan sonra sübh olmamasına yəqin edib, bir şey yesə və sonra sübh olduğu mə’lum olsa, qəza vacib deyil.

5. Bir şəxs “sübh olmayıb, hələ vaxta var”, desə və insan onun dediyinə əsasən, orucu batil edən bir iş görsə və sonra sübh olduğu məlum olsa, burda da qəza lazımdır. Lakin, araşdırma apardıqdan sonra sübh olmamasına yəqin edib, bir şey yesə və sonra sübh olması mə’lum olsa, qəza vacib deyil.

6. Bir şəxs “sübh olmuşdur” desə və insan onun sözünə yəqin etməsə, yaxud zarafat etdiyini güman edərək orucu batil edən işlərdən görsə və sonra sübhün açıldığı mə’lum olsa;

7. Əgər bir adil şəxs qürub olmasını xəbər versə və onun dediyinə əsasən iftar etsə və sonradan qürubun olmaması mə’lum olsa;

8. Əgər təmiz havada qaranlıq səbəbi ilə qürub olmasını yəqin edib iftar etsə, sonradan qürub olmaması mə’lum olsa;

9. Sərinləmək qəsdi ilə və ya heç bir səbəb olmadan suyu ağzında qar-qara etdikdə ixtiyarsız olaraq onu udsa, qəza etməlidir. Amma əgər oruc olduğunu unudub suyu udsa və yaxud dəstəmaz üçün suyu qar-qara edəndə ixtiyarsız olaraq udsa, ona qəza vacib deyil.

10. Bir şəxs öz arvadı ilə mazaqlaşsa və istimna məqsədi olmadan ondan sperma çölə gəlsə. Lakin, əgər bu işlə spermanın gəlməməsinə əmin olub, təsadüfi halda sperma xaric olsa, orucu düzgündür və qəzası da yoxdur.

Qəza lazım olmayan yerlər


Bir neçə halda orucun qəzası lazım deyil:

Məsələ 1424: a) Maye olmayan şeyi ağzına qoyub, ixtiyarsız olaraq udsa və yaxud burnuna su çəkdiyi halda ixtiyarsız olaraq onu udsa;

b) Ramazan ayında araşdırma apardıqdan sonra sübhün olmamasını yəqin edib, bir şey yesə və sonradan sübhün olması mə’lum olsa;

v) Oruc olduğunu unudaraq suyu udsa;

q) Dəstəmaz aldıqda ağzına su alıb, ixtiyarsız olaraq onu udsa;

ğ) Bir şəxs arvadı ilə mazaqlaşdıqda spermanın gəlməməsinə əmin olduğu halda ondan təsadüfən sperma xaric olsa;

d) Ramazan gecəsində cənabətli olduğu halda yatsa və birinci yuxudan oyanmasa.



Məsələ 1425: Oruc tutan şəxsin çox qar-qara etməsi məkruhdur. Qar-qara etdikdən sonra ağzında olan əlavə suyu boşaltmalıdır. Çox yaxşıdır ki, üç dəfə ağzındakı suyu boşaltsın. Əgər qar-qara etdikdə ixtiyarsız olaraq suyun boğaza getməsini bilsə, qar-qara etməməlidir.

Məsələ 1426: İnsan qürubun olub-olmamasında şəkk etdikdə iftar edə bilməz. İftar etdiyi halda isə həm qəzası və həm də kəffarəsi var. Lakin, sübhün olub-olmamasında şəkk etsə orucu batil edən şeyləri yerinə yetirə bilər və araşdırma aparmaq da vacib deyil.

Qəza orucunun hökmləri


Məsələ 1427: Dəli olduğu vaxtlarda tutmadığı orucları, ağıllı olduqdan sonra qəza etməsi lazım deyil. Habelə, müsəlman olan kafirə, kafir olduğu vaxtlardakı orucların qəzasını tutması vacib deyil. Lakin, müsəlman mürtəd olsa və yenidən qayıdıb, müsəlman olsa, mürtəd olduğu vaxtlarda qəzaya gedən oruclarının qəzasını tutmalıdır.

Məsələ 1428: İstər səhv və istərsə də müalicə qəsdi ilə məstedici maddələri yeməsindən asılı olmayaraq, məstlik halında tərk edilən orucun qəzasını yerinə yetirilməlidir. Əgər qabaqcadan oruc niyyəti edib, lakin məst halında orucu tamamlayan şəxs, vacib ehtiyata görə, orucunun qəzasını yerinə yetirməlidir.

Məsələ 1429: Müsafir olmaq, xəstələnmək və s. səbəblər üzündən tərk edilən orucuların qəzası yerinə yetirilməlidir. Lakin, tərk edilən orucların sayını bilmədikdə yəqin etdiyi günlərin sayı qədər orucun qəzasını yerinə yetirməlidir və ehtiyat müstəhəb olmasına baxmayaraq, ona əlavə etmək vacib deyil.

Məsələ 1430: Əgər bir neçə ramazan ayının qəzalarını tutmalıdırsa, hər hansı ayın qəzasını birinci tutsa, maneəsi yoxdur. Lakin, sonuncu ayın qəzasını tutmağa vaxt az olsa, ehtiyata görə, əvvəl sonuncu ayın qəzasını yerinə yetirməlidir.

Məsələ 1431: Bir kəs ramazan ayının orucunun qəzasını tutsa, bu halda əgər o orucların qəzasının vaxtı az olmasa, zöhrdən qabaq öz orucunu batil edə bilər lakin, zöhrdən sonra caiz deyil. Vacib ehtiyata görə, əgər qeyri-müəyyən oruc (məsələn, nəzir orucunun qəzası kimi) tutduğu halda da zöhrdən sonra orucunu batil etməsin.

Məsələ 1432: Əgər xəstəlik, yaxud heyz və ya nifas səbəbilə ramazan ayının orucunu tutmasa və ramazan ayı qurtarmamışdan qabaq ölsə, tutmadığı günləri onun üçün qəza etmələri vacib deyil.

Məsələ 1433: Əgər xəstəlik səbəbilə ramazan ayının orucunu tutmasa və onun xəstəliyi gələn ilin ramazan ayına kimi davam etsə, oruc tutmadığı günlərin qəzası ona vacib deyil, yalnız hər gün üçün bir müdd (təqribən 750 qm) buğda, arpa və s. kimi fəqirə verməlidir. Amma başqa üzr səbəbilə (məsələn, səfərə getdiyi üçün) oruc tutmasa və onun üzrü gələn ramazan ayına qədər davam etsə, vacib ehtiyata görə, oruc tutmadığı günlərin qəzasını ramazandan sonra qəza etməli və hər gün üçün bir müdd yemək fəqirə versin. Həmçinin, əgər xəstəlik üzündən orucu tərk edib sonradan sağalsa, lakin başqa bir üzrün – müsafirlik kimi -qarşıya çıxması da bu hökmdədir.

Məsələ 1434: Üzürlü səbəbə görə ramazan ayının orucunu tutmayan şəxs, üzrü aradan götürüldükdən sonra bilərəkdən gələn ramazan ayına qədər orucun qəzasını yerinə yetirmədikdə, sonradan qəzasını yerinə yetirməli və həm də hər gün üçün bir müdd yemək kəffarə verməlidir. Habelə, qəzanı tutmaqdan ötrü səhlankarlıq etdiyindən vaxt daralsa və bu az vaxtda bir üzür ortaya çıxdıqda sonradan həm qəzasını tutmalı və həm də kəffarə verməlidir. Lakin, səhlənkarlıq etmədiyi halda vaxtın az olduğu zamanda təsadüfən, bir üzür qarşıya çıxarsa, sonra yalnız qəzasını yerinə yetirməlidir.

Məsələ 1435: Əgər insanın xəstəliyi bir neçə il davam etsə və sonra sağalsa, növbəti ramazan ayına qədər qəzaları tutmaq miqdarında vaxt olsa, gərək axırıncı ramazan ayının qəzasını tutsun, əvvəlki illərin qəzalarının hər günü üçün bir müdd təam verməlidir.

Məsələ 1436: Əgər ramazan ayının oruclarının qəzasını bir neçə il təxirə salsa, qəzasını yerinə yetirib, hər gün üçün də bir müdd təam fəqirə verməlidir və bir neçə ilin keçməsi ilə kəffarə çoxalmır.

Məsələ 1437: Hər günün kəffarəsini bir fəqirə vermək lazım deyil. Əksinə, bir neçə günün kəffarəsini bir fəqirə verə bilər. Əgər bir müdd miqdarında çörək versə, kafidir. Lakin, onun pulunu verə bilməz. Əgər həmin pulla çörək alacağına əmin olsa, istisnadır.

Məsələ 1438: Ata-ananın vəfatından sonra böyük oğul onun oruc və namazlarını “qəza namazı” bölümündə verilən şərh əsasında yerinə yetirməlidir.

Məsələ 1439: Əgər ölən şəxsin sahibi ölənin qəza orucu olub-olmamasını bilməsə, onun üçün qəza orucu tutmaq vacib deyil. Lakin, ehtimal versə ki, bir müddət oruc qəzası var, yəqin etdiyi qədər (qəzasını) yerinə yetirməlidir və bundan artıq lazım deyil.

Müsafir şəxsin orucunun hökmləri


Məsələ 1440: Müsafir şəxs ( müsafirin namazı bölümündə verilən şərh əsasında) oruc tutmamalıdır. Ümumiyyətlə, namaz yarı olan yerlərdə oruc tutulmamalıdır. Namazını bütöv qılan müsafir (məsələn, işi səfər olan, on gün qalmağı qəsd edən) isə səfərdə orucunu tutmalıdır.

Məsələ 1441: Ramazan ayında səfərə çıxmaq haram deyil, lakin, orucdan boyun qaçırmaq üçün səfərə getmək məkruhdur.

Məsələ 1442: Əgər ramazan ayının oruclarından əlavə, vaxtı müəyyən olan digər bir oruc insana vacib olsa (məsələn, şaban ayının 15-də oruc tutmağı nəzir edib), vacib ehtiyata görə, həmin gündə səfərə getməməlidir. Əgər səfərdədirsə, imkan varsa bir yerdə 10 gün qalmasını qəsd edib, həmin günü oruc tutmalıdır.

Məsələ 1443: Oruc tutmağı nəzir edib onun gününü müəyyən etməyən şəxs onu səfərdə tuta bilməz. Amma səfərdə müəyyən bir günü oruc tutmağı nəzir etsə və yaxud səfərdə olub-olmamasından asılı olmayaraq, müəyyən bir günü oruc tutmağı nəzir etsə, vacib ehtiyata görə, o günü səfərdə olmasına baxmayaraq, oruc tutmalıdır.

Məsələ 1444: Müsafir, Allahdan hacətlərini istəmək üçün Mədinə şəhərində üç gün müstəhəb oruc tuta bilər (10 gün orada qalmağı qəsd etməsə belə). Lakin, ehtiyata görə üçüncü, dördüncü və cümə günləri oruc tutsun.

Məsələ 1445: Səfərdə olan zaman orucunun batil olduğunu bilməyən bir şəxs səfərdə oruc tutsa, orucu düzgündür. Amma gün ərzində məsələni başa düşsə, orucu batildir.

Məsələ 1446: Bir şəxs səfərdə olduğunu, yaxud səfərdə orucunun batil olduğunu unudub, bu halda oruc tutsa, vacib ehtiyata görə, orucun qəzasını tutmalıdır.

Məsələ 1447: Oruc tutan şəxs zöhrdən sonra səfərə getdiyi halda orucunu axıra qədər tutmalıdır. Zöhrdən qabaq səfər etdikdə isə orucu batildir. Lakin, tərəxxüs həddinə çatmamışdan qabaq iftar edə bilməz. Əgər o həddə çatmamışdan qabaq iftar etsə, ona kəffarə vacibdir (tərəxxüsdən məqsəd, azan səsinin eşidilmədiyi və camaatın nəzərində, şəhərin gözdən itdiyi yerdir).

Məsələ 1448: Əgər müsafir zöhrdən qabaq öz vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatsa, bu halda orucu batil edən işləri yerinə yetirməyibsə, oruc tutmalıdır. Əgər (orucu batil edən işlərdən) görübsə, sonradan qəzasını tutmalıdır. Müstəhəbdir ki, bu şəxs günün qalmış hissəsində özünü orucu batil edən şeylərdən saxlasın. Lakin, zöhrdən sonra vətənə daxil olsa, oruc tuta bilməz.

Məsələ 1449: Müsafir və oruc tutmaqda üzrü olan bir şəxsin, ramazan ayının gündüzündə doyunca yeyib-içməsi, habelə cima etməsi məkruhdur.

Oruc vacib olmayan şəxslər


Məsələ 1450: Oruc tutmaq onlar üçün çətin olan qoca kişi və qadın oruc tutmaya bilərlər. Lakin, hər gün üçün bir müdd (750 qm) buğda, arpa və s. fəqirə verməlidirlər. Çox yaxşıdır ki, buğda və arpanın yerinə çörək versinlər. (Çörək) verdikləri halda, vacib ehtiyata əsasən, onun çəkisi 750 qm xalis buğda qədər olmalıdır.

Məsələ 1451: Qocalıq səbəbi ilə oruc tutmayan şəxslər, sonra havalar mülayim, gündüzlər qısa olduğu halda oruc tuta bilərlərsə, ehtiyata görə, onun qəzasını tutmalıdırlar.

Məsələ 1452: İnsan aclıq və susuzluq qarşısında dözülməz bir hala gəlib çıxdığı xəstəlik səbəbindən oruc tutmağa taqəti olmasa və yaxud bu iş onun üçün çox çətin olsa, belə şəxsə oruc tutmaq vacib deyil. Lakin, hər gün üçün, qabaqdakı məsələdə deyildiyi kimi, bir müdd (750 qm) yemək kəffarə verməlidir və yaxşı olar ki, belə şəxs zərurətdən çox su içməsin. Əgər sonradan qəzasını tuta bilərsə, vacib ehtiyata görə, qəzasını tutmalıdır.

Məsələ 1453: Doğum vaxtı yaxınlaşan hamilə qadınların oruc tutması bətnindəki uşağa zərər yetirdiyi halda oruc onlara vacib deyil. Lakin, qabaqkı məsələdə qeyd edilən kəffarəni ödəməlidirlər. Lakin, oruc tutmaq onun özünə zərərli olsa, ona oruc vacib deyil və kəffarəsi də yoxdur. Lakin, sonra qəzasını tutmalıdır.

Məsələ 1454: Uşağa süd verən qadınlar, istər anaları olsun, istərsə də dayələri, oruc tutmaları südlərinin azalıb, uşağın narahatçılığına səbəb olarsa, oruc tutmaq onlara vacib deyil. Lakin, hər gün üçün həmin (bir müdd -750 qm yemək) vacibdir və sonradan da orucun qəzasını tutmalıdırlar. Lakin, oruc tutmaq onların özləri üçün zərərli olarsa, onlara nə oruc və nə də kəffarə vacib deyil. Belə şəxslər sonradan tutmadıqları orucların qəzalarını tutmalıdırlar.

Məsələ 1455: Əgər uşağa muzd almadan süd verən və yaxud minnətsiz olaraq uşağa süd vermək üçün dayənin muzdunu ödəyən bir şəxs tapıldığı halda oruc tutmaq vacib olur.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə