ilk növbədə zabitlərin qarınlarının altındakıları anlamağa çalışırdı. - «Sən
o adam
deyilsən ki, heç nə olduğun halda, səni həmin o heç nədən yapıb düzəltmişəm? Sən
o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın, indi mənim hesabıma
qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun şəxsən
imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu
yaxşı başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul
olmaq qərarına gəldi və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində
Demetrio Aldous tapılıb diri vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə,
mənim yanıma diri vəziyyətdə gətirilməlidir və işdi, əgər o, ümumiyyətlə,
tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o qədər aydın və
qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər gəldi:
«Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı
möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmindən sağalıb. O, bizlərdən diridi,
mənim generalım, sapsağlam və zədəsizdi
və bütün bunlar, xatirəsini
murdarlamağa cəhd edən adama bir daha öz xeyirxahlığını və insanpərvərliyini
sübut edən ananızın, həmin bu güllərə şəfa qabiliyyəti verən sehrli qüvvəsinin
nəticəsidir». Bu adamı iplə qarğıya sarıyıb qrendyorlar dəstəsinin müşayiəti ilə
gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır, kilsə
zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əla həzrətlərin istəyi
yerinə yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına
gətirib, səhiyyə nazirinin şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış
yataq otağında yerləşdirdilər ki, orda öz missiyasını başa çatdıra bilsin, hər biri, üç
yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb qurtara bilsin: «Mən, Demetrio
Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının auditoru, prokuror və
postulator, bu ilin aprel ayının
on dördüncü günü, yer üzündə ədalətin bərpası
naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhrümlə
təsdiq edərək, bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız
həqiqət». – «Budur, baxın, əla həzrətləri!» Və həqiqətən, hər biri qətran möhürlə
möhürlənmiş həmin bu Bibliyaya bənzər yeddi nəhəng cildlərdə yazılanların
hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri, həsir kreslosunda oturub üzünü
şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq asan və hər
öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə «aha» deyən daşsifətli, donuq
qocaya, yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. «Aha» - deyə o, şlyapasıyla
naharın qalıqlarına yığışan
aprel milçəklərini qovaraq, bəzən kösöv kimi yandırcı
həqiqəti həqiqət dalınca udmalı olurdu. «Bütün bunlar uydurmadı, əla həzrətləri,
gülməli bir məzhəkədir…» - o, qulaq asır və yenə sakitcə «aha» - deyirdi, çünki
əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə məzhəkə idi və bu tamaşanın
müəllifi, özü də bilmədən, o, özü olmuşdu; anasının meyitinin ümumxalq
tamaşasına çıxarılmasından tutmuş, Bendisyon Alvaradonun diri-diri çürüməsi
barədə yayaılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz
qırıqlarıyla doldurulub, oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?!.. – Yaxud,
anasının
ölüiündən sonra, yaratdığı möcüzələrindən xəbər tutanda, meyiti təntənəli
izdihamın müşayiəti ilə ölkənin, dindən-imandan uzaq, ucqar yerlərinə
göndərilməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün ki, anasına, bütün bu
uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu müqəddəslik ona,
99
əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları rənglədiyi
illərinin, o fani günlərinin əvəzinə verilib. – «Mənim ağlıma belə gəlməzdi ki,
həmin bu matəm izdihamından, camaatı aldatmaq üçün istifadə edəcəklər!» Sən
demə, elə birinci gündən izdihamı yalan müşayiət edirmiş… - hər şey ondan
başladı ki, suçiçəyi çıxaranların yaraları camaatın gözü qarşısında,
birdən-birə
yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun hesabına; sonra iki yüz pesoya
bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-cındır içində
izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin, dövlət
dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o,
camaatın gözü qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi ikibaşlı uşaq
doğsun.
Bir nəfər belə olsun, pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki,
bütün bunların, mərhumənin oğluna yaltaqlıqdan savayı ayrı bir şey olmadığını
Demetrio Aldous, hələ istintaqın əvvəlində yəqin etmişdi. – «Xeyr, əla həzrətləri,
bütün bunlar, sizin əyanlarınızın murdar fırıldaqlarıdı!» Bu,
onun hakimiyyəti
dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız, ən gözəçarpan fırıldaq idi. -
«Çünki, bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər yığanlar, sizin rejimin
ən sədaqətli ardıcılları idi, əla həzrətləri!» - «Aha!» - «İzdihamı aparanlar da onlar
idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata, müqəddəs
təbərrik kimi satanlar da onlar idi…» «Aha!» - «Ananızın üzü təsvir olunmuş
ikonaların, profili həkk olunan medalların istehsalını da onlar açmışdı» - «Aha!» -
«Onun saçlarını satıb dövlətlənənlər də onlar idi…» - «Aha!» - «…tabutunun
suyunu satanlar da…» - «Aha!» - «Kələ-kötür rənglərlə məhrumənin bədəninin
yeri həkk edilən döşəkağıları satanlar da… - bu döşəkağıları bir əldən, yüz-yüz
hindu bazarlarında altdan satırdılar…» - «Aha!» - «Tabut, kilsənin baş nefesində
qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz adam axını dəhşətli
surətdə aldadılmışdı; mərhumənin cəsədi ona görə dəyişilməz qalmamışdı ki, bu
bədən,
camaata izah olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun
şəninə, meyitin dərisi mum və kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu cəsəd
sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan müqəvvaları kimi, adi qaydada, içinə
saman təpilmiş müqəvva idi…» - «Aha!» - o dedi və tezliklə bütün bu deyilənləri
öz gözüylə görmək imkanı qazındı: «Mən, şüşə sərdabənin qapağını açanda, qara
matəm lentləri mənim nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal
güllərindən çələngi çıxaranda isə gördüm ki, at tükü kimi möhkəm saçların, demək
olar, hamısı, təbərrük kimi satılması üçün kökündən qoparılıb və onda mən, səni
qucağıma götürdüm, ana; sənin qurumuş sümüklərini fatanın cırıq-sökük tikələri
ilə birgə götürdüm; sən günün altında qurudulmuş balqabaq
kimi yüpyüngül idin;
səndən, qədim sandıq dibinin iyi gəlirdi; mən, sənin içində nəyinsə qızdırmalı
titrəməylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu, sənin ruhunun
pıçıltılarıdı, lakin bu, öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya
səni içindən yonan güvə idi; odu ki, mən səni uzun müddət qucağımdan yerə
qoymadım, çünki sən elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə
sökülürdün; axı, sənin bütün içalatın ovulub çıxarılmışdı; daha, əli sinəsinin üstə
yatan xöşbəxt ananın bədənindən əlamət qalmamışdı; bədənindən qalan kövrək toz
dumanı əllərimin içindəcə, sümüklərin, arada bir fosforlu qığılcımları ata-ata külə
100