280
–Həyatla ayaqlaşır, – Ravik laqeydliklə dilləndi.– Çoxumuz eləyik.
Nəfəsi tutula-
tutula onun arxasınca qaçırıq ki, əldən çıxmasın.
– Bunu başqa cür də demək olar.
– Olar, ancaq mənası dəyişməyəcək. Nigarançılıqdır, qoca! Son iyirmi beş ilin
dəbdə olan xəstəliyidir. Daha heç kəs həyatının qalan hissəsini sakitcə başa vurub
qocalacağına inanmır. Hamı yanğın qoxusunu duyur, həyatdan nəsə qoparmağa
çalışır. Təkcə səndən başqa... Sənə adi sevinclər də bəs eləyir.
Morozov dinmədi.
– Ancaq şlyapadan başı çıxmır,– deyə Ravik sözünə davam etdi.–Başına qoyduğu
şlyapaya bax! Ümumiyyətlə, zövqü pisdir. Onun gücü də elə bundadır. Çox
mədəni olmaq adamı zəiflədir. Ancaq axır nəticədə hamı adi, çılpaq həyat
həqiqətlərinə gəlib çıxır. Sən özün buna ən yaxşı misalsan.
Morozov irişdi:
– Mənim miskin səadətimdə işin olmasın, ey xəyalı həmişə göylərdə süzən insan!
Zövqü adi olan adamın
çox şey xoşuna gəlir, heç vaxt əli boşda qalmır. Altmış
yaşında məhəbbət dalınca qaçan axmaqdır, qarşısındakıların manşır kartla
oynadığını bilə-bilə onları udmaq xəyalına düşür. Yaxşı fahişəxanada adamın ürəyi
dinclik tapır. Mən getdiyim yerdə on altı cavan qız var. Azacıq pulla paşalıq
eləyirəm. Mənim orada gördüyüm nəvazişi bəzi məhəbbət qulları ömrü boyu
görmür. Yenə deyirəm, məhəbbət qulları!
– Başa düşdüm, Boris.
– Yaxşı, onda gəl bu sərin, yüngül «Puyi» şərabını axıracan içək, Parisin hələ
zəhərlənməmiş havasından doyunca udaq!
– Mən razı! Sən şabalıd ağaclarının bu il ikinci dəfə çiçək açdığını hiss elədin?
Morozov başını tərpətdi, qırmızı rəngə çalan nəhəng Mars planetinin işıq saçdığı
səmanı göstərdi:
– Hiss elədim! Deyirlər, Mars da çoxdan bəri yerə belə yaxınlaşxmayıb.– O
güldü.–Bir azdan qəzetlərdə oxuyarıq ki, haradasa yenicə doğulmuş uşağın
üzündəki xal qılınca oxşayır. Ya da haradasa yağış əvəzinə, qan yağıb!
Bu qəribə
əlamətləri tamamlamaq üçün təkcə orta əsrlərin müəmmalı quyruqlu ulduzu
çatmır.
– O quyruqlu ulduz da gəlib!–Ravik redaksiyanın binası üstündə hərəkət edən
reklam–yazını göstərdi. Hərflər, sanki, bir-birini təqib edirdi. Ora xeyli adam
yığışmışdı və başlarını geri əyərək, dinmədən onlara tamaşa edirdilər...
Raviklə Morozov burada xeyli oturdular. Bir qarmonçalan səkidə dayanıb
«Göyərçinim mənim» mahnısını çalırdı. Sonra xalça alverçiləri gəldi, hərəsi birini
çiyininə almışdı. Bir oğlan da stolların arası ilə gəzə-gəzə püstə satırdı.
Qəzetsatanlar gələnə kimi hər şey əvvəlki qayda ilə yerində idi. Ancaq onlar
görünər-görünməz təzə xəbərləri əllərindən qapdılar və bir neçə saniyənin içində
hərə bir qəzet açdı. Elə bil, artırmaya bir dəstə iri, dümağ, qansız güvə dolmuşdu
və qanadlarını asta-asta tərpədərək, acgözlüklə öz qurbanlarını didişdirirdi...
–
Joan gedir, –Morozov dilləndi.
– Hanı?
– O tərəfə bax...
281
Joan küçəni keçib, «Yelisey çölləri»ndəki üstüaçıq maşına tərəf gedirdi. Raviki
görmədi. Yanındakı kişi maşının o biri tərəfinə keçib, sükanın arxasında oturdu.
Şlyapa qoymamışdı və çox cavan görünürdü. Ustalıqla maşını o birilərin arasından
çıxardı. «Deloe» idi...
– Gözəl maşındır...– Ravik sükutu pozdu.
– Təkərləri gözəldir!–deyə Morozov fısqırdı.–Polad qətiyyətli, əyilməz Ravikə
bax! – Sonra da təəssüf hissi ilə əlavə elədi.–Vətənindən didərgin düşüb, gəlib
mərkəzi avropalı olub. Gözəl maşına bax!
Murdar bir əclaf desəydin, yenə bir az
başa düşərdim.
Ravik gülümsədi:
– Bu, nəyisə dəyişir? Əclaf, ya müqəddəs, nə fərqi, hər şey ona münasibətdən
asılıdır. Ömrü boyu sakit bir fahişəxana axtaran on altı qızın paşası belə şeyi başa
düşməz! Məhəbbət gəlir güdən tacir deyil. Xəyal aləminə öz pərdəsini asmaq üçün
iki-üç mismar bəs eləyər. İstəyir qızıldan olsun, istəyir qurğuşundan,
ya da lap
paslanmış olsun, ona fərq eləmir. Harada kefi gəlir, orada da adamı yaxalayır.
İstəyir, qaratikan kolu olsun, istəyir, qızılgül, fərqi yoxdur, sədəf kimi parıldayan
ay işığına bürünəndə «Min bir geçə» nağılına dönür.
Morozov şərabdan bir qurtum aldı.
– Sən yaman çox danışırsan,–dedi,–heç biri də düz deyil.
– Özüm bilirəm. Ancaq qatı qaranlıqda adicə bir mayak da gur işıqdır, Boris.
Etual meydanından gümüşü rəngə bələnmiş bir sərinlik gəldi. Ravik içində şərab
olan köbəli qədəhi ovcuna aldı. Əlinə sərinlik yayıldı. Ürəyi də belə soyuq idi. Bu
soyuqluq gecənin nəfəsi ilə gəlirdi və özü ilə bərabər Ravikin taleyinə sonsuz bir
biganəlik də gətirirdi. Həm taleyinə, həm də gələcəyinə...
Haçansa bir dəfə də belə
olmamışdımı? Hə, yadına düşdü, Antibdə... Joanın onu atıb gedəcəyini biləndə...
Bu, sonradan etinasızlığa çevrilən biganəlik idi. Heç yana getməməyi qərara alanda
da belə soyuqqanlı oldu. Daha heç yerə gedən deyil! Bu da həmin işin davamıdır.
İntiqamın da, məhəbbətin də dadını gördü. Bəsi idi! Bunlar hər şey olmasa da, hər
halda, çox şey idi! Kişiyə bundan artıq nə lazımdır?! Əslində, heç birinə ümid
eləmirdi. Haakeni öldürdü və Parisdən qaçmadı! Heç qaçmayacaq da! Bu da həmin
işin davamıdır! Bir yandan dolan bir yandan boşalmalıdır... Yox, məyusluq deyildi
bu! Sadəcə olaraq, adam qəti
qərara gələn kimi sakitləşir, fərqi yoxdur, qoy bu
qərar heç bir məntiqə sığmasın! Çox yıxılıb-durandan sonra ayağı yer tutmuşdu,
nəsə gəlib yerinə düşmüşdü. İndi bir az ara vermək, özünü toplayıb diqqətlə ətrafa
baxmaq lazımdır. Bu, çox müəmmalı bir inam idi, sanki,
yaranan fasilədən istifadə
edərək, nəyəsə hazırlaşırdı. Artıq hər şey mənasını itirmişdi. Axar sular dayanıb
göl olub, gecənin qoynunda uyuyur. Bu gölün hara axıb töküləcəyini açılan səhər
göstərəcək...
– Mən gedim,–deyə Morozov saata baxdı.
– Oldu, Boris. Mən bir az da oturacağam.
– Axırı çatmış bir dünyanın son gecələrindən nəsə qoparmaq istəyirsən, hə?
– Düz tapdın! Bunların heç biri qayıdan deyil...
– Qayıtsa yaxşıdır?
– Yox! Heç biz də qayıdan deyilik! Keçən gün keçib getdi, onu gözyaşı ilə,
yalvarmaqla qaytarmaq olmaz!