____________Milli Kitabxana____________
585
dir ki, münaqişə ATƏM çərçivəsində aradan qaldırılmalıdır, lakin Rusiya bu işdə
xüsusi rol oynamalıdır. Açığını deyim ki, Rusiya bu məsələnin həllində
vasitəçilik rolu oynamağa cəhd göstərir. Biz buna nəinki etiraz etmir, əksinə,
bundan istifadə etməyə çalışırıq. Çünki bu yolda bütün vasitələrdən istifadə
etmək istəyirik. Ona görə də biz ATƏM-in Rusiya ilə müştərək fəaliyyət
göstərməsinə razılıq vermişik. Çünki bu, ATƏM-in, onun Minsk qrupunun
başçısı cənab Yan Eliassonun təklifidir.
Eyni zamanda biz beynəlxalq aləmdə fəaliyyətimizi genişləndirmək üçün
daha bir addım atmışıq. Bildiyiniz kimi, vaxtilə, Sovetlər İttifaqı ilə Qərb ölkələri
arasında rəqabət gedən zaman, "soyuq müharibə" dövründə iki böyük hərbi-siyasi
blok var idi: Varşava Müqaviləsi Təşkilatı və NATO. Sovet İttifaqı dağıldıqdan
sonra Varşava Müqaviləsi Təşkilatı süqut etdi, NATO bloku isə öz fəaliyyətini
davam etdirir. NATO-ya daxil olan 16 dövlətin başçıları bu ilin yanvarında
Brüsseldə toplaşaraq "Sülh naminə tərəfdaşlıq" proqramı hazırlamış və elan
etmişlər ki, Şərqi Avropa dövlətləri həmin proqrama qoşula bilərlər.
Biz belə qərara gəldik ki, Azərbaycanın bu proqrama qoşulması onun
beynəlxalq mövqeyinin möhkəmlənməsinə kömək edəcəkdir. Ona görə də "Sülh
naminə tərəfdaşlıq" proqramına qoşulmağı qərara aldıq və mən bu məqsədlə
Brüsselə getdim. Orada NATO-nun baş qərargahında çıxış edərək Azərbaycanın
həmin proqrama qoşulduğunu bəyan etdim və proqramı imzaladım. Onu da qeyd
edim ki, keçmiş Sovet İttifaqı respublikalarından indi Müstəqil Dövlətlər
Birliyinə daxil olan 12 dövlətdən yalnız üçü həmin proqrama qoşulmuşdu.
Azərbaycan bu proqramı imzalayan dördüncü dövlətdir. Belə hesab edirəm ki,
bu, bizim atdığımız doğru, düzgün və eyni zamanda cəsarətli addımdır.
Mən Brüsseldə olarkən ATƏM-in Minsk qrupu sədrinin müavini cənab
Matias Mosberq oraya gəldi və mənə qəti dedi ki, Ermənistan Azərbaycan
müharibəsinin sülh yolu ilə aradan qaldırılması üçün hökmən Rusiyanın,
Müstəqil Dövlətlər Birliyinin iştirakı lazımdır. Ona görə də, ATƏM belə bir
fikirdədir ki, onlar Rusiya ilə, MDB ilə birgə fəaliyyət göstərməlidirlər. Mən ona
bildirdim ki, əgər siz bu fikirdəsinizsə, biz də həmin fikri müdafiə edirik, çünki
müharibəyə son qoymaq istəyirik. Əgər biz müharibəni ATƏM çərçivəsində
dayandırırıqsa, ATƏM təşkilatı bu işə hansı dövləti cəlb etmək istəsə, etiraz
etməyəcəyik. Beləliklə də yeni bir formula yarandı.
Mayın 13-də Minsk qrupunun başçısı Yan Eliasson yenidən Bakıya gələrək
bizə bir layihə təqdim etdi. Həmin layihədə atəşin dayandırılması və atəşkəsin
möhkəmləndirilməsi rejimi nəzərdə tutulmuşdur. Biz atəşin kəsilməsi üçün bir
neçə təşəbbüs göstərmişdik. Məsələn, aprelin 28-də təklif etdik ki, Rusiyanın
vasitəçiliyi ilə atəş dayandırılsın. Lakin Ermənistan tərəfi atəşin kəsilməsinə razı
olmadı.
Bildiyiniz kimi, mayın 5-də Bişkekdə MDB Parlamentlərarası Məclisinin
görüşü olmuş, Dağlıq Qarabağ haqqında məsələ müzakirə edilmişdir. Həmin
görüşə Afiyəddin Cəlilovun baş-
____________Milli Kitabxana____________
586
çılığı ilə Azərbaycan nümayəndə heyəti də getmişdi. Biz ona müəyyən təlimat
verərək bildirmişdik ki, görüşün məzmunu hələlik bizə məlum deyil. Görüşdə
iştirak etmək, danışıqlar aparmaq lazımdır. Əgər bir sənəd imzalanmalı olarsa,
prezidentin razılığı olmadan onu imzalamasın. Afiyəddin Cəlilov da bu göstəriş
əsasında hərəkət etmişdir. Orada hazırlanan sənədi imzalamağa Azərbaycan
dövlətinin başçısı tərəfindən səlahiyyəti olmadığına görə o, sənədə qol
çəkməmişdi. Lakin sonra biz sənədi müzakirə etdik. Orada yalnız atəşin kəsilməsi
haqqında bir müddəa var idi. Atəşin kəsilməsi naminə həmin sənədi
Azərbaycanın imzalanmasını lazım bildik. Bizim razılığımızla mayın 8-də
Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyev həmin sənədi imzaladı. Bundan
sonra, mayın 10-dan etibarən atəş dayandırılmışdır. Bişkek protokolunu
imzalamaqda Azərbaycanın əsas məqsədi atəşin dayandırılması idi və biz buna
nail olmuşuq.
Minsk qrupunun rəhbəri Yan Eliassonla danışıqlar zamanı onun gətirdiyi
müqavilə layihəsi ilə razılaşdıq və öz düzəlişlərimizi edərək xahiş etdik ki, həmin
sənədi Ermənistanla da razılaşdırsın. Bundan sonra Yan Eliasson Ermənistana
getdi. Ermənistan tərəfi həmin layihəni özünə sərfəli şəkildə bir qədər dəyişdirdi.
Mayın 16-na Yan Eliasson yenidən Bakıya qayıtdı.
Bu zaman Moskvada Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin
görüşü keçirilirdi. Biz həmin görüşə də razılıq vermişdik. Mən bir daha deyirəm,
müharibənin dayandırılması üçün biz bütün vasitələrdən istifadə etməyə çalışırıq.
Ancaq mayın 16-da Rusiyanın müdafiə naziri mətbuat nümayəndələri ilə böyük
görüş keçirmiş və Azərbaycan tərəfinin razılığı olmadan elan etmişdir ki,
Rusiyanın sülh məramlı qüvvələri Azərbaycanla Ermənistan arasındakı bölgələrə
göndəriləcək, bundan ötrü iki batalyon - 1.800 nəfər ayrılacaq və s.
Azərbaycandan xahiş edilirdi ki, belə bir protokolu imzalasın. Həmin protokolu
indiki halda bizdən ötrü münasib saymadığıma görə Azərbaycanın müdafiə
nazirinə göstəriş verdim ki, onu imzalamasın və dərhal Bakıya qayıtsın. Eyni
zamanda Bakıda bu məsələ barədə Minsk qrupunun başçısı Yan Eliassona
məlumat verdik. Dediyim kimi, biz Yan Eliassonun təklif etdiyi layihəyə razı
olduğumuzu bildirmişdik. Lakin Ermənistan tərəfi onu imzalamaqdan imtina etdi.
Beləliklə, biz bir daha göstərdik ki, Azərbaycan sülh tərəfdarıdır, müharibəni
beynəlxalq təşkilatlar xətti ilə, o cümlədən Rusiyanın vasitəçiliyi ilə qurtarmaq
istəyir. Ermənistan isə bir daha gəstərdi ki, müharibənin dayandırılmasına
tərəfdar deyildir. Bundan sonra cənab Yan Eliasson Vyanaya qayıtdı. Sizə
məlumat verə bilərəm ki, ATƏM, onun Minsk qrupu və cənab Yan Eliasson
Rusiya ilə sıx əlaqə saxlayırlar.
Bir daha qeyd edim ki, mayın 10-dan etibarən atəş dayandırılmışdır. Mənə
belə gəlir ki, bu, bizim üçün müsbət haldır. Son aylarda ordumuz qəhrəmanlıqla
vuruşmuş, böyük cəsarət göstərmişdir. Ancaq itkilərimiz də çox olmuşdur. Açıq
deyirəm, elə gün olmuşdur ki, bir bölgədə əlli nəfər şəhid vermişik.