______________________________________________________ Poetika.izm
113
həllinə yönəlmişdi. Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Əmin, C.Məmmədqu-
luzadə, H.Cavid (adıçəkilən son iki şəxsiyyət yazıçı olduqları qədər də
böyük ideoloqlar idilər) kimi ideoloqların görüşlərinin intellektual mühitə
təsiri, Ə.Haqverdiyev, N.Vəzirov, S.S.Axundov, Ü.Hacıbəyli kimi böyük
sənətkarların yaradıcılıq konsepsiyaları dövrün ümumi ədəbi ab-havasına
olduğu kimi, maarifçi realizmin yeni mərhələsinə də əsaslı keyfiyyət də-
yişikliyi gətirmişdi. Bütün intellektual mühitin maarifçilik hərəkatında
müasirləri milli maarifçilik hərəkatının yaradıcıları və fəal iştirakçıları
kimi çıxış etmişlər” [6, s. 107]. Maarifçi realizmdə yenə də əvvəlki başlı-
ca prinsip, onun əsas kriteriyası – rasionallıq və ağlauyğun cəmiyyət, xoş-
bəxtlik və azadlıq konsepsiyası davam etməkdə idi. Lakin ağlın seçim və
görüm istiqaməti, bir ideal kimi azadlıq və xoşbəxtliyin kriteriyaları in-
kişaf edərək hədəfini daha da dəqiqləşdirmişdi. Maarifçilər, xüsusən XIX
əsrin son onilliklərinin maarifçiləri vətən və millət şüurunun inkişafında
mühüm rol oynadılar. Bu da öz növbəsində XX əsr maarifçiliyində yeni
bir keyfiyyəti inkişaf etdirdi; xoşbəxtlik və azadlıq probleminin həllində
millət və vətən məsələsi başlıca amillərdən birinə çevrildi. Bir sıra qərb
tədqiqatçıları maarifçiliyi xarakterizə edərkən onun əsas kriteriyaları sı-
rasına kosmopolitizmi də daxil edirlər; daha doğrusu, kosmopolitizmi
maarifçilik vasitəsilə yaymağa çalışırlar. Bu, ideologiyadan bəzi Şərq zi-
yalıları da təsirlənərək, onu müsbət ideal kimi tərənnüm edirlər. Türk
poeziyasında “Sərvəti-fünun” ədəbi məktəbinin görkəmli nümayəndəsi
Tevfiq Fikrət həmin ideologiyanın təsirilə, zaman-zaman birmənalı qarşı-
lanmayan “Halukun amentusu” şeirini yazır. Şeirdə deyir:
Toprak vatanım, nev-ibeşer milletim, insan
İnsan olur ancak buna iz'anla inandım [7].
Kosmopolitizm Azərbaycan maarifçiliyi üçün bir o qədər də xarak-
terik olmamışdır; xüsusən də XX əsrdə milli mübarizənin kəskinləşdiyi,
dünyanın yenidən bölünməsi planlarının olduğu bir dövrdə. XX əsr
Azərbaycan intellektual mühitində kosmopolitizmdən daha artıq millət və
vətən şüuru inkişaf etdiyindən, təbii ki, maarifçilikdə də bu, öz münasibət
və ifadəsini tapmalı idi. Sovet dövründə yaradıcılıq metodları, xüsusən də
realizm araşdırılarkən marksizm-leninizm dünyagörüşü əsas olduğundan
realizmin mərhələ təsnifatının prinsipləri müəyyənləşdirilərkən bu cəhət
nəzərə alınmamışdır. Ümumiyyətlə, XX əsrin başlanğıcı Azərbaycan ədə-
biyyatı hansı yaradıcılıq metodu ilə yaranmasından asılı olmayaraq, milli
mübarizə və oyanış ruhu öndə gəlirdi.
Maarifçi müəllif kütlənin, xalqın şüurunu hədəf alaraq onu daha
sadə və görünən üsulla dəyişmək istədiyindən milliyyətçilik məsələsində
də açıq ünsiyyətə üstünlük verirdi. Maraqlıdır ki, o dövrün dramaturgi-