XVII—XVIII
əsrlərdə Azərbaycanda dastan daha çox yaranır,
çünki o həm lirik, həm də epik
təfəkkürün imkanlarını ehtiva edirdi, — dastanda poetik təhlil də, tərənnüm də var, ona görə də "XVII—
XVIII əsrlər ədəbiyyat tarixinə bu janrın tam çiçəklənmə dövrü kimi daxil olur" (M. H. Təhmasib).
Türk
mifologiyası yaddaşlardan gəldiyinə görədir ki, intibah təfəkkürü onu süjet-süjet, əhvalat-
əhvalat qavramır, motivləri götürür, — real hadisələri, əhvalatları, süjetləri mifoloji məntiqlə verir;
M. Seyidovun Koroğlu obrazını mifoloji mənşəyə bağlaması bu mənada tamamilə təbiidir... Çənlibel də,
Koroğlu da, Qırat da, Misri qılınc da min illər xalqın yaddaşında yaşayır, amma implissit şəkildə yaşayır,
— elə ki, "düşmən qapının ağzını alır", onda mifoloji obraz da "döyüşür". Kərəm də, Əsli də,
Qərib də
məhz mifoloji təfəkkürün məhsullarıdır, — XVII—XVIII əsrlərdə milli özünüdərkin tərkib hissəsi olan
insanın özünüdərki də fəallaşır və bu fəallığın da öz faktları — qəhrəmanları yetişir. İntibah mədəniyyəti
insanı çöllərə salmır, dəli eləmir (bu mənada, məcnunluq intibah təfəkkürünün məhsulu ola bilməzdi, —
Füzuli poeziyası nəhəng poeziyadır, amma intibah poeziyası deyil), insan axtarır, taleyinin son sözünü
eşidənə qədər "əlində dəmir əsa, ayağında dəmir çarıq" yol gedir.
Azərbaycan MEA-nın müxbir üzvü Ə. Səfərlinin qeyd etdiyi kimi, məhəbbət Məcnunu
cəmiyyətdən uzaqlaşdırır, onu ilahiləşdirir; Şəhriyarı (XVIII mənsəbi "Şəhriyar"ın qəhrəmanı nəzərdə
tutulur) isə cəmiyyətə daha da yaxınlaşdırır, hətta onu mənsəbə çatdırır, çünki, Şəhriyar Məcnundan fərqli
olaraq buta almışdı, onun məhəbbəti "təqdiri-xuda" sayılırdı.. "Təqdiri-xuda" isə artıq ictimai varlığa
metaforik münasibətin "reallaşdırılması" (ilahiyyatın "ictimailəşməsi") deyil, reallığın metaforik dərkinin
faktıdır;
bu isə o deməkdir ki, intibah təfəkkürü realizmə müəyyən mərhələlərlə yiyələnir, birdən-birə
İslamın (şəriətin) məntiqinə qarşı çıxmır, bu məntiqi əvvəl estetikləşdirir, obraza çevirir, yalnız bundan
sonra ona hakim olur.
XVI
əsrin sonu, XVII əsrin əvvəllərindən başlayaraq qəzəl bir poetik janr kimi tarixi səlahiyyətini
itirir, qoşmanın, bayatının ədəbi-estetik nüfuzu artır, beləliklə, estetik təfəkkürün standartları dəyişir, —
həmin proses əslində bu cür gedir: qəzəl poetik strukturca o qədər demokratikləşir ki, tipologiyasını itirir,
məsələn:
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm —
beyti həm məzmun (obrazların məzmunu nəzərdə tutulur), həm də ifadə (intonasiya nəzərdə tutulur)
baxımından normativlikdən uzaqdır, — bu qəzəlin bir janr kimi tənəzzülü deməkdir; qoşmada qəzəl
obrazlı görünür, yəni xalq klassik şeirin təcrübəsinə dayanmaqla tipologiyasını tapır:
Cam içmişəm,
mən məstanə gəlmişəm,
Eyləyib bağrımı şanə gəlmişəm,
Sənin həsrətindən canə gəlmişəm,
Əl götür bu nazü-qəmzədən, gəlin!
XVII—XVIII
əsrlərdə Molla Nəsrəddinin lətifələri satirik təfəkkürün faktı kimi geniş yayılır, bu,
qismən M. V. Vidadinin, M. P. Vaqifin əsərlərində də özünü göstərir. Məsələn:
Vaqif, nə tez sənəmlərdən əl çəkdin,
Birin bir inəyə qiymət eylərsən?
Hələ sonra keçiyə də enərsən,
Alsa müştəriyə minnət eylərsən
.
XVIII
əsrin ortalarında Azərbaycan intibahı daha çox sənədləşir; Şəki xan sarayı tikilir, Şuşa inşa
edilir, — hamısı bir estetik prinsip əsasında yaranır... İntibah təfəkkürü mədəniyyəti təbiətə yaxınlaşdırır,
— miniatürlərdə insanın ifadəli sifəti görünür (bu proses hələ XVI əsrdən başlamışdı), həndəsi
ornamentləri bütünlüklə nəbati naxışlar əvəz edir (K. Kərimov), poeziyada ilahi gözəllik deyil, Kür qırağı,
Qazaxın, Qarabağın gözəlləri tərənnüm olunur:
Bir bölük yaşılbaş sonalar kimi
Yığılıb gəlibdir Qazağa qızlar.
Ayna qabağında
qara qaş üçün
Endirib gətirmiş qulağa qızlar.
.
İntibah mədəniyyəti insanı necə var elə təqdim edir, onu panteist görüşlərin təbliğində vasitə
olmaqdan çıxarır, insan — metafora, obraz olmaqdan çıxır, ədəbiyyatın bilavasitə predmetinə çevrilir:
Qəmzə kaman, müjgan xədəng, göz ala,
Yüz qan olur əyri baxsan hilala,
Sözləri qənd, ağızları piyalə,
Şəkər əzmiş dilə, dodağa qızlar.
XVII—XVIII
əsrlərdə intibah təfəkkürünün təsiri ilə yazılı ədəbiyyat şifahi ədəbiyyatla o qədər
yaxınlaşır ki, bu cür təsnifatın prinsipi itir, halbuki nə intibah dövrünə qədər, nə də intibah dövründən
sonra belə bir hal müşahidə edilmir;
XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində, yəni milli özünüdərkin
ikinci mərhələsində yazılı ədəbiyyat şifahi xalq ədəbiyyatından ayrılır. XX əsrin 30-cu illərində, xüsusilə
S. Vurğunun şeirlərində intibah mədəniyyətinə — M. P. Vaqifə müraciət olunması ədəbi-bədii təfəkkürdə
demokratizmi gücləndirir.. XVII—XVIII əsrlər intibah mədəniyyəti Azərbaycan mədəniyyəti tarixi üçün
təkcə keçilmiş mərhələ deyil, həm də məktəbdir, — intibahın təcrübəsi ölmür.
İntibah mədəniyyətinin sənədləşməsi nəyin hesabına gedir? — bu suala, bizim fikrimizcə, belə
cavab vermək lazımdır: XVIII əsrin ortalarından intibah hərəkatı o
qədər güclənir ki, klassik
mədəniyyətin də varisinə çevrilmək imkanı qazanır, klassik mədəniyyəti həzm edə-edə keyfiyyətcə
inkişaf edir, — intibah mədəniyyəti klassikasının sənətkarlıq texnikasını öyrənir və normativləşir.
Məsələn, M. V. Vidadinin poeziyası da, "Şəhriyar" dastan-poeziyası da struktur əsası etibarilə folklordan
gəlir, lakin onların hər ikisi yazılı mədəniyyətin nümunəsidir, — hər ikisində klassik ifadə maneraları işti-
rak edir...
İntibah təkcə milli təfəkkür modelləri yetirmir, tarixən nopmativ olanı da milliləşdirir.
Azərbaycan intibahının dövrləşdirilməsinə gəldikdə, burada intibahın meydana gəldiyi tarixi-
ictimai şərait, intibah təfəkkürünün inkişaf (yetkinlik) səviyyəsi, intibahın bilavasitə məhsulları
(məzmunla formanın dialektikası) nəzərə alınmalıdır, — bu baxımdan yanaşdıqda XVI əsrin intibahını
mərhələ kimi götürmək mümkündür, XIX əsrin əvvəlləri isə Azərbaycan intibahının süqut dövrünə düşür;
XVII əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər intibah təfəkkürü daha çox şifahi, XVIII əsrin
ortalarından XIX əsrin əvvəllərinə qədər həm də yazılı formada faktlaşır...
İntibahın ictimai-estetik hərəkat kimi təzahürü,
heç şübhəsiz, XVI, yaxud XVII-XVIII əsrlərdəki
tarixi hadisələrdən bilavasitə asılı deyil, lakin bu hadisələr intibah təfəkkürünün faktlaşması prosesinə
təsir edir; deyək ki, XVII əsrdə və XVIII əsrin birinci yarısında işğalçıların hücumları intibah mədəniy-
yətinin maddiləşməsinə mənfi təsir edir, XVIII əsrin ikinci yarısında — xanlıqlar dövründə milli
şəhərlərin təşəkkülü ilə bağlı olaraq intibah mədəniyyətinin maddiləşməsi güclənir.
XVII—XVIII
əsrlərdə ticarətin inkişafı Azərbaycan intibahı üçün əsas göstəricilərdən biridir, —
doğrudur, XI—XII əsrlərdə də ticarət inkişaf edirdi, sonra da belə olur, lakin tacir psixologiyası XVII—
XVIII əsrlərdə olduğu qədər heç vaxt mədəniyyəti (xüsusilə ədəbiyyatı) məşğul etmir...
XVII—XVIII
əsrlərdə intibah mədəniyyətinin məntiqi davamı kimi milli mədəniyyət (eləcə də
ədəbi-bədii təfəkkür) formalaşır, — ümumiyyətlə, intibah problemi milli mədəniyyətin
təşəkkülü
problemi ilə bilavasitə əlaqədardır; bu isə o deməkdir ki, intibah problemi milli mədəniyyətin təşəkkülü
problemlərindən təcrid olunmuş şəkildə tədqiq edilməməlidir, — müşahidələr göstərir ki, Azərbaycanda
milli mədəniyyətin təşəkkülü məhz intibah dövrünə düşür.
Şübhəsiz, intibah hərəkatını ümumdünya hərəkatı kimi qəbul etmək düzgün deyil, onun Şərqdən
Qərbə "köçürülməsi" barədəki mülahizələr də heç bir əsasa dayanmır, — sadəcə olaraq, intibahın
tipologiyası var, hər hansı Şərq, yaxud hər hansı Qərb mədəniyyətindəki intibah eyni tipologiya ilə
getməli, eyni prinsipial əlamətlərə malik olmalıdır... XVII—XVIII əsrlər intibahının türk-oğuz intibahı ilə
müqayisəsi, ümumiyyətlə, intibah tipologiyasının nədən ibarət olduğunu aydınlaşdırır; məsələn, deyək ki,
şəhərlərin inkişafı intibahı hazırlamır, əksinə, intibah hərəkatı şəhəri yaradır, özü də məhz milli məz-
munda yaradır...
Şərq xalqlarının mədəniyyətində intibahın mövcudluğunu sübut etmək üçün Şərq intibahının
tipologiyasından çıxış etmək nəinki lazımdır, demək olar ki, yeganə düzgün yoldur,
ona görə ki,
intibahşünaslıq vahid sistemdir, predmeti də vahiddir. Lakin Şərqin bu və ya digər mədəni regionunda
intibahın mövcudluğu induktiv analogiya ilə sübut oluna bilməz; məsələn, deyək ki, Şərqdə cəmiyyətin
gələcəyi barədə utopik görüşlər XI-XII əsrlərdə də, hətta ondan bir neçə əsr qabaq da irəli sürülə bilərdi,
sarayları, mədrəsələri, hətta hamamları olan şəhərlər eramızdan əvvəl də mövcud ola bilərdi (və mövcud
idi də), — bunların heç biri intibahın başlıca faktoru deyil... İntibah, uzun sürə bilməz, — insanın,
cəmiyyətin, ümumən dünyanın intibah idrakını Avropada klassizm əvəz edir; ifadə planı yenidən
qabardılır, mifoloji mənşəyə həssaslıqdan irəli gələn məzmun funksionallığı forma "akademizmi" ilə əvəz
olunur.