AR DA, f. 1061, siy. 1, iş 6, vər. 115. Baxış protokolu 1918-ci il, 8 noyabr. Mən, Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü İsmayıl bəy Şahmalıyev, şahidlər - Şamaxı qəzası Çuxanlı kənd sakinləri Fətulla Molla Əyyub oğlunun və Veys Xan Məlik oğlunun iştirakı ilə Şamaxı qəzası Çuxanlı kəndinin məscidinə baxış keçirdim və aşağıdakıları müəyyən etdim: Məscid kəndin mərkəzində, çox da hündür olmayan təpəliyin yanında
yerləşir, uzunluğu 20, eni 10, yan divarların hündürlüyü 4 arşındır; daşdan
tikilib, damı asfaltdandır.
Məscid özü zədələnməyib, ancaq içərisində, mollanın adətən Quran
oxuduğu və moizə etdiyi minbər bir tərəfdən yandırılıb; məscidin döşəməsinə
sərilmiş həsir xalçalar qismən yanıb.
Şahidlərin dediyinə görə, ermənilər məscidi yandırmaq üçün cəhd
göstəriblər - həsir xalçaları məscidin ortasına yığaraq və taxta minbəri də
buraya qoyaraq, onlara od vurublar və beləliklə, alovun bütün məscidə
yayılacağına və onun tamamilə yanacağına ümid ediblər. Ancaq adi bir
təsadüf üzündən alov bütün məscidə yayılmayıb və hətta minbər də
bütünlüklə yanmayıb.
Şəkil məscidin daxilində, minbərin yandırılmış hissəsi 56-cı № ilə çəkilib.
Bununla protokol bitmişdir.
Şahidlər savadsızdır.