35
həmin dövr üçün ölkənin və xaricin qabaqcıl texnikası və emal texnologiyası bazası əsasında təkmilləşdirilmiş
qurğuların sayı 180-ə çatdı. Qədim ənənələr — neftayırma zavodlarını bilavasitə xammalın çıxarıldığı ərazidə,
yəni Abşeronda tikmək ənənəsi ölkə sənayesində amiranə mövqe tutmaq iddiasında olan çar Rusiyasının güclü
və hərtərəfli hücumuna uzun müddət dözə bilməzdi. Rusiyanın iri şəhərlərində neft emalı zavodlarının
tikintisinə başlandı. Bu da həmin zavodlara Bakıdan gətirilən xam neftin və neft tullantılarının həcmini xeyli
artırmağı tələb edirdi.
Kerosin əla qiymətə satılırdı, bu sahədəki işbazların hamısı böyük var-dövlət qazanmaq ümidində idilər.
Yüksək qiymətlərin təsiri altında tezliklə hasilat fotogenə olan tələbi ötüb keçdi. Yeni zavod və sexlərin tikintisi
sürətlə gedirdi və qısa vaxtda Bakıdan kənarda yerləşən bu sahədə zavod, sex, mağaza, yaşayış evlərindən ibarət
böyük bir konqlomerasiya əmələ gəlmişdi. Sonradan bu sahə Qara şəhər adı ilə məşhurlaşdı. Aksiz vergilərinin
qoyulması qaydalarında zavod və sex yerləri tapmaq üçün o qədər də çox vaxt lazım deyildi. Aksiz vergisi
istehsal olunan məhsula görə yox, distilyatorun istehsal gücünə görə müəyyənləşdirilirdi. Buna görə də
sahibkarlar məhsulun keyfiyyətinə məhəl qoymadan bacardıqca daha çox fotogen istehsal etməyə çalışırdılar.
Emaldan sonrakı alınmış qalıqlar qazılmış yerlərə axıdılaraq yandırılır, soda və turşu qalıqları isə küçələrdə iri
gölməçələr əmələ gətirirdi.
Bakıda neftayırma sənayesinin yarandığı ilk illərdə aksiz vergisi qoyulmasının bu sahənin inkişafında
oynadığı rolla tanış olmaq maraqlıdır. Vergi qoyan qurumlar sənayeçiləri təkmilləşdirilmiş avadanlıq və emal
üsullarını tətbiq etməyə ruhlandırmaq əvəzinə daha uğurlu istehsalçıların təkidi ilə onları ruhdan salırdılar.
Rusiyanın mərkəzində və cənubunda neft tullantıları və qalıqlarından sürtkü yağları, duda, koks və ağır lampa
nefti istehsalı ilə məşğul olan iki zavodun sahibləri vergi orqanlarını inandırırdılar ki, onlar aksiz vergisi
ödəməməlidir, çünki işlətdikləri xammal üçün vergi artıq bir dəfə neftdən tutulmuşdur. 1872-ci il noyabrın 3-də
xüsusi qərarla, 1872-ci il fevralın 1-dən qəbul edilmiş fotogen istehsalını tənzimləyən qaydalarda dəyişiklik
edilərək, Mərkəzi Rusiyadakı neftayırma zavodu aksiz vergisindən azad edildi. Sonra isə cənubdakı zavod da
vergidən azad olundu. Çünki onlar qapalı distilyator yox, açıq çənlərdən istifadə edirdilər. Bakıda sürtkü yağı
istehsal edən zavodun sahibi Veyzer və asfalt istehsalı ilə məşğul olan Bağırov da çalışırdılar ki, bu qayda
onlara da şamil olunsun. Lakin, Zaqafqaziya aksiz vergisi idarəsi onlara vergidən azad olunmağa icazə vermədi.
Buna görə də həmin iki zavodun sahibləri müəssisələrini bağlamağa məcbur oldular.
Bundan bir xeyli sonra Raqozin xam neftdən yeni emal üsulu ilə lampa nefti və xüsusən sürtkü yağları
almağı sınaqdan keçirmək üçün müvəqqəti neftayırma zavodu inşa edilməsinə icazə istədi. Maliyyə naziri onun
ərizəsini imperatora çatdırdı. Bunun nəticəsində 1874-cü il noyabrın 6-da qəbul olunmuş qərarla Maliyyə
Nazirliyinə səlahiyyət verildi ki, yeni neftayırma zavodlarında sınaqlar keçirmək üçün üç il müddətinə icazə
verilsin və bu sınaqlar zamanı istehsal olunmuş lampa neftinin hər pudu üçün 25 qəpik vergi tutulsun.
1874-cü ilin ortalarına yaxın Bakıda tikilmiş yeni zavodlardan birinin meneceri vergidən azad olunmaq
üçün Qafqaz aksiz vergisi idarəsinə müraciət etdi, lakin rədd cavabı aldı. Bakı neft şirkətinin ərizəsinin də taleyi
eyni cür oldu. Bu şirkət ayrıca bir destilyator tikib, özünün tullantılarını emal edirdi. İstehsal olunmuş hər pud
lampa nefti üçün 29 qəpik vergi ödəyirdi. Tullantı və qalıqlardan lampa neftinin emalına, xam neftdən sürtkü
yağının alınmasından çox vaxt sərf olunmasına baxmayaraq, qalıq və tullantıların hər puduna 40 qəpiyə yaxın
vergi tutulurdu. Başqa sözlə, üç pud xam neft emal edib, ondan bir pud lampa nefti və bir pud sürtkü yağı almaq
üçün şirkət 69 qəpik aksiz vergisi ödəyirdi, halbuki qanuna görə aksiz vergisi 25 qəpikdən artıq olmamalı idi.
Sürtkü yağlarının istehsalı ilə məşğul olmaq istəyən Robert Nobel öz neftayırma zavodunda sınaqlar
aparmaq məqsədilə icazə almaq üçün müraciət etdisə də, lakin rədd cavabı aldı. Aksiz vergisi idarəsinin işçiləri
onu narahat etməmələri, narazılıq yaranmaması üçün, Nobel bir distilyatorun altı aylıq aksiz vergisini
qabaqcadan ödəyərək bu distilyatorda qalıq və tullantıları emal etməyə başladı.
Aksiz vergisi idarəsi distilyatorun konstruksiyasında dəyişikliklər edib, ilkin sınağa başlamaq məsələsinə
açıq düşmən münasibət bəsləyirdi. Təklif olunan hər bir təkmilləşdirmə cəhdi qanunu pozmaq, qanundan yan
keçmək kimi qiymətləndirilir və sınaqları lap ilkin mərhələdə pozmaq, ona icazə verməmək üçün bütün
vasitələrdən istifadə edilirdi.
Sahibkar Çakeli Marseldən bir distilyator gətirmişdi. Ona ekonomayzer qoşub xam neftdən daha tez
buxarlanan məhsullar almaq niyyətində idi. Aksiz idarəsi belə hesab edirdi ki, ekonomayzer də ayrıca
distilyatordu və təklif edirdi ki, ya ikiqat vergi ödənsin, ya da bu köməkçi qurğu oradan sökülüb çıxarılsın, xam
neft əvvəlki adi qayda ilə, yəni bir destilyatorda emal edilsin. Çakeli məcbur olub nefti hamı kimi bir distilya-
torda emal etməyə başladı.
Fasiləsiz distilə prosesinin tarixi rəsmi orqanların daha bir kütlüyünü üzə çıxarır. həmin dövrün şəraitinə
görə neftayırma üçün vaxt hər şey demək idi. Adi (periodik) distilyator işlədildikdə çox vaxt və xərc sərf
olunurdu. Çünki həm distilyator, həm də qalıq soyumaq üçün dayandırılırdı. Emalçılara öyrədilmişdi ki, bu
prosesdən yan keçmək mümkün deyil. Çünki qızmar halda distilyatorun qapağı açılsa idi, dərhal alışma və
böyük yanğın baş verə bilərdi. Bakının neftayırma sənayeçilərindən Təvrizov adlı birisi 1875-ci ildə fasiləsiz
emal prosesi üçün patent aldı. Bu əslində araq çəkən zavodda işlədilən distilyatorun neftin ayrılması üçün
uyğunlaşdırılmış forması idi. Qəbul edilmiş 1872-ci il qaydalarında fasiləsiz emal barədə heç bir maddə yox idi,