MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə19/30
tarix14.04.2018
ölçüsü1,6 Mb.
#38311
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

İKİNCİ FƏSİL:

OSMANİN MÜHAKİMƏ OLUNMASİ VƏ QƏTLİ

Beş amİlİn Göstərdİyİ əKs-təsİr


Qeyd etdiyimiz beş amil nəticəsində islam ölkəsinin hər yerini etiraz dalğaları bürüdü. Xəlifə də bütün işçilərini sorğuya tutub onları düzgün islam yolundan azmaqla müttəhim etdi. Səhabələr və sair müsəlmanlar daim xəlifədən tələb edirdilər ki, öz işlərini islah etsin, əks təqdirdə xilafətdən götürüləcəkdir. Etiraz və müxalifət dalğalarının nə qədər böyük olması o vaxt aydın olar ki, etiraz edənlərin bəzilərinin adları və onların sözlərindən bir neçəsi ilə tanış olaq:

1. Əmirəl-möminin Əli (ə)-ın Osmanın əməlləri barəsində–istər onun qətlindən əvvəl, istərsə də sonra–çox sözləri vardır. O həzrətin bəzi kəlamları onun xəlifənin işləri barəsindəki fikirlərini açıqlayır. O həzrət mühacir övladlarını şamlılarla döyüşə dəvət etdiyi vaxt buyurmuşdu: "Ey mühacir övladları! Küfr başçıları, əhzab tör-töküntüləri və şeytanın dostları ilə mübarizəyə qalxıb, hərəkət edin! Çoxlu xətaları üzərinə çəkən şəxsin (Osmanın) "intiqamını almaq üçün" müharibəyə qalxan Müaviyə ilə döyüşə çıxın! Çərdəyi yaran və insanı xəlq edən Allaha and olsun, başqalarının qiyamət gününə kimi etdikləri günahlar, heç bir şey azaldılmadan onun (Osmanın) boynundadır."1

Imam (ə) öz xilafətinin ikinci günündə çıxış edərkən belə buyurdu: "Osmanın başqalarına verdiyi bütün torpaqlar, Allah malından verdiyi hər bir şey (mal-dövlət) beytül-mala qaytarılmalıdır."2

Əli (ə)-ın bu və digər kəlamları onun xəlifənin işlərinə qarşı olan etirazlı fikirlərini göstərir. Bunların içərisində daha da aydın olan şey o həzrətin "Şiqşiqiyyə" xütbəsində bəyan etdiyi məsələdir:



"...Nəhayət (Ömərin ölümündən sonra) qövmün üçüncüsü (Osman) iki tərəfini - yeməklə bayıra çıxmaq yerinin arasındakı məsafəni şişirdib ayağa qalxdı, atasının övladları da onunla əlbir oldular. Onlar Allah malını (beytül-malı) ac dəvənin yaz otunu iştaha ilə yediyi kimi yeyirdilər."3

2. Peyğəmbər (s)-in zövcəsi Ayişə Osmanın əməllərinə başqalarından çox irad tuturdu. O, Əmmarın Osman tərəfindən döyülüb təhqir olunduğundan xəbər tutan kimi Peyğəmbər (s)-in paltarlarını və başmağını çölə çıxarıb dedi:–Camaat, hələ Peyğəmbər (s)-in paltarı və başmağı köhnəlməmişdir, amma siz onun sünnəsini yaddan çıxarmısınız.

Misirlilərin və bir qrup səhabənin Osmanın evini mühasirəyə aldıqları günlərdə Ayişə Allah Evini ziyarət etmək məqsədi ilə Mədinədən çıxdı. Bu vaxt Mərvan ibni Həkəm, Zeyd ibni Sabit və Əbdürrəhman ibni Itab ona dedilər ki, səfərə çıxma, çünki sənin Mədinədə olmağın bəlanı xəlifədən dəf edə bilər. Ayişə onların sözünü rədd etdi, üstəlik dedi:–"Istərdim ki, sənin və kömək etmək istədiyin şəxsin (Osmanın) ayağı daş olsun və hər ikinizi dənizə atım, yaxud onu bir torbaya qoyub və özüm onun əziyyətini çəkib dənizə atım!"4

Ayişənin Osman barəsində dediyi sözlər qat-qat çoxdur. Elə bunu qeyd etmək kifayətdir ki, nə qədər ki, Osmanın qətlindən və Əli (ə)-la beyətdən xəbərdar deyildi, həmişə Osmana qarşı etiraz edərdi. Lakin həcc mərasimi qurtardıqdan sonra Mədinəyə yola düşüb yolda Sərf adlı bir məntəqədə xəlifənin qətlindən və camaatın Əli (ə)-la beyət etməsindən xəbərdar olan kimi öz mövqeyini tam əksinə dəyişdi və dedi: "Kaş göylər başıma töküləydi! (Bunu deyib tələb etdi ki:) Məni Məkkəyə qaytarın. Çünki Allaha and olsun, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını alacağam!"

Bu vaxt Osmanın qətl xəbərini gətirən şəxs cürətə gəlib dedi:–Sən ilk adamsan ki, sözünü dəyişirsən. Əvvəllər deyirdin ki, gərək bu "nəsəl"i (axmaq yəhudi qocanı) öldürsünlər, çünki o, kafir olmuşdur. Indi necə deyirsən ki, o məzlumcasına öldürülmüşdür?!

Ayişə dedi:–Onlar xəlifəni tövbə edildikdən sonra öldürmüşlər. Mənim ikinci sözüm birinci sözümdən daha yaxşıdır.

O, Məkkəyə qayıtdıqdan sonra məscidə getdi, "Hicri-Ismail"də bir pərdə asıb orada məskən saldı. Camaat onun ətrafına yığışdı. O dedi:–"Osman günahsız olaraq öldürülmüşdür, mən onun intiqamını alacağam!"1

3. Əbdürrəhman ibni Ovf Osmana qarşı etiraz edənlərdən biri idi. Halbuki Osmanın altınəfərlik şuradakı qələbəsi onun məkr və hiyləsindən asılı idi. Osman Peyğəmbər (s)-in sünnəsinə və Şeyxeynin üslubuna əməl edəcəyinə dair verdiyi iltizamı pozanda camaat Əbdürrəhmana etiraz edib dedilər: "Bu əyriliklərin hamısı sənin işindir!"

O dedi:–Mən işin bu yerə çatacağını əsla gözləmirdim, mən daha onunla danışmaram.

Əbdürrəhman o gündən ömrünün axırına kimi onunla danışmadı. Hətta xəstə olanda Osman onun görüşünə getdi, o isə xəlifənin üzünə belə baxmadı və onunla danışmaq istəmədi.2

Xəlifənin əleyhinə qiyam edərək onun qətli üçün müqəddimə hazırlayanların sayı qeyd olunanlardan daha çoxdur. Bunlardan əlavə, Təlhə ilə Zübeyrin də adını çəkmək mühümdür: çünki onlar xəlifəni hamıdan çox tənqid edirdilər. Sair müxaliflərin adları, onların sözləri, xəlifəni xilafətdən salmaq üçün göstərdikləri səyləri və s. öyrənmək üçün müfəssəl tarix kitablarına baxmaq lazımdır. Çünki məqsədimiz Osmanın xilafətinin süqutunu şərh etmək deyil, camaatın Əli (ə)-la beyət etməsi şəraitlərini bəyan etməkdir.

OSMANİN EVİNİN MÜHASİRƏYƏ ALİNMASİ


Qiyamın beşlik təşkil edən amilləri öz işini gördü. Osmanın öz xilafəti daxilindəki nöqsanlara və iradlara qarşı laqeyd münasibəti nəticəsində o dövrün Kufə, Bəsrə, Misir kimi mühüm islam mərkəzlərindən bir qrup "əmr be məruf və nəhy əz münkər" adı altında (xəlifəni ilahi Kitab, Peyğəmbər (s) sünnəsi və Şeyxeynin yolu ilə müxalif olan işlərdən çəkindirmə qrupu) Mədinəyə tərəf yola düşdülər. Onlar Mədinədəki həmfikirləri ilə xəlifənin ya tövbə edib həqiqi islama qayıtması, yaxud da xilafətdən salınması üçün bir çarə seçməyi qərara aldılar. Bilazəri özünün "Ənsabül-əşraf" kitabında yazır: "34-cü hicri ilində xəlifənin tutduğu işlərlə müxalif olanlar üç şəhərdən - Kufə, Bəsrə və Misirdən gəlib Məscidül-Həramda bir yerə yığışdılar və Osmanın işləri barəsində müzakirəyə başladılar. Hamılıqla qərara aldılar ki, xəlifənin nalayiq əməllərinə şahid kimi öz şəhərlərinə qayıtsınlar, bu barədə onlarla həmfikir olan şəxslərlə danışsınlar və gələn il həmin günlərdə Mədinədə bir-biri ilə görüşüb xəlifə barəsində müəyyən bir qərara gəlsinlər. Əgər o özünün yaramaz işlərindən əl çəksə, onu buraxsınlar, əks halda onu işdən çıxartsınlar. Buna görə də, sonrakı il (35-ci hicri ili) başda Malik Əştər olmaqla min nəfərlik bir dəstə Kufədən, başda Həkəm ibni Cəbəlli Əbdi olmaqla yüz əlli nəfər Bəsrədən və Kənanə ibni Büşr Səkkuni Təhbibi və Əmr Bədil Xüzai başda olmaqla dörd yüz nəfərlik (bəlkə də çox) bir qrup Misirdən Kufəyə gəldilər. Xəlifə ilə kəskin müxalifətdə olan mühacir və ənsarın böyük bir qrupu da onlara qoşuldu.1

Məsudi yazır: "Əbdüllah ibni Məsud, Əmmar Yasir və Məhəmməd ibni Əbu-Bəkr xəlifənin etinasız yanaşmasını gördükdə, Bəni-Zühər qəbiləsi Əbdüllahı, Bəni-Məxzum qəbiləsi isə Əmmarı himayə etmək üçün, eləcə də Təym qəbiləsi də Məhəmməd ibni Əbu-Bəkrə görə və bu üç dəstədən başqa qeyriləri də qiyamçılara qoşulub xəlifənin evini mühasirəyə aldılar. Misirlilər xəlifəyə belə məzmunda bir məktub yazdılar: "Allah-təala heç bir qövmün vəziyyətini onların özləri dəyişməyincə dəyişməz. Allaha, Allaha, yenə də Allaha (and veririk), öz axirət səadətini, xeyrini yaddan çıxartma. Allaha and olsun ki, biz Allah xatirinə qəzəblənir və Allah xatirinə xoşhal oluruq. Sən öz əməllərindən aşkar şəkildə tövbə etməyincə biz öz qılınclarımızı yerə qoymarıq."2


XƏLİFƏNİN QİYAMÇİLAR QARŞİSİNDA VERDİYİ İLTİZAM


Evin mühasirə olunması nəticəsində xəlifə işə ciddi yanaşmalı və mühasirənin yarılması üçün səy göstərməli idi. Lakin o, qiyamın necə böyük bir miqyasda başlanmasından agah deyildi, cəmiyyətin yaxşı şəxslərini bədnam şəxslərdən seçə bilmirdi. O, Müğeyrə ibni Şöbənin, yaxud Əmr Asın vasitəçiliyi ilə bu qiyamın sona yetəcəyini güman etdiyinə görə inqilab dalğasını yatırtmaq üçün evdən iki nəfər yolladı. Qiyamçılar bu mənfur simalarla qarşılaşdıqda onların əleyhinə şüar verdilər. Müğeyrəyə dedilər: "Ey fasiq, ey facir, rədd ol!" Əmr-Asa isə dedilər: "Ey Allahın düşməni, qayıt, sən əmanətdar adam deyilsən!"

Bu vaxt Ömərin oğlu, Əli (ə)-ın ehtiramını xatırladı və dedi ki, bu qiyamı yalnız o yatıra bilər. Xəlifə o həzrətə dedi ki, qiyamçıları Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə dəvət etsin. Əli (ə) bu işi görməyi bu şərtlə öhdəsinə aldı ki, o, Əli (ə)-ın xəlifə adından verdiyi zəmanətə əməl etsin. Əli (ə) xəlifənin tərəfindən zəmanət verdi ki, xəlifə Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl edəcək. Qiyamçılar da Əli (ə)-ın zəmanətini tam xatircəmliklə qəbul etdilər, sonra onunla birlikdə Osmanın yanına gedib onu bərk məzəmmət etdilər. Osman onlarla razılaşdı və qərara alındı ki, bu barədə bir iltizam kağızı da versin. Onun məzmunu belə idi: "Bu, Allah bəndəsi və möminlərin əmiri Osman tərəfindən, onu tənqid edərək irad tutan şəxslərə bir məktubdur. Xəlifə söz verir ki, Allahın Kitabına və Peyğəmbər (s)-in sünnəsinə əməl etsin, məhrumiyyətdə olanlara yardım etsin, qorxanlara əmin-amanlıq versin, sürgün edilənləri öz vətənlərinə qaytarsın, islam ordusunu düşmən torpaqlarında saxlamasın. Əliyyibni Əbu-Talib möminlərin və müsəlmanların himayəçisidir. Osmanın bu sözlərinə əməl etməsi vacibdir."

Zübeyr, Təlhə, Səd Vəqqas, Əbdüllah ibni Ömər, Zeyd ibni Sabit, Səhl ibni Hənif, Əbu Əyyub və s. kimi şəxslər şahid kimi kağızı imzaladılar. Bu məktub 35-ci hicri ilinin Zil-qədə ayında yazıldı və hər qrup onun bir nüsxəsini alıb öz şəhərlərinə yola düşdü. Xəlifənin evinin mühasirəsi yarıldı və onun evinə gediş-gəliş tamamilə azad oldu.1

Qiyamçılar dağılışandan sonra Imam (ə) yenidən xəlifə ilə görüşdü və ona dedi:–Gərək camaatla danışasan ki, onlar sənin sözlərini eşidib şəhadət versinlər. Çünki inqilab dalğası islam ölkələrinin hər yerini bürümüşdür. Başqa şəhərlərdən olan dəstələrin yenidən Mədinəyə axışıb gəlməsi heç də gözlənilməz bir şey deyildir. Bu halda yenə mənə deyəcəksən ki, onlarla danış.

Xəlifə Əli (ə)-ın bu sözlərinin səmimi qəlbdən olmasını və doğru deməsindən tamamilə xəbərdar idi, ona görə də, evdən çölə çıxıb özünün xoşagəlməz işlərindən peşman olduğunu bildirdi. Imam (ə) birliyin və xilafət məqamının əzəmətinin qorunub saxlanması naminə doğrudan da böyük bir xidmət etdi. Əgər bu işdən sonra Osman o həzrətin göstərişi və hidayəti sayəsində hərəkət etsəydi, onun üçün heç bir çətinlik qarşıya çıxmazdı. Lakin xəlifə zəif iradəli və uzaqgörməyən bir adam idi, onun həqiqəti görən və düzgün işləyən müşavirləri də yox idi. Mərvan ibni Həkəm kimi hiyləgərlər onun əql və idrak qüvvəsini oğurlamışdılar. Buna görə də, misirlilər dağılışandan sonra o, Mərvanın təhriki nəticəsində yaramaz bir iş gördü. Osman özünün misirlilərlə görüşünü başqa cür əks etdirib onu belə qələmə verməyə səy etdi: Mədinədən Misrə bəzi xəbərlər çatmışdır, ona görə də onlar məsələnin nə yerdə olduğunu öyrənmək üçün bura gəlmişdilər. O xəbərlərin əsassız olduğunu gördükdə öz yerlərinə qayıtdılar.

Bu söz xəlifənin ağzından çıxan kimi müxaliflərin etiraz dalğası yüksəldi, hamısı onun üstünə qışqırıb dedilər: "Allahdan qorx, tövbə et!" Etirazlar elə güclü idi ki, xəlifə qorxub ikinci dəfə olaraq sözünü geri götürdü, üzü qibləyə durub əllərini qaldırdı və dedi:–"Ilahi, mən tövbə edib Sənin tərəfinə qayıdan ilk şəxsəm!"2


İNQİLAB RƏHBƏRLƏRİNİN EDAM OLUNMASİ HAQDA HÖKM


Misirlilərin qiyamı sona yetmək üzrə idi. Onlar Mədinədən Misrə doğru yola düşmüşdülər. Lakin yol üstündə, Əylə adlı bir yerdə Osmanın qulamını gördülər. O, Misir yolu ilə gedirdi. Misirlilər onun xəlifədən Misir valisi Əbdüllah ibni Əbi Sərhə məktub aparmasına ehtimal verdilər. Buna görə də onun yükünü axtarmağa başladılar. Onun su qabının arasında qalaydan bir lülə tapdılar, onun içində də bir məktub var idi. Məktubda Misir valisinə belə yazılmışdı: "Əmr ibni Bədil Misrə daxil olan kimi onun boynunu vursun, Kənanənin, Ürvənin və Əbu-Ədisin əllərini kəssin və qanına qəltan olandan sonra onları dar ağacından assın. Bu məktub misirliləri dəhşətə gətirdi və hamısı yarıyoldan Mədinəyə qayıtdı, Əli (ə)-la görüşüb məktubu ona verdilər. Əli (ə) məktubu götürüb Osmanın evinə getdi və ona göstərdi. Osman and içdi ki, yazı onun katibinin yazısı, möhür də onun möhürüdür, lakin özünün bundan xəbəri yoxdur. Zahirdə belə nəzərə çarpırdı ki, xəlifənin doğrudan da məktubdan xəbəri yoxdur və bu iş onun ətrafındakıların–Mərvan ibni Həkəmin işidir. Xüsusilə də xəlifənin möhürü əvvəllər Həmran ibni Əbanda idi, o, Bəsrəyə gedəndən sonra Mərvanın yanında saxlanılırdı.1

Misirlilər xəlifənin evini mühasirəyə alıb onunla görüşmək istədilər. Onu görcək soruşdular:–Bu məktubu sən yazmısanmı?

Osman Allaha and içdi ki, ondan xəbəri yoxdur. Onların nümayəndəsi dedi:–Əgər belə bir məktub səndən xəbərsiz yazılmışdırsa, onda sənin xilafətə səlahiyyətin yoxdur; belə isə, tezliklə xilafətdən istefa ver!

Xəlifə dedi:–Allahın mənim boyuma biçdiyi paltarı (xilafəti) heç vaxt çıxarmaram.

Misirlilərin cürəti Bəni-Üməyyəni narahat etdi. Amma işin həqiqi səbəbini axtarmaq əvəzinə, Əli (ə)-ın divarından alçaq divar görmədilər və onu heyətlərin xilafət məqamına qarşı cürətlənmələrinin səbəbkarı hesab etdilər. Imam (ə) onlara etiraz edib dedi:–Bilirsiniz ki, bu işdə mənim heç bir rolum yoxdur. Mən misirlilərin geri qayıtmaları üçün müqəddiməni hazırladım, lakin indi daha mənim əlimdən bir iş gəlməz. (Sonra Allah dərgahına üz tutub dedi:) "Ilahi, mən onların sözlərindən və xəlifənin qanının tökülməsindən bezaram! Əgər (xoşagəlməz) bir hadisə baş versə, mənim onda heç bir məsuliyyətim yoxdur."

Mövcud şahidlər göstərirdi ki, məktub Mərvanın əli ilə, yaxud onun göstərişi əsasında yazılmışdır. Buna görə də misirlilər Osmandan Mərvanı onlara təhvil verməsini israrla tələb edirdilər. Lakin xəlifə bu fəsad amilini təhvil vermək istəmirdi. Buna görə də, xəlifənin evində qiyamçılar tərəfindən yaradılan mühasirə halqası daha da daraldı və oraya su aparılmasını ciddi şəkildə qadağan etdilər. Xəlifə öz ətrafındakılara dedi:–Nə qədər ki, gec deyil, Əliyə xəbər verin, darül-xilafəyə bir az su göndərsin.

Imam (ə) Bəni-Haşimin köməyi ilə su ilə dolu üç tuluğu xəlifənin evinə göndərdi. Suyu ora çatdırmaq üstündə Bəni-Haşimlə mühasirəçilər arasında dava-dalaş başlandı, nəticədə Bəni-Haşimdən bir neçə nəfər yaralandı, amma axırda suyu evin içinə apara bildilər.

MÜHASİRƏ GÜNLƏRİNDƏ XƏLİFƏNİN MƏKTUB YAZMASİ


Osman mühasirə günlərində Müaviyəyə bir məktub yazaraq qeyd etdi ki, Mədinə əhli kafir olmuş, beyəti pozmuşlar, tez bir zamanda döyüşçüləri Mədinəyə göndər. Lakin Müaviyə Osmanın məktubuna əhəmiyyət vermədi və dedi ki, mən Peyğəmbər (s)-in dostları ilə müxalifət etmərəm. Xəlifə başqa məktublar da yazıb Şamda Yəzid ibni Əsəd Bəcliyə, Bəsrədə Əbdüllah ibni Amirə göndərdi, bir məktub da o ilin Həcc mərasimində olanlar üçün yazdı. Onlara Ibni Abbas başçılıq edirdi. Lakin bu məktubların heç birinin faydası olmadı. Bəziləri xəlifəyə kömək etməyə tələsdilər, lakin Mədinəyə çatmamış onun öldürülməsindən xəbər tutdular.

MƏRVANİN YERSİZ TƏDBİRİ OSMANİN QƏTLİNİ SÜRƏTLƏNDİRDİ


Mühasirəçilər əvvəlcə xəlifənin evinə hücum etmək fikrində deyildilər. Onlar çalışırdılar ki, oraya su və yemək aparılmasın, nəticədə xəlifə və onun əlaltıları mühasirəçilərin tələbləri qarşısında təslim olsunlar. Lakin Mərvanın mübarizəyə qalxıb qiyamçılardan Ürvə Leysi adlı bir nəfəri qılıncla öldürməsi evin içinə hücumun başlanmasına səbəb oldu. Hamılıqla olan bu hücumda xəlifənin tərəfdarlarından üç nəfər: Əbdüllah ibni Vəhəb, Əbdüllah Ovf, Əbdüllah ibni Əbdurrəhman öldürüldü. Hücum edənlər Əmr ibni Həzm Ənsarinin evindən darül-xilafəyə yol açdılar və xəlifəni öldürdülər. Evin içində Osmanın Naqil adlı bir qulamı Malik Əştərin və Əmr ibni Əbidin vasitəsi ilə öldürüldü. Hücum elə şiddətli idi ki, Bəni-Üməyyə (xəlifənin keşikçiləri və xilafət işçiləri) hamılıqla qaçmağa üz qoydular. Peyğəmbər (s)-in zövcəsi Ümmü Həbibə (Əbu Süfyanın qızı) onları öz evində gizlətdi. Buna görə də, bu hadisə tarixdə "Yovmüd-dar" adı ilə məşhurdur.

Xəlifə Məhəmməd ibni Əbi Bəkrin, Kənanə Büşr Təhbibinin, Sədan ibni Həmran Muradinin, Əmr ibni Həmiqin və Ümeyr ibni Sabinin əli ilə öldrüldü. Xəlifə öldürülən zaman onun arvadı Nailə özünü yarımcan halda olan ərinin üstünə atdı, nəticədə iki barmağı kəsildi, bu da Osmanın başının bədənindən ayrılmasına mane oldu, lakin hücumçuların sonrakı zərbələri onun həyatına son qoydu. Bir neçə dəqiqədən sonra onun ruhsuz cəsədi evin bir küncünə düşdü.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə