57
satışından 3 milyon rubldan çox gəlir alınmalı idi. Qəzet yazırdı ki, bu "çox böyük mənfəətdir" və ingilislərin
satın aldıqları mədənlər "praktiki olaraq tükənməz" olduqlarına görə, qəzet həmin şirkətlərə "əla perspektiv" vəd
edirdi.
Bu cür proqnozlar üçün doğrudan da hər cür əsas var idi. ABŞ-ın Batumdakı konsulu Çembers qeyd
etmişdi ki, "Oleum"un fəaliyyətinin ilk ilinin yekunlarına görə ingilislər həm mədənləri almaq üçün çəkdikləri
xərci çıxarmış, həm də xeyli gəlir əldə etmişdi".
Çembersin dediyinə görə, ingilislərin "heyrətamiz dərəcədə uğurlu təşəbbüsü və Bakı mədənlərinin dəyəri
məsələsi Böyük Britaniyada güclü hay-küyə səbəb olmuşdu. Neft mülkiyyətinin qiyməti kəskin şəkildə artmışdı,
eyni zamanda Bakıda sərmayə qoymaq arzusunda olan britaniyalı kapitalistlərin sayı durmadan artırdı".
Rusiyadakı neft yataqları ilə zəngin torpaqların alınması elə güclü ajiotaja səbəb olmuşdu ki, Çembersin
fikrincə, günlərin bir günü "Bakının bütün biznesi" alqı-satqı predmeti ola bilər. Bakını sözün əsl mənasında
Britaniyanın maliyyə ekspansiyası təhlükəsi gözləyirdi. Asan qazanc dalınca buraya gəlmiş ingilis işbazlarının
sayı-hesabı yox idi. Bununla əlaqədar, digər Amerika konsulu Smit yazırdı: "Əcnəbilərə hər yerdə rast gəlmək
olar. Onların sayı o qədər çoxalıb ki, tezliklə Bakı ingilis şəhərinə çevriləcəkdir. Burada kapital qoyuluşu üçün
əlverişli şərait vardır və əgər bunun qarşısı alınmasa, yaxın gələcəkdə neft ticarəti bütünlüklə ingilislərin əlinə
keçəcək və bu, heç kəsi təəccübləndirməyəcəkdir".
İngilis biznesmenləri çar hökumətindən hələ də lazımi icazə almamışdılar, buna görə də çar Rusiyasının
maliyyə nazirliyinin nümayəndəsi Q.Vilenkin yaranmış vəziyyətdən narazılığını bildirmək üçün təklif etmişdi
ki, İngiltərə qəzetlərində əcnəbilərin Rusiyada neft işi ilə məşğul olmalarına icazə verilməsi qaydaları haqqında
məqalə dərc edilsin. 1899-cu ilin baharında İngilis—rus bankının təşkil edilməsi layihəsi irəli sürüldü. Bu ideya
əslində təzə deyildi. 1896-cı ilin axırlarında "Rusiyada sənayenin inkişafı üzrə əsas cəmiyyət" adlanan analoji
Rusiya-Fransa cəmiyyəti yaradıldı. Fransa maliyyə amilinin ən qüdrətli qüvvələrini birləşdirən bu cəmiyyət
Peterburq Beynəlxalq Bankının iştirakı ilə yaradılmışdı. İngilis—rus bankı ideyası araya çıxanda "Əsas
cəmiyyət" faktiki olaraq öz mövcudluğuna xitam verdi. Almaniyanın "Diskonto Kezelşaft K°" bankının iştirakı
ilə yaradılması nəzərdə tutulan Rusiya— Belçika bankının layihəsi də meydana çıxmış, lakin tezliklə bu layihə
də öz yerini ingilis variantına güzəşt etməli olmuşdu. Məhz İngilis-rus bankı lap əvvəldən Britaniya kapitalının
neft sahəsindəki maraqları ilə ayrılmaz surətdə bağlı idi.
1899-cu ilin yanvar ayında ingilis kapitalistlərinin hər iki əlaqədar qruplaşması elə bir təkliflə çıxış etdilər
ki, bu təklif onların bircə anda Rusiya neft maqnatları ilə eyni vəziyyətə düşmələrini təmin edə bilərdi. Leyn və
onun şəriki Offenheym, eləcə də Uladstonun nümayəndəsi Verner çar hökumətinə "Abşeron yarımadasındakı
neftli torpaqları İngiltərə kapitalının köməyi ilə istismar etməyin yeni və xəzinə üçün daha sərfəli" üsulunu təklif
etmişdi.
İngilislərin bu təklifini çar hökumətinə çatdırmaq missiyasını öz üzərinə götürmüş Rusiyanın maliyyə
akenti Tatişev isə deyirdi ki, "Dövlətə məxsus olan saysız-hesabsız sərvətlərin ömürlük istifadə üçün tamamilə
müftə şəkildə hərracdan paylanmasından ibarət zərərli sistem kökündən dəyişdirilməli, bunun əvəzində ingilis
kapitalına əsaslanan yarımhökumət şirkəti yaradılmalı, neftlə zəngin geniş sahələr isə heç bir alqı-satqı
keçirilmədən ingilis kapitalının sərəncamına verilməlidir".
İngilis biznesmenləri elə güman edirdilər ki, mənfəətin xeyli hissəsini müntəzəm olaraq çar hökumətinin
hesabına köçürməyi vəd etməklə, bu hökumətin rəğbətini qazanacaqlar. Vernerin layihəsi dövlətdən alınacaq
torpaqlarda çıxarılan neftin satışı hesabına əldə ediləcək gəlirin 70%-ini, Leynin layihəsi isə müvafiq gəlirin
61,7%-ini dövlətə verməyi və bundan əlavə çıxarılmış bütün neftin 70%-inin sərfəli qiymətlərlə dövlətə
satılacağını vəd edirdi. Verner yazırdı: "Bu cür müştərək fəaliyyət sistemi bir tərəfdən, bu iş üçün Rusiyadan
ötrü müstəsna əlverişli şərtlərlə İngiltərə kapitalını cəlb etməyə kömək edər, digər tərəfdən, Qafqazdakı neft
sərvətlərinin gələcək istismarı xəzinə üçün sərfəli olardı".
İngilislər ən perspektivli yataqlardan olan Bibiheybət zonasındakı geniş yataqları ələ keçirmək iddia-
sında idilər. Verner H.Z.Tağıyevin mədəninə bitişik 40 desyatin, o cümlədən Bibiheybətdə və dənizin ona
bitişik hissəsində 60 desyatin əlverişli torpaq sahəsini ələ keçirmək fikrində idi. Əkinçilik və dövlət əmlakı
naziri A.Yermolov sonradan ingilislərin təkliflərinin mənasını təhlil edərək yazırdı ki, "təkcə adları çəkilən bu
şəxslər Bibiheybət sahəsinin ən yaxşı hissələrindəki neft yataqlarını ələ keçirməyi və onların işlənilməsini
özlərinin başlıca məqsədi hesab edirlər". Bununla bərabər, hökumət ingilislərə bu cür güzəştlər edəcəyi halda,
özünün də mənfəətinin təmin olunacağına heç bir zəmanət yox idi. Yermolov göstərirdi ki, Uladstonun qrupu
tərəfindən Tağıyevin müəssisələrinin qonşuluğunda yerləşən torpaqların alınması aşkar göstərir ki, bu qrupun
məqsədi "başqa sahibkarları həmin torpaqların işlənilməsindən kənarlaşdırmaq və bununla da öz mədənlərindən
neftin sorulmasının qarşısını almaqdır. Bu torpaqlar qrupun öz sərəncamında olduğu halda isə o, həmin yataqları
son dərəcə məhdud həcmdə istismar edəcək və Tağıyevə məxsus sahələrdə qazılan quyuların köməyi ilə bu
ehtiyatları qonşuluqda yerləşən, dövlətə məxsus yatağın təkindən sorub çıxaracaq və elə həmin səbəbə görə bu
neft xəzinəyə heç bir gəlir gətirməyəcəkdir". Leynin layihəsinə gəldikdə isə, çar maliyyə naziri bu layihə
barəsində də mənfi fikir söyləmiş və bildirmişdi ki, ingilis kapitalistlərinin xahişinə əməl edilməsi, "cənab