53
bütün məhsullarını saxta qiymətə almaqla, onun buradakı bütün sənaye müəssisələrini və zavodlarını tam
nəzarət altına aldı.
Fransız kapitalı ilə əlaqədar qeyd etmək lazımdır ki, hələ 1912 — 1913-cü illərdə "Mazut" və "Xəzər —
Qara dəniz" şirkətləri ingilis-holland "Şell" qrupuna keçdikdən sonra, onun rolu xeyli zəifləmişdi. Buna
baxmayaraq, bəzi müəssisələrdə fransız kapitalı müharibə illərində çox yüksək fəallığa malik idi.
Müharibə şəraitində Bakıətrafı rayonda ingilis-fransız ziddiyyətləri bir qədər zəifləmişdi. İngilis
sahibkarları bu fürsəti əldən buraxmadılar. Onların fəaliyyətləri nəticəsində ingilis kapitalına məxsus bir sıra
neft sənayesi müəssisələri müəyyən artıma nail oldular. Əldə etdikləri şirkətlər ətrafında süni surətdə hay-küy
qaldıran ingilis sahibkarları onların səhmlərini ən çox İngiltərədə yerləşdirməyə səy göstərdilər. Bu siyasət
nəticəsində həmin müəssisələr çox böyük səhm məbləğləri müqabilində dövriyyə vəsaitlərindən məhrum
oldular.
1890-cı ilin əvvəli idi. Batum limanında heç kəsin tanımadığı bir əcnəbi şəxs peyda oldu. hər şeyə böyük
diqqət yetirən bu şəxs Londonda yerləşən kiçik bir şirkətin başçısı Markus Semyuel idi. Bakı neftinin Batum
limanı vasitəsilə geniş miqyaslı ixrac əməliyyatı cənab Semyueli son dərəcə heyrətləndirdi və o, tezliklə bu
qərara gəldi ki, Uzaq Şərq ölkələri Bakı kerosini üçün əlverişli bazar ola bilər. "Standart oyl"un inhisarına son
qoymaq üçün ilk növbədə məhsulu daha ucuz qiymətə satmaq lazım idi. Bunu isə yalnız Süveyş kanalı
vasitəsilə əldə etmək mümkün idi. Lakin o dövrün gəmiləri ilə neft daşınması heç də təhlükəsiz deyildi. Odur ki,
"Süveyş kanal kompani" belə daşımaların qəti əleyhinə çıxdı. Belə olduqda, tezliklə bütün tələblərə cavab verən
yeni neftdaşıyan gəmi-tanker inşa edildi və 1892-ci il avqustun 24-də "Müreks" adlı ilk tanker 4000 ton Bakı
kerosini ilə Batumdan yola düşdü. Süveyş kanalını uğurla qət edib, Sinqapura və Banqkoka doğru üz tutdu.
Çox keçmədən Uzaq Şərq limanlarında kerosin saxlamaq üçün Markus Semyuel iri həcmli anbarlar inşa
etdi. Kerosinin aramsız olaraq nəql edilməsini təmin etmək məqsədilə, o hətta Rotşild ailəsinin nəzarəti altında
olan bir şirkətlə uzunmüddətli bir müqavilə da bağladı.
Ancaq Uzaq Şərqdə Markus Semyuelin planlarını poza biləcək qüvvələr də vardı. Bu, ilk növbədə Çon
Rokfeller idi. O, artıq Çində möhkəmlənmişdi və "Standart oyl trest"in filialını yaratmaqla məşğul idi. Digər
rəqib isə Hollandiyaya məxsus "Royyal datç petroleum kompani" idi. Bu kiçik neft şirkəti özünün bacarıqlı
direktoru Avqust Kesslerin rəhbərliyi altında xeyli müvəffəqiyyət əldə etmişdi. Elə bu zaman Asiyanın neft
bazarlarında gərgin rəqabət gündən-günə şiddətlənirdi. Belə bir vaxtda Avqust Kessler cavan bir bank işçisi ilə
tanış olur və çox keçmədən onu şirkətin işlər müdiri təyin edir. Bu, Avqust Henrix Deterdinq idi. Onun gəlişi
"Royyal datç"ın fəaliyyətini daha da canlandırırdı. Markus Semyuelin gətirdiyi Bakı nefti ilə rəqabət aparmaq
üçün Deterdinq tankerlərin və rezervurların geniş miqyaslı inşasına təkan verir.
Markus Semyuel və "Royyal datç" bir-birilə mübarizə aparmaqla yanaşı, eyni zamanda Amerika nəhəngi
"Standart oyl" ilə də çox ciddi rəqabətə düçar olmuşdular.
1897-ci ildə Semyuelin neft əməliyyatları o qədər genişləndi ki, o, əldə olan bütün imkanlarını bir-
ləşdirib böyük bir şirkət yaratdı və onu atasının şərəfinə "Şell" adlandırdı. 1901-ci ildə Texas neft yatağı aşkar
edildikdə, "Şell" həmin neftin də nəqlini və satışını öz üzərinə götürdü. Beləliklə, çox keçmədən "Şell" istər xam
neftin, istərsə də benzin, kerosin və mazutun nəqli, satışı üzrə dünyanın ən böyük neft şirkəti oldu, Rokfellerin
neft imperiyası üçün ciddi təhlükəyə çevrildi. "Standart oyl" təcili tədbirlərə əl atdı və "Şell"i öz tərkibinə
əritmək üçün çox səy göstərdi. Lakin Markus Semyuel bu təklifləri qətiyyətlə rədd etdi.
1900-cü ildə Avqust Kessler vəfat edir. Onu əvəz edən Henrix Deterdinq İndoneziyanın zəngin neft
yataqlarını alır və geniş fəaliyyətə başlayır. Ancaq Rokfellerlə təkbaşına rəqabətin mümkünsüzlüyünü tezliklə
dərk edir və tanker kralı Markus Semyuellə birləşməyi qərara alır. Bu birləşmə hər iki şirkətin maraqlarına tam
uyğun idi. Çünki "Şell" güclü tanker donanmasına, "Royyal datç" isə zəngin neft mədənlərinə malik idi.
Birlikdə isə "Standart oyl trast"a qarşı rəqabətdə qələbə reallaşa bilərdi. Belə də oldu. Hər iki şirkət birləşmək
yolunda bir sıra addımlar atdı. "Standart oyl"la başlayan neft müharibəsi də onları qorxutmadı. Bu, ikinci neft
müharibəsi idi. Olduqca kəskin və ciddi neft müharibəsi.
Nəhayət, 1907-ci ildə Markus Semyuel və Kenri Deterdinq "Royyal datç" və "Şell Transport"
şirkətlərinin birləşdiyini elan etdilər. Bir müddətdən sonra Bakıya gələcək möhtəşəm şirkət — "Royyal Datç-
Şell" belə yarandı .
Bu şirkətin maraqlı tarixi ilə yanaşı və onlarla əməkdaşlıq etmiş erməni milyonçusu Q.Gülbenkyanın da
haqqında bir neçə söz oxucuya çatdırmağımızı vacib sayırıq. Çünki bu erməni milyonçunun əldə etdiyi mil-
yonlarının əsası Bakı nefti hesabına toplanmışdır. Bu haqda çox az adamda məlumat ola bilər.
Qalust Gülbenkyan neft biznesi ilə məşğul olan ailənin ikinci nəslinin nümayəndəsi idi. O, varlı erməni
neft sahibkarı və bankirinin oğlu idi. Onun atası öz taleyini Bakı neftinin Osman imperiyasına ixracı üzərində
qurmuşdu. Sultan onu Qara dəniz limanının qubernatoru təyin etmişdi. Ailə Konstantinopolda yaşayırdı. Qalust
öz ilk maliyyə transaksiyasını burada etmişdi. Yeddi yaşında ikən valideynləri ona xərclənməyə gümüş türk
pulu verdilər. Balaca oğlan pulu götürüb bazara gəlir, lakin özünə şirniyyat almaq əvəzinə antik sikkə alır
(sonralar onun qızıl sikkələr kolleksiyası dünyanın ən böyük kolleksiyalarından biri olacaqdır). Məktəbdə çox
qeyri-populyar şagird sayılan Qalust vaxtının çox hissəsini bazarda keçirirdi. Bununla o, alverin incəliklərini