142
Eynəkli kişi: Neynək. Amma bilirsən, bala ki var, bala deyil, bəladır, bəla.
Həmidə: Ağzını xeyirliyə aç, ay kişi.
Eynəkli kişi: Yox, sən mənə qulaq as. Deyir, övlad ki var, əvvəl adamın qanını sorur, yəni
ki, ana bətnində olanda. Sonra ki dünyaya gəlir, başlayır canını yeməyə, yəni ki süd əmir.
Sonra da adamın malını yeyir. Axırda da papağını yan qoyur ki, xudahafiz... Bir də qiyamətdə
görüşərik.
Həmidə: Ay kişi, nə baş-ayaq vurursan, sən naxələf övladdan niyə danışırsan? Sən mərifətli,
qədirbilən övladdan danış.
Eynəkli kişi: Hardaydı qədirbilən övlad? Uşaq vaxtı hamısı quzu kimidir, elə ki böyüdülər,
ya olacaq xuliqan, tutub basacaqlar dama, üzünü görməyəcəksən, ya da oxutdurub adam
eləyəcəksən, olacaq alim, incinar, həkim. Onda da üzün görməyəcəksən, çünki səni saya
salmayacaq. Deyəcək, ay dədə, ay məmə, sizlə mənim söhbətim tutmur, sizin kulturanız
çatmır mənimlə söhbət eləməyə, ev-eşiyimə də yaraşmırsınız, vəssalam, şüttamam.
Həmidə: Ay kişi, sən nə xeyirsöyləməz kişisən. Xeyirsöyləməzin əhvalatın eşitmisən? De-
yir, ay xeyirsöyləməz, uzaq səfərə gedirəm, xeyir söylə, papağımı sənə verim, deyir indidən
ver, birdən getdin, qayıtmadın.
Eynəkli kişi (Sanki onun sözlərini eşitmir, qurtum-qurtum çayı içərək öz-özünə danışırmış
kimi): Məndə olan kəllə heç kəsdə yox idi. Məktəbdə birinci şagird idim, müəllimlər başıma
and içirdi. Nə olsun, dalısın oxumadım ki, işləyim, ailə saxlayım, oğul-uşağın axırını bir yana
çıxardım. Hamısını oxutdum, indi məni bəyənmirlər.
Həmidə: Sənin övladların naxələf çıxıb, təqsir özündədir, yəqin, pis tərbiyə veribsən. Daha
hamıya niyə qara yaxırsan?
Eynəkli kişi: Hamısı elədir. Bayaq küçədə fikir verirəm, üç cavan oğlandır. Dərs öyrən-
məkdən, kitab oxumaqdansa, veyil-veyil gəzirlər küçəni... Nə olacaq onların axırı –avara,
cibgir, başkəsən.
Həmidə: Yox, balam, mənim övladlarıma min şükür, razıyam onlardan.
Eynəkli kişi: Hardadırlar, heç gözümə dəymirlər. Bəs bu boşqabları kimin üçün düzmüsən?
Həmidə (tutulur): Elə belə... Düzmüşəm də. Onlar getdilər, yoldaşları çağırdılar.
Eynəkli kişi (məmnun gülümsünür): Bəs mən nə deyirəm? Elə olacaq da. Hamısı çıxıb
gedəcək. Nə qədər ki ağılları kəsmir, səndən asılıdırlar – yanındadırlar, elə ki əlləri çörəyə
çatdı, atıb gedəcəklər. Budur bax, dörd uşağın var, dördü də, Təzə il axşamı anasını tək qoyub
gedir. Heç yadlarına da düşmürsən indi onların.
Həmidə: Düz demirsən, hamısının yadındayam. Burda olmasalar da, ürəkləri burdadır.
Eynəkli kişi: Ürəkləri? Ay-hay. Ürəkləri!
Həmidə: Hamısı zəng eləyib məni təbrik edəcəklər.
Eynəkli kişi: Ay elədilər ha. Bax, bacı, adını da bilmirəm. Mənə hamı poçtalyon Bəşir deyir,
indi övladlarının biri də axşam sənə zəng eləsə, mən poçtalyon Bəşir adımı dəyişib qoyaram
telefon Bəşir. (Durur) Yaxşı, mən getdim. Çay üçun çox sağ ol, qiyamət çay idi. Sənə bir
məsləhət verirəm. Bax, o qutunu görürsən? (Televizoru göstərir) Qur onu, otur qabağında.
Qocalanda adama bir bu qalır. Nə olsa, ondan olacaq. Di salamat qal. (Qapını örtüb gedir)
Həmidə xala bir az çaşan kimi olur, sonra qapını açıb Bəşirin dalınca qışqırır.
Həmidə: Yox, düz demirsən, ay kişi, düz demirsən.
Eynəkli kişi (səsi uzaqdan gəlir): Televizor, bacı, televizordan bərk yapış, adama o qalır
qocalanda.
Həmidə: Yox, yox, düz demirsən, düz demirsən, poçtalyon, yox, telefon Bəşir.
Eynəkli kişi: Telefon məsələsinə hələ baxarıq.
143
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Həmidə xala qapıdan aralanıb otağa gəlir, qeyri-ixtiyari televizora yaxınlaşır, mexaniki
olaraq düyməni burur, ekranda diktor qız.
Həmidə (televizorun qabağından durur): Görəsən, bu gecə daha kimlər təkdir? Radionun
diktorları. Amma bəlkə, indi radioda da heç kəs yoxdur, ancaq yazılı lentləri buraxırlar. Bəs
məlumat bürosunun işçiləri? Orada, lap yəqin, adam var. Yazıqlar, yəqin, darıxırlar. Kimdi
bu gecə telefon soruşan? Qoy bir zəng eləyim, hə? (Telefona yanaşır. 09 çəkir, gözləyir).
Qadın səsi: Məlumat bürosu sizi dinləyir.
Həmidə: Salam, qızım.
Qadın səsi: Nə?
Həmidə: Salam, qızım.
Qadın səsi: Hara? Hansı nömrə?
Həmidə: Deyirəm, salam, qızım.
Qadın səsi (təəccüblə): Salam.
Həmidə: Sizin Yeni ilinizi təbrik edirəm.
Qadın səsi (daha artıq təəccüblə): Çox sağ olun.
Həmidə: Təksiniz, eləmi? Darıxırsınız, yəqin, hə?
Qadın səsi: Danışan kimdir?
Həmidə: Heç, bir nəfər.
Qadın səsi: Hə, Raya, sənsən, əvvəl tanımadım. Neyləyirsən, hardasan?
Həmidə: Yox, Raya deyil, başqa adamdır, siz məni tanımırsınız.
Qadın səsi: Nə istəyirsiniz?
Həmidə: Mən sizin Yeni ilinizi təbrik etmək istəyirəm.
Qadın səsi (quru): Təşəkkür edirəm.
Həmidə: Bilirsiniz, mən sizdən soruşmaq istəyirdim, necəsiniz bu axşam?
Qadın səsi (səbirsizliklə): Axı, kimdir?
Həmidə: Heç... bir nəfər... Siz tanımırsınız...
Qadın səsi (hirsli): Xətti məşğul eləməyin, hələ Yeni il gəlməyib…
Həmidə xala gülür. Dəstəyi qoyur. Televizora yanaşır. Veriliş qurtarır. Ekranda cürbəcür
xətlər, şüalar və kölgələr qatmaqarışığı var. Həmidə xala televizoru söndürür, divar saatına
baxır. Divar saatında birə on dəqiqə işləyir. Həmidə televizordan ayrılıb otağın o biri başına
keçir. Radionu qurur, sonra söndürür. Maqnitofona yanaşır.
Həmidə: Deyirəm, ay Qəzənfər, görəsən, niyə adama ömrünün axırında bir bu cihazlar qalır?
Yox, yox, dilim-ağzım qurusun, qələt danışdım. Mənə tək bir bu cihazlar qalmayıb. Mənim
gül kimi balalarım var. Qəzənfər, bizim balalarımız. Hamısı da məni çox istəyir. (Qəzənfərin
şəklinə yanaşır, diqqətlə ona baxır. Gərgin musiqi səslənir. Həmidə xala təlaşlı, həyəcanlıdır.
Tərəddüd içindədir. Nə isə eləmək istəyir, amma qərara gələ bilmir. Bufetə yanaşır, açarı
götürür. Amma bir an donub qalır. Musiqi şiddətlənir. Nəhayət, Həmidə xala qəti qərara
gəlir. Açarı bufetin gözünə salır, burur, açır, bayaqkı kaseti çıxarır. Maqnitofona yaxınlaşır,
onu yandırır, kaseti maqnitofona salır, lenti keçirir)
Həmidə: Qınama məni, Qəzənfər, sənin vəfatından sonra bu evdə heç kəs, bir dəfə də olsun,
ürək eləyib bu yazıya qulaq asmayıb. Amma mən bu gün özümü saxlaya bilmirəm.
Bilmirəm, nə olub mənə? Yaman sənin səsini eşitmək istəyirəm (Ani bir tərəddüddən sonra
Dostları ilə paylaş: |