67
Tətil komitəsi fəhlələrin tələblərini işləyib hazırladı və neft sənayeçilərinə təqdim
etdi. Tətildə 50 minədək fəhlə iştirak edirdi. Onlar kütləvi mitinqlər və yığıncaqlar
təşkil edirdilər. Neft sənayeçiləri və polisin silahsız fəhlələrə amansız divan
tutmasına baxmayaraq, fəhlələr tətillərini davam etdirirdilər. Provokasiya məqsədi
ilə polis neft mədənlərini yandırıb, günahını fəhlələrin boynuna yıxdı. Ancaq Bakı
fəhlələrinin dəyanəti və cəsurluğu sayəsində tətil onların qələbəsi ilə başa çatdı.
Kapitalistlər fəhlələrə güzəştə getmək məcburiyyətində qaldılar. 1904-cü il
dekabrın 30-da tətilçilərlə neft sənayeçiləri arasındakı danışıqlar birinci kollektiv
müqavilənin - "mazut konstitusiyası"nın imzalanması ilə nəticələndi. 1904-cü il
dekabrın 13-dən 30-dək baş vermiş Bakı tətili bütün imperiyada böyük əks-səda
doğurdu və Rusiyada birinci burjua inqilabının (1905 - 1907) müjdəçisi oldu.
Bakıxanov Abbasqulu ağa
(1794 - 1847) - görkəmli Azərbaycan yazıçısı,
tarixçisi və maarifçi alimi. "Qüdsi" təxəllüsü ilə yazırdı. Bakı yaxınlığındakı Xilə
(indiki Əmircan) kəndində anadan olmuşdur. Bakıxanov Şərq dillərinə, ədəbiyyatı
və fəlsəfəsinə yaxından bələd idi. Rusiyanın Qafqazdakı ali baş
komandanı onu Tiflisdə Şərq dillərindən tərcüməçi vəzifəsinə
təyin etdi. Bakıxanov tərcüməçi kimi 1828-ci il Türkmənçay
müqaviləsinin imzalanmasında iştirak etmişdir. Bakıxanov Quba
şəhərində "Gülüstan" adlı ədəbi dərnək təşkil etmişdir.
Onun Azərbaycan tarixi üzrə - "Gülüstani-İrəm" (1841),
coğrafiya üzrə - "Ümumi coğrafiya" (itirilmişdir) və "Kəşf ül-
qəraib" ("Qəribə kəşflər"), fəlsəfə üzrə - "Əsrar ül-Mələkut"
("İlahi səltənətin sirləri"), etika üzrə -"Təhzib ül-əxlaq" ("Əxlaqın islahı"),
"Kitabi-nəsayeh" ("Nəsihətlər kitabı"), "Eyn ül-mizan" ("Tərəzinin mahiyyəti")
əsərlərinin adlarını çəkmək olar. Ədəbi əsərlərindən isə Azərbaycan ədəbiyyatında
ilk hekayələrini - "Mirat ül-camal" ("Gözəllik güzgüsü"), "Mişkat ül-ənvar" ("İşıq
şüaları"), "Riyaz vürQüds" ("Qüds bağçaları"), "Kitabi-Əsgəriyyə" ("Əsgərin
kitabı"), eləcə də lirik şerlər məcmusunu (qəzəllər, rübailər, qitə və müxəmməslər)
göstərmək olar. Bakıxanovun farsca yazılmış "Gülüstani-İrəm" tarixi əsəri Şimal
- Şərqi Azərbaycanın və qonşu vilayətlərin ən qədim dövrlərdən 1813-cü il
Gülüstan müqaviləsinədək olan tarixini əhatə edir. Bu əsər əvvəlkilərdən onunla
fərqlənir ki, Bakıxanov burada elmi-tədqiqat metodundan istifadə edir. Bu əsər
antik, fars və ərəb tarixi mənbələri və müxtəlif illərdə yazılmış əsərlər əsasında
yazılıb. Rəsmi dövlət sənədləri ilə yanaşı, müəllif ilk dəfə olaraq maddi
mədəniyyət, toponimika və s. abidələri materiallarının təhlilindən istifadə etmişdir.
İlk dəfə olaraq Bakıxanov tərəfindən Azərbaycan tarixini dövrləşdirməyə, onu
vahid və ardıcıl proses kimi təqdim etməyə cəhd göstərilmişdir. Müəllifın özünün
də fəal iştirakı ilə əsər rus dilinə tərcümə olunmuş və 1845-ci ildə Rusiya Elmlər
Akademiyasında müzakirə edilib yüksək qiymətə layiq görülmüş, müəllifə isə
yüksək mükafat verilmişdir, bununla belə. çar Rusiyasında kitabın nəşri baş
tutmamışdır. Yalnız 1923-cü ildə kitab “Azərbaycan tarix” adı ilə (Azərbaycan
68
dilində), 1926-cı ildə isə onun rus dilinə tərcüməsi nəşr edilmişdir. "Gülüstani-
İrəm" əsəri sonralar dəfələrlə nəşr edilmişdir.
Bakuvi Əbdürrəşid ibn Salih ibn Nuri
(1402 - 73) - Azərbaycan tarixçisi
və coğrafiyaçısı. Əsas əsəri olan "Kitab təlxis əl-asar və acaib al-malik al-kaxxar"
("Abidələr"in xülasəsi və qüdrətli hökmdarın möcüzələri") əsərinin müəllifidir.
Əsər Zəkəriyyə Qəzvininin "Ölkələrdəki abidələr və Allah bəndələri haqqında
xəbərlər" adlı əsərinin əsasında ixtisar, əlavə və düzəlişlərlə yazılmışdır. Lakin
Bakuvi əsəri ixtisar etməklə kifayətlənməmiş, ona daha ətraflı məlumata malik bir
çox əlavələr etmişdir. Bu, xüsusilə Azərbaycana və Cənubi Qafqaza aid
məlumatlardır.
Bakuvi Seyid Yəhya Cəlaləddin
(? - 1464) — Azərbaycan filosofu,
astronomu və tarixçisi. Bakuvinin "Əsrar ət-talibin" ("Heqiqot axtaranların sirri")
və Şəhüstərinin Gülşəni-raz" əsərinin şərhinə həsr olunmuş "Şərhi "Gülşəni-raz"
əsəri şöhrət tapmışdır. Bakıda Şirvanşahlar sarayının həyətində dəfn olunmuşdur.
"Balaxanı və Bibiheybət fəhlələri təşkilatı" -
1904-cü ilin yayında Bakıda
menşevik İlya və Lev Şendrikov qardaşları tərəfindən yaradılmışdır.
Şendrikovçular fəhlələr siyasi mübarizədən yayındırmağa, onu xırda məişət
məsələləri ilə əvəz etməyə çalışırdılar. Şendrikov qardaşları neft sənayeçilərinin
gizli hədiyyələrindən də imtina etmirdilər. Sonralar Lev Şendrikov Bakı Fəhlə
Deputatları Sovetinin sədri seçilmişdir.
bank
- sərbəst pul vəsaitlərini toplayıb saxlayan və onlardan ödənişlərdə,
kreditlərin verilməsi və müəssisələrin maliyyələşdirilməsində
istifadə edən maliyyə müəssisəsi.
barbarlar
(yun. "barbaroi", lat. "barbari" - "yadellilər") -
təqlidi söz, qədim yunanlar onların dillərini başa düşməyənləri və
ellin olmayanları belə adlandırırdılar. Onlara elə gəlirdi ki, bu
adamlar öz dillərində danışanda "bar-bar-bar" deyirlər. Qədim
romalılar antik mədəniyyətə yabançı olan bütün tayfa və xalqları
"barbar" adlandırırdılar. Roma ilə əlaqədə olan barbar tayfalarından ən iriləri
keltlər, germanlar və slavyanlardır. Hazırda "barbar" sözü "nadan", "kobud" və
"qəddar adam" mənasını bildirir.
"Barbarossa planı"
( "Müqəddəs Roma imperiyası"nın imperatoru Fridrix
I Barbarossanın adından götürülüb) - faşist Almaniyasının SSRİ-yə qarşı
təcavüzkar müharibə planının şərti adı. 1940-cı il iyulun 1-dən hazırlanmağa
başlanılmış və dekabrın 18-də təsdiq olunmuşdur. Qısa müddət ərzində Qırmızı
Ordunun əsas qüvvələrinin ildırım sürəti ilə darmadağın edilməsini və Arxangelsk
Volqa - Həştərxan xəttinə çıxmağı nəzərdə tuturdu. Müharibənin 2 - 3 ay
müddətində başa çatdırılacağı güman edilirdi.
barıt
- partlayıcı birləşmələr və ya onların qarışığı. Barıt Çində ixtira
olunmuşdur. Ondan ilk vaxtlar atəşfəşanlıq üçün, sonralar isə hərbi işlərdə də