39
Boru kəməri işlərini qurtarandan sonra Nobel qardaşları nəzərlərini dəniz nəqliyyatına yönəltdilər. Lakin
onların Xəzər dənizində tanker xidməti işinə "Qafqaz və Merkuri" şirkətini sövq etmək cəhdləri baş
tutmayandan sonra özləri bir tanker inşa etdirib, 1879-cu ildən bu sahədə fəaliyyətə başladılar.
Nəzərdən keçirdiyimiz bu dövr ərzində neftə olan tələbatla təchizat bir-birinə uyğun gəlmirdi, yəni
təchizat tələbatdan qat-qat çox idi. Bəzi istehsalçılar işi dayandırmağa məcbur olur, depressiya baş verirdi. Əgər
sənaye heç olmasa, bir az düzgün təşkil olunsa idi, istehsalçılar neft böhranı ilə üzləşməzdilər. Yeni erada, yəni
mexanizmlərlə quyuların qazılmasına başlanması dövründə tələbat kimi mühüm bir məsələyə azacıq da olsun
diqqət yetirilməmişdi. Çıxarılan neftin əsas qismi fotogen istehsalı üçün istifadə edilmirdi, əgər hər hansı
səbəbdən neftayırma zavodparı dayansa idi, neft sənayesi məhv olardı. Belə bir hadisə az qala 1874 və 1875-ci
illərdə baş vermişdi. Neftayırma zavodlarında vəziyyət yaxşı deyildi. Bir-biri ilə rəqabət aparan çoxlu zavodlar
olduğundan, istehsal edilən məhsulun həcmi tələbatdan qat-qat artıq idi. Digər tərəfdən də zavodlar çıxarılan
bütün nefti emal edə bilmirdilər. 1876-cı ildə qiymətlər qalxdı, neft çıxarma və emal müəssisələri 1878-ci ilədək
adi qaydada işləməyə başladılar. Lakin çox keçməmiş üçüncü böhranla üzləşməli oldular.
1883-cü ilin sonunda Bakı ilə Batum arasında Transqafqaz dəmir yolu açılanadək mədənlərdən çıxarılan
neft, emal müəssisələri arasında qeyri-bərabər bölünürdü. Bu da ona görə belə idi ki, neft sənayesi öz
məhsullarının ixracı üçün yalnız bir marşrutundan — Xəzər dənizindən istifadə edirdi. Gəmi ilə yükdaşıma da
ancaq mart ayından oktyabradək mümkün olduğu üçün qalan müddət ərzində istehsal edilmiş məhsul yığılıb
qalırdı. Qış aylarında ancaq anbarları olan emal müəssisələri işləməkdə davam edir, qalanları isə dayanırdı.
Bakı neft sənayesinin inkişafının hələ ilk dövrlərində mədənlərdən, əsas etibarı ilə Qara şəhərdə
toplanmış neft emalı zavodlarına xam neft daşınması ilə bağlı böyük çətinliklər ortaya çıxırdı. İkitəkərli arabalar
o vaxt xam neft və neft məhsullarının daşınması üçün başlıca vasitə olsalar da, milyonlarla pud neftin
daşınmasına getdikcə artan mədəndaxili ehtiyacı, eləcə də çıxarılmış neftin neftayırma zavodparına daşınması
tələbatını ödəyə bilmirdilər.
1879-cu ildə inşa edilmiş ilk dəmir yolu — neft rayonlarını neftayırma sənayesi mərkəzi ilə birləşdirən
Bakı—Sabunçu—Qara şəhər xətti neft hasilatı və emalının gələcək inkişafına əngəl törədən nəql problemini tam
həll edə bilməzdi. Mədənlərlə Qara şəhərin zavodları arasında neft boru xətlərinin inşası birinci dərəcəli
məsələyə çevrildi. İlk təşəbbüsü "Nobel qardaşları şirkəti", həmçinin "Bakı neft cəmiyyəti", Mirzəyev və
Lianozovun şirkətləri hələ 1877-ci ildə göstərdilər. 1890-cı ildə uzunluğu 260 verst olan 25 neft boru xətti
çəkilmişdi. Bunlarla sutka ərzində mədənlərdən zavodlara 1,5 milyon pud neft və Qara şəhərdən mədən
rayonlarına, buxar qazanlarını işlətmək üçün dəniz suyu vurmaq mümkün idi.
Bununla belə xam neft və neft məhsullarının, xüsusilə də Avropa və Asiyanın bir çox şəhərlərində istifadə
olunan Bakı ağ neftinin ixracını, ən qısa yolla — Qara dəniz vasitəsilə nəqlin yoxluğu çox ləngidirdi. Gəmilər
Xəzərlə neft və neft məhsullarını yalnız 6 ay çəkən naviqasiya dövründə Həştərxana daşıyaraq, Rusiya şəhər-
lərində və xaricdə sata bilirdilər. Bu müddət isə kifayət deyildi. Rusiya və yetərincə xam neft ehtiyatına malik
olmayan xarici neftayırma zavodları Abşeron neftinin daxil olmaması ilə əlaqədar payızın sonlarından başla-
yaraq, bütün qış ərzində boş dayanırdılar. Eyni zamanda 1880-82-ci illərdə Bakıda o qədər böyük miqdarda xam
neft toplanmışdı ki, neft sənayeçiləri bir müddətə neft hasilatını və zavodlarda neft emalını dayandıraraq, neft
qalıqlarını dənizə tökməyə, yaxud da yandırmağa məcbur olmuşdular. Neftin lazım olandan artıq istehsalı ilə
bağlı belə bir böhranlı vəziyyət ilk dəfə 1883-cü ildə baş vermiş və 4-5 il davam etmişdi. Daşımaq imkanı, eləcə
də neftin və neft məhsullarının saxlanılması üçün tələb olunan miqdarda çən və saxlanc yerləri olmadığından,
1886-cı ildə 25747520 pud neft qalığı yandırılmış və ya dənizə axıdılmışdı.
Bakı rayonunun özündə isə 80-ci illərdə neftə olan tələbat onun istehsalının 5%-indən az idi. Buna görə
də, Bakıdan neft məhsullarının daşınması problemi neft hasilatı və neft emalı sənayesinin gələcək mövcudluğu
və gələcək inkişafının zəruri şərti kimi birinci dərəcəli iqtisadi əhəmiyyət kəsb edirdi və heç təsadüfi deyil ki, bu
məsələ Bakı neft sənayeçilərinin və müxtəlif hökumət instansiyalarının diqqət mərkəzində idi. Bu, Bakının
dünyada neft sənaye mərkəzinə çevrilməsi prosesində mühüm amil oldu. Hələ neft sənayeçilərinin I
qurultayında göstərilirdi ki, regionda üstünlük təşkil edən Bakı sənayesi yalnız Avropaya nüfuz etməklə, nəinki
milli, həm də transmilli ola bilər. Neft Avropaya daşınmadan, heç vaxt sənayenin mühüm sahəsinə çevrilə
bilməz. Buna görə də, artıq iri sənaye mərkəzi sayılan (onunla artıq dünya bazarlarında hesablaşırdılar) Bakını
dəmir yolları ilə Qara dənizlə birləşdirmək zəruri idi.
1883-cü ildə Bakı ilə Tiflis arasında Zaqafqaziya dəmir yolunun çəkilişinin başa çatması və Poti vasitəsilə
Qara dənizin gözəl Batum limanı ilə əlaqə yaranması neft artıqlarının satışı sahəsində dönüş nöqtəsi oldu,
həmçinin Bakı neft sənayesinin Rusiya və dünya bazarlarına kütləvi çıxışını təmin etdi. Təkcə 1884-cü ildə
Zaqafqaziya dəmir yolu sistern və çəlləklərlə Bakıdan 5575018 pud müxtəlif neft yükləri daşımışdı. Görkəmli
maarifçi-demokrat Həsən bəy Zərdabi Azərbaycanın iqtisadi həyatındakı yeni əlamətləri həssaslıqla duyaraq,
belə hesab edirdi ki, Bakı—Tiflis dəmir yolunun tikintisi neft sənayesindən sonra Azərbaycan iqtisadiyyatına
güclü təsir göstərən ən mühüm amildir. XIX əsrin 90-cı illərinin sonlarında Zaqafqaziya dəmir yolunun bütün
yükdaşımaları arasında Bakı—Tiflis xəttinin payı 98% idi. Bakı stansiyası bu xətdə daha intensiv işləyirdi.
Təkcə 1890-cı ildə buradan qərb istiqamətində 55,2 mln. pud yük daşınmışdı. Bakı — Tiflis xəttinin digər