dəli kimi qışqırıb atını onların arxasınca çapdı. Bu vaxt Caydar köçəbədən
çıxdı.
– Dayan, – dedi, –ağlın olsun!
Elə bu andaca, at üstdə çapa-çapa
Tanabayın ağlına dəhşətli bir fikir gəldi: “Bəlkə arvad Gülsarıdan o
gecələrin hayıfını çıxır?..” Tanabay qamçını çəkib atın başını döndərdi,
köçəbənin qabağına gəldi və rəngi ağarmış, gözləri hədəqədən çıxmış bir halda
yəhərdən sıçrayıb arvadının üstünə yeridi:
– Sən o sözü niyə dedin? Niyə
dedin ki, atı ver?
Yenə öz təmkini ilə arvad, Tanabayın qəzəbini soyutdu:
– Toxta, – dedi, – əl-qolunu oynatma. Bir qulaq as, gör nə deyirəm. Məgər
Gülsarı sənin öz atındır? Nəyin var axı, sənin özünün? Nəyimiz var
kolxozundur. Bununla da yaşayırıq. At kolxozun, sədr kolxozun ağası; necə
buyurur
elə də olmalıdır. Qaldı ki, o biri məsələ, sən o barədə nahaq yerə
fikirləşirsən. İstəyirsən lap bu saat çıx get. O məndən yaxşıdır, cavandır
məndən,
gözəldir. Qəşəng arvaddır. Mən də kişisiz qala bilərdim, ancaq sən qayıdıb
gəldin. Neçə illər yolunu gözləmişəm. Eybi yoxdur, mən dözərəm. Ancaq
sənin üç uşağın var, onları neyləyək? Sonra sən onlara nə cavab verəcəksən?
Onlar nə deyəcək sənə? Mən onlara nə deyə biləcəyəm. Özün bil...
Tanabay
atlanıb getdi. Bütün günü ilxının yanında oldu, ancaq heç cür özünə gələ
bilmədi. İlxı Gülsarısız qaldı, yetim qaldı. Ürək də yetim qaldı. Gülsarı
özü ilə birgə Tanabayın ürəyini də apardı. O, hər şeyi apardı. Hər şey
dəyişdi. Sanki, günəş də o günəş deyildi, göy də başqalaşmışdı, Tanabayın özü
də başqa adam idi.
Tanabay şər qovuşanda ilxının yanından qayıtdı. Rəngi boğulmuş halda o
dinməz-söyləməz evə girdi. Qızlar yatırdılar. Ocaq yanırdı.
Arvadı onun əlinə su tökdü. Yemək gətirdi. Tanabay:
– İstəmirəm, – dedi. Sonra lap astadan əlavə elədi: – Dəmir-komuzu gətir,
“Dəvənin mahnısı”-nı
çal.
Caydar dəmir-komuzu gətirdi, dodağına yapışdırdı, onun nazik polad siminə
barmaq vurdu, simə nəfəs verdi, sonra havanı öz nəfəsinə çəkdi və
köçəri tayfaların qədim mahnısı polad simdən süzülüb axmağa başladı. Dəvənin
mahnısı. Balasını itirmiş dəvə. Ağ dəvə, ağca maya. Nə zamandır ki, o,
səhralar aləmini gəzir. Mələyir, nalə çəkir. Ağ dəvə balasını axtarır. Daha
sən gecənin zülmətində dalımca gəlməyəcəksən, balam mənim. Gündüzlər gün
düşəcək, sən o günü görməyəcəksən, balam mənim. Sən daha yarpaqları
üzməyəcəksən, qum üstə gəzməyəcəksən. Düzlərdən keçməyəcəksən, ağ südümü
içməyəcəksən, balam mənim. Haradasan? Dillənsənə! Əmcəyim dolub-daşır, ağ
südüm qıçlarımdan axıb gedir, hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz
qalıb, bəs hardasan? Hardasan, qara gözlü balam mənim, sən hardasan?..
Caydar dəmir-komuzu yaxşı çalırdı. Bir vaxt buna görə Tanabay onu sevmişdi,
onda Caydar totuq-motuq bir qız idi.
Tanabay başını aşağı salıb dinləyirdi, yenə hər şeyi o baxmadan görürdü.
Caydarın illər boyu soyuqda-istidə
işləməkdən kobudlaşmış əlləri. Onun ağ saçları və sifətindəki saysız-hesabsız
qırışlar: boynunda-boğazında, ağzının yanlarında, gözlərinin
dövrəsində... Bu qırışların arxasında Tanabay ötüb keçən gənclik çağlarını
görürdü, saçları çiyninə dağılmış al yanaqlı qızı xatırlayırdı, özünü
xatırlayırdı – cavan, lap cavan, hələ bığ yeri tərləməmiş... İlk görüş, ilk
tanışlıq, ilk yaxınlıq. Lakin Caydar ərinin varlığından xəbərsiz idi. Bu
saat o öz aləmində idi – fikir aləmində, musiqi aləmində və onun simasında
Tanabay öz aləm və sitəmlərinin tən yarısını görürdü. Bu dərdləri Caydar
həmişə özü ilə gəzdirmişdi.
...Ağ dəvə, ağca maya. Nə zamandır ki, o, səhralar aləmini gəzir. Mələyir,
nalə çəkir. Ağ dəvə balasını axtarır. Hardasan,
balam mənim, dillənsənə! Əmcəyim dolub daşır, ağ südüm qıçlarımdan axıb
gedir, hay versənə! Ağ südüm, qaymaq südüm sənsiz qalıb, bəs hardasan?
Hardasan, qara gözlü balam mənim, sən hardasan?
Qızlarsa qucaqlaşıb yatırdılar. Bayır səssiz, zülmət gecə, sonsuz çöllər.
Bu vaxt Gülsarı tövləni ayağa
qaldırmışdı, atları yatmağa qoymurdu. İlk dəfə idi ki, o, buraya düşmüşdü,
tövləyə – atlar həbsxanasına.
8
Səhərlərin birində öz yorğa atını ilxıda
görəndə Tanabayın sevinci yerə-göyə sığmadı. Gülsarı noxtasını qırıb
qaçmışdı, yəhəri belində idi.
– Gülsarı, salam, Gülsarı! – deyə-deyə Tanabay atın
yanına qaçdı. Gülsarıya yaxından baxdı – başqa yüyəndə, başqasının ağır
üzəngili nəhəng yəhəri altında. Hələ yəhərin üstündə yekə bir məxmər balış da
vardı, sanki, atın sahibi kişi deyildi, yoğun, əndazlı bir arvad idi.
– Tfu! – Tanabay hirsindən tüpürdü. İstədi ki, atı tutub saxlasın, bütün bu
zir-zibili onun üstündən kənara tullasın, ancaq Gülsarı qaçıb uzaqlaşdı. Bu
saat atın dayanası təhəri yox idi. O, madyanların dalınca düşmüşdü.
Gülsarı madyanlar üçün o qədər darıxmışdı ki, heç sahibinin də burada
olduğunu hiss eləmirdi.
Tanabaysa ürəkdən sevinirdi: “Əhsən! Əhsən! Deməli,
qaçmısan, noxtanı qırmısan. Gəz, dolan buralarda. Yaxşı-yaxşı kef elə.
Qorxma, mən heç kəsə deməyəcəyəm”.
Sonra Tanabay belə qərara gəldi ki, ilxını
qovub uzaqlaşdırsın. Gülsarını axtaranlar gəlib çıxanacan burada at rahat
gəzib dolansın.
Tanabay yəhərin üstündə dikəldi, qamçını yelləyib:
– Qayt-
Qayt-Qayt! – deyə qışqırdı. İlxını qovmağa başladı.
Ana atlar hərəkətə gəlib, qulanları arxasınca apardı, bala madyanlar nazla,
işvə ilə qabağa
cumdular. Külək əsdi, atların yalını yellədi. Gün altda yaşıl çöllər
gülümsədi. Gülsarı silkələndi, əda ilə addımladı. O özünü ilxıya vurub təzə
ayğırı yanladı, onu ilxıdan çıxartdı, özü isə atların qabağında lovğa-lovğa
gəzişərək fınxırdı, rəqs elədi, ilxının gah o yanına, gah bu yanına
keçdi. İlxının tanış qoxusu, madyan südünün ətri, bala atların iyi, əsən ot
qoxulu meh Gülsarının başını gicəllətdi. Üstündə əcaib balış olan o əcaib
yəhər, sanki, yerli-dibli yoxa çıxdı, ağır üzəngilər də yox oldu, Gülsarı
onların varlığını unutdu. Dünən rayonda atbağlanan yerdə cilovu gəmirə-
gəmirə dayanmağı yaddan çıxdı, oradakı maşınların qorxunc səsi yaddan çıxdı.
Rayondakı gölməçə, o gölməçənin qırağındakı iyli qəlyanaltı, Gülsarının
oradan yoldaşları ilə birgə iylənə-iylənə çıxan yeni sahibi, yəhərə oturandan
sonra onun gəyirməyi, fısıldamağı – bütün bunlar sanki heç vaxt
olmamışdı. Sanki, o iylənən adamlar atları o palçıq yolda qovmamışdılar.
Sanki, dünən həmin yolda var gücü ilə çapan, üstündə öz yeni sahibini motal
kimi yırğalayan Gülsarı olmamışdı. O, hər şeyi unutmuşdu – əvvəlki qaçışını
da, sonrakı döyülməyini də.
İlxının tanış qoxusu, madyan südünün ətri,
bala atların iyi, əsən ot qoxulu meh Gülsarının başını gicəllətmişdi... O
qaçırdı, oynaya-oynaya qaçırdı, heç ağlına da gətirmirdi ki, haradasa
dalınca çapanlar vardır.
Sonra Tanabay ilxını əvvəlki yerə gətirdi. Elə bu vaxt kənddən gələn iki
nəfər atlı özünü yetirdi. Onlar Gülsarını
apardılar.
Ancaq çox keçməmiş Gülsarı ilxının arasında təzədən peyda oldu. Bu dəfə o,
yüyənsiz qaçmışdı, belində yəhər də yox idi. Nə yollasa yüyəni
başından çıxarmışdı, tövlədən gecə ikən qaçıb gəlmişdi. Əvvəlcə Tanabayı
gülmək tutdu, sonra ciddiləşdi və nəsə fikirləşib ipi atın boynuna keçirtdi.
Dostları ilə paylaş: |