73
Toqquşma qanlı oldu: Aleksandr onların yolunu kəsmək istəsə də, ona müvəffəq
olmadı. Perslər düşmən cərgəsini yarıb keçdilər. Bu vaxt Aleksandr çətin
vəziyyətdən qurtarmış Parmenionun qrupuna yaxınlaşdı. Burada da düşmən atlıları
geri çəkilirdilər, onları toz dumanı udmuşdu. Beləliklə, Parmenion və Fessaliya
atlıları sonda özlərini qalib hesab etmək hüququna malik oldular. Parmenion pers
düşərgəsini tutmuşdu. Aleksandr isə düşmənin təqibini yenidən başlayıb, sabahısı
günü Arbelaya çatdı. O, hələ də Daranın özünü tutmağa ümid edirdi. Dara isə Kürd
dağlarının keçidləri ilə Midiyaya qaçdı. Perslərin itkisi barədə astronomik rəqəmlər
söylənirdi, həlak olan makedoniyalıların sayı isə qələbə ilə müqayisədə böyük
deyildi, yaralananların sayı çox idi. Aleksandr dühası yenə də sayca çox olan
qoşunlar üzərində qələbəyə gətirib çıxardı. Döyüşə operativ rəhbərlik, döyüşə
hazırlıq məsələlərindən daha böyük əhəmiyyət kəsb edirdi. Bu vaxt şəraitin irəli
sürdüyü bütün imkanlardan istifadə olunur və ani ilham öz işini görür.
Aleksandrın götürdüyü qənimət olduqca böyük idi. O, həmin qənimətləri
ellinlərə payladı. Qavqameladakı döyüşdən sonra Aleksandrı “Asiyanın çarı” elan
etdilər. Vaxtilə perslər özünü “Asiya çarlığı” adlandırırdı və “Asiya çarları”
Avropa istisna olmaqla guya bütün dünyada hökmran idilər. Ellinlər isə “Asiya”
sərhədlərini dəqiq bilmirdilər, güman edirdilər ki, Liviya da, başqa sözlə Afrika
Asiya ərazisinə daxildir. Aleksandr isə 333-cü ildə, Daraya birinci məktubunda
artıq tələb edirdi ki, onu “bütün Asiyanın hökmdarı” kimi tanısın. O, öz iddialarını
döyüşlərdə qazandığı qələbələrlə əsaslandırırdı. Bu iddialar Makedoniya qoşun
yığıncağı tərəfindən Aleksandrın “Asiyanın çarı” adlandırılmaqla,
daha güclü əsasa
malik oldu. Bu yığıncaq hər bir yeni Makedoniya çarını təntənəli qaydada elan
edirdi. Beş il əvvəl də bu qaydada Aleksandrın özü çar elan edilmişdi. Lakin bir
məsələ də var idi ki, döyüşçülər bu titulla Asiya torpaqlarını Makedoniya ərazisinə
qatmaqdan imtina etdilər və təsdiq etdilər ki, Aleksandrın “Asiya dövləti” və
“Asiya çarlığı” Makedoniyadan asılı deyildir. Digər tərəfdən qoşun yığıncağı
Aleksandrı “Asiyanın çarı” elan etməklə, onun arzularına kor-koranə tabe olurdu
və onun hərəkətlərinə müqavimət göstərə bilməzdi. Qoşun yığıncağının köməyi ilə
sonrakı dörd ildə Aleksandr komandanların müqavimətini bütünlüklə yatırtdı.
74
Yalnız Hindistandan qayıdanda döyüşçülər öz səhvlərini başa düşdülər və Opisdə
onlar bunt qaldırdılar. “Asiyanın çarı” isə öz Makedoniya dəstələrinə artıq ehtiyac
duymadığından onları Opisdən vətənə göndərdi. Bu adamlar isə Qavqamelada
onun iradəsinə tabe olmaqla, məşhur qələbədən sonra iddialarını da bütünlüklə razı
salmışdılar.
Qavqameladan sonra Aleksandrı imperiyanın mərkəzləri, şöhrətli Babil və
Əhəmənilərin baş iqamətgahı və xəzinəsi olan Suza cəlb edirdi. Suza o saatca
təslim oldu. Güman edirdilər ki, Böyük çar şəhərin və sərvətlərinin Aleksandra
verilməsi barədə özü sərəncam vermişdi. Çar özü Kirkuk rayonuna irəliləyəndə
burada neftlə aparılan təcrübələrlə maraqlandı. Əyləncələrə bir epizod son qoydu.
Bir “zarafatcıl adam” nökər oğlanın bədəninə neft sürtmüşdü və ona od vurmuşdu.
Bədbəxtin həyatını güclə xilas etmək mümkün oldu. Qoşun Babilə yaxınlaşırdı.
Sərkərdə Mazey müqavimət göstərmək əvəzinə düşməni təntənəli qarşılamağa
hazırlaşırdı. Mazey öz oğlanları ilə gəldi ki, hökmdara sədaqət andı içsin. And isə
Aleksandrı “Asiyanın çarı” və “Böyük çar” kimi tanımaqdan ibarət idi.
Aleksandr Müqəddəs Babilə çatanda onda belə təəssürat yarandı ki,
Şərq ona
öz ağuşlarını açır. Hamı çarı salamlayırdı. Küçələri güllər və əklillər bəzəyirdi.
Aleksandr şəhərə öz döyüş arabasında zəfər çalmış sərkərdə kimi girdi. O, İştar
qapısından keçib ən gözəl küçə ilə möhtəşəm çar iqamətgahına yollandı.
Makedoniyalılar çox şəhərlər görmüşdü, onların heç biri Babillə müqayisə oluna
bilməzdi. Bu şəhər Nabuhodonosor dövrünün Babilistanının böyüklüyünün şahidi
olmaqla, köhnə şərəfi və mədəni ənənələrini saxlayırdı. Onu əhatə edən divarların
qalınlığı, çar sarayının hesaba gəlməyən labirintləri, müqəddəs yerlərin və
məbədlərin dəbdəbəsi, Fəratda gəmilərin yan alma yerləri və çayın üstündəki
körpü, məşhur asılı bağlar, kərpicdən olan yeddi mərtəbəli qüllə bura gələnlərin
heyrətinə səbəb olurdu və Babil onların gözündə möcüzə şəhərinə çevrilirdi.
Perslərin vaxtında binaların çoxu baxımsız qalmışdı. Lakin hətta bu mənzərə belə
onların qiymətini azaltmırdı, elə bil ki, bu möhtəşəm tikililər zamanın üstündən
boylanırdı.