Bərabərliyə səy – həmçinin qırğızların
genetik xasiyyətlərindən biridir. Məhz bərabərlik
bineyi-qədimdən yaşayışın əsas prinsiplərindən
biri hesab edilirdi. Bu mövzuda qədim qırğız
atalar sözü bəhs edir: “Allah üçün hamı birdir”;
“Varlının yağı varsa, kasıbın duzu”. Eyni
zamanda, qırğız xalqı amirlərinə hörmətlə yanaşır.
Xalqın müdrikliyinin sayəsində hökmranlar və
xalq üşün şərəf məcəlləsi tərtib olunmuşdu. “Xan
camaatın ürəyindəndirsə, qoy sevimli dəvəsini
xalq yolunda kəsməyə heyfi gəlməsin”. “Amirə
qibtə edən çoxdur, amma ona çatan olmaz.
Hiddətlənsin, ancaq qisas almasın”. “Gün işığını
görən donmaz, xanın gözlərini görən ac qalmaz”.
Xalqın öz amirinə bəslədiyi böyük etimad bu
sözlərlə ifadə olunmamışdırmı? Hökmdarın
ləyaqətinin müdafiə olunması haqqında qırğızlar
belə deyirdilər: “Birləşmiş camaat şahını
incitməməlidir”. Keçmiş əyyamlarda xan mühüm
qərar qəbul etməzdən öncə mütləq camaatı ilə
məsləhət-məşvərət edirdi. “Camaatla məsləhət
etmişsənsə, kəsilmiş barmaq da elə incitməz”,
– əcdadlarımızın dediklərindən. “Ellə gələn hər
şey – toy-bayramdır”.
“Adam arasında ölüm də qəşəngdir” – xalq
inamı çox məqamda əliaçıqlıq və mehmannəvazlıq
qanunlarını müəyyənləşdirmişdir.
Mərkəzi Asiya
xalqlarının
arasında
qonaqpərvərlik qanunlarının geniş hökmfərma
olması, hər şeydən əvvəl, keçmişdə onların
səciyyəvi həyat şəraiti ilə bağlıdır. Hər yeni
gəlmiş adam köçəriyə həm poçtu, həm radionu
əvəz edirdi və buna görə çox əziz idi. Qırğızın
yurtasına istənilən millətdən qonaq sərbəst girə
bilərdi və hamısına ev sahibləri eyni dərəcədə
şad idilər. Cani-dildən dəstərxan açır, əvvəlcədən
qonaq üçün yaxşı sovqat hazırlayıb saxlayırdılar.
Xalqımın
əliaçıqlığının
və
mehmannəvazlığının
humanist
xarakterini
hamının sevimlisi şair Alıkul Osmonov
“Qonağım ol” şeirində düzgün açmışdır:
Qırğız qonağa şaddır. Xoş bir saatda,
Gəl içəri, yoldaş! Qonağım olarsan!
Qonaq yoxdur – kədərlidir ürəyim,
Qanıqaradır evim də yol kənarında.
Xalq yazılmamış qonaqpərvərlik qanunlarına
çoxsaylı maraqlı mülahizə, xoş nəsihət və atalar
sözü həsr edib. Bəziləri bu gün dillərdədir, digərləri
unudulmaqdadır. Onlardan bəzilərini yada salmaq
istərdim:
– Qonaqpərvər evdən çörək dadmamış getmək
günahdır;
– Evinə qonaq girirsə, demək uğur onunla gəlir;
– Gələn yeddi nəfərdirsə, onlardan birini Allah
göndərib;
– Qapına girən yolçunu Allah göndərib.
Əvvəlcə onu yedizdir, sonra soruş kimdir;
– Ən ləziz yeməyini qonağın üçün saxla;
– Qonağını da yedizdir, onun atını da;
– Yaxşılıq elə, əvəzi gələcək.
Söhbət səxavətdən və bir-birinə bəslənən
ehtiramdan düşəndə, yaddaşımda məşhur qırğız
pəhləvanı barədə əfsanə canlanır. Günlərin bir
günü pəhləvana bir qoca ürcah olub xəbər alır:
“Bax, pəhləvansan, tayın-bərabərin yoxdur.
Söylə mənə, dünyada qorxduğun nədir?” Pəhləvan
fikrə gedir: “Möhtərəm ağsaqqal, mən hətta
Allahdan da qorxmuram. Ancaq adamların etibarını
və hörmətini itirməkdən qorxuram. İnsanlar
mənə şan-şövkət bəxş ediblər, ona görə onların
qarşısında baş əyirəm”. Keçmiş zamanda qırğızlara
dair İsveç tədqiqatçısı Sven Qedin (1865-1952)
çox yazmışdır. Mərkəzi Asiyaya beş ekspedisiya
ərzində alim tərəfindən qırğız xalqının tarixi,
coğrafiyası və mənəvi mədəniyyəti barədə dəyərli
məlumatlar toplanmışdır. “Asiyadan keçərkən”
kitabında alim qırğızlarla görüşlərini belə təsvir
edir: “Tədricən qırğızlara hüsn-rəğbət bəsləməyi
öyrəndim. Onların arasında dörd ay yaşadım və
özümü tənha hiss etmədim. Tərəddüd etmədən
mənə mehmannəvazlıq və dostluq nümayiş
etdirirdilər”. Alim qırğız qadınlarını ənənəvi baş
örtüyü ələçəyə görə tanıyıb ayırd edirdi.
Bizim günlərimizə qədər əski, gözəl bir ənənə
gəlib çıxmışdır – aşar. Zəhmət tələb edən işlər
zamanı, məs., ev tikintisində, qohum-əqrəba və
dostlar yığışıb evin divarlarını qaldırır, damını
örtürlər. Aşarın mahiyyəti – yoldaşlıqdır. Son on
ildə yüz mindən artıq paytaxt bənnaları Bişkekin
ətrafında aşar üsulu ilə özlərinə ev inşa etmişlər.
Mənə Qırğız Respublikasının Joqorku Keneş
xalq nümayəndələri İclasına məhz aşar vasitəsilə
birləşmiş seçicilər tərəfindən deputat seçilmək
xöşbəxtliyi nəsib olub.
Xalqın müdrikliyinə aid çox söz demək olar.
Təbiət və məişət qanunları çox vaxt vəhdət təşkil
etmiş, xalqın amal və ümidləri isə hadisələrin
təbii axarına maneələr qoymamışdı. Təbiətin
özü yoldaşlıq fədakarlığına, qarşılıqlı yardıma,
qonaqpərvərliyə, sadədilliyə və səbrə əsaslanan sağ
qalma qaydalarını insanlara öyrətmişdi.
79
Atalar sözü, kəlamlar, zərbi-məsəllər barədə
Xalqın əsrlər boyu cilalanmış şifahi
kəlamlarında möhkəmlətdiyi əcdadların müdrik
nəsihətləri sayəsində biz mənəviyyatımızı qoruyub
saxlamışıq. Şübhəsiz, qərb ölkələrinin texniki
sivilizasiyasının səviyyəsinə çatmağımıza hələ çox
var və bu istiqamətdə görəcəyimiz iş irəlidədir,
fəqət əgər hərəkatımızın bu sahəsi hələ irəlidədirsə,
mənəvi sərvətimizi keçmişimizdən alırıq. Köçəri-
qırğızların mənəvi sivilizasiyası biz varislər üçün
bu gün əsil müdriklik dəfinəsi, əxlaqi qaydalar
xəzinəsidir.
Bu gün bizim üçün çox şeyi bərpa etmək və
miras qalmış varidatdan qənaətlə istifadə etmək
vacibdir. Axı əfsanələrin, əsatirlərin, atalar sözünün,
zərbül-məsəllərin əksəriyyəti, təbir caizsə, qırğız
xalqının fəlsəfi tərcümeyi-halı, əxlaqi manifestidir.
Hər belə kəlam – xalq şüurunun dərinliklərindən
üzə çıxarılmış və zamanla cilalanmış əsil mirvaridir:
– Pis işin üstü qırx ildən sonra da açılır;
– Söz yarası, güllə yarasından bərk incidir;
– Sağ əlin qeyzini sol əllə sakitləşdir;
– Təzə doğulmuş oğluna elinin vətənpərvəri
olmaq arzula;
– Qolu güclü olan birini yıxar, biliyi güclü olan
– minini;
– Adam haqqında sözünə görə yox, işinə görə
danış;
– Xalça, onu toxuyanındır;
– Atı nallayırlar, eşşək ayağını qaldırır;
– İgid doğmuş xalqa zaval yoxdur;
– Peşman olmuş başı qılınc da üzmür;
– Atanın qatili səndən əfv diləyirsə, günahından
keç;
– Böyük sözü – azar-bezara dərmandır;
– Ağsaqqal olan evdə, səadət də var;
– İlanın pulu qəşəngdir, dişi zəhərli;
– Qul kimi işlə, şah kimi yaşa;
– Məğrurla məğrur ol – peyğəmbər oğlu deyil,
qorxaqla qorxaq ol – atanın qulu deyil;
– Görməyəcəklər deyə, oğurluq etmə;
– Adam olan yerdə, tülkü də acından ölməz;
– Uşaqlı ev – bazar, uşaqsız ev – məzar;
– Yaxşı adama toz da yapışmır;
– Qızıl yerdən çıxar, igid xalq arasından;
– Vətənin xoşbəxtliyi, adamın həyatından
əzizdir;
– Böyüklərə – hörmət, kiçiklərə – izzət;
– Yeddi arxa nəslini tanımayan oğul – quldur;
– Özünü nəsildən hesab eləməyən qız, kölədir;
– Yetim ciyəsini özü kəsər;
– Torpaq haqqında pis söz demə, orada
yatacaqsan,
Camaat haqqında pis söz demə, sənə qarğıyar;
– Necə işləmisənsə, elə dişləyəcəksən;
– Uşaqlıqdan zəhmətə qatlaşsan, səadət səni
atmaz;
– Polad odda bərkiyir, insan işdə;
– Sərvətin atası zəhmətdir, anası – torpaq;
– Zəhmət yerdə qalmır;
– Qoyunun yağlılığı – çobandan asılıdır;
– Zəhmətkeş adam yorğunluq nədir, bilməz;
– İgidin özünə baxma, işinə bax;
– Çox bilməyin ziyanı yoxdur;
– Harada razılıq yoxdur, orada xoş gün də
yoxdur;
– Bircə buğda dənəsindən sıyıq bişirməzsən.
Köçərilərin həyatı böyük keçidlə müqayisə
olunurdu: “Böyük hara, kiçik də ora”, “Böyük
qardaş çıxan ağacı, kiçiyi budaq-budaq gəzər”,
“Böyük bacının tökdüklərini, kiçik bacı bir-bir
yığar”.
Tənbəl haqqında adam arasında belə deyirlər:
“Heç iti də yoxdur, hürsün”. Ümumiyyətlə,
tənbəllik və zəhmətsevərlik – xalq kəlamlarının
sevimli mövzusudur.
80
Dostları ilə paylaş: |