138
– İyirmi doqquzda başqa aləm idi...
– Elədir...
Ravik bilmədi,
doğrudan da, 1929-cu ildə Kannda olub, ya xidmətçi çənə yoldaşı
axtarır. Baxmamış bildi ki, dörd çıxdı, diqqətini cəmləməyə çalışdı. Ancaq cibinə
azacıq pul qoyub Antibdə bir-iki gün də artıq qalmağın xatirinə qumar oynamaq
ona mənasız göründü. Nəyə lazım idi? Buralarda nə işi vardı? Lənətə gəlsin, zəiflik
eləmişdi, vəssalam! Bu zəiflik yavaş-yavaş,
səssiz-səmirsiz, için-için onu yemişdi,
xəbər tutanda görmüşdü ki, iş işdən keçib. Morozov düz deyirmiş, qadından canını
qurtarmaq istəyirsənsə, ona iki-üç günlüyəcə görmədiyi bir həyat bəxş elə. Həmin
həyatı yenə istəyəcək, görəndə ki, səndən bir şey çıxmır, gedib başqasını tapacaq.
Eləsini ki, bu cür həyatı ona həmişəlik bəxş eləyə bilsin. «Deyəcəyəm ki, daha
bəsdir! – Ravik ürəyindən keçirdi. – Nə qədər ki gec deyil,
Parisə çatan kimi
ayrılacağam...»
İstədi gedib başqa stolda oynasın. Ancaq gördü ki, həvəsi yoxdur. Hər şeyi bu
qədər xırdalamaq lazım deyil. Yan-yörəsinə boylandı. Joan görünmürdü. Bara
gedib bir qədəh konyak içdi. Sonra dayanacağa getdi, maşını götürüb, bir az
gəzmək istədi. Yenicə motoru işə salmışdı ki, Joan qaça-qaça gəldi. Tez maşından
düşdü.
– Evə mənsiz gedirdin? – Joan soruşdu.
– İstədim bir saat fırlanıb qayıdam.
–Yalan deyirsən! Qayıtmaq istəmirdin! İstəyirdin, məni o səfehlərin yanında qoyub
gedəsən...
– Joan, indicə deyəcəksən ki, səni o səfehlərin yanına da mən göndərmişdim.
– Sən eləmədin? Acıqla getdim. Niyə mən qayıdanda mehmanxanada yox idin?
– Axı sən o səfehlərlə yeməyə getmişdin...
Joan bir anlığa tutuldu, sonra:
– Ona görə getdim ki,
yox idin, – dedi. – Qayıdanda sən yox idin...
– Yaxşı, Joan, daha bu haqda danışmayaq. Gəzmək xoşuna gəldi?
– Yox!
Sakit gecənin mavi qaranlığında dayanmış Joan həyəcanlı idi, tövşüyürdü. Ay, elə
bil, onun saçlarına qonmuşdu. Sifəti avazımış, qırmızı boyanmış dodaqları qara
rəngə çalırdı. 1939-cu ilin fevral ayı idi və Parisə qayıdan kimi o çəkişmələr, o
təhqirlər, o yalanlar yavaş-yavaş, gizli-gizli öz işini görməyə başlayacaqdı. Bütün
bunlar başlamamış, Ravik ondan ayrılmaq istəyirdi. Ancaq hələlik burada idilər və
getməyə lap az qalmışdı...
– Hara gedirsən? – Joan soruşdu.
– Heç yerə... Elə-belə fırlanmaq istəyirdim...
– Mən də gedirəm.
– Bəs sənin o səfehlərin nə düşünər?
– Heç nə. Onlarla xudahafizləşdim, dedim ki, sən gözləyirsən.
– Pis deyil... Sən ağıllı uşaqsan... Qoy onda maşının örtüyünü çəkim, sonra otur.
– Lazım deyil, əynimdə isti palto var. Yavaş-yavaş sürərsən. Heç bir kafenin
yanında dayanmarıq. İçəri adamla dolu olur. Hamısının da istəyi xoşbəxt olmaqdır,
ancaq heç biri bunu büruzə vermək istəmir.
139
Ravikin yanında oturub, onu öpdü.
– Riveraya
birinci dəfədir gəlirəm, Ravik. Qınama məni! Birinci dəfədir ki, sözün
əsl mənasında, səninlə bir yerdəyəm, daha gecələr üşümürəm... Xoşbəxtəm...
Ravik maşını gur yerdən çıxardı, «Karlton» mehmanxanasının yanından geçib,
jüan-Le-Pen tərəfə üz qoydu.
– Birinci dəfədir...– Joan təkrar elədi. – Birinci dəfədir, Ravik! Hamısını başa
düşürəm... Deyəcəksən ki, bunun məsələyə nə dəxli?!–Ravikə sığınıb, başını onun
çiyninə söykədi. – Bu günü unut getsin, Ravik! Hamısını unut! Bilirsən nə yaxşı
maşın sürürsən? İndicə lap səkdirirdin! O səfehlər də belə deyirlər. Dünən necə
sürdüyünü görüblər... Səninlə adamı vahimə basır... Sənin keçmişin yoxdur... heç
bilinmir... O səfehlərin bioqrafiyasını səninkindən yüz dəfə yaxşı bilirəm. Görəsən,
buralarda kalvados olur? Bu qədər həyəcandan
sonra ürəyim gecə kalvados
istəyəcək. Səninlə ömür sürmək nə çətin imiş!
Maşın alçaqdan uçan quş kimi küçələrdə süzürdü.
– Bərk sürürəm?
–Yox, bir az da bərk sür. Qoy külək məni yarpaq kimi yelləndirsin! Gecənin
uğultusuna bax! Məhəbbət məni xəlbirə döndərib, baxsam, özüm öz daxilimi
görərəm! Səni o qədər sevirəm ki, ürəyim yerindən oynayır, gah da dağa dönür...
Torpaq, çəmənlik həsrətindədir... Gah sərilmək, gah da uçmaq istəyir! Lap ağlını
itirib, nə istədiyini özü də bilmir! İndi də maşın sürməyinə vurulub! Gəl bir də
Parisə dönməyək! Bir zərgər dükanı,
ya da bank yaraq, bu maşını da oğurlayaq,
baş götürüb qaçaq...
Ravik maşını balaca bir barın qabağında saxladı. Motorun uğultusu kəsildi. Lap
uzaqlarda dəniz aram-aram, dərindən nəfəs alırdı...
Ravik:
– Gəl, – dedi, – burada kalvados olur. Bu gün nə qədər içmisən?
– Ço...o...x! Özü də sənin acığına! O səfehlərin çərənləməsinə dözə bilmirdim.
– Bəs onda niyə qayıdıb yanıma gəlmədin?
– Qayıtmadım?!
– Hə, elə bildin, çıxıb gedirəm, ona görə qayıtdın. Bir şey yemisən?
– Lap az... Acmışam. Sən uddun?
– Hə.
– Onda gəl bahalı restorana gedək, gürü yeyək, şampan içək, ata-analarımız
müharibələrdən qabaq necə qayğısız, sentimental, qorxusuz-ürküsüz, zövqsüz-
filansız oturublarsa, eləcə də oturaq! Gözüyaşlı oleandr kolları...
Bir yanda skripka,
bir yanda dəniz... Bir yanda da ay... məhəbbət... Az qalır, inanam ki, nə vaxtsa
bizim də ev-eşiyimiz, uşağımız, bağımız, sənin isə pasportun, gələcəyin olacaq.
Mən də şöhrətimi sənə qurban verəcəyəm, lap qocalanda da bir-birimizi belə
sevəcək, qısqanacağıq, sənin gözlərində həmişə gözəl qalacağam,
bir gecə evə
gəlməyəndə gözümə yuxu getməyəcək!
Ravik gördü ki, onun yanaqlarından göz yaşı sel kimi axır. Joan birdən gülümsədi:
– Bunların hamısı, əzizim, zövqsüzlüyün nişanəsidir.
– Getdik! «Şato Madrid» restoranına gedirik. Dağların qoynundadır... Rus
qaraçıları da var... Orada nə istəsən taparsan!