140
Rüstəm otağa gəlir. Həmidə xala onun qoluna girir, onu telefona tərəf gətirir.
Həmidə: Götür, zəng elə.
Rüstəm: Hara?
Həmidə: Özün bilirsən, hara.
Rüstəm: Yox.
Həmidə: Deyirəm, zəng elə. Bax uşaqlardan heç biri, elə içi sənqarışıq, heç vaxt mənim
sözümdən çıxmayıbsınız. Bu yeni il gecəsi sözümü yerə salsan, ömrüm boyu səninlə
barışmaram.
Rüstəm: Ana... yox... axı...
Həmidə: Deyirəm, zəng elə, qurtardı.
(Yumşaq) Bax, bala, məndən sənə əmanət, adam
arasında çox söz olar, amma hər sözü uzatmazlar, hər söhbəti şişirtməzlər. Özünüz öz aranız-
da həll eləyin, qurtarıb getsin. Elə-belə vaxt dalaşırsız-barışırsız, heç kəsin işinə deyil, kimin
nə borcuna, heç kəsin də xəbəri olmur. Amma indi təzə il axşamı siz bir yerdə olmayanda bu
küsüvüzü hamı biləcək. Atası da, anası da, qohum-əqrəbası, qonşu, tanış-biliş, hamı. Dost
var, düşmən var... Niyə qızı öz adamları yanında başıaşağı, gözükölgəli eləyirsən?
Rüstəm: Ay ana, axı sən birini bilirsən, birini bilmirsən.
Həmidə: Bilmirəm, bilmək də istəmirəm.
Rüstəm: Mən bu axşam onunla görüşmək istəmirəm.
Həmidə: Görüşürsünüz, görüşmürsünüz, öz işinizdir.
Amma zəng eləməyinə, zəng elə.
Rüstəm: Axı...
Həmidə: Əgər istəmirsən ki, bu axşam ürəyimi qırasan... Bax, əgər mən səndən küssəm,
çətin barışam. Mən lap ciddi deyirəm. Səndən elə inciyərəm ki...
Rüstəm (dəstəyi qaldırır): Bax, ancaq sənin xətrinə…
Həmidə xala məmnun halda gülümsünür, balaca Vaqif yatan divana yanaşır, oturur,
Vaqifə baxır.
Həmidə (öz-özünə danışırmış kimi, mışıl-mışıl yatan Vaqifə müraciət edir): Heç dinmə,
Vaqif bala, deyəsən, Rüstəm dayını nişanlısı ilə barışdıracağıq.
Rüstəm: Ana, bilirsən...
Həmidə (gülümsünür): Can bala, sən də, Tofiq də nə yaman Qəzənfərə oxşayırsınız.
Rüstəm: Nədir ki?
Həmidə: Heç. Elə-belə deyirəm. Bax, o da tutulanda, pərtləşəndə beləcə yanağı pörtərdi.
Rüstəm (pərt): Hə...
Həmidə: Get, a bala, get. Məndən də çoxlu-çoxlu salam de...
Rüstəm: Aha
(Qalstuku bağlamağa başlayır) Yox, bu olmadı da... Mən bilsəydim, ana,
doğrudan, deyirəm, bu saat zəng eləyim, deyim, gələ bilməyəcəm. Mən bilmədim ki, sən
təksən... Bu saat, dayan.
(Qalstukunu bağlayıb qurtarır, güzgüyə baxır) Bu saat zəng eləyim.
Həmidə: Yox, yox, məbadə elə iş tutasan. Get, yoxsa yaxşı düşməz.
Rüstəm: Mən bilmədim ki, sən təksən.
Həmidə: Bir də, Rüstəm, bilirsən ki, mən axşamdan yatanam. Bir azdan yerimə girib
yuxulayacam. Siz gələndə qapını
bərk döyün ki, oyanım.
Rüstəm: Hə, sən Yeni ildə çox oturan deyilsən.
(Otağa keçir).
Həmidə (öz-özünə): Eh, ay oğul, sənin yadına gəlməz. Vaxt vardı, bu evdə Yeni il məclisi
səhərə qədər dağılmazdı. Bütün gecəni süzüb ortalıqdan çıxmaq bilməzdim, səhərisi gün
oynamaqdan qollarım sızım-sızım sızıldardı...
Rüstəm: Di sağ ol.
(Anasını öpüb gedir)
141
• II mərhələ •
XX əsrin ortalarından günümüzə qədərki ədəbiyyat
•
2
Həmidə xala mətbəxə gedir. Əlində aş dolu iri bulud içəri qayıdır. Buludu stolun üstünə
qoyur, stulları sahmana salır. Öz-özünə danışır.
Həmidə: Səkinə bacı, sən burda əyləş. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər. Usta, sən də
burda otur. Teymur, sən bura keç. Arvadının yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən
burda otur, axı tamada sən olacaqsan.
(Öz-özünə gülür) Mənim də, deyəsən, başım xarab
olub.
(Pəncərəyə yanaşır, şəhərin işıqlarına baxır, içini çəkir) Vay, başıma xeyir, gör bir nə
qədər işıq var. Görəsən, heç indi küçədə adam tapılar?
(Qapının zəngi çalınır, Həmidə xala
diksinir, təəccüb içində qapıya tərəf gedir)
Həmidə: Bıy, başıma xeyir, bu, kim ola?
(Qapını açır)
Eynəkli kişi daxil olur.
Eynəkli kişi: Ələkbərovun evi buradır?
Həmidə: Bəli! Nədir ki?
Eynəkli kişi: Nədir? Sağlığın. Al, bu teleqramı, bura qol çək.
Həmidə (teleqramı alıb baxır): Bıy, ürəyim düşmüşdü. Dedim, görəsən, nə olub.
(Sakit və
fərəhlə) Fərmandandır! Qəzənfər rəhmətliyin şəyirdi idi, indi, şükür, özü adlı-sanlı ustadır.
Harada olur-olsun – hər bayramda mütləq gərək tel vursun, heç yadından çıxmaz. Budey,
indi də Həştərxandan vurub.
Eynəkli kişi: Bacı, bütün bunların mənə heç dəxli yoxdur, istəyir, Həştərxandan vursun,
istəyir, Əngəxərandan, gərək bura qol çəkəsən, vəssalam.
Həmidə: Bıy, a kişi, nə ətiacı-ətiacı danışdın? Qol çəkməyə nə var ki, bu saat çəkərəm. Daha
elə köntöy danışmaq neyçün.
Eynəkli kişi: Sən də mənim kimi axşam-axşam bu qədər ev gəzsəydin, elə danışardın. Hələ
gərək üç qapıya da gedəm.
Camaat kefdə, damaqda, mən də...
Həmidə: Nə deyirəm ki, bu boyda pilləkən çıxmısan, otur,
heç olmasa, bir nəfəsini dər. Bir
stəkan pürrəngi çay süzüm sənə.
Eynəkli kişi (bir az yumşalaraq): Axı qayda-qanun var, mən indi vəzifə başındayam,
qulluqdayam.
Həmidə: Əşi, çürükçü olma, bir
stəkan çay içsən, dünya dağılmaz.
Eynəkli kişi: O da düzdü.
Həmidə çay gətirir.
Eynəkli kişi: Bu üç teleqramı da çatdırım yiyəsinə, gedim kəlləmi atıb yatım.
Həmidə: Bəs Yeni ili qarşılamırsan?
Eynəkli kişi: Əh, rəhmətliyin qızı, sənə, mənə nə Yeni il? Bu Yeni il findifürüş cavan-
larçündür atılıb düşsünlər.
Həmidə: Elə niyə deyirsən, bax, mən səndən, yəqin, bir-iki bayram böyük olaram, amma
görürsən, mən də oturub Yeni ili gözləyirəm. Qarşılayacam...
Eynəkli kişi: Görürəm, boşqabları düzmüsən, plov da, yəqin, dəmdədir.
Həmidə: Qal, qonağımız ol.
Eynəkli kişi: Sağ ol.
(Şəkli göstərir) Ərindir?
Həmidə: Hə, rəhmətə gedib.
Eynəkli kişi: Oğuldan-uşaqdan nəyin var?
Həmidə: İki oğlum, iki qızım.