Mustafayeva



Yüklə 4,03 Kb.
Pdf görüntüsü
səhifə84/87
tarix25.06.2018
ölçüsü4,03 Kb.
#51281
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   87

 
 
208 
 
arxayınlıq,  ümid  yaranmışdı.  Hərdən  Əfəndinin  qan  daman  yanaqlarına,  qalın  pırpız  qaş-
larına, çat-çat yoğun barmaqlarına göz yetirirdi və inanırdı ki, belə adam dağı dağ üstünə 
qoyar,  belə  adam  etibarlı olar,  insaflı olar, haqqı  nahaqqın  ayağına verməz,  dostu-yoldaşı 
darda qoymaz. Əfəndinin gözlərindən nur tökülürdü və Ağarəhimin ürəyini işıqla, ümidlə 
dolduran da, deyəsən, elə bu nur idi. “Neçə ildi sovxozda traktorçu işləyir, yəni bunun evində 
min manat pulu yoxdu?”  
Binnət sazı gətirib stolun küncünə söykənmişdi, bayaqdan bəri ağzından bircə kəlmə də 
söz  çıxmamışdı.  Danışan  Əjdərlə  Əfəndi  idi.  Hər  şeydən  danışırdılar  –  ala  dağdan,  qara 
dağdan, öləndən, qalandan – təkcə “Jiquli”nin vurulmağından danışmırdılar, “min manat” 
məsələsini dillərinə gətirmirdilər. 
Gəlin stolun üstünə dərin buludda çolpa çığırtması qoydu.  Süfrəni sahmana salıb kölgə 
kimi yox oldu. Ağarəhim ac idi, di gəl ki, boğazı tikilmişdi, loxmasını güclə udurdu. Göz-
ləyirdi ki, Əfəndi nə vaxt dillənəcək, nə vaxt deyəcək ki, “çörəyini rahat ye, pulun dərdini 
çəkmə, min manat budu ha, cibimdədi”. Amma Əfəndi olan kəs bircə dəfə də soruşmurdu ki, 
“qonaq qardaş, kimsən, nəçisən, hardan gəlib, hara gedirsən?”  
Əjdər sazı köynəkdən çıxarıb basdı sinəsinə. Başını sazın sağanağına qoyub, gözlərini 
yumdu…Ağarəhimin saz havalarından o qədər də xoşu gəlmirdi, illərlə eşitməsəydi, yadına 
düşməzdi. Amma indi Əjdərin şövqlə çalmağı heyrətə gətirmişdi onu. İnana bilmirdi ki, saz 
belə dillənə bilər, sızıldaya bilər.  
Əjdər başını qaldırdı, amma gözlərini açmadı.  
–  Əfəndi,  dərdin  alım,  qulaq  as,  bu  havanın  adı  “Göyəzən  gözəlləməsidi”,  özüm 
düzəltmişəm,  –  dedi  və  başladı  yeni  hava  çalmağa.  Bir  neçə  mizrab  vurub  dayandı.  Sazı 
köynəyə sala-sala: – Eh, ay fələk, – dedi, – mən Göyəzənin təpəsinə nə vaxt çıxacam?  
Heç kim dillənmədi. Hamı hiss eləyirdi ki, süfrə arxasında söhbət tutmur; sözlərdən elə 
bil daş asılmışdı.  Əjdər stəkanının dibində qalmış çaxırı bir atıma içib ağzını marçıldatdı.  
– Ayə, ay Əfəndi, hardan alacaqsan, ə, min manatı?  
Əfəndi ona təpindi:  
– Ə, kiri, ə! Ölkə viran qalmayıb ha! Dünyada təkcə ölümə çarə yoxdu. Təki can sağ 
olsun, hər şey düzələr.  
Əjdər qızışmışdı:  
–  Ayə,  Binnətin  evini  bazara  töküb  satsan,  heç  min  manat  düzəlməz.  Min  manat  az 
puldumu, allahsız?  
Əfəndi də qızışdı:  
– Ağzımı açma mənim! Binnətin bir inəyi var, iki danası var! Mənim də evimdə xəli-
xəlçə  var!  Binnətin  kişi  təkin  bacısı  var,  onun  da  saxlancı  olar  yəqin.  Çıxardarıq  bazara, 
satarıq. İntəhası, qonaq qardaş gərək bir az ləngisin.  
Ağarəhim  ürəyində:  “Gözləyərəm,  –  dedi.  –  Sabah  tezdən  instituta  təcili  teleqram 
vuraram, bilərlər ki, gecikəcəm”. 
Əjdər həyətdən çıxandan sonra səsi yoldan gəldi:  
– Mən Əjdərəm haa! Əjdərəm!.. Əjdər! 
Əfəndi, Ağarəhimin qolundan tutub kənara çəkdi: 
  – Qardaş, uzan, rahat yat. Necə demisən, heylə də olacaq. 
 Ağarəhim dirənə-dirənə dedi: 
– Məndən inciməyin… Özünüz bilirsiniz də… təzə maşındı… İnciməyin… 
– Niyə inciyirik, ay sağolmuş? Sən bizdən incimə ki, bizim ucbatımızdan… Ürəyini buz 
kimi elə… Səhər sənə xəngəl də yedizdirəcəyik, pulunu da düzəldib verəcəyik… Di, salamat 
qal, dərdin alım. Gecən xeyrə qalsın. Mən getdim. 
Ağarəhimin xahişi ilə onun yerini çöldə saldılar. Otaqdan yaylı, dəmir çarpayı çıxarıb, 
armud ağacının dibinə qoydular.   


 
 
 
209 
 
• • •
 
Ağarəhim yatağa paltarlı uzandı, heç ayaqqabılarını da çıxarmadı. Əzgin, yorğun oldu-
ğunu, bütün canının sızıldadığını indicə hiss elədi. Beyni də ağırlaşmışdı, amma yuxusu gəl-
mirdi. Başqa vaxt olsaydı, Ağarəhim, bəlkə də, çöldə, ağac altında yatmağın ləzzətini du-
yardı,  indi  gözlərini  tərtəmiz  göydə  sayrışan  ulduzlara  zilləyib  qulaqlarındakı  uğultunu 
dinləyirdi. 
Bağçada şanapipik quqquldadı, biri də uzaqdan ona səs verdi. Ağarəhim yerinin içində 
oturub şanapipiklərin deyişməsinə qulaq asdı. Sonra qanrılıb artırmaya tərəf baxdı. Kök ar-
vad orda – taxta çarpayıda yatmışdı, özə də bu bürküdə, deyəsən, yorğanı başına çəkmişdi… 
Ağarəhim gecənin qərib sakitliyində zümzüməyə bənzər bir səs eşitdi.  
Kimsə ağlayırdı. Boğula-boğula, hıçqırığını uda-uda, içində, ürəyində ağlayırdı. Arvad 
tərpənmirdi – yatağında daş kimi qalmışdı, amma Ağarəhim inandı ki, ağlayan odur. Niyə 
ağlayır, görəsən?..  Sabah  Binnət  inəyini,  ya  da danalarını bazara  çıxaracaq, sabah Əfəndi 
evindəki xəlçənin bir-ikisini dəyər-dəyməzinə satmalı olacaq. Yəni kök arvad buna görə ağ-
layır?  Bəlkə  heç  ağlamır,  bəlkə  Ağarəhimin  qulağı  səsə  düşüb?  Yox,  ağlayır,  vallah,  ağ-
layır… Odey tərpəndi… ağlamağını kəsdi… yönünü divara çevirdi… təzədən başladı içində 
ağlamağa… 
Ağarəhim fikirləşdi ki, indi bu həyətdə, bu evdə qıvrımsaç qızdan başqa heç kim yatma-
yıb. Bax, qapısı örtülü o otaqda Binnət siqareti siqaretin oduna calayır. Yəqin, qəşəng gəlin 
ağlayır.  
Ağarəhim gerçəkli qorxdu. Elə bil göydəki ulduzlar qırmızı-qırmızı daşlara dönüb Ağa-
rəhimin  təpəsinə  töküldü.  Ağarəhim  canında,  içində  dözülməz  bir  ağrı  duydu.  Ağarəhim 
ürəyinin guppultusuna qulaq asa-asa çarpayıdan düşüb “Jiquli”yə tərəf getdi… 
“Jiquli”  evin  qabağından  asta-asta  keçəndə  arvad  hövlnak  dikəlib  çarpayıda  oturdu. 
Ağarəhim onun gözlərini yaxşı-yaxşı görməsə də inandı ki, arvadın gözləri heyrətdən böyü-
yüb…  Ayın  bəyaz  işığında  yolun  çala-çuxuru  da  görünürdü.  Göyün  üzünə  yavaş-yavaş 
ağımtıl şəfəq gəlirdi, alatoran dağılhadağıl idi. 
Maşının vurulduğu yerə çatanda Ağarəhim saatına baxdı: dörd tamam idi. Sonra otura-
caqda Ağarəhimin gözlərinə bir şey sataşdı. Götürüb baxdı: qıvrımsaç qızın gülməli gəlinciyi 
idi. Ağarəhim gülümsədi. “Bu da mənim talismanım”, – dedi və hiss elədi ki, bayaq canını 
yandırıb-yaxan  ağrıdan,  göynərtidən  əsər-əlamət  qalmayıb.  Ağarəhim  maqnitofonun 
ağzındakı kaseti barmağıyla irəli itələdi. 
 
 
 
 


Yüklə 4,03 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə