Gürcüstanda da Qazaxıstanda
olduğu kimi, özəlləşdirmə həddindən artıq mürəkkəb sosial-iqtisadi
və siyasi-ictimai şəraitdə başlamışdır. İqtisadiyyatın geniş miqyaslı iqtisadi, siyasi, sosial, hüquqi
və psixoloji dəyişikliklərinə hazır olmaması, bazar sisteminə keçidin başlanğıc dövründə yeni
mülkiyyət formalarının tətbiqi və idarəedilməsini xeyli çətinləşdirmişdir.
Gürcüstanda özəlləşdirmə siyasətinin hüquqi və normativ bazasının yaradılmasına 1991-ci ildən
başlanmasına baxmayaraq, praktiki proseslər 1993-cü ildə start götürmüşdür. Lakin yuxırıda qeyd
olunan səbəblər ucbatından onun gedişində,
həm kiçik, həm də kütləvi özəlləşdirmə mərhələsində
lənglik müşahidə olunmuşdur.
Sonradan onun həyata keçirilmə metodları və üsullarına diqqətin artırılması ilə yanaşı
prosesin
hüquqi və normativ bazasının təkmilləşdirilməsində Dünya Bankı və Avropa Şurasının təkliflərinin
nəzərə alınması ciddi rol oynamış və bütün bunların nəticəsində özəlləşdirmənin tempində irəliləyiş
müşahidə olunmuşdur. Özəlləşdirmənin ilkin mərhələsində yeganə olaraq tətbiq olunan bir üsula
- hərraclarda satış üsuluna, yenilərinin, o cümlədən ixtisaslaşdırılmış pul və çek hərraclarının,
"sıfır" hərraclarının, sonuncu mərhələdə isə kommersiya müsabiqələrinin əlavə olunması prosesin
gedişində keyfiyyət dəyişikliklərini şərtləndirmişdir.
Özəlləşdirmənin ilkin mərhələsində ənənəvi olaraq kiçik müəssisələrin dövlətsizləşdirilməsi prosesi
həyata keçirilmiş və milli iqtisadiyyatın sahələri üzrə aşağıdakı nəticələr əldə olunmuşdur.
Özəlləşdirilən bütün kiçik müəssisələrin 36,6 faizi ticarətin, 9,8 faizi çörək və çörək məmulatları
istehsalının, 43,5 faizi xidmət sahələrinin, 4,3 faizi səhiyyənin, 4,4 faizi sosial sferanın, 2,2 faizi
tikintinin, 2,0 faizi sənayenin, 1,6 faizi neft və neft məhsullarının, 0,3 faizi energetikanın, 0,9 faizi
nəqliyyatın payına düşmüşdür.
Gürcüstanda digər postsosialist ölkələrində olduğu kimi orta və iri müəssisələrin özəlləşdirilməsi
müəssisənin nizamnamə kapitalının həcmindən asılı olaraq, əsasən onların bazasında
səhmdar
cəmiyyətlərin formalaşdırılması yolu ilə səhmləşdirmə üsulu əsasında aparılırdı. Bu zaman
müəssisənin nizamnamə kapitalı iki üsulla qiymətləndirilirdi:
- müəssisənin rentabelliyi şəraitində - gözlənilən daxilolmalar və mənfəət məbləği nəzərə
alınmaqla;
- müəssisənin fəaliyyətinin qeyri-rentabelliyi şəraitində - bərpa dəyəri ilə.
Proses zamanı daha çox ikinci üsul tətbiq edilmişdir ki, bunu da ölkə müəssisələrinin böyük
əksəriyyətinin qeyri-rentabelli fəaliyyəti ilə əlaqələndirmək olar.
Gürcüstanda da ənənəvi olaraq kütləvi özəlləşdirmə mərhələsində əhaliyə dövlət əmlakından
müəyyən miqdarda pay çatdırmaq və mülkiyyətdə struktur islahatlarını sürətləndirmək məqsədilə
vauçerlər paylanılmışdır. Vauçerlərin nominal dəyəri 30 dollar ekvivalentində müəyyənləşdirilsə
də, onun bazar qiyməti 4-12 dollar intervalında dəyişikliklərlə müşahidə olunmuşdur. Kütləvi
özəlləşdirmə mərhələsi üzrə 1 vauçer üzrə orta qiymət 6 ABŞ dolları təşkil etmişdir.
Gürcüstanda orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilmə yolu
ilə özəlləşdirilməsi
zamanı buraxılan səhmlərin nominal dəyəri 1 ABŞ dolları, bəzi hallarda 1,46 ABŞ dolları məbləği
ilə qiymətləndirilmişdir. Özəlləşdirmə proqramına müvafiq olaraq səhmləşdirmə zamanı onların bir
hissəsi əmək kollektivinə pulsuz, digər hissəsi isə 20 faiz güzəşt olunmaqla verilmişdir. Pulsuz
verilən səhmlərin miqdarı işçilərin orta aylıq əmək haqqının 10 mislinə bərabər miqdarda
müəyyənləşdirilmişdir. Bu qayda 1997-ci ilin iyuluna qədər tətbiq olunmuş, lakin, sonradan qəbul
edilmiş yeni qanunla işçilərə pulsuz paylanması nəzərdə tutulmuş səhmlərin miqdarı onların orta
aylıq əmək haqqının 100 misli miqdarına qədər yüksəldilərək 10 dəfə artırılmışdır.
Bu metodun tətbiqi nəticəsində səhmdar cəmiyyətlərin səhmlərinin 3
faizə qədəri müəssisənin
işçilərinin mülkiyyətinə keçmişdir. Onun 1,5-2 faizi kollektiv üzvlərinə pulsuz, 0,8-1 faizi isə 20
faiz güzəşt hüququ ilə verilmişdir. Statistik hesablamalara görə, praktiki olaraq bütün işçilər
səhmlərin pulsuz, onların təxminən yarısı isə 20 faiz güzəştlə alınması hüquqlarından istifadə
etmişdilər. Ölkə başçısının sərəncamı ilə səhmlərin bir hissəsinə pulsuz sahib olan müəssisələrin
işçilərinə həmin müəssisənin nəzarət-səhm paketini birbaşa almaq hüququ da verilmişdir. Bununla
yanaşı müəssisənin əmək kollektivinin ümumi yığıncağının qərarı
ilə nəzarət-səhm paketini
almaq istəyən işçilərin siyahısına müəssisədə işləməyənlər (autsayderlər) də daxil edilə bilərdi.
Hökumətin qərarı ilə nəzarət-səhm paketi dövlətin sərəncamında qalan müəssisələrdə əmək
kollektivinin üzvlərinə onun səhmlərinin 10 faizinə qədərini almaq hüququ verilmişdir.
Özəlləşdirilən müəssisənin nəzarət səhm paketi kollektiv tərəfindən alınarkən onun dəyərinin 30
faizi vauçerlə, yerdə qalan 70 faizi isə 30 faiz güzəştlə pulla ödənilirdi.
Bu metoddan səhmdar cəmiyyətlərinin 90 faizində istifadə olunmuş və nəticədə əmək kollektivi
müəssisələrin 30%- də nəzarət səhm paketini bütövlükdə, qalanlarında isə qismən əldə etmişdir.
Gürcüstanda kütləvi özəlləşdirmə çərçivəsində həyata keçirilən vauçer hərracları səmərəli
nəticələr əldə olunmasına gətirib çıxara bilməmişdir. Belə ki, vauçer
özəlləşdirilməsinin gedişində
tətbiq olunan hərraclar zamanı heç bir müəssisənin nəzarət səhm paketi bütövlükdə satılmamışdır.
Potensial alıcılar hərraclara az maraq nümayiş etdirmişdilər. Bu zaman mövcud qanunvericilik
əsasında müəssisənin start qiymətinin səhmlərin nominal dəyərinin 150 faizi həcmində
müəyyənləşdirilməsi hərraclardan effektli istifadə imkanlarına əngəl törətmişdir. *
Gürcüstan hökuməti ölkədə tətbiq olunan metodların mülkiyyətin transformasiya prosesini
müvəffəqiyyətlə başa çatdırılmasına mane olduğunu nəzərə alaraq, 1997-ci ildən etibarən
ixtisaslaşdırılmış "sıfır" hərraclarının sınaqdan keçirilməsinə qərar vermişdir. "Sıfır" hərraclarının
digərləri ilə müqayisədə daha effektli olduğu sübut olunduqdan sonra onun tətbiq dairəsi
genişləndirilmişdir. Bu üsulun Azərbaycanda aparılan özəlləşdirmə siyasəti
üçün də maraq kəsb
etdiyini nəzərə alıb, onun mahiyyətini nisbətən ətraflı şəkildə açıqlamağı məqsədəuyğun hesab
edirik.
Yeri gəlmişkən, qeyd edək ki, özəlləşdirmə praktikasında yalnız Gürcüstanda və Ukraynada tətbiq
imkanı qazanmış bu üsulun həyata keçirilməsi təşəbbüsçüsü Dünya Bankının mütəxəsisləri
olmuşdur. Gürcüstanda sıfır hərracları aşağıdakı mərhələlər üzrə təşkil olunmuşdur.
Birinci mərhələdə hərracda iştirak etmək və siyahısı əvvəlcədən mətbuatda dərc olunmuş hər
hansı bir səhmdar cəmiyyətin səhmlərini almaq arzusunda olan alıcı
mütləq banka müraciət etməli,
Gürcüstanın Milli Bankındakı xüsusi hesaba nəqd və ya nəqdsiz qaydada vəsait köçürməlidir.
Ödəniş qəbzində fiziki şəxslərin adı, familiyası, pasport nömrəsi, hüquqi şəxslər üçün isə onun
rekvizitləri, səhmi sifariş verilən səhmdar cəmiyyətin adı, kodu və qoyulmuş məbləğin həcmi
göstərilir. Qəbzin qeydiyyatdan keçmiş, eyni zamanda hərracda iştirak hüququnu təsbit edən
ikinci nüxsəsi alıcıya qaytarılır.