Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə101/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

 
270
Sibilla haqqında xatirələr həmişə Haake onu gətirtdiyi anda kəsilərdi. Üzündə 
gördüyü vahimədən, dəhşətli qorxudan o yana gedə bilmirdi. Qalanları bunun 
yanında itib-batırdı. Bir də onun özünü asması xəbəri yadında idi. İnanmamışdı. 
Halbuki elə şey ola bilərdi. Ancaq ondan qabaq nələr olduğunu kim bilirdi? Sibilla 
haqqında düşünəndə beyni qıc olurdu, əlləri əllikdən çıxıb pəncəyə dönürdü, nəsə 
sinəsini deşirdi və uzun müddət qan rəngli ümidsiz intiqam dumanında 
çabalayırdı... 
İndi xatırlayanda isə o qıcolma da, sinəsini deşən şey də, duman da birdən-birə 
qeybə çəkildi. Nəsə əriyib yox oldu, hansı maneəsə dəf edildi və o dəhşətli anları 
yaşamış donuq surət yavaş-yavaş canlandı, əriyə-əriyə ötən illərin buzundan 
ayrılmağa başladı. Əyilmiş ağzı düzəldi, gözlərindəki donuqluq əridi, əhəng kimi 
ağarmış sifətinə qan gəldi. İndi həmin surət əbədi qorxu mücəssəməsi deyil, yaxşı 
tanıdığı, iki il bir yerdə yaşadığı, zərif döşlərini həmişə sinəsində hiss etdiyi, 
ömrünün iki ilindən ilıq iyun gecəsi kimi keçib gedən Sibilla idi. 
Gündüzlər, gecələr bir-bir baş qaldırdı. Sanki, lap uzaqlarda, üfüqdən də o tərəfdə 
tənha bir məşəl alovlandı. Keçmişin bərk-bərk bağlanıb qanla möhürlənmiş qapısı 
qəfildən, öz-özünə, səssiz-səmirsiz açıldı və Ravik onun arxasında gestaponun 
zirzəmisi əvəzinə, güllü-çiçəkli bir bağ gördü... 
Bir saatdan artıq idi ki, yol gedirdi. Ancaq üzü Parisə tərəf deyildi. Sən-jermendən 
bir az o yanda Senanın körpüsünü keçərkən dayandı, Haakenin açarını da, 
tapançasını da suya tulladı. Sonra maşının üstündəki çadırı geri yağıb, yoluna 
davam etdi. 
Bütün Fransada onun üzünə günəş açılmışdı. Arxada qalan gecəni, demək olar ki
unutmuşdu. Elə bil, həmin gecə on il, yüz il bundan qabaq olmuşdu. Bir neçə saat 
bundan əvvəl baş verən hadisələr dumana bürünmüşdü. İllərin yaddaş quyusunda 
batanlar isə müəmmalı-müəmmalı baş qaldırır, yavaş-yavaş üzə çıxırdılar. İndi 
onların arasında heç bir uçurum yox idi... 
Ona nə olduğunu özü də anlamırdı. Elə bilmişdi ki, özündə nəsə bir boşluq, 
yorğunluq, biganəlik hiss edəcək, həyəcanlı olacaq. Gözləyirdi ki, özü özündən 
iyrənəcək, ürəyində özünə bəraət qazandırmağa çalışacaq, araq içib keflənmək, hər 
şeyi unutmaq istəyəcək. Ancaq bircə bunu gözləmirdi. Gözləmirdi ki, belə 
yüngülləşəcək, azad nəfəs alacaq, sanki, keçmişin ağır dağı çiyinlərindən 
götürüləcək. Ətrafına baxdı, gözləri önündə əlvan bir mənzərə çanlandı: yolların 
üstündə vüqarla dayanmış qovaqların başında, sanki, yaşıl məşəllər yandırılmışdı. 
Laləyə, peyğəmbər çiçəyinə bələnmiş çöllərin sonu görünmürdü. Balaca kəndlərin 
çörəkxanalarından isti çörək ətri gəlirdi. Uşaqlar məktəbdə skripkanın müşayiətilə 
mahnı oxuyurdular... 
Bayaq buradan keçəndə nə haqda düşünmüşdü? Bir neçə saat bundan qabaq 
keçmişdi, ancaq, deyərdin, çoxdan, lap çoxdan keçib. Bayaqkı şüşə divar, bayaqkı 
yalqızlıq hara getdi? Duman günəş işığında əriyən kimi, əriyib yox oldu. Yenə 
evlərin qabağındakı pilləkənlərdə oynayan uşaqları gördü. Gördü ki, itlər, pişiklər 
həyətdə uzanıb özlərini günə verir. Gördü ki, külək rəngarəng paltarları yenə 
yellədir, atlar çəmənlikdə dördnala çapır və bayaqkı qadın da əlində sancaq 
çəmənlikdəki zivəyə çoxlu köynək sərir. İndi bunları görür və hiss edirdi ki, onun 
da bu həyatda payı var və həmin pay heç vaxt belə çox olmayıb. Elə bil, daxilində 


 
271
nəsə əriməyə başladı, suya dönüb çölə süzüldü, yanıb gülə dönmüş torpaq cana 
gəldi, göyərdi və çoxdan itirdiyi bir şey təzədən yerinə qayıtdı, haçansa pozulmuş 
tarazlıq yavaş-yavaş düzəlməyə başladı. 
Sükanın arxasında sakitcə oturmuşdu və qımıldanmırdı. Qorxurdu ki, tərpənsə bu 
şirin duyğular hürkər. Onlar da getdikcə çoxalır, nur kimi üstünə çilənirdi. O isə 
sakitcə oturmuşdu, hələ tamam inanmırdı, ancaq buna baxmayaraq, onları hiss edir 
və bilirdi ki, hamısı həqiqətdir. Gözləyirdi ki, Haakenin kölgəsi yanında oturub 
gözlərini ondan çəkməyəcək. Lakin indi öz həyatı qayıdıb, onunla yanaşı 
oturmuşdu və üzünə baxırdı. 
Neçə illərdən bəri səssiz-səmirsiz üzünə baxa-baxa nəsə tələb eləyən, onu ittiham 
edən bir cüt az qala hədəqəsindən çıxan göz o dəqiqə yumuldu, iztirabla dolu 
dodaqlar qapandı, dəhşətlə irəli uzanmış qollar yana düşdü. Haakenin ölümü 
Sibillanın üzündəki ölüm ifadəsini yuyub apardı, onun surəti bircə anlığa təzədən 
canlandı və sonra yenə yavaş-yavaş görünməz oldu. Sibilla axır ki, sakitləşdi, 
biryolluq çəkilib getdi ki, heç vaxt geri dönməsin. Qovaqlar, cökələr onu oxşaya-
oxşaya öz yarpaqları arasında dəfn elədi... İndi hər yanda yay idi, arılar vızıldaşırdı 
və Raviki də şirin bir yorğunluq bürüyürdü, elə bil, neçə gecə idi ki yatmırdı, indi 
dərin bir yuxuya gedəcək, ya da ömrü boyu yata bilməyəcəkdi... 
Maşını Ponsel küçəsində qoydu. Yalnız motoru söndürüb düşən anda hiss elədi ki, 
yaman yorulub. Bu, uzun yolun yorğunluğu deyil, dəhşətli, çılğın bir yuxu həsrəti 
idi. «İnternasional»a tərəf addımladı. Güclə yeriyirdi, günəş, elə bil, ağır yükə 
dönüb boynundan asılmışdı. Birdən yadına düşdü ki, «Prins de Qall»dakı otağını 
təhvil verməlidir. Tamam unutmuşdu. Ancaq elə yorulmuşdu ki, az qaldı bunu da 
sonraya saxlasın. Özünü məcbur eləyib, taksi tutdu, ora sürdürdü. Pulunu verib 
qurtarandan sonra yadına düşdü ki, çamadanı da gətirtmək lazımdır. Sərin zalda 
oturub gözlədi. Sağ tərəfdəki barda bir neçə adam «Martini» içirdi. Xidmətçi 
çamadan gətirəndə, demək olar ki, onu yuxu tutmuşdu. Ona çaypulu verib, taksi 
saxlatdı: 
– Cənub vağzalına!–Bunu elə ucadan dedi ki, qapıçı da, çamadanı gətirən xidmətçi 
də eşitdilər. 
Beti küçəsinin tininə çatanda taksini əylətdi. 
– Bir saat səhv eləmişəm,–dedi,–çox tez gedirəm. Meyxananın yanında saxlayın. 
Pulunu verib çamadanı götürdü, meyxanaya girdi, taksi gözdən itincə gözlədi. 
Sonra çıxıb başqasını tutdu, «İnternasional»a sürdürdü. 
Aşağıda mürgü döyən oğlandan başqa heç kəs yox idi. Saat on ikini vururdu. 
Sahibə indi nahara getmiş olardı. Ravik, əlində çamadan, öz otağına çıxdı. 
Soyunub şırnağın altına girdi, uzun-uzadı, təmiz-təmiz yuyundu. Sonra spirtlə 
bədənini ovuşdurdu, bir az da gümrahlaşdı. Çamadanı açıb, içindəkiləri çıxardı. 
Təmiz alt paltarı götürdü, ayrı pencək geyib, Morozovun yanına düşdü. 
– Elə durub sənin yanına getməyə hazırlaşırdım!–Morozov dilləndi.–Bu gün 
boşam, ikimiz də «Prins de Qall»...– susaraq, diqqətlə Ravikin üzünə baxdı. 
– Daha lazım deyil, Boris. 
Morozov hələ də onun üzünə baxırdı. 
– Qurtardı... Bu gün səhər... Heç nə soruşma. Yatmaq istəyirəm. 
– Daha heç nə lazım deyil? 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə