– Bu gün burada həkim iştirak edir və mən doktor Kertisdən beysbolçuların
sağlamlığının mühafizəsi barədə danışmağı xahiş edirəm.
O, bu cür çıxış üçün hazırlıqlı idimi? Əlbəttə, hazırlıqlı idi. Onun çox gözəl
hazırlığı var idi – o, gigiyenanı öyrənirdi və demək olar, bir qərinə ərzində
müalicə edən həkim işləmişdi. O, öz kreslosunda əyləşərək yanında oturan
adamla bu mövzu ətrafında bütün gecəni də söhbət edə bilərdi. Lakin ayağa
qalxmaq və həmin şeyləri qısa şəkildə də olsa, auditoriya qarşısında demək – bu,
tamamilə başqa məsələ idi. Bu, onu iflic etdi, onun ürəyi sürətlə çırpınmağa və
fasilələrlə döyünməyə başladı. O, ömründə heç vaxt ictimaiyyət qarşısında çıxış
etməmişdi və fikirlərin hamısı dərhal beynindən buxarlanıb uçdu.
Nə etmək olardı? İştirakçılar alqışlayırdılar, hamı ona baxırdı. O başını
buladı, ancaq bu, alqışları və xahişləri yalnız gücləndirdi. “Doktor Kertis! Danışın!
Danışın!” sədaları getdikcə ucadan və təkidlə səslənirdi.
Kertis əsl ümidsizliyə qapandı. O bilirdi ki, heç on cümləni də əməlli-başlı
deyə bilməyəcəkdir. Buna görə də ayağa qalxdı və bir kəlmə belə kəsmədən
arxası ilə dostlarına tərəf döndü və dəhşətli çaşqınlıq və alçalma hissi ilə banketi
tərk etdi.
Qəribə deyil ki, o, Bruklinə qayıdandan sonra dərhal mənim natiqlik sənəti
kurslarıma yazıldı. O, özünün bir dəfə də qızarmağa məcbur olmasını, danışmaq
qabiliyyətini başqa yerdə yenə də itirməsini istəmirdi.
Doktor Kertis müəllimin, adətən, fəxr etdiyi tələbələrdən oldu: o, bu işə
fövqəladə dərəcədə ciddi yanaşırdı. O çıxış eləməyi öyrənmək istəyirdi və onun
bu qərarı möhkəm idi. Həkim çıxışlara diqqətlə hazırlaşır, var gücü ilə məşq edir
və bir məşğələ də olsun buraxmırdı.
Və nəticə bu cür tələbələrdə həmişə olduğu kimi idi: onun əldə etdiyi
nailiyyətlər, hətta özünü də heyrətləndirən sürətlə baş verirdi, bu uğurlar onun
ən cəsarətli arzularını da üstələyirdi. Bir neçə məşğələdən sonra həyəcan azaldı,
özünə inam hissi artırdı. İki ay ərzində doktor qrupun ən yaxşı natiqi oldu.
Tezliklə o, başqa yerlərdə çıxış etmək üçün dəvətlər almağa başladı – o, bu hissi,
keçirdiyi ruh yüksəkliyi hissini sevdi, o, bu minvalla qazandığı hörmət və təzə
dostları ilə fəxr edirdi.
Respublikaçılar Partiyasının Nyu-York seçki komitəsinin üzvlərindən biri
doktor Kertisin hansısa bir tədbirdə etdiyi çıxışı eşidən kimi öz partiyasını
şəhərdə təbliğ etmək üçün onu dəvət elədi. Bu siyasi xadim həmin natiqin cəmi
bir il əvvəl auditoriya qarşısında qorxudan dili tutulduğu üçün banketdən pərt və
acınacaqlı halda çıxıb getdiyini bilmiş olsaydı, necə də heyrətlənərdi!
Auditoriya qarşısında çıxış edərkən inam hissini, cəsarəti, sakit və aydın
danışmaq bacarığını formalaşdırmaq özündə adamların əksəriyyətinin təsəvvür
etdiyi çətinliyin heç ondabirini də ehtiva etmir. Bu heç də göylərin yalnız ayrı-
ayrı şəxsiyyətlərə bəxş etdiyi istedad deyildir. Bu, qolf oynamağı bacarmaq kimi
bir şeydir. İstənilən adam, əgər onun kifayət qədər güclü istəyi olarsa, özünün
gizli qabiliyyətlərini inkişaf etdirə bilər.
Sizin oturmuş vəziyyətdə olduğu kimi, auditoriya qarşısında dayananda da
yaxşı fikirləşmək qabiliyyətinə malik olmadığınızı düşünmək üçün heç olmasa
cüzi bir əsas məgər var? Siz, əlbəttə, bilirsiniz ki, bu cür əsaslar yoxdur. Siz bir
qrup adama müraciət edərkən mahiyyət etibarilə daha yaxşı fikirləşməlisiniz.
downloaded from KitabYurdu.org
Dinləyicilərin olması sizi vəcdə gətirməli, sizdə ruh yüksəkliyi doğurmalıdır. Bir
çox natiq deyər ki, auditoriyanın olması stimuldur, coşqunluq doğurur, onların
beynini daha aydın, intensiv işləməyə məcbur edir. Elə bil heç vaxt onların
ağıllarına belə gəlməyən fikirlər, faktlar, ideyalar bu cür məqamlarda, moizəçi
Henri Uord Biçer dediyi kimi, “birdən haradansa peyda olur” və bircə onları
tutub saxlamaq, səsləndirmək qalır. Eyni cür də sizinlə baş verməlidir. Və əgər
siz təkidlə məşq etsəniz, çox güman ki, məhz elə belə də olacaqdır.
Hər halda, siz bunda tamamilə əmin olmalısınız ki, öz üzərinizdə işləmək və
təcrübə sizi auditoriya qarşısında qorxudan azad edəcək və sizə özünəinam hissi
və qarşısıalınmaz cəsarət gətirəcəkdir.
Ağlınıza gəlməsin ki, özünüzlə bağlı hal qeyri-adi dərəcədə çətindir. Hətta
vaxt keçdikcə öz nəslinin ən gözəl nitqli natiqinə çevrilən adamlar da öz
karyeralarının başlanğıcında bu cür izaholunmaz qorxu və utancaqlıqdan əziyyət
çəkib.
Döyüşlərdə bərkimiş veteran, siyasi xadim Uilyam Cenninqs Brayan etiraf
edirdi ki, ilk çıxışlarında onun içalatı əsirdi.
Mark Tven mühazirə oxumaq üçün birinci dəfə kafedraya qalxanda belə hiss
eləmişdi ki, elə bil ağzı pambıqla tıxanıb, nəbzi isə elə döyünür ki, sanki o,
hansısa kubok uğrunda yarışda iştirak edir.
General Qrant Viksberqi ələ keçirdi və həmin dövr üçün dünyada yaradılmış
ən qüdrətli ordulardan birini qələbəyə gətirdi, lakin publika qarşısında çıxış
etmək lazım gələndə, özünün sözlərinə görə, dinamik ataksiyaya
27
çox oxşayan
nə isə baş verdi.
Fransada öz nəslinin ən görkəmli siyasi natiqi olan Jan Jores ilk nitqini
söyləmək üçün, nəhayət, cəsarətini toplayana qədər Deputatlar Palatasında düz
bir il lal-dinməz oturmuşdu.
“Mən birinci dəfə auditoriya qarşısında çıxış etməyə çalışanda, – deyə Lloyd
Corc etiraf edirdi, – sizi inandırıram ki, dəhşətli bir halda idim. Heç nəyi artırıb-
şişirtmirəm, olanı deyirəm – dilim udlağıma yapışmışdı və başlanğıcda mən heç
bir kəlmə də tələffüz edə bilmirdim”.
Məşhur ingilis dövlət xadimi, ABŞ-da Vətəndaş müharibəsi gedən dövrdə
İngiltərədə yunionistlərin tərəfində və qulların azad olunması uğrunda çıxış edən
Con Brayt ilk nitqini məktəbin binasında toplanmış bir qrup kəndlinin qarşısında
etmişdi. O, məktəbə qədər yolda elə həyəcanlanırdı ki, yol yoldaşına yalvarır və
ondan həyəcanı həddən çox seziləcəyi halda onu canlandırmaq üçün əl çalmasını
xahiş-minnət edirdi.
Görkəmli irland siyasi xadimi Çarlz Styuart Parnell ictimaiyyət qarşısında ilk
çıxışlarında, öz sözlərinə görə, çox vaxt yumruqlarını elə bərk sıxırdı ki,
dırnaqları ovcundan qan çıxardırdı.
Dizraeli etiraf edirdi ki, ona süvarilərin hücumuna başçılıq etmək İcmalar
Palatasında birinci dəfə çıxış eləməkdən asan görünürdü. Onun birinci nitqi
biabırçılıqla iflasa uğradı. Eyni hadisə Şeridanın da başına gəlmişdi.
Məşhur ingilis natiqlərinin çoxu öz ilk nitqini uğursuzluqla başlamışdır. Əgər
cavan adamın birinci nitqi aşkar uğurla keçirsə, bu, indi parlamentdə pis əlamət
hesab olunur. Odur ki, həvəsdən düşməyin.
downloaded from KitabYurdu.org