Orta ümumiTƏHSİl məKTƏBLƏRİNİN Ⅷ-Ⅸ SİNİf azərbaycan diLİ DƏrsləRİNDƏ Xİtabin öYRƏDİLMƏSİ yollari



Yüklə 13,23 Kb.
tarix17.06.2023
ölçüsü13,23 Kb.
#117578
növüDərs
Aytac Xəlilzadə tezis 091012-2


ORTA ÜMUMİTƏHSİL MƏKTƏBLƏRİNİN Ⅷ-Ⅸ SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ XİTABIN ÖYRƏDİLMƏSİ YOLLARI

Lənkəran Dövlət Universiteti


Elmi rəhbər: f.ü.f.d., dos. K.Dənziyeva
Magistrant: Xəlilzadə Aytac
aytacxelilzade60@gmail.com
Şagirdlərə xitabları tədris edərkən onun bütün xüsusiyyətlərindən şərh edirik. Xitabları tədrisə başlamazdan öncə biz onların idrak fəallığını artırmaq üçün motivasiyadan istifadə edirik. Motivasiyanı cümlələr şəklində qururuq:

  1. Anar dərs oxuyurdu.

  2. Anar, dərs oxumusan?

Şagirdlərə yönəldici suallarla müraciət edirik ki, hər iki cümlədə Anar ismi işlənmişdir. Sizcə, birinci cümlədəki Anar ismi ilə ikinci cümlədəki Anar ismi arasındakı fərq nədir?
Yönəldici suallar ilə şagirdlərə müraciət edib dərsin mövzusunu müəyyənləşdirdikdən sonra müəllimin şərhi kimi xitabı izah edirik. Şagirdlərə izah edirik ki, cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Məsələn: Qızım, sözlərim aydın oldu? Burda qızım sözü xitabdır.
Şagirdlərə başa salırıq ki, xitab ismin adlıq halında olur və bu baxımdan mübtədaya oxşayır. Qeyd edirik ki, o, xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən kiçik fasilə ilə ayrılır. Yazı lövhəsində nümunələr vasitəsi ilə izah edirik. Məsələn: Görkəmli şair S.Vurğun məşhur “ Ceyran” qoşmasında ceyran sözünü həm mübtəda, həmdə xitab kimi işlətmişdir:
Bir məsəl qalmışdır ata-babadan:
Uçarda turacdır, qaçarda ceyran
Bir mən deyiləm ki, hüsnünə heyran,
Şöhrətin yayılıb hər yana, ceyran!
Bildiririk ki, ikinci cümlədə ceyran sözü mübtəda, dördüncü cümlədə xitab kimi işlənmişdir.
Şagirdlərin nəzərinə çatdrırıq ki, xitab cümlə üzvlərindən, əsasən, vergül işarəsi ilə ayrılır. Aşağıdakı nümunələr ilə izah edirik:
1. Xitab cümlənin əvvəlində işlənib, adi intonasiya ilə deyilərsə, ondan sonra vergül, yüksək hiss-həyacanla deyilərsə, nida işarəsi qoyulur. Məsələn:
Oğul, sözlərimə yaxşı qulaq as,
Ata nəsihəti faydasız olmaz.(N.Gəncəvi)
2. Xitab cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məsələn: Mən bilirəm, Nigar, sənin bu işdən xəbərin yoxdur.
3. Xitab cümlənin sonunda gəldikdə ondan əvvəl vergül, sonra isə cümlənin məqsədinə görə növünə uyğun durğu işarəsi qoyulur. Məsələn: Bayrağına canım qurban, Azərbaycan!(N.Həsənzadə)
Şagirdlərə mənimsədirik ki, bəzən ey nidasından sonra vergül qoyula bilər. Məsələn: Ey, cavan oğlan, haraya gedirsən?
Xitab mövzusunu izah edərkən söyləyirik ki, xitablar ifadə vasitələrinə görə iki qrupa ayrılır:

  1. Morfoloji kateqoriyalarla ifadə olunan xitablar

  2. Sintaktik kateqoriyalarla ifadə olunan xitablar

Morfoloji kateqoriyalardan isim, sifət, say, əvəzlik, nida, feli sifət, bəzən bağlayıcı, məsdər və modal sözlər xitab vəzifəsində işlənə bilər. Məsələn: Zakir, imtahana hazırsan? Qoca, sözlərimə diqqətlə qulaq as. Birincilər, düzülün! Qeyd edirik ki, birinci cümlədə isim, ikinci cümlədə sifət, sonrakı cümlədə say xitab vəzifəsindədir. Onu da söyləyirik ki, xitablar daha çox nidalar ilə ifadə olunur. Məsələn: Ah, keçdi artıq o günlər.
Xitablar sintaktik konstruksiyalar ilə ifadə olunarkən ismi və feli birləşmələri əhatə edir. Məsələn: Körpə balam, rahat yat.
Xitabı tədris edərkən şagirdlərin diqqətinə çatdırırıq ki, xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Dağlar, səndə gözüm qaldı. Oxu, tar, oxu, tar.(M.Müşfiq). Birinci cümlədəki dağlar sözünün, ikinci cümlədəki tar sözünün xitab olduğunu şagirdlərin diqqətinə çatdırırıq.
Şagirdlərə tədris edirik ki, xitablar quruluşca sadə və mürəkkəb olur. Bildiririk ki, nitq hissəsi ilə ifadə olunan xitablar sadə, söz birləşmələri ilə ifadə olunan xitablar isə mürəkkəb xitablar sayılır. Məsələn: Oğul, rahat yat ( sadə xitab). Körpə balam, rahat yat ( mürəkkəb xitab).
Qeyd edək ki, ən sonda şagirdlərin dərsi necə anladığını və mənimsədiyini yoxlamaq məqsədilə mətnlər, çalışmalar üzrə tapşırıqlar veririk.Məsələn: Tapşırıq nümunəsi kimi aşağıdakı çalışmanı verə bilərik.
Şagirdlərə bədii əsərlərdən nümunələr seçməyi tapşırırıq.

  • A kişi, Noruzəli! Bu nə zəhmətdi, çəkmisən?

  • Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?("Poçt qutusu" C.Məmmədquluzadə)

Mәhәmmәdhәsәn әmi, tez oğlanı göndәr pәyәdәn eşşәyi çıxarsın, minәсәyәm şәhәrә, nәçәrnik istiyibdir.("Danabaş kəndinin əhvalatları" C.Məmmədquluzadə)
Ey mehriban uşaqlar,
Siz yaşayın bəxtiyar!("Kəpənək" A.Şaiq)
Mövzunu tam şərh edəndən sonra biz mətn üzərində xitabın tapılması üçün tədqiqat sualı qoyuruq və şagirdləri qruplara bölüb tədqiqat işi tapşırırıq.
Beləliklə, xitabın müəllimin şərhi ilə öyrədilməsi daha önəmlidir. Çünki digər kateqoriyalar ilə eynilik təşkil etdiyi üçün onun anlaşılmasında şagirdlər çətinlik çəkirlər. Xitabın müəllimin şərhi ilə izah edilməsi şagirdlər tərəfindən mövzunun mənimsənilməsini asanlaşdırır və dərsin tam anlaşılmasına şərait yaradır.
Xülasə
Orta ümumitəhsil məktəblərində şagirdlər tərəfindən çətin mənimsənilən mövzulardan biri də xitabdır. Xitab mövzusu həmişə öz aktuallığını qoruyub saxlamışdır. Müəllim sintaksis bölməsində xitabı, onun mübtədan fərqini, xitabda durğu işarələrinin qoyuluşunu şagirdlərə nümunələr ilə izah etməlidir. Tezisdə xitab və onun tədrisi yollarından bəhs olunur.
Summary
Speech is one of the subjects that are difficult for students to master in secondary general education schools. The theme of the address has always kept its relevance. In the syntax section, the teacher should explain to the students the address, its difference from the message, and the punctuation in the address with examples. The thesis talks about speech and ways of teaching it.
Açar sözlər: Xitab, morfoloji, sintaktik, bədii əsər, cümlə.
Key words: Speech, morphological, syntactic, artistic work, sentence.
Yüklə 13,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə