Filologiya
məsələləri, №4, 2017
109
Bu mənada, dildə müraciət formalarının, nitq etiketlərinin işlənməsi
xüsusi əhəmiyyət daşıyır. Nitq etiketləri, müraciət formaları dilin milli
keyfiyyətini əks etdirən əsas əlamətlərdən biridir. Azərbaycan dilində bu
vahidlər üslubi imkanlarına görə çoxşaxəli məzmun və funksiya daşıyır. Nitq
etiketləri müxtəlif üslublarda fərqli şəkildə işlənir. Çünki hər sahənin
özünəməxsus nitq üslubu vardır. Bu mənada, bədii üslubda işlənən nitq
etiketlərinin araşdırılmasının ayrıca əhəmiyyəti vardır.
Müraciət – rabitəli nitqin elementlərindən biridir və məntiqə uyğun
olaraq o, bu və ya başqa halda nitq mühiti ilə əlaqədardır. Hər hansı müraciət
formalarının işlənmə məqamları bir sıra xüsusiyyətlərdən asılıdır:
1) Müraciət edənlə adresatın arasında tanışlığın (qohumluğun)
mövcudluğu və ya qeyri-mövcudluğu;
2) Adresatın yaşı ilə danışanın yaşının nisbəti;
3) Danışana nisbətən adresatın sosial vəziyyəti;
4) Adresatın peşəsi, məşğuliyyəti;
5) Verilən situasiyada müraciət edənin funksiyası;
6) Adresatın verilmiş situasiyada üzə çıxan və ya əvvəlki
təcrübələrdən danışana məlum olan şəxsi keyfiyyətləri;
7) Emosional təsir obyekti kimi adresatın xüsusiyyətləri (əlamətləri)
və danışan tərəfindən qiymətləndirilməsi və s.
Biz qeyd etdik ki, müraciət ən parlaq etiket göstəricisidir. “Etiket
fransız, etika isə latın sözüdür. Etiket sözü fransız dilində iki mənadadır: a)
yarlıq, etiket, yazı; b) mərasim. Etika sözü də latın dilində iki mənadadır: a)
ictimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında
fəlsəfi nəzəriyyə; b) hər hansı sinfin, cəmiyyətin və ictimai təşkilatların
əxlaq qaydaları” (1, s. 33).
Müraciət formalarının seçimindəki çətinlikləri aradan qaldırmaq üçün
müraciət olunanın tanış və ya qeyri-tanış olduğunu nəzərə almaq lazımdır.
Çünki biz tanımadığımız insanla daha formal və daha az müddətli ünsiyyətdə
oluruq. Məsələn, Yoldaş, avtobus dayanacağı haradadır? Siz növbəti
dayanacaqda düşəcəksinizmi? Zəhmət olmasa, yer verin və s.
Qısa söhbət üçün bizə müraciət olunanın fərdi əlamətləri o qədər də
vacib deyildir. Ona görə də biz çox zaman əlaqəyə girərkən ən ümumi
nəzakətlilik ifadələri ilə məhdudlaşırıq: «Bağışlayın», «Üzr istəyirəm»,
«İcazənizlə», «Rica edirəm» və s. Təbii ki, burada bir qədər yaşlı, ziyalı bir
insana müraciət olunduğu göstərilir. («Xahiş edirəm», «Zəhmət olmasa»,
«Deyə bilərsinizmi…» və s.).
Ümumişlək müraciətlərdən müraciət olunanın cins və yaşına görə də
fərqlənənləri var: məsələn, cavan oğlan!, gözəl qız! və s.
Ümumişlək müraciətlərdən geniş yayılanları qohumluq bildirən
sözlərdir ki, onlar hətta bəzən tanış olmayan insanlara da müraciət edilərkən
Filologiya məsələləri, №4, 2017
110
istifadə olunur (qardaş, bacı, xala, dayı, əmi, ana, ata, nənə, baba, oğul, bəz-
ən qoca, ağsaqqal, dost və s.). Məsələn: Nə olar oğlum, qoy gəlsin, gözümüz
üstündə yeri var (2, s. 73). Ana, görürsən ki, Firəngiz gəlmək istəmir (2, s.
141). Əmioğlu, neçə gündü burdasan? (2, s. 69).
Bizə tanış olan adamlara etdiyimiz müraciətləri nəzərdən keçirdikdə
məlum olur ki, bu sözlərin əksəriyyəti hamı tərəfindən qəbul olunmuş
qohumluq bildirən sözlər və xüsusi adlardır. Məsələn: Feyzulla, atam,
qardaşım, – deyə sakit və təmkinlə danışmağa çalışdı, – özünə yazığın gəl-
mir, bizə gəlsin (2, s. 29). Axı, Səkinə bacı, siz o qızın yerinə deyilsiz, mən
sizi təsvir eləməmişəm (2, s. 46).
Danışıq dilində müraciət formaları arasında neqativ münasibət
bildirən ifadələrə də rast gəlinir. Anarın “Beşmərtəbəli evin altıncı
mərtəbəsi” əsərində obrazlar arasında əlaqə yaratmaq, ünsiyyəti davam
etdirmək məqsədilə bu cür müraciətlər işlənmişdir. Məsələn: “Dadaş
müəllim, mən belə şeylərdə yaman vasvasıyam (3, s. 113). Nə var, nə yox, ay
Muxtar müəllim” (3, s. 293).
Mehdi Hüseynin nəsr əsərlərində də çağırış məqsədilə işlədilmiş
müraciət formalarına rast gəlirik: Məryəm, qızım, içəri nə yaman soyuqdur,
peçi niyə qalamayıbsan? (4, s. 125) Ay Pəri, ay Tubu, boğazım yırtıldı ki,
çığırmaqdan (4, s. 36).
Görkəmli dramaturqumuz M.F.Axundzadənin əsərlərinin bədii
dilində işlənmiş nitq etiketləri özünəməxsusluğu ilə fərqlənir. Yazıçı
müəyyən sinfin, təbəqənin bədii surətini yaradarkən onu spesifik üslubda
danışdırmış, hər bir surətin nitqini onun öz həyat tərzinə, psixologiyasına,
mədəni səviyyəsinə, ailədə və cəmiyyətdə tutduğu mövqeyə, düşdüyü
şəraitə, söhbət etdiyi, müsahibə apardığı, mübarizə etdiyi adamlara uyğun bir
tərzdə, təbii və düzgün əks etdirmiş və realist ədəbiyyatın ən mühüm prinsip-
lərindən biri olan dildə tipikləşmə və fərdiləşməni məharətlə göstərmişdir.
İstər xalq danışıq dilini, istərsə də klassik yazı dilini eyni dərəcədə
dərindən bilən böyük dramaturq dialoqlar zamanı müraciətlərdə etiket
normalarını mümkün qədər yüksək səviyyədə saxlamağa nail olmuşdur.
Ədibin ilk komediyaları olan “Hekayəti-Molla İbrahimxəlil kimyagər” və
“Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükuni-
məşhur” əsərləri bu baxımdan istisna deyildir. “Hekayəti-Molla İbrahimxəlil
kimyagər” komediyasının birinci məclisində Hacı Kərim zərgər öz
həmkəndlilərinə “həzərat” deyə müraciət edir: Həzərat, bilirsiniz ki, mən sizi
nə işdən ötrü çağırmışam (5, s. 31).
Həzərat ərəbcə həzər (cənab, ağa) sözünün cəmidir və bu səhnədə
topluma müraciət edildiyini bildirir (6, s. 4).
Başqa bir yerdə Hacı Kərim zərgər cənab sözündən istifadə edir və
bu müraciət etiketi peşə bildirən sözün əvvəlinə artırılaraq hörmət əlaməti