Müqəddİmə Bir neçə zəruri xatırlatma


XÜMS Yeddi halda lazım olan xüms



Yüklə 9,34 Mb.
səhifə44/88
tarix26.09.2017
ölçüsü9,34 Mb.
#2194
1   ...   40   41   42   43   44   45   46   47   ...   88

XÜMS

Yeddi halda lazım olan xüms


Məsələ 1474: Yeddi şeydə xüms vacibdir:

1-Qazanc və iş mənfəəti; 2-Mə’dən; 3-Xəzinə; 4-Harama qarışmış halal mal; 5-Dalğıclıq vasitəsi ilə əldə edilən cəvahirat; 6-Müharibə qənimətləri; 7-Zimmi kafirin1 müsəlmandan aldığı torpaq (Vacib ehtiyata əsasən).


Yeddi halda lazım olan xüms və onun hökmləri


1-Qazanc və iş mənfəəti

Məsələ 1475: Əgər insan əkinçilik, sənət, ticarət, fəhləlik, müxtəlif idarələrdə işləməklə və s. qazanc əldə etsə, bu halda özünün, ailəsinin və öhdəsində olduğu şəxslərin illik xərclərindən artıq qaldığı halda, onun xümsünü (beşdən birini) sonradan deyiləcək göstərişlərə əsasən, ödəməlidir.

Məsələ 1476: Qazanc və qazanc növlərində heç bir fərq yoxdur. Lakin, insan başqasından borc ünvanı ilə bir şey alsa, xümsü yoxdur. Həmçinin, irs adı ilə ona çatan malların xümsü yoxdur. Amma, əgər meyyitin öz malının xümsünü vermədiyini və yaxud başqa mallarına görə xümsə borclu olduğunu bilsə, istisnadır.

Məsələ 1477: Əgər bir şəxs ona bir şey bağışlasa və illik xərcindən artıq qalsa vacib ehtiyata görə, onun xümsünü ödəməlidir. Habelə, uzaq qohumundan ona irs çatsa və onun belə bir qohumun olmasından xəbəri olmayıbsa və ona belə bir yerdən irs çatacağına güman etməyibsə, vacib ehtiyata görə, onun xümsünü ödəməlidir.

Məsələ 1478: Əgər bir şəxs hər hansı bir mülkü müəyyən şəxslərə, məsələn, öz övladlarına vəqf etsə və o mülkdən müəyyən gəlir əldə olunsa və onların illik xərclərindən artıq olsa, onun xümsü verilməlidir.

Məsələ 1479: Müstəhəqq şəxslərin xüms və yaxud zəkat ünvanı ilə aldığı şeylərin, illik xərclərindən çox olsa belə, xümsü yoxdur. Lakin, əgər ona bu vasitə ilə verilən maldan müəyyən mənfəət əldə etsə, məsələn, ona xüms kimi verilən ağacdan meyvə əldə etsə, illik xərclərindən artıq qalan hissənin xümsünü verməlidir.

Məsələ 1480: Əgər xümsü verilməmiş pulun özü ilə bir mal alsalar, müamilə xüms miqdarına nisbətdə batildir. Lakin, şəriət hakimi icazə versə, istisnadır. Bu halda, aldığı şeyin beşdə birini şəriət hakiminə verməlidir.

Məsələ 1481: Əgər bir malı öz öhdəliyi ilə alıb, müamilədən sonra onun haqqını xümsünü vermədiyi pulla ödəsə, müamiləsi düzgündür və onu işlətməsi caizdir. Lakin, xümsü verilməyən pulu satıcıya verdiyi üçün , o pulun xümsü qədər ona borclu sayılır. Satıcıya verilən pul yanında qaldığı halda şəriət hakimi onu alacaq. (Pul) xərcləndiyi halda şəriət hakimi onun əvəzini alıcıdan və yaxud da satıcıdan tələb edəcəkdir.

Məsələ 1482: Xümsü verilməyən malı alan şəxsin alveri xümsə nisbətdə batildir. Lakin, şəriət hakiminin icazəsi ilə belə bir alver baş tuta bilər. Belə olan halda gərək alverin xümsünün pulu ona verilsin. Əgər (bu pulu) satıcıya veribsə, ondan alınıb şəriət hakiminə verilməlidir.

Məsələ 1483: Əgər xümsünü vermədiyi bir şeyi başqasına bağışlasa, bu malın xümsü qədəri onun mülkü sayılmır.

Məsələ 1484: Əgər insana kafirdən, yaxud xüms verməyə e’tiqadı olmayan bir şəxsdən müəyyən qədər mal ticarət və yaxud başqa bir yolla yetişsə, onun xümsünü vermək vacib deyil. Lakin, əgər xümsün verilməsinə e’tiqadı olduğu halda xümsünu ödəməyibsə, onun xümsünu ödəmək vacibdir.

Məsələ 1485: Əgər ümumi şəkildə bir şəxsin xümsə e’tiqadlı olduğunu, lakin, xümsünü vermədiyini bilir, amma, bizə verdiyi mala xüms düşüb-düşmədiyini bilmiriksə, məsələn, ehtimal üzündən, bir mal irs vasitəsi ilə ona çatıb və yaxud borc alıb və bu malın da ondan olduğuna ehtimal etdiyimiz halda, bu malda təsərrüf etməyin eybi yoxdur və onun xümsü lazım deyil. Habelə, belə şəxslərin də’vətini qəbul etmək və yaxud evlərində namaz qılmaq caizdir. Lakin, hazırladığı yeməyin və ya tikdirdiyi evin xümsü verilməyən pulla olduğunu bilsək, (orada yemək yeyib namaz qılmaq caiz deyil).

Məsələ 1486: Hər bir şəxsin xüms ilini hesablamaq bşlanğıcı əldə etdiyi ilk qazancdır. Yəni əgər bir şəxs ticarətə, qazanca, sənətə, əkinçiliyə və s. başlasa və əldə etdiyi ilk qazanc günü onun xüms ilidir. Bu vaxtı heç bir məqsəd və niyyətlə nə qabağa və nə də arxaya çəkə bilməz. İlin əvvəlini qabağa çəkmək istəyən şəxs üçün çıxış yolu öz illik hesabını müəyyən edilmiş gündən tez çatdıraraq, xümsünü ödəməsidir. Həmin vaxt onun xüms ili sayılacaq.

Məsələ 1487: İnsan ilin ortasında əlinə çatan hər bir mənfəətin xumsunu verə bilər. Lakin, onun ilin sonuna qədər saxlayıb, ehtimal verdiyi xərclərini ondan götürə bilər.

Məsələ 1488: Xümsü vermək üçün həm qəməri və həm də şəmsi ilini me’yar götürə bilər.

Məsələ 1489: Artıq gəliri olmayan şəxsin xüms ili tə’yin etməsinə ehtiyac yoxdur.

Məsələ 1490: Xüms ili olan şəxs ilin ortasında ölsə ilin sonuna qədər onun xərclərini gəlirlərindən azladıb, qalan hissəsinin xümsünü ödəməlidirlər.

Məsələ 1491: Əgər ticarət üçün aldığı malın qiyməti bahalaşsa, ticarət və alver məsləhətlərinə əsasən, malı satmayıb il ərzində onun qiyməti aşağı düşsə, bahalanan miqdarın xümsü ona vacib deyil. Lakin, malın qiyməti ilin sonuna qədər yuxarı olduğu halda il tamam olanda onun xümsünü ödəməlidir. Hətta, il tamam olduqdan sonra malın qiyməti aşağı düşsə belə. Bu, bir haldadır ki, ilin sonu malın satılma vaxtı olduğu halda öz istəyi ilə onu satmasın.

Məsələ 1492: Əgər ticarət malından başqa xümsünü vermiş olduğu və ya ümumiyyətlə xümsü olmayan (irs kimi) malı olsa və onu qiyməti bahalanandan sonra satsa, bahalaşan miqdarın xümsünü verməlidir. Həmçinin, xümsünü verdiyi qoyun kökəlsə, onu satan zaman artan çəkinin xümsünü verməlidir.

Məsələ 1493: Əgər qiyməti bahalanandan sonra satmaq məqsədi ilə bağ salsa, onun satış vaxtı yetişdikdə xümsünü ödəməlidir. Amma məqsədi meyvəsindən istifadə etmək olsa, meyvələrin xümsünü verməlidir. Bağın xümsünü isə satan vaxt verəcək.

Məsələ 1494: Materialından istifadə etmək üçün böyüdülən ağacların taxtalarının satış vaxtı yetişdikdə onun xümsünü verməlidirlər; hətta, onu satmaq istəməsələr belə. Lakin, onların satış vaxtı çatmayıbsa, neçə il ötməsinə baxmayaraq, xümsü yoxdur.

Məsələ 1495: Bir neçə iş və qazanc yeri olan şəxs, məsələn, həm əkinçilik edir, həm peşə sahibidir və həm də fəhləlik qazancı varsa, ilin sonunda bütün qazanclarını birgə hesablamalı və xərclərinin qalan hissəsinin xümsünü ödəməlidir.

Məsələ 1496: Fayda əldə etmək üçün etdiyi xərclər, məsələn, dəllallıq, yükdaşıma və s. illik xərclərindən hesab olunur.

Məsələ 1497: Məişət xərclərinin xümsü yoxdur. Yəni, insanın il boyu yemək, geyim, mənzil, ev avadanlıqları, izdivac, qızın cehizliyi, vacib və müstəhəb ziyarətlər, hədiyyə, ziyafət və bu kimi şeylər üçün ifrat etmədən xərclədiyi qazancın xümsü yoxdur. Lakin, ilin sonuna qalan artıq qazancın xümsü var. İlin xərcinə çevrilən şeylərin, məsələn, ev, xalça, ayrı avadanlıqların xümsü yoxdur. Əgər sonradan onu satsalar onun qiymətinə xüms düşməz. Xüsusi ilə əgər onu onun kimi bir şeylə əvəz etmək istəsələr.

Məsələ 1498: İnsanın nəzir, kəffarə və s. şeylərə xərclədiyi mal illik xərclərindən hesab olunur. Habelə bağışladığı, hədiyyə verdiyi mallar ifrat həddində olmadığı halda illik xərclərindən hesab olunur.

Məsələ 1499: Mülki evə ehtiyacı olan şəxsin ev alması üçün xərclədiyi pulun xümsü yoxdur. Lakin, illik gəliri ev alması üçün kafi olmadıqda və bu imkana çatmaqdan ötrü bir neçə il pul yığsa, bir il keçəndən sonra bu pulların xümsü verilməlidir. Amma, misal üçün, ilin əvvəlində ev üçün torpaq, sonrakı ildə evin avadanlıqlarını və üçüncü ildə evin tikinti xərclərini ödədiyi halda heç birinin xümsü yoxdur.

Məsələ 1500: Əksər ailələrdə adətən, qızın cehizliyini tədriclə hazırlayırlar. Bu halda, cehizliyin alınmasından bir il ötdükdən sonra xüms ona vacib olur. Lakin, bəzi məntəqələrdə əvvəlcədən cehizlik hazırlanmadıqda eyb sayılırsa və yaxud cehizliyi birdəfəlik hazırlamaq imkansız olduqda, alınan cehizliyin xümsü yoxdur.

Məsələ 1501: Özləri üçün qabaqcadan hazırladıqları qəbir və kəfənlərin üstündən bir il ötdükdə xümsü var.

Məsələ 1502: Bir dəfə xümsü verilən mala ikinci dəfə xüms gəlməz. Lakin, xümsü verilən mal inkişaf etsə və ya ona bir şey əlavə olunsa xümsü var.

Məsələ 1503: Qeyd edildiyi kimi, Həcc və ya müstəhəb ziyarətlərin xərci həmin ilin gəlirindən sayılsa, xümsü yoxdur. Əgər çarəsizlik üzündən bir neçə il öncə (ziyarətə getmək üçün) ad yazdırıb, pulunu ödəsə, həmin ilin gəlirindən hesab olunur, (o pulun) həm o ildə və həm də sonrakı illərdə xümsü yoxdur.

Məsələ 1504: Kəsb və ticarətdən müəyyən qədər gəlir əldə edən bir şəxsin, xümsü vacib olmayan və yaxud xümsü verilmiş başqa malı da olsa, o iki malı bir-birindən ayıra bilər və illik xərclərini yalnız həmin ilin qazancından götürə bilər. Lakin, öz xərclərini xümsü olmayan və ya qabaqcadan xümsü verilmiş puldan götürsə, bu xərcləri o ilin gəlirindən azalda bilməz.

Məsələ 1505: Əgər alver və iş gəlirindən bir il üçün lazım olan azuqəni alsa və ilin axırında ondan bir şey artıq qalsa, onun xümsünü verməlidir. Ehtiyata görə, hətta ərzaq mə’mulatları və s. kimi az əhəmiyyəti olan şeylərin hamısını hesablamalıdır. Diqqət yetirilməlidir ki, əgər onun qiymətini hesablayıb, pulunun xümsünü vermək istəsə və qiyməti, aldığı vaxtdakı qiymətdən artıq və ya az olmasından asılı olmayaraq, ilin axırındakı qiymətlə hesab etməlidir.

Məsələ 1506: İl boyu ehtiyac duyduğu avadanlıqları alsa, xümsü yoxdur. Əgər sonradan o avadanlıqlardan ehtiyacsız olsa, xümsünu verməsi lazım deyil. Həmçinin, qadınların yaşı ötməsi ilə onlara lazım olmayan qızıl əşyalarının da xümsü yoxdur. Lakin, ehtiyat müstəhəbbə əsasən, bu avadanlıqların, qızıl əşyalarının xümsünu versin.

Məsələ 1507: Dini tələbələrin və ya qeyrilərinin qazanclarından aldıqları kitablara ehtiyacları olduğu halda, xümsü yoxdur. Amma hazırda bu kitablara ehtiyacları yoxdursa və məqsədləri gələcəkdə istifadə etmədirsə xümsü var. (Əgər il boyu o kitablardan istifadə etməsələr, lakin, o kitabların kitabxanada zəruri hallarda istifadə etmək üçün olması lazımdırsa, ehtiyacdan sayılır.) Həmçinin, il boyu istifadə olunmasa belə, yanğının baş verə biləcəyi ehtimal olunan yerlərdə yanğınsöndürən cihazların və evlərdə məişət xərclərindən hesab olunan tə’cili yardım üçün lazım olan bəzi dərmanların xümsü yoxdur.

Məsələ 1508: Əgər bir ildə qazan əldə etməsə, ehtiyata əsasən, o ilin xərcini sonrakı ilin qazancından azalda bilməz.

Məsələ 1509: Əgər ilin əvvəlində qazancı olmadığı üçün sərmayəsindən xərcləsə və lakin il tamam olmadıqdan öncə bir qazanc əldə etsə, sərmayəsindən götürdüyü miqdarı qazancdan azalda bilər.

Məsələ 1510: Ehtiyac duyulan, az olduqda şəxsiyyətinə uyğun yaşaya bilməyəcəyi təqdirdə, sərmayənin xümsü yoxdur. Yəni həmin və sonrakı ilin gəlirlərindən götürüb, sərmayə edə bilər. Onun xümsünu ödəməklə işinə bir zərər yetişməzsə, bu sərmayənin ticarət, yer, su, əkinçilik üçün əmlak və iş vəsaitləri olmasından asılı olmayaraq, onun xümsünu verməlidir.

Məsələ 1511: Əgər iş və yaxud ticarət əsnasında sərmayənin bir miqdarı aradan getsə və bu, alver zərərlərindən sayılsa, onun miqdarını qazancdan götürə bilər. Lakin ayrı hadisələrə görə zərərə uğrasa (oğurluq və s. kimi), onu qazancdan götürə bilməz. Əgər yerdə qalan sərmayə ilə öz şəxsiyyətinə uyğun ticarət işini davam etdirə bilməsə, istisnadır.

Məsələ 1512: Əgər sərmayədən başqa, onun malından olan başqa bir şey sınmaq, yanmaq, oğurlanmaq və s. vasitlərlə aradan getsə, həmin il ona ehtiyacı olduğu halda, onu həmin ilin qazancından hazırlaya bilər.

Məsələ 1513: Əgər ilin əvvəlində öz xərclərini ödəməkdən ötrü borc etsə və il qurtarmazdan qabaq qazanc əldə etsə, öz borc miqdarını o mənfəətdən çıxa bilər. İl boyu qazanc əldə etməsə və öz xərclərini ödəməkdən ötrü borc alsa, borclarını ödəməkdən ötrü sonrakı illərin qazancından istifadə edə bilər.

Məsələ 1514: Məişət xərcləri, zərər, talançılıq və s. şeylərə görə insan borca düşərsə, onu həmin ilin qazancından ödəyə bilər. Amma borcunu kredit yolu ilə verirsə, yalnız həmin ildə ödəməli olduğu kreditlər o ilin xərclərindən sayılır.

Məsələ 1515: Əgər malını çoxaltmaq və ya ehtiyacı olmadığı bir əmlakı almaq qəsdi ilə borc alsa, o borcu ilin qazancından azalda bilməz. Lakin borca götürdüyü malı və yaxud borc vasitəsi ilə aldığı şeyi hansısa səbəb üzündən əldən versə və məcburi halda borcunu ödəməli olsa, onu illik mənfəət və qazancından ödəyə bilər.

Məsələ 1516: İnsan xümsünü vermədiyi maldan istifadə edə bilməz. Yalnız xüms verməyi niyyət etmək kafi deyil. Həmçinin, xümsü boynuna alıb, maldan istifadə edə bilməz. Əgər istifadə etsə, haram iş görmüşdür və o mal tələf olsa, onun xümsünü ödəməlidir.

Məsələ 1517: Xüms borcu olan bir şəxs şəriət hakiminin icazəsi ilə (müstəhəqlərin məsləhətini nəzərə almaqla) razılaşıb və pulu əldən-ələ verib malın hamısında təsərrüf edə bilər. Əgər ondan sonra malda bir gəlir əldə edilsə, ona məxsus olar.

Məsələ 1518: Başqası ilə şərik olan bir şəxs, ortağının malının xümsünü vermədiyini bildiyi halda onunla alverini davam etdirməsi caiz deyil. Şərikli mala xüms gəldiyi halda, hər ikisinin ondan istifadə etməsi haramdır.

Məsələ 1519: İnsan bir malın xümsünün verilmədiyini yəqin etdiyi halda ondan istifadə edə bilməz. Lakin bir kəsin malının xümsünü verib-vermədiyində şəkk etdiyi halda o maldan istifadə etməsi caizdir. Belə bir şəxsin verdiyi hədiyyəni almaq, onunla alver etmək, verdiyi ziyafətdə iştirak etməyin eybi yoxdur və bu haqda araşdırma aparmaq lazım deyil.

Məsələ 1520: Bir şəxs dini vəzifə boynuna gəldikdən bəri xüms verməyib, qazanc əldə edib, məişətinə lazım olan avadanlıqlar alıb və indi isə xüms verməli olduğunu anlayıb və onun haqqında öz vəzifəsini icra edib, yaşayışını halal etmək istəyirsə, əgər qazancının mənfətindən özünə lazım olmayan əşyaları alıb, bir il onun üstündən ötübsə, onun xümsünü verməlidir. Yox, əgər, mənfət qazandığı il əsnasında öz şə’ninə uyğun, ehtiyac duyduğu ev avadanlıqları və başqa şeyləri alıbsa, qazanc əldə etdiyi il əsnasında onları aldığını bilsə, onun xümsünü verməsi lazım deyil. Əgər il əsnasında və ya il tamam olandan sonra olduğunu bilməsə, vacib ehtiyata əsasən, gərək şəriət hakimi və ya onun nümayəndəsi ilə razılaşmalıdır. Yəni, şəkk etdiyi bütün malını hesablamalı və şəriət hakimi xüms baxımından onun borcunu təxmin edib, onunla müsalihə edər və onu ödəməklə bütün malı pak olar.

Məsələ 1521: Əgər bir kiçik uşağın qazancı olub, illik xərcindən artıq qalsa, vacib ehtiyata əsasən, həddi-büluğa çatdıqdan sonra onun xümsünü verməlidir.

Məsələ 1522: Müxtəlif paltarlar, üzük, bəzək əşyaları və ayrı ev avadanlıqları insanın şə’nində və ehtiyac duyduğu həddə olsa və həmin ilin mənfəətindən alınarsa, xümsü yoxdur. Lakin ehtiyac duyulmadığı həddə və şə’nindən xaric olarsa, ehtiyac duyulmayan miqdarın xümsü verilməlidir.

Məsələ 1523: Haram əşyalar (kişi üçün qızıl üzük və ya eyş-işrət əşyaları almaq) üçün xərclənən pulların xümsü var.

Məsələ 1524: Təqaüd, girovu geri alma ünvanı ilə verilən məbləğ illik gəlirdən hesab edilir. Əgər ondan ilin sonuna qədər bir şey qalmasa xümsü yoxdur, əgər artıq qalarsa xümsü var.

Məsələ 1525: Bankda yerləşdirilən pullara verilən hədiyyələr, əgər müştəri ilə (bankda pul qoyanla) bank arasında heç bir müqavilə imzalanmayıbsa, haladır. Ehtiyat vacibə əsasən, ilin ötməsi ilə onun xümsü vacib olur. Bu, müştərinin özünü tələbkar bilməmədiyi, yalnız bank sahibi müştərilərini həvəsləndirmək qəsdi ilə hədiyyə verdiyi haldadır.
2-Mə’dən

Məsələ 1526: Mə’dəndən qızıl, gümüş, qurğuşun, dəmir, mis, daş kömür, neft, kükürd, firuzə, duz və başqa mə’dən adlanan hər şey, müxtəlif filizlər əldə edildikdə xümslarının verilməsi vacibdir. Bunların vacib ehtiyata əsasən, müəyyən hədləri yoxdur. Yəni istər çox, istərsə də az olsun, xümsü var.

Məsələ 1527: Gəc, əhəng, qırmızı gil, həmçinin müxtəlif daşlar və s. mə’dən qazıntılarından hesab olunduğu halda xümsü verilməlidir.

Məsələ 1528: İstər mə’dən yerin səthində olsun, istərsə də dərinliyində; istər mülki yer olsun, istərsə də sahibsiz, onu çıxardan istər müsəlman olsun, ya qeyri-müsəlman, həddi-büluğa çatmış olsun və yaxud az yaşlı, bütün hallarda onun xümsü verilməlidir. Uşaq olduğu halda onun qəyyumu verməlidir.

Məsələ 1529: Mə’dənin çıxardılması üçn xərclənən pul, onun saflaşması (əgər saflaşmasına ehtiyac olsa) və yaxud mə’dən üçün icarənin ödənilən miqdarı azaldıldıqdan sonra, yerdə qalan hissənin xümsü var. Lakin, illik xərc mə’dən gəlirindən azaldılmır.

Məsələ 1530: Əgər bir neçə nəfər mə’dəndən bir şey çaxartsalar, az və ya çox olmasından asılı olmayaraq, xərclər azaldıqdan sonra, vacib ehtiyata görə, xümsünü verməlidirlər (vacib ehtiyata əsasən).

Məsələ 1531: Başqasının mülkündə olan bir mə’dəni istixrac etsələr əldə olunan şeylər mülkün sahibinə məxsusdur. Mülkün sahibi onların çıxarılmasına bir şey xərcləmədiyindən, mə’dəndən çıxarılanların hamısının xümsünü verməlidir. Əgər bu iş onun göstərişi ilə icra edilibsə, xərc onun öhdəsinə düşür və mə’dənin mənfəətindən azaldılır.

Məsələ 1532: Mə’dən böyük, mübah və ya mülki bir yerdə olan mədənlərdən olsa, şəriət hakimi (adil müctəhid) onun çıxarılmasına və müsəlmanların məsləhətinə uyğun yerlərdə xərclənməsinə nəzarət etmək hüququ var. Belə olan halda, mə’dənçilər şəriət hakiminin nəzərinə riayət etməlidirlər.

Məsələ 1533: İslam hökmətinin çıxartdığı mədənlərə xüms düşmür.
3-Xəzinə

Məsələ 1534: Yerin altında, dağda, divarda, ağacın içərisində, gizlədilmiş mala, xalq arasında belə qəbul olunduğu halda, xəzinə deyilir.

Məsələ 1535: Əgər insan bir kəsin şəxsi mülkü olmayan yerdə xəzinə tapsa və xəzinənin sahibi heç bir halda tanınmasa, onun şəxsi malı hesab olunur və xümsünü da verməlidir. Habelə, əgər başqasından aldığı yerdə xəzinə tapsa və onun, yerin keçmiş sahiblərindən birinin olmadığını bilsə, öz malı sayılır, onun xümsünü verməlidir. Əgər malın onlardan birinin olduğunu ehtimal verərsə, vacib ehtiyata əsasən, əvvəlki sahibinə xəbər verməlidir. Əgər onun olmadığı mə’lum olarsa, ondan əvvəlki sahibinə xəbər verməlidir. Bu minvalla ondan qabaq tanıdığı bütün yerin sahiblərinə xəbər verməlidir. Əgər onların heç birinin olmadığı bilinsə, mal onundur, xümsünü də verməlidir.

Məsələ 1536: Xəzinənin nisabı (müəyyən olunmuş həddi) var. Onun nisabı 105 misqal gümüş, yaxud 15 misqal qızıldır. Yə’ni, əgər xəzinədən əldə edilən şeyin qiyməti bu həddə çatsa, xümsü vacibdir. Amma, əgər bundan az olsa, xümsü vacib deyil. Əgər onun qiyməti 15 misqal qızıla çatmayıb, 105 misqal gümüşə çatarsa və yaxud bunun əksi, yenə də xümsü vacibdir.

Məsələ 1537: Əgər bir yerdə basdırılmış bir neçə qabda müəyyən qədər xəzinə tapılsa və onların qiyməti üst-üstə nisab həddinə çatsa, onun xümsü verməlidir. Amma bir neçə yerdə müxtəlif xəzinələr tapılsa, onlardan hər birinin qiyməti nisab həddinə çatsa, xümsü var. Onları üst-üstə toplayıb, hesablamaq lazım deyil.

Məsələ 1538: Əgər xəzinənin ixracı üçün müəyyən qədər xərc çəkibsə onu çıxmalı, qalanının xümsünü isə verməlidir.

Məsələ 1539: İki və ya daha çox adam xəzinə tapdıqları halda şərikdirlər, müqavilələrinə uyğun əməl etməlidirlər və hər birinə düşən pay nisab həddinə çatsa xümsü var.

Məsələ 1540: Bir şəxs aldığı heyvanın qarnından müəyyən mal tapsa və o malı satıcının olduğunu ehtimal versə, vacib ehtiyata əsasən, ona xəbər verməlidir. Onun malı olmaması mə’lum olsa, tərtiblə əvvəlki sahiblərindən də soruşmalıdır. Onlardan heç birinin malı olmadığı mə’lum olsa, mal onun sayılır və müstəhəbb ehtiyata əsasən, onun xümsünü, nisab həddinə çatıb-çatmamasından asılı olmayaraq, mə’dən xümsü kimi verməlidir.

Məsələ 1541: Əgər bir nəfər balıq alıb qarnından gövhər tapsa, gövhər onu ovlayan ovçunun, ayrısına satdığı adamın və yaxud ondan qabaqkı satıcıların yox, özünündür və ehtiyat müstəhəbbə görə, onun xümsünü verməlidir.
4-Harama qarışan halal mal

Məsələ 1542: Əgər halal mal haram mala, ayrıd edilə bilməyəcəyi tərzdə qarışsa və haram malın sahibi və miqdarı mə’lum olmasa, bütün malın xümsü verilməlidir və qalan mal ona halal olur.

Məsələ 1543: Əgər halal mal harama qarışsa və o malın miqdarını bilsə (məsələn, üçdə birinin haram olmasını bilsə), ancaq sahibini tanımasa, o miqdarı həm xüms və həm də sədəqə üçün istifadə edilən yerə xərcləsin (məsələn, seyid fəqirlərə).

Məsələ 1544: Əgər halal mal harama qarışsa və insan haram malın miqdarını bilməsə, ancaq sahibini tanısa, gərək bir-birləri ilə razılaşsınlar. Amma malın sahibi razı olmasa və qətiyyətlə müəyyən bir miqdarın onun olduğunu bilsə (məsələn, dörddə biri) və ondan artığında şəkk etsə, yəqin etdiyi miqdarı ona qaytarmalı və ondan artıq hissəsinin onun olmasını ehtimal versə, onunla bölməlidir.

Məsələ 1545: Əgər harama qarışan halal malın xümsünü verib sonradan haram malın xümsdan çox olmasını bilsə, vacib ehtiyata əsasən, xümsdan artıq olduğunu bildiyi miqdarı həm xüms və həm də sədəqə üçün istifadə edilən yerə xərcləsin.

Məsələ 1546: Əgər harama qarışmış halal malın xümsünü versə və sonradan sahibi mə’lum olsa, vacib ehtiyata əsasən, gərək əvəzini ona versin. Habelə, əgər sahibini tanımadığı malı onun adından sədəqə versə və sonradan sahibi tapılsa, buna razı olmasa, (yuxarıda qeyd edilən hökm icra edilməlidir).

Məsələ 1547: Əgər insan malının ayrılarının malı ilə qarışdığını və onun miqdarını və sahibinin bir neçə müəyyən şəxsdən ibarət olduğunu bilsə və ancaq dəqiq şəkildə sahibinin kim olduğunu bilməsə, gərək malı onların hamısının arasında bərabər şəkildə bölsün.
5-Dalğıclıqla əldə olunan cəvahir

Məsələ 1548: İnsan dənizin dibinə girməklə oradan lö’lö, mərcan və s. kimi cəvahirlər çıxarsa onun xümsünü verməlidir. Bu şərtlə ki, onun qiyməti, çıxarılmasına sərf edilən xərclər azaldıqdan sonra, bir şər’i misqal olan qızıl sikkədən (şər’i misqal 18 qızıl noxud miqdarındadır) az olmasın. Bu cəvahirlər istər mə’dən əşyalarından olsun, istərsə də bitkilərdən, bir dəfəyə və ya camaatın bir dəfə hesab etdiyi ardıcıl və fasiləsiz olaraq bir neçə dəfəyə dəryadan çıxarmış olsun; istər çıxardığı şey bir növdən olsun, istərsə də bir neçə növdən.

Məsələ 1549: Əgər bir neçə nəfər dənizdən cəvahir çıxartsa, ehtiyata əsasən, hər birinə düşən payın nisab həddinə çatması lazım deyil; ümumilikdə nisab həddinə çatsa, (onun) xümsünü verməlidirlər.

Məsələ 1550: Əgər dənizin dibinə girmədən, müəyyən vasitələrlə cəvahir çıxarılsa və ya suyun üzərindən, yaxud sahildən götürülsə, ona sərf olunan xərclər çıxıldıqdan sonra qiyməti nisab həddinə çatarsa, vacib ehtiyata görə, xümsü mütləq verilməlidir.

Məsələ 1551: Dənizdə ovlanan balıq və ayrı heyvanların xümsü yoxdur. Lakin, qazanc gəliri hesab edilir, əgər ilin sonunda ondan və ya qiymətindən artıq qalarsa, xümsü verilməlidir.

Məsələ 1552: İnsanın cəvahir çıxartmaq məqsədi ilə dənizə girməsi şərt deyil. Əgər ayrı məqsədlə suya girib, təsadüfən cəvahir tapsa, xümsünü verməlidir.

Məsələ 1553: Əgər insan dənizin dibinə gedib bir heyvan tutub çölə çıxartsa və onun qarnından cəvahir çıxsa, o cəvahirin qiyməti, çıxarılmasına sərf edilən xərclər azaldıqdan sonra, nisab miqdarına çatsa (belə ki, heyvan sədəf kimi ola və adətən qarnında cəvahir ola xümsünü verməlidir. Əgər təsadüfən cəvahiri udubsa, yenə də vacib ehtiyata əsasən, xümsü verilməlidir.

Məsələ 1554: Cəvahir bəslənən, sədəf ovlanan böyük çaylardan çıxarılan cəvahirlərin də xümsü var.

Məsələ 1555: Dənizdən çıxarılan xoş ətirli ənbər dalğıcılıq yolu ilə əldə edildikdə xümsü var. Həmçinin, əgər ənbər suyun səthindən və yaxud sahildən əldən edilsə, vacib ehtiyata əsasən, yenə də onun xümsünü verməlidirlər.

Məsələ 1556: Əgər bir şəxsin qazanc yeri dalğıcılıq və ya mə’dən şeyləri çıxartmaqdırsa, əgər onların xümsünü versə və illik xərclərindən bir şey artıq qalsa, yenidən xümsünü verməsi lazım deyil.
6-Döyüş qənimətləri

Məsələ 1557: Əgər müsəlmanlar məsum imamın əmri ilə kafirlərlə döyüşsə və döyüşdə qənimət əldə etsə, xümsünü verməlidir. Lakin, onun qorunmasına, daşınmasına xərclənən miqdar azaldılır.

Məsələ 1558: Müsəlmanlar İmamın (ə) xüsusi və ya ümumi naibinin icazəsi ilə kafir əleyhinə döyüşüb qənimət əldə etdikdə, vacib ehtiyata əsasən, onun xümsünü verməlidir.

Məsələ 1559: Şəxsi istifadəsi olmayan, top və tank kimi döyüşdə qənimət götürülən silahları şəriət hakimi və müsəlmanların vəliyyi əmri İslam ordusunun ixtiyarında qoya bilər.

Məsələ 1560: Müsəlmanların döyüş əsnasında kafirlərin malından istifadə etmək haqları var, gərək onların xümsünü versinlər.

Məsələ 1561: Xümsü verilməli olan qənimətlər yalnız nəql edilən qənimətlərdir. Belə ki, onların xümsü verilməklə döyüşçülərin mülkü hesab edilir. Lakin, kafirlərdən əldə edilən torpaqların xümsü yoxdur və o, bütün müsəlmanlarındır.

Məsələ 1562: Bir qrup müsəlman ayrı bir qrupun əleyhinə təcavüz etsə, təcavüzkarın qarşısı alınmalıdır ki, Allahın hökmünə baş əysinlər. Əgər müsəlmanlar bu arada qənimət eldə etsələr, onu şəxsi malları hesab edə bilməzlər. Gərək onu saxlasınlar və vaxtında sahiblərinə qaytarsınlar. Bir halda ki, əgər bu qənimətlər onların əlində olduğu halda yenidən təcavüzə və fəsada səbəb olarsa, şəriət hakiminin icazəsi ilə, ondan düzgün istifadə olunar.
7-Zimmi kafirin müsəlmandan aldığı torpaq

Məsələ 1563: Sağlam etnik qrup halında müsəlmanlarla dinc yanaşı yaşayıb, bütün zimmilik şərtlərini qəbul edən zimmi kafir müsəlmandan müəyyən qədər torpaq alsa, gəlirinin beşdə birini adi zəkatın onda biri yerinə ödəməlidir.

Məsələ 1564: Zimmi kafir müsəlmandan aldığı torpaq sahəsini başqa müsəlmana satsa, xüms ləğv olunmur. Həmçinin əgər o, ölsə və bir müsəlman o torpağı irs aparsa, ehtiyata əsasən, onun xümsünü ödəməlidir.

Əgər zimmi kafir yeri alan zaman xüms verməyəcəyini, yaxud satıcının onun xümsünü verməsini şərt etsə, onun şərti batildir və xümsü özü verməlidir. Amma əgər satıcının, xüms miqdarını onun tərəfindən verməsini şərt etsə, buna əməl etmək lazımdır.



Məsələ 1565: Əgər bir müsəlman müəyyən bir torpaq sahəsini alver qəsdi olmadan zimmi kafirin mülkünə keçirsə və onun əvəzini alsa, məsələn, onunla qarşılıqlı razılıq əldə etsə vacib ehtiyata əsasən, zimmi kafir onun xümsünü verməlidir.

Yüklə 9,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə