56
onları mülkiyyət kimi almaq, eləcə də bu diyarda neft hasil etmək məqsədilə xüsusi ayırma almaq hüququna
malikdirlər. Bundan ötrü hər dəfə müvafiq idarələrdən xüsusi icazə alınmalıdır. Bu cür icazə isə, ümumiyyətlə,
əcnəbi səhmdar cəmiyyətlərindən yalnız elələrinə verilə bilər ki, onların Rusiya hüdudlarında fəaliyyətlərinə
icazə verilmiş olsun". Bununla belə, bürokratik əngəllərlə qarşılaşacağından ehtiyat edən və H.Z.Tağıyevin
şirkətini tezliklə satın almağa çalışan ingilislər qanunla müəyyən edilmiş tələblərə riayət etmədən sövdəni
həyata keçirmişdi. Lakin nəzərə almaq lazımdır ki, 1898-ci il iyunun sonunda Ali həzrətləri tərəfindən təsdiq
edilmiş Nazirlər kabineti haqqında Əsasnaməyə görə icazə verilmişdi ki, ingilislər Tağıyevə məxsus olan və
onun tərəfindən... Vişauya güzəşt edilmiş hazır mədənləri, o cümlədən dövlətə məxsus bəzi neftli torpaqları alıb
istismar etsinlər. H.Z.Tağıyevin müəssisələri əsasında 1897-ci ilin oktyabrın 29-da Londonda "Rusiyada neft
maye yanacaq çıxaran cəmiyyət" ("Oleum") yaradılmışdı. Bu cəmiyyət Abşeron yarımadasında neft mədənlərini
istismar etmək məqsədilə 1898-ci il dekabrın 2-də Rusiyada fəaliyyətə başladı. Cəmiyyətin direktorlar şurasının
6 üzvü vardı: D.Kiston (sədr), Q.Uladston, K. və V.Vernerlər, eləcə də Londonda C.Mur və Bakıda
H.Z.Tağıyev (direktorların hər birinə məxsus olan səhmlərin dəyəri 100 min funt-sterlinq idi. Bu, təqribən bir
milyon rubl qızıl pula bərabər idi). Cəmiyyətin məsul agenti M.M.Şumaxer Bakıda yaşayırdı. Rusiyada
aparılacaq əməliyyatlar üçün 1,2 milyon funt-sterlinq dəyərində əsas kapital nəzərdə tutulmuşdu.
İngilis kapitalistləri H.Z.Tağıyevin müəssisələrini aldıqdan sonra sanballı gəlir əldə etdilər. Onlar
aldıqları quyularda qazma işlərini başa çatdırmağa macal tapmamış, həmin quyular güclü fontan vururdu.
Təkcə dörd ay ərzində (1897-ci ilin noyabrından 1898-ci ilin martına qədər) "Oleum" 40 milyon pud neft
hasil etmiş, bu isə həmin cəmiyyətə 300 min funt-sterlinqdən, yaxud 3 milyon rubldan artıq xalis gəlir
gətirmişdi. Həmin satış müqaviləsi bağlanandan sonrakı iki il dörd ay ərzində ingilislər 7,25 milyon rubl xalis
gəlir əldə etmişdilər.
H.Z.Tağıyevin şirkətinin alınması ingilislərdən ötrü özlərinin gözlədiklərindən daha uğurlu oldu. 1898-ci
il yanvarın 28-də Rusiya Maliyyə Nazirliyinin Londondakı nümayəndəsi Q.P.Kamenski yazırdı ki, "son
zamanlar İngiltərədə neft yataqları ilə zəngin olan torpaqları yeni qayda ilə istismar etmək və ya həmin
torpaqların istismarını daha səmərəli üsullarla davam etdirmək üçün bu cür torpaqları almaq cəhdləri
yaranmışdır... İngilislər özləri bu yataqların istismarını son dərəcə sərfəli iş hesab edirlər...".
H.Z.Tağıyevin şirkətinin alınması Azərbaycanın neft sənayesinə İngiltərədən kapital axınının güclən-
məsinə təkan verdi. 1897-1901-ci illərdə ingilislərin təşkil etdikləri 11 səhmdar şirkət tezliklə neft sənayesində
mühüm yer tutdu. 1901-ci ildə Bakıda fəaliyyətdə olan buruqların ümumi sayının 11%-i ingilis şirkətlərinə
məxsus mədənlərdə yerləşirdi. Neftin ümumi hasilatının təqribən 1/6 hissəsi İngiltərə şirkətlərinin payına
düşürdü. Həmin illərdə yaradılmış İngiltərə şirkətləri əsas kapitalının məbləği 3,67 milyon funt-sterlinq olan
"Neft-sənaye maliyyə korporasiyası" adlı, trestə oxşar bir qurumda birləşmişdilər. İngilis kapitalı fəaliyyət
sərbəstliyinə nail olmuşdu. Bəzi tədqiqatçıların obrazlı şəkildə dedikləri kimi, XX əsrin əvvəllərində bu kapital
"Neft Bakısında kök salmışdı". K.Z.Tağıyevin neftlə bağlı işlərinin alınması ingilislərin strateji niyyətlərinin
yalnız birinci mərhələsi idi. 1901-ci ildə ingilis maliyyəçisi d”Arsi İranda neft yataqlarının işlənməsinə razılıq
aldıqda, daha mühüm addım atılmış oldu. Britaniyanın bu müəssisəsi, neft yataqlarının işlənməsindən ibarət
xalis iqtisadi məqsədlərlə yanaşı, Yaxın Şərqin bu mühüm strateji rolunu öz nəzarəti altına almaq məqsədi
güdürdü.
Bütün bunlar göstərirdi ki, neft probleminin əhəmiyyətini Avropada tez başa düşmüşdülər. Britaniyanın
ən iri ticarət şirkəti sayılan Samuelin şirkəti tezliklə neft alverinə qurşandı. Samuellə bərabər, digər Britaniya
şirkətləri da neft alverinə qoşulmuş və neftlə bağlı əməliyyatlar hesabına yüksək gəlir əldə etmişdilər.
90-cı illərin axırlarında İngiltərə şirkəti öz paroxodlarında neft yanacağından istifadə etməyə başladı.
Samuel Britaniya donanmasının rəhbərliyini ondan nümunə götürməyə sövq etmək üçün çox fəal təbliğat aparır,
donanmanı lazımi miqdarda neftlə təmin etməyə hazır olduğunu bildirirdi. Britaniya şirkətlərinin zəif cəhəti
ondan ibarət idi ki, onların özlərinin neft yataqları yox idi. Buna görə də onlar əcnəbi şirkətlərdən tam asılı
vəziyyətdə idilər. Əslində Britaniya şirkətlərinin neft aldıqları yeganə mənbə həmin şirkətlər idi.
Tağıyevin şirkətinin yerində Britaniyanın ən iri neft şirkəti - işgüzar yazışmada və ədəbiyyatda "Oleum"
adı ilə tanınmış, kapitalının həcmi 12 milyon rubla bərabər olan "Raşen Petroleum ənd likvid fyuel K" limited"
şirkəti yaradılmışdı.
Rusiyanın neft sənayesində birinci olaraq "özlərinə yer edən" Stüart və Uladston oldu. Lakin Samuel də
öz rəqiblərindən geri qalmaq fikrində deyildi. Tağıyevin işlərinin alınması demək olar ki, eyni zamanda, "Şell"in
tərkibinə daxil olan və bir neçə ildən bəri Samuellə əməkdaşlıq edən "Leyn ənd Makendru" şirkəti Şibayevin
müəssisəsini almış və onun bazasına kapitalının həcmi 6,5 milyon rubl olan "Şibayev Petroleum K°" şirkətini
təşkil etmişdir.
Britaniya şirkətləri yaradılandan sonra elə ilk aylarda onlar yəqin etdilər ki, aldıqları müəssisələr
gəlirlidir. Bu mənada "Oleum"un işləri xüsusilə uğurlu gedirdi. Əvvəllər Tağıyevə məxsus olmuş mədənlərdəki
quyular elə güclü fontan vururdu ki, şirkətin qarşısında yaxın vaxtlarda öz xərclərini çıxarmaq perspektivi
açılmışdı. Tağıyevin işini almaq üçün 5 milyon rubl verildiyi halda, yeni şirkət təkcə ilk dörd ay ərzində
təqribən 40 milyon pud neft hasil etmişdi. "Fayneşial nyus" qəzetinin hesablamalarına görə, bu qədər neftin