380
Şəkil 23.4. Meşənin yerində yaranan subalp çəmənliyində torpağın suhopdurma qabiliyyəti
1 – cığırların arasında; 2 – cığırlarda
Yüksək dağlıq, o cümlədən subalp meşələri eroziyanın və dağıdıcı sellərin zəifləməsində mühüm rol
oynayır. Təəssüf ki, apardığımız tədqiqatlar nəticəsində aydın olmuşdur ki, respublikamızın bütün dağlarında
təbii (iqlim) sərhədində (2400-2500 m) meşələrə təsadüf etmək çox çətindir. Meşənin müasir (antropogen)
yuxarı sərhədi orta hesabla dəniz səviyyəsindən1600-1900 (2000 m) yüksəklikdən keçir, bəzən isə bu sərhəd
təsərrüfat üçün daha əlverişli olan az meyilli yamaclarda 1300-1400 m-ə endirilmişdir.
Tədqiqatlar göstərir ki, şimal və yamacların az meyilli bütün cəhətlərində meşə örtüyü yox edildikdə onu
müəyyən müddətdən sonra subalp çəmənləri əvəz etməyə başlayır. Yamacın cənub baxarlarının dik
yamaclarında isə meşənin məhv edilməsi arzu olunmaz təhlükəli nəticələrə gətirib çıxarır. Belə ki, öz
mühafizəçisindən məhrum qalmış yamaclarda elə bil ki, dərhal müvazinət kəskin pozulur. Uzun illərin yaratdığı
münbit torpaq qatı dağlıq şəraitinə məxsus olan güclü leysan yağışların təsirinə davam gətirə bilməyərək dağılır,
sular onu çaylara, dərələrə axıdaraq sel mənbəyinə çevirir.
Təcrübələr göstərir ki, meşənin yerində yaranmış subalp çəmənləri meşənin rolunu özü kimi oynaya bilmir.
Meşənin geri çəkilməsi və onun yerində çəmən bitkiləri və kolluqların yaranması torpağın strukturunu və
susızdırma qabiliyyətini pisləşdirir. Təcrübələr göstərir ki, çəmən bitkisinin torpaqoruyucu rolu meşədən
dəfələrlə geri qalır. Belə ki, çəmənin suhopdurma qabiliyyəti seyrək meşəyə nisbətən 2-3 dəfə, normal meşəyə
nisbətən isə 8-10 dəfə aşağıdır. Torpağın susızdırma qabiliyyətinə mal-qara otarılması daha çox mənfi təsir
göstərir. Bu istiqamətdə apardığımız tədqiqat işləri göstərir ki, seyrək meşədə mal-qara cığırları arasında su,
torpağa 15-18 mm/dəq sürətlə hopduğu halda, mal-qara cığırlarında bu sürət 2,5-3,0 dəfə az olmuşdur
(şəkil 23.4). Buna görə də normadan dəfələrlə artıq mal-qara otarılan çəməndə leysan yağışları torpağa hopmağa
macal tapa bilmir və torpaq səthində güclü su axımı əmələ gətirir, bu da çim qatının dağılmasına, şırımların və
yarğanların əmələ gəlməsinə şərait yaradır. Elə bu səbəbdən də meşəsi az olan və meşənin yuxarı sərhədi daha
çox aşağı düşən Kürmük, Tala, Şin, Kiş, Dəmiraparan, Tikanlı, Vəndam və Girdiman çayları hövzələrində daha
dağıdıcı sellər müşahidə olunur. Sellərin güclənməsinə bu çayların yuxarı axarlarında yerləşən yay otlaqlarında
(subalp və alp çəmənlərində) mal-qara otarılması da böyük təsir göstərir.
Katex, Mazım və Balakən çayları hövzələrinin çox hissəsi dövlət qoruğunun sahəsində olduğundan meşələr
nisbətən yaxşı qorunduğu üçün eroziya prosesi zəif gedir, sel hadisələri az olur, bu çayların suyu çox vaxt duru
axır.
Əməkdar meşəçi, professor İ.S.Səfərovun məlumatına görə, respublikamızda sel təhlükəsi olan 34 çayın
hövzəsinin 30%-ə qədəri meşə ilə örtülüdür. Meşəlik dərəcəsinin dağ yamaclarında belə azlığı nəticəsində sel
hadisələri respublikamızda geniş yayılmışdır. Çünki dağ yamaclarını yalnız və yalnız meşələr dərinə işləyən
güclü kök sistemi və nəhəng yerüstü gövdələri ilə tutub saxlamağa, mühafizə etməyə qadirdir.
Akademik A.İ.Voyeykov (1963) meşə bitkisinin dağ yamaclarını bərkidici rolunu göstərərək qeyd edir ki,
meşələr Yerin relyefini yarandığı dövrdəki kimi saxlaya bilir. O, daha sonra yazır ki, meşə bitkisi elə dik
yamaclarda kök sala bilir ki, orada ot bitkisi başdan-başa örtük əmələ gətirə bilməz.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, dağ çayları hövzələrində eroziyaya və dağıdıcı sellərə
381
qarşı aktiv mübarizə metodlarına aid olan aşağıdakı tədbirlərin həyata keçirilməsi təbiəti mühafizə işinin ən
aktual və təxirəsalınmaz vəzifəsi hesab edilməlidir. Mövcud meşələrin mühafizəsini gücləndirmək, hər vasitə ilə
onların məhsuldarlığını və qoruyucu funksiyasını yüksəltmək, meşəsizləşdirilmiş yamaclarda (əsasən meşənin
yuxarı sərhədində) eroziyaya qarşı meşəliklər yetişdirmək, yay otlaqları kimi istifadə olunan yuxarı dağ qurşağı
meşələrində mal-qara otarılmasına yol verməyərək meşənin təbii sərhədinə qayıtmasına kömək göstərmək,
otarma normasına riayət etməklə müxtəlif eqrotexniki tədbirləri həyata keçirərək, subalp və alp çəmənlərinin
məhsuldarlığını artırmaq.
23.10. SÜRÜŞMƏLƏR
Ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin yamac boyu aşağıya sürüşərək yerini dəyişməsi
sürüşmə adlanır. Sürüşmələr abraziya, eroziya, aşınma,
suffoziya, seysmik hadisələr, həmçinin yerin geoloji,
geomorfoloji şəraitini nəzərə almadan insan tərəfindən təsərrüfat məqsədilə görülən işlərin təsiri nəticəsində
yaranır. Sürüşmə əsasən susaxlayan (gilli) və sulu (qumlu-çınqıllı və s.) süxur laylarının üst-üstə yerləşdiyi
yamaclarda baş verir. Süxur layları yatımının yamacın meyli istiqamətinə uyğun gəlməsi və ya onların həmin
istiqamətdə çatlarla kəsilməsi sürüşmənin inkişafına təsir göstərir.
Çox miqdar və leysan yağıntıları, daşqın və sel hadisələri də sürüşmənin yaranmasına və fəallaşmasına
səbəb olur.
Sürüşmələr əkin sahələrinə, sənaye müəssisələrinə, yaşayış məntəqələrinə, yollara, meşə sahələrinə və s.
böyük zərər yetirir, insan ölümünə də səbəb olur.
K.Y.Kondratyevin (1995) məlumatına əsasən 1981-1989-cu illər ərzində yüz fəlakətli sürüşmələrin yalnız
biri zamanı mindən artıq insan tələfatı olmuşdur (Ekvador, 1987). Bu dövr ərzində (1987-ci ildə) Neapolda daha
çox insan (35 min adam) sürüşmədən ziyan çəkmişdir. Sürüşmədən ən böyük maddi zərər İsveçrəyə (1988)
dəymişdir. 1989 və 1998-ci ilin qışı və yazında Çeçenistan və İnquşetiyada sürüşmələrin fəallaşması nəticəsində
27 minə qədər adam evsiz-eşiksiz qalmışdır.
2006-cı il fevral ayının 16-17-də Filippində torpaq sürüşməsi olub, iki kənd torpaq altında qalmış, 500-ə
qədər adam həlak olmuşdur.
Şəkil 23.5. Azərbaycan Respublikası ərazisinin sürüşmə dərəcəsinə görə rayonlaşdırılması xəritə-sxemi
(tərtib edən: B.Ə.Budaqov)
I. Fəal sürüşmə rayonları: 1) cənubi-şərqi Qafqazın orta dağlıq zonası, orta təbaşir və yura dövrünün
karbonatlı süxurları, seysmiklik – 8-9 bal, ortaillik atmosfer yağıntıları 600-900 mm; 2 – Böyük Qafqazın cənub