60
Uladston "İstern oyl K°" adlı müştərək müəssisə yaratmışdılar. Bu, Şərqdə təxminən eyni adlı —"İstern oyl
Assoşieyşen" inhisarçı birliyinin yaradılması yolunda hazırlıq addımı idi. Layihə təşəbbüsçülərinin niyyətinə
görə, Rusiyada Stüarta və Uladstona məxsus Britaniya şirkətləri birləşərək, gələcək assosiasiyasının dayağı və
"Şell"in əsas rəqibi olmalı idilər. Bu şirkətin yaradılması ingilis kapitalistlərinin Bakıda fəaliyyət göstərən
müəssisələrinin birləşdirilməsi deyil, yalnız gələcəkdə müştərək fəaliyyət xətti yeritməyin başlanğıcı demək idi.
Yeni yaradılmış şirkət xalis kommersiya müəssisəsi olub, ilk vaxtlar heç bir daşınmaz əmlaka malik deyildi və
hətta, özünün kapitalının həcmini də müəyyən etməmişdi. Şirkətin Rusiyadakı fəaliyyətini yalnız bir müddətdən
sonra leqallaşdırmaq fikrində olan çar hökumətindən icazə almaq məqsədilə ingilis kapitalistləri "İstern oyl K°"
üçün hələ 1899-cu ilin lap əvvəllərində aldıqları neftli sahə şəklində real baza yaratmağı qərara almışdılar.
Stüartın bakılı neft sənayeçisi Tsovyanovdan aldığı həmin sahəyə qoyduğu kapitalın məbləği 250 min funt-
sterlinq həcmində müəyyən edilmişdi.
İngilis—rus bankının layihəsi ilə əlaqədar çətinliklərlə qarşılaşan Rotşteyn ingilis kapitalistlərinə təklif
etdi ki, yaxın vaxtlarda təşkil edilmiş Bibiheybət neft şirkətindən onların vaxtilə sahib çıxmaq iddiasında
olduqları neftli torpaqların bir hissəsini alsınlar. Fevralın 16-da keçirilən hərracda Beynəlxalq bank özü həmin
torpaqları məxsusi olaraq Bakıya ezam edilmiş kənar adamın adına aldı və bu torpaqlar lap əvvəldən xalis
spekulyativ müəssisə kimi nəzərdə tutulan yeni şirkət üçün bir növ baza oldu. Vasitəçi rolunda çıxış edən
Rotşteyn isə əslində ingilislərə təklif edilən şirkətin sahibi idi. Bu vəziyyətin yaranmasının səbəblərindən biri də
o idi ki, Rotşteyn həmin sövdənin həyata keçirilməsinə təkidlə nail olmaq istəyirdi.
Beynəlxalq bank bu məsələ ilə əlaqədar əvvəllər Parisdə fəaliyyət göstərən Rotşildlərin "ağzını aramışdı".
Onlar bir qədər götür-qoy etmiş, amma sonra razılıq verməmişdi. Bu əhvalatın başlanğıcı müəyyən mənada
Tağıyevin işlərinin alınmasına bənzəyirdi: hər iki halda ingilislər əvvəlcə fransızların təkliflərini rədd edir, sonra
isə özləri işə girişirdilər. Bu iki məsələnin fərqli cəhəti isə ondan ibarət idi ki, daha münasib variant olan
Polyakın şirkəti peyda olandan sonra Rotşildlər Tağıyevlə danışıqları kəsib, özləri fəal alqı obyekti axtarmağa
başlamışdılar. Bu dəfə isə onlar bu şirkəti alıb, onun əsasında "Mazut" şirkəti yaratmış, bundan sonra isə yeni
şirkətin fəaliyyətində iştirak etməkdən vaz keçmişdilər. Görünür, ingilislər ehtiyat edirdilər ki, bu şirkət onların
pullarını havaya sovuracaq və yeni təşkil edilmiş müəssisənin işinə zərər gətirəcəkdir.
Lakin adını çəkdiyimiz hallarda ingilislərin vəziyyəti də eyni deyildi. Birinci dəfə tam işçi vəziyyətdə
olan müəssisənin alınmasından söhbət gedirdi. Bu müəssisə böyük məbləğdə əlavə vəsait sərf etmədən dərhal
gəlir əldə etməyə imkan verirdi (Rusiyada fəaliyyət göstərən əcnəbi sahibkarların əksəriyyəti bu amilə üstünlük
verirdi). İkinci halda isə söhbət hələ mənimsənilməmiş neft yataqlarından gedirdi. Lakin bu da əsas deyildi,
çünki ingilislər özləri müvafiq xahişlə müraciət etmişdilər. Əsas məsələ ondan ibarət idi ki, bu torpaqları onlara
çox baha — spekulyativ qiymətlə təklif edirdilər.
Buna görə Rotşteyn Bibiheybət neft şirkəti ilə sövdəni "mürəkkəb və çətin reallaşdırıla bilən sövdə"
adlandırmışdı. O vaxt Rotşildlərin açıq-aşkar düşmən mövqe tutması isə mövcud vəziyyəti daha da
gərginləşdirmişdi. Spitser yazırdı: "Bibiheybət məsələsi üzündən bizim bank yeni hücumlar üçün hədəfə
çevrilmişdi". Rotşildlər yeni şirkətin müdiriyyətinə qara yaxır və bütün bu işləri "çürük əməllər" adlandırırdı.
Onlar ehtiyat edirdilər ki, Bibiheybət şirkəti özlərinin əlində olduğu halda, "Mazut" ilə rəqabət aparmağa və ona
zərər vurmağa qadirdirsə, həmin şirkət ingilislərin əlində olacağı halda nələr baş verəcəyini təsəvvür etmək çətin
deyil. Buna görə də fransızlar özlərinin imtina etdikləri sövdənin ingilislərlə danışıqların predmetinə
çevrildiyindən xəbər tutanda bu şirkətə daha çox qara yaxmağa başladılar. Hər şeydən əlavə, parisli bankirlərin
şəstinə toxunan o idi ki, Rusiya tərəfi onların xidmətlərindən asanlıqla imtina edib ingilislərə üz tutmuşdur.
Rusiyanın Parisdəki maliyyə agenti Rafaloviç haqlı olaraq deyirdi ki, fransızların xoşuna gəlmək çox çətin
məsələdir, çünki Parisdən borc istəyəndə "onları istismar etmiş olursan", kənardan borc alanda isə "fransızların
mənafelərinə xəyanət etmiş olursan".
Bununla belə, Rotşteyn Bibiheybət neft şirkəti ilə sövdələşməyi Leynə təklif edəndə yanılmadığını
Azərbaycan nefti dünya siyasətində bilirdi. Stüartın və Uladstonun "İstern oyl K°" qrupu Rusiyanın neft
sərvətlərini ələ keçirmək baxımından Leynin qrupunu onsuz da xeyli qabaqlamışdı. Ona görə də Leynin qrupu
itirdiklərinin əvəzini çıxmağa çalışırdı. Rotşteyn bunu hamıdan yaxşı başa düşdüyü üçün qarşıya çıxan
çətinliklərə və ingilislərin tərəddüd etmələrinə baxmayaraq, daxilən əmin idi ki, vaxt gələcək, ingilis
kapitalistləri onun təklif etdiyi sövdəni imzalayacaqdır. Doğrudan da belə bir gün gəlib yetişdi.
Bağlanmış sövdə bir vaxt İngilis-rus bankının yaradılmasında iştirak etmək üçün razılıq verməkdən ötrü
Leynin irəli sürdüyü şərtlərin eyni ilə təkrarı idi. İngilislər Bibiheybət şirkətində iştirakçı kimi onu idarə edən
"Bibiheybət Petroleum K°" Britaniya şirkətini yaratmışdı. Rusiya şirkətinin bütün səhmləri bu şirkətin
mülkiyyətinə keçmişdi. Bu barədə 1900-cü ildə yayın axırlarında razılıq əldə edilmişdi, lakin sövdələşmənin son
nəticəsi Londondakı ingilis şirkətinin səhmlərinin satışının nə dərəcədə uğurlu olacağından asılı idi. Bu iş
beynəlxalq bankın nümayəndəsi A.Koxun müşahidəsi və onun iştirakı ilə Siti birja maklerlərinin bir qrupuna
tapşırılmışdı. Sövdənin baş tutması bu barədə rəsmi müqavilə imzalanması mərasimi ilə başa çatmalı idi.